• cümə axşamı, 25 aprel, 20:35
  • Baku Bakı 21°C

Məhəmməd Mirzəli Tural Sadıqlının “nöqtəsini qoydu"

30.11.18 19:12 3199
Məhəmməd Mirzəli Tural Sadıqlının “nöqtəsini qoydu"
Müxtəlif bəhanələrlə ölkəmizi tərk edib Avropaya sığınan, oradan özlərini Azərbaycan cəmiyyətinə "müxalifətçi”, "siyasi mühacir” kimi sırımaq istəyən Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında bir neçə gündür davam edən pul davası daha da böyüyüb. Qarşılıqlı ittihamlarla müşayiət olunan bu qalmaqalda hər iki tərəf özünü sudan quru çıxarmağa çalışır. Sosial şəbəkədə bu məqsədlə paylaşılan son videoda T.Sadıqlı yenidən M.Mirzəlini naxələf, satqın, dönük və arxadan bıçaq vuran kimi qələmə verib. Əqidədaşının iç üzünü açacağını vəd edən T.Sadıqlı M.Mirzəlinin onun barəsində iftiralar, böhtanlar səsləndirdiyini dilə gətirib. O, vaxtilə M.Mirzəlinin heç kim tərəfindən tanınmadığını xatırladıb. Deyib ki, illərdir video blogerliklə məşğul olan birisi kimi M.Mirzəlinin çıxışlarında cəsarət görüb və onu öz yanına çəkib, dəstək olub, çıxışlarını ictimailəşdirib, gənc bloger kimi populyarlaşmasına çalışıb. Turalın sözlərinə görə, o, bu dəstəyi edərkən, yaxın ətrafındakı insanlar onu qınayıblar ki, M.Mirəzlinin savadı, bir qəpiklik dəyəri yoxdur, ağzının danışığını bilmir, söyüş söyür və sair.

Bütün bunlara əhəmiyyət verməyərək M.Mirəzliyə dəstək verdiyini, ondakı "cəsarəti” dəyərləndirdiyini vurğulayan Tural bildirib ki, "dostu” bunun müqabilində ona naxələflik edib, yalan danışaraq guya pul-qrant yediyini dilə gətirib. İndiyə qədər heç kimdən pul almadığını iddia edən T.Sadıqlı öz "Facebook” səhifəsində paylaşdığı bu video müraciət vasitəsilə kimin kim olduğunu üzə çıxarmağa cəhd etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, M.Mirzəli nələrinsə müqabilində fəaliyyət göstərir, bir balaca büdrəyən kimi də nələrinsə qarşılığında aciz qalır, sınır və sifarişlə "Azad Söz”ün "Youtube” kanalını şikayət edib bağlatdırır. Onun sözlərinə görə, bununla da kifayətlənməyən M.Mirzəli hətta böhtanlara əl atır, "mübarizə”yə "pul söhbətləri” əlavə etməklə ümumi işə ləkə yaxır: "Mən təhqir etmədim, bundan sonra da etməyəcəm. Bu, bizim vəzifəmiz deyil. Baxmayaraq ki, son danışığında təhqirdən başqa heç nə etmədi. Və bir də bütün suları duruldan bu sözləri məsələyə əsl nöqtəni qoydu. Allah heç kimin başına onun kimi çıxılmaz vəziyyətdə qalıb, sonra da sınmaq, hələ üstəgəl də başqalarına şər atmaq, mübarizəyə xələl gətirən pul söhbətləri edib televiziyalara bəzək olmağı gətirməsin! Məncə, bundan sonra heç bir çıxış etmə! Çünki hər dəfə danışdıqca, özünü daha da ifşa edirsən!”

T.Sadıqlı canlı yayımda M.Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir: "Mən sadəcə olaraq sizə bir videonu göstərəcəyəm və özünüz hər şeyi başa düşəcəksiniz. Məhəmməd canlı yayımda deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir”.

