• cümə axşamı, 25 aprel, 09:07
  • Baku Bakı 14°C

Məhdudiyyəti üstünlüyə çevirən xanım qəhrəman - Portret

22.09.18 09:30 2324
Məhdudiyyəti üstünlüyə çevirən xanım qəhrəman - Portret
"Şükür edirəm ki, belə doğulmuşam. Əks halda, mən, indiki mən olmazdım". Heyrətamiz fikirdir. Müəllifi, doğuşdan mövcud olmayan qolunu, tükənməz həyat eşqi, mübarizliyi ilə sözün əsl mənasında üstünlüyə çevirib. Elə bir həyat yolu keçib ki, bunu qələmə almaq, bir dərslik qədər faydalıdır. Söhbət parataekvondo üzrə dünya oyunlarının qalibi, ikiqat dünya və üçqat Avropa çempionu Aynur Məmmədovadan gedir.
Davakar məktəb illəri və təhsil ardınca evdən qaçış
Aynur 1979-cu ildə Ucar rayonunun Təzə Şilyan kəndində, kənd zəhmətkeşi Tofiq Məmmədovun ailəsində dünyaya göz açıb. Orta təhsilini kənddəki tam orta məktəbdə alıb. İdmançı potensialını gec kəşf etsə də, məktəb illərindən emosional xarakteri ilə seçilib. Həm özünə, həm digər qızlara görə, sinfin dəcəl oğlanlarına bəzən qulaqburması da verib. Onu "bacarmazsan" sözü qədər heç nə qıcıqlandırmayıb. Həmişə gözlənilənin ikiqatını edib ki, bir daha bu sözü eşitməsin. İlk vaxtlar dərslərinə ciddi yanaşmasa da, sonradan təhsili prioritet kimi qəbul edib. Bunda da anası Ofeliya xanım böyük rol oynayıb. Ana, hər zaman təhsil almasını tövsiyə edər, bunun gələcək həyatdakı vacibliyini dönə-dönə vurğulayardı.

Atası isