“Məhəbbət olmasa, “Bacanaqlar” batmayacaq” - Fotolar
Hər kəsin istirahətə yollandığı
bir vaxtda Xəzər televiziyasının komandası yeni layihələr həyata keçirir. Belə
ki, yeni mövsümdən Xəzər televiziyasında macəra dolu, düşündürücü və əyləncəli
xarakter daşıyan biri-birindən maraqlı üç komediya filmi nümayiş olunacaq. Peşəkar
komandanın toplaşdığı bu layihədə quruluşçu rejissor Ramin Hacıyev olacaq.
Hansı ki, siz onu ATV telekanalında nümayiş olunan "Eks Bacanaqlar”, "Qız
atası”, "Qardaşlar” kimi serialların baş rejissoru və "Bacanaqlar” serialının Məhəbbəti
kimi yaxşı tanıyırsınız. İstedadlı rejissor və gülüş ustası bu dəfə
yaradıcılığında yenilik edərək daha böyük layihələrlə Xəzər ailəsində
çalışacaq.Biz də rejissorla əlaqə saxlayıb
yeni layihəsindən xəbər aldıq. "Kaspi”-nin suallarını cavablandıran rejissor
ilk olaraq dünənki kino günü ilə bağlı bu sahədə əməyi olan hər kəsi təbrik
etdi. Xəzər televiziyasında çalışmaqdan məmnun olduğunu dilə gətirən R.Hacıyev
yeni mövsümdə tamaşaçıları ekran qarşına gətirəcək maraqlı serialların
olacağını dedi.
- İlk olaraq milli kino günü ilə bağlı sizi təbrik edirik.
- Təşəkkür edirəm. Bu sahədə əməyi
olan işıqçıdan tutmuş, aktyora, operatora, montajçıya qədər hər kəsin bayramını
təbrik edirəm. Öz sahələrində onlara uğurlar arzulayıram.
- Xəzər
televiziyasında 3 yeni layihə ilə çıxış edəcəyinizi eşitdik.
- Bəli, yeni mövsümdə ailəmizin Xəzər-ində
üç yeni serialla tamaşaçıların görüşünə gələcəyik. Xəzər televiziyasının rəhbərliyi
ilə danışıqlarımız oldu. Onlar mənə bu serialları çəkmək üçün hər bir şəraiti
yaradıblar. Əvvəl iki serial barədə danışsaq da, indi say artıb. Artıq 3 serial
çəkəcəyik. Serialın birinin adı "Ailəcanlı”dır. Sözügedən serialın çəkliş məkanı,
yəni pavilyonu hazırdır. Digəri isə "Xalxın evi” serialıdır ki, bu serial da
dilbər guşələrimizdən olan Xızıda çəkiləcək. Üçüncü serialımızı bildirmək istəmirəm.
Bu serial isə ayyarım sonra ərsəyə gələcək. O da maraqlı layihədir. Serialların
3-ü də komediya janrındadır. Serialın biri sentyabrın ortası, digəri isə
oktyabrın əvvəli efirə gedəcək. İnanıram ki, tamaşaçıların zövqünə uyğun maraqlı
bir komediya olacaq. Ssenari müəlliflərimiz Səbuhi Bayramov, Elsevər Mehdizadə,
Azər Kərimli, Araz Atakişiyev, Kənan Yusifdir. Onlarla çalışmaq bizə çətin
olmayacaq. Çünki hamısı öz işini bilir. Montajçımız Nəriman Qasımovdur. Hələ ki
bunların hamısından razıyıq.
- Bəs
bu seriallarda kimlər iştirak edəcək?
- Bu seriallarda çox maraqlı
simalar və istedadlı gənclər iştirak edəcək. Belə ki, "Ailəcanlı” komediya
serialında xalq artisti Ramiz Novruz baş rolda çıxış edəcək. Onun kürəkəni
rolunu Müşfiq Şahverdiyev canlandıracaq. Zarina Qurbanova Müşviqin həyat
yoldaşı obrazını oynayacaq. Mən özüm də orada rejissor obrazında olacam. Bundan
başqa, serialda Elsevər Mehdizadə, Mələk Heydərova, rəqqasə Röya Əliyeva,
Zümrüd Bədəlova və digər aktyorlar yer alacaq. Ümumiyyətlə, bu serialda
tanınmış və maraqlı simalar çoxdur. "Xalxın evi” serialında isə Çingiz Əhmədov,
Gülnarə Əzizova, Mətləb Səfərli, Məcid Hüseynov və başqaları iştirak edəcək.
Bizim serialımızda Lənkəran Dövlət Dram Teatrından yaxşı tanıdığımız Niftulla Əsgərov
da yer alacaq. Tanınmış viner Rəsul Abbas da bizimlədir. Üçüncü serialımızda isə
əməkdar artist Dilarə Əliyeva və Xəzər televiziyasında yayımlanan seriallardan
simasını daha yaxşı tanıdığınız Kənan Yusif rol olacaq.
- Bəs yeni simalara bu serialda rast gələ biləcəyikmi?
- Bəli. Onlardan Mələk Heydərova,
Şükran Sultanov, Rahib Məmmədov, Röya Əliyeva, Füruzə Babayeva, Çingiz Əhməd, Araz
radiosundna tanıdığımız Aygün Akifi görə biləcəyik.
- Köhnə kollektivinizdən necə, kimsə bu
seriallarda iştirak edəcəkmi?
