• şənbə, 20 Aprel, 10:56
  • Baku Bakı 14°C

Məhəbbət 4 il “Ah, Esya” deyə bilməzdi - Müsahibə

07.06.13 10:07 8414
Məhəbbət 4 il “Ah, Esya” deyə bilməzdi - Müsahibə
Təbəssüm həyatımızda olduqca böyük rol oynayır. Açıqürəkliliyi, emosiyaların saflığını heç nə gülüş kimi aydın təzahür etdirmir. Gülüş insanın ömrünü uzadır, deyirlər. Bu gün yerli telekanalları izləyərək gülməyə çalışsaq da, zövqümüzü oxşayacaq, ürəkdən gülə biləcəyimiz verilişlərə, seriallara, bir-ikisi istisna olmaqla, rast gələ bilmirik. Seriallar içərisində 4 ildir ki, öz yerini ilk günkü kimi qoruyub saxlayan “Bacanaqlar” serialını mütəxəsisslər də normal hesab edir. Reytinqlər isə sözügedən serialın kanallarımızda yayılan filmlərin cərgəsində ən ön sıralarda olduğunu göstərir.
Müsahibim 8 ildir serial vasitəsi ilə insanları güldürməyə çalışan rejissor Ramin Hacıyevdir. Ramini hər kəs “Bacanaqlar” serialında Məhəbbət obrazı ilə tanıyır. Rejissor bu obrazı ilə bir çox insanların qəlbinə yol tapıb. Tamaşaçılar Azərbaycanda yeganə uzun müddətli serialın qəhrəmanının məhz bu insan olmasından xəbərsizdir. Nəzərinizə çatdırım ki, Ramin Türkiyədə “Cinema Academy”-nin Kinorejissorluq fakültəsini bitirib. Eyni zamanda, müsahibim bir neçə layihənin rejissoru və müəllifidir. Ramin Hacıyevlə serialın çəkiliş məkanında görüşdük. Rejissor bizimlə serialın çəkiliş prosesindən və gələcəyə dair planlarından danışdı.
Reytinq “davam et” deyir
- “Bacanaqlar” serialını çəkmək ideyası sizdə necə yarandı?
- 2000-ci ildə Türkiyədə İstanbul Kültür Universitetinin nəzdində olan Sinema Akademiyasını bitirdim. Bakıya gələndən sonra 2001-ci ildən belə bir serial çəkməyi düşünürdüm. Nəhayət, 2004-cü ildə “Qonşular” serialını çəkməyə başladıq. Bu serial vasitəsilə biz tamaşaçıları inandırdıq ki, Azərbaycanda maraqlı yerli serial çəkmək olar. İlk serialımızı sitkom variantında çəkdik. 4 ildir sevilərək izlənilən “Bacanaqlar” serialını çəkməyə bizi həvəsləndirən də “Qonşular” oldu. 2009-cu ildən “Bacanaqlar” serialını çəkməyə başladıq.
- Sizə elə gəlmirmi ki, serial çox uzandı?
- Biz filmi uzunluğuna görə deyil, reytinqinə görə ölçürük. Reytinq bizə dayanın demir, davam edin deyir. Yerimizdə addımlamırıq. 2009-cu ildən 2011-ci ilə qədər serialda başqa obrazlar var idi. İndi çəkdiyimiz bölümlər təzə başladığımız bölümlərdən tamamilə fərqlidir. Biz sentyabrdan artıq yeni formada serialı davam etdirəcəyik. Məqsədimiz budur ki, tamaşaçı bizə baxıb deməsin, serialı niyə uzadırsınız, qoy desin ki, nə yaxşı, serialı uzatdınız.
- Yeni bölümdə nə kimi dəyişikliklər olacaq?
- İlk növbədə çəkiliş məkanı dəyişəcək. Obrazlar olduğu kimi qalacaq, amma xarakterlərini dəyişəcəyik. Ssenaridə kiçik bir dəyişiklik olacaq, belə ki, serialın forması dəyişəcək. Ən əsas da baş obrazlardan biri olan Talehin xarakteri dəyişəcək. Əvvəllər o, yalançı və simic xarakteri daşıyırdısa, sonradan biz onu imkanlı, varlı bir adam kimi tamaşaçılara təqdim etdik. Göstərməyə çalışdıq ki, o heç də simic insan deyil. Əvvəllər Məhəbbətin Esyaya vurğun olması, “Ah Esya” kəlməsi hər kəsin dillər əzbəri idi. Amma tamaşaçı bunu sevir deyə, bütün bölümlərdə bunu işlətmək bir az yorucu olar. Tamaşaçıya yenilik lazımdır. Məhəbbət 4 il “Ah, Esya” deyə bilməzdi. Biz düşündük ki, Məhəbbət o gözəl xanımdan sonra ikinci bir gözəl xanımı sevə bilər. O gözəl xanım da Sevda xanım oldu. Esya üzügülər, mülayim qız idi. Amma Sevda onun tam əksidir, yəni onun öz aləmi var. O obrazı bir az başqa cür vermişik. Sevda Məhəbbəti anlamır, düşüncə cəhətdən fərqlilikləri də çoxdur. Təsəvvür edin, Məhəbbət meyxanaya qulaq asan birini sevir. Bundan başqa, serial qəhrəmanlarının maraqlı sözləri var ki, hər dəfə onları həmin qəhrəmanların dilindən veririk. Misal üçün, rəhmətlik Yaşar Nuri tez-tez “qızlar, qızlar, ay qızlar” kəlməsi işlədirdi. Biz çalışdıq aktyora xırda detallar verək ki, o, tamaşaçının yaddaşında qalsın. Misal üçün, Məhəbbətin dediyi “ay dünya” tamaşaçıların yadında qalıb. Tamaşaçı bunu artıq qəbul edir.