Söz altında qalmayan M.Mirzəli də qarşılıqlı olaraq "Facebook” səhifəsində, "Youtube"də video müraciətlə çıxış edib, T.Sadıqlının ünvanına ittihamlar səsləndirib. Öncə o, əqidədaşının ünvanına söylədiyi fikirlərin absurd olduğunu vurğulayıb. Təxminən yarım saatlıq videomüraciətdə səsləndirilən həmin fikirləri ixtisarla təqdim edirik: ""Azad söz”də birgə iş müqabilində əldə edilən gəlirlər Tural tərəfindən mənimsənilib. Nəyə görə Məhəmməd Mirzəlinin adı beynəlxalq təşkilatlarda qrant yeyən, yalan danışan, insanları aldadan adam kimi keçməlidir? Əlövsətin oğlu Tural! Mənə çatacaq pulu özümə ver. Vaxtilə Tural demişdi ki, gördüyümüz işlərdən 10-20 min avro arası mənə pul çatacaq. Ancaq o pulu vermədi. İndi də həmin pulu mənim bank hesabıma göndərmir. Turalın atası Əlövsət Azərbaycanda qrant alan, qrant yeyən QHT-şnik kimi tanınır. Aldığı pullar hesabına da Turalı böyüdüb. Amma mənim atam qaynaqçıdır və alnının təri ilə, zəhmətlə qazandığı pullar hesabına məni böyüdüb”.
M.Mirzəli bildirib ki, T.Sadıqlı mühacirət etmək istəyən azərbaycanlıları aldadır, onların pulunu mənimsəyir və başlarına oyun açır: "Mühacirət edən azərbaycanlılara saxta arayışlar düzəldib satan da, mənim adıma göndərilən pulları mənimsəyən də Tural Sadıqlıdır. Azərbaycanda korrupsiya var deyən Əlövsətin oğlu Turalın özü və atası ən böyük korrupsionerlərdir. Fatimə Mövlanlı adlı jurnalistin pulunu yeyib onu şantaj edən də Tural Sadıqlıdır. Bununla bağlı söz-söhbət yaranandan sonra Turalın atası Əlövsət aparıb Fatiməyə pul verib ki, söhbət daha da böyüməsin. Vaxtilə Siracla Fərəc qardaşlarından polisə şikayət edən, çıxdığı yola, dostlarına, əqidədaşlarına xəyanət edən kəsdir Tural Sadıqlı. Mənim üzərimdən pullar qazanıb, reytinq əldə edib Tural. Haqqımı halal etmirəm, haramı olsun! Saxta sənəd satan, qaçaqmalçılıq edən, insanları aldadan Avropanın, o cümlədən Almaniyanın küçələrinə tökən yenə də Əlövsətin oğlu Turaldır. Ailəsini dağıdan, qadınına sahib olmayan, onu qapıdan qovan birisidir Tural. Bu video ilə Turalın nöqtəsini qoyuram, onu ifşa edirəm mən. Almaniyada təşkilat yaradan və guya ətrafına 200-300 nəfər toplayan Turalın indi yanında bir nəfər də yoxdur. Maraqlıdır niyə? Çünki, Tural çamurun içində olduğu üçün ətrafındakı təmiz insanların paxıllığını çəkir, onlara çamur atır, ləkələyir. Belə xarakterə sahibdir. Təsəvvür edin, Tural mənim barəmdə yazı yazır, onun dədəsi Əlövsət də girib həmin yazının altında söyüş söyür. Ağsaqqal kişidir, utanmır. Tural Sadıqlı əgər qrant almırsa Berlindəki ofisi hansı pulla saxlayır? Yardım kimi ayda ona verilən 450 avro ilə ofis saxlamaq olar? Son olaraq demək istəyirəm ki, tüpürüm sənin vicdanına”.

Beləcə hər iki tərəf öz səviyyəsinə uyğun şəkildə bir-birini ittiham edib, sandığı açıb bütün gizlinləri gün işığına çıxarıblar. Bu statuslar, videogörüntülər altında şərh yazan sosial media istifadəçiləri isə "iaşə müxalifətinin” son hərəkətləri ilə öz mahiyyətlərini ortaya qoyduqlarını qeyd ediblər.
Alpər TURAN

banner

Oxşar Xəbərlər