- Qətiyyən, heç kim iştirak etməyəcək.
- Bəs sizin "Bacanaqlar” serialında canlandırdığınız Məhəbbət obrazı necə
olacaq?
- İştirak etmədiyim serialda yəqin
ki, özləri nəsə düşünərlər. İnşallah, "Bacanaqlar” serialı bundan sonra da öz
axarı ilə davam edər. Buradan onların komandasına, bütün dostlarıma, keçmiş əməkdaşlarıma
uğurlar arzulayıram. Məhəbbət olmasa, "Bacanaqlar” serialı batmayacaq. Təbii
ki, o serialda da yeni simalar olacaq. Ancaq yəqin ki, Məhəbbətin ömrü buraya qədərmiş.
O, artıq bitdi.
- 10 ildir ki, ATV telekanalında serial çəkilişləri ilə məşğul olur və
sözügedən telekanalla əməkdaşlıq edirdiniz. Uzunmüddətli iş prosesindən sonra
köhnə kollektivdən ayrılmaq sizə çətin olmadı ki?
- Köhnə kollektivlə dostluq
münasibətlərim davam edir. Təbii ki, imkanımız olanda, biz yenə görüşəcəyik,
oturub bir çay içəcəyik. Bu o demək deyil ki, mən onlarla bir daha görüşməyəcəm.
O ki qaldı mənim işimə, artıq yeni layihə ilə məşğulam. Yeni simalar, daha da
maraqlı və rəngarəng bir yaradıcı mühit olacaq. Hərdən fərqlilik etmək
lazımdır. Təbii ki, ömür boyu bir yerdə addımlamayacağıq. Köhnə çalışdğım
seriallardan ən çox darıxdığım isə "Qız atası” olacaq. Çünki oranın kollektivi
tamam başqa idi.
-
Sizin rejissoru olduğunuz seriallar uzunömürlülüyü ilə seçilir. Bəs Xəzər
televiziyasında çəkdiyiniz serialların ömrü nə qədər nəzərdə tutulub?
- "Bacanaqlar” serialının ömrünün
uzanmasının səbəbi odur ki, hər mövsüm serialın ümumi strukturunu dəyişirdik
ki, tamaşaçılar üçün baxımlı olsun və onlar darıxmasınlar. Başqa aktyorlar dəvət
edir, mübadilələr edirdik. Ona görə də bu serial uzunömürlü oldu. İndi çəkməyə
hazırlaşdığımız serialları da uzunömürlü seriallar sırasına salmaq istəyərdik.
Sizə ancaq onu deyə bilərəm ki, çəkməyə hazırlaşdığımız serialların hələ ki
ömrünü iki illik nəzərdə tutmuşuq.
- Üç
böyük ayrı komanda və üç ayrı serial... Sizin üçün çətin olmayacaq ki?
- ...Vaxt olub ki, bir həftəyə 4
serial çəkmişəm. Mən bütün aktyorların obrazlarını, xasiyyətini, serialda deyəcəyi
replikalaradək əzbər bilirdim. O qədər işləyirdim ki, gündəlik həyatımda elə
olurdu adi şeylər yadımdan çıxırdı. O vaxt çətin olar ki, mən işimi bilməyəm. Mənim
üçün heç bir çətinliyi olmayacaq, çünki komandamızda iştirak edən yaradıcı
insanların hamısı öz işinin peşəkarlarıdır.
-
Serialların ssenarisinə müdaxilə edəcəksinizmi?
- Mütləq. Ssenaristlərə öncədən hər
şey izah olunub. Onlar öz işlərini bilirlər. Artıq serialların hərəsinin 5
bölümü yazılıb. Bundan sonra müəlliflərin özləri yazacaqlar. İlk əvvəl necə istədiyimi
və düşündüyümü onlara göstərdim. Daha sonra özləri bu dəst-xətt üzrə davam edəcəklər.
Sadəcə olaraq, mən onlara cığırı göstərdim.
- İndiyə qədər ancaq komediya janrında çıxış etmisiniz. Dram janrında
özünüzü sınamaq istəyərsinizmi?
- Mən özümü dram janrında görmürəm.
Ancaq ola bilər ki, gələcəkdə dram janrında bir film çəkim. İndi bununla bağlı
heç bir fikrim yoxdur. Dram janrında hər hansı bir film çəkmək üçün özümü hazır
hiss etmirəm.
-
Sonda tamaşaçılara sözünüz.
- Tamaşaçıları yeni mövsümdə
maraqlı seriala tamaşa etməyə dəvət edirəm. Keyfiyyətli və maraqlı serial
olacaq. Yaranan fürsətdən istifadə edib, buradan Xəzər televiziyasının rəhbərliyinə
təşəkkürümü bildirirəm. Onlar bizə yüksək səviyyədə şərait yaradıb ki, keyfiyyəti
bir iş ortaya qoyaq. Bizə xüsusi diqqət ayrılıb. Ümidləri doğrultmaq üçün əlimizdən
gələni edəcəyik. Çünki komediya baxılandır. İnsanın ruhunu oxşayır və bir az çətin
sahədir. Bu çətin sahədə bizə dəstək olan bütün tamaşaçılara təşəkkürümü
bildirirəm. Bütün tamaşaçıları yeni mövsümdə ekran başına dəvət edirəm.
Xəyalə Rəis