- Serialla bağlı səslənən tənqidlərlə razısınızmı?
- Tənqid hər sahədə mütləq olmalıdır. Biz haqlı tənqidləri alqışlayırıq. Özümüz nəyin zəif olduğunu bilirik və görürük. O sahədə edilən tənqidlərlə də razıyıq. Səhvlərimizi görür və irəliləyişlərimizi də bilirik. İndi oxucu deyəcək ki, niyə səhvləri görürsünüz, amma düzəltmirsiniz? Elə şeylər var ki, bizim əlimizdə deyil. Amma elə bir problem var ki, o bizim əlimizdədir və biz onu düzəldə bilirik. Misal üçün, elə tamaşaçı var ki, serialda İsmayıl obrazını çox sevir, amma elə insanlar da var ki, onu heç sevmir. Bir çox insanlar tənqid olaraq deyirlər ki, İsmayıl obrazını çıxarın. İsmayıl obrazını sevənlərin də sayı çoxdur. Düzgün tənqid olarsa, biz də sevinərik. Görmədiyimiz səhvləri görüb onları düzəltməyə çalışarıq. Bilirsinizmi, biz sitkom janrını Azərbaycanda tətbiq etməyə başlayanda, çox böyük əziyyətlərlə başladıq. Tamaşaçılara göstərməyə çalışırdıq ki, belə bir janr var. Elə bir film çəkməyə başlayanlar daha yaxşısını çəksinlər deyə.
Kaş ki, bizdə də çəkiləydi
- Siz özünüz hansı serialları bəyənirsiniz?
- Tənqidlə yanaşmasaq, mən bütün serialları bəyənirəm və onları alqışlayıram. Çünki televiziya məkanında yerli serialların çoxalması böyük inkişaf deməkdir. Ola bilər ki, tamaşaçı hansısa serialı bəyənsin, hansınısa bəyənməsin. Yegənə serialdır ki, “Muhteşem yüzyıl”-a həsrətlə baxıram. Kaş bizdə də elə bir serial çəkiləydi. “Qonşular” serialını çəkəndə də düşündük ki, bizdən yaxşı çəkənlər də olacaq, qoy çəksinlər. Türkiyədə təhsil alanda onların seriallarına paxıllıqla yanaşırdım. O seriallardan bizdə niyə yoxdur, deyə. Türk filmlərinin disklərini gətirirdim, uşaqlara göstərirdim ki, baxın, onlar filmləri bu şəkildə çəkirlər. Təbii ki, dostlarım məni anlamırdılar. Deyirdilər ki, necə ola bilər, bir məkanda həm güldürmək, həm ağlatmaq olsun.
- Deyirlər ki, “Bacanaqlar” serialı insanları düşündürərək güldürmür, sadəcə gülüş xatirinə güldürür. Bu fikirlərlə razısınızmı?
- Bizim estetikamız bu deyil. Biz istəyirik ki, tamaşaçı işdən yorğun gəldiyi vaxtda televizoru yandırıb sadəcə gülsün. Biz həftəsonları insanların problemlərdən uzaqlaşıb, sadəcə əylənmələrini istəyirik. Lazım deyil ki, tamaşaçı yeməyini yeyərək düşünsün ki bu, burada nə demək istəyirdi? Filmi yumor üzərində qurmuşuq. Düzdür, orada bəzi sözlər var ki, biz onlarla tamaşaçıya hansısa mesajı göndəririk. Ancaq bu, çox az hissədə özünü göstərir.
Sponsorsuz günümüz olmasın
- Olubmu ki, filmi çəkən zaman özünüz gülmüsünüz?
- Bəli, çox olub. Serialın hansısa bir bölümünü çəkərkən də çox gülürəm. Ekran arxasında da maraqlı hadisələr baş verir. Nəzər yetirsəniz, görəcəksiniz ki, Azərbaycanda heç bir rejissorun başına Məhəbbətin başına gələn hadisələr gəlmir. Heç bir rejissor özünü elə bir obrazda görmür. Mənim üçünsə Məhəbbəti canlandırmaq xoşdur. Demirəm ki, həyatda da Məhəbbət kimiyəm. Yox, həyatda tamam başqa xarakterə malik biriyəm. Amma obrazımı sevərək canlandırıram.
- Mütəxəssislər deyir ki, yerli seriallarımız reklamları tamaşaçılara “yedirtdirmək” üçün çəkilir. Bu barədə siz nə düşünürsünüz?
- Ola bilər. Sponsorsuz günümüz olmasın. Serialda sponsor nə qədər çox olsa, inkişaf da çox olar. Ola bilər ki, serialın gedişi zamanı sponsorun məhsulunun reklamını uzadırıq. Bu bizə çox vacibdir. Vaxt gələcək, sponsor öz reklamını serial arasında deyil, kənardan qısa olaraq yerləşdirməklə kifayətlənəcək. Buna ümid edirik. Biz hələ o mərhələdə deyilik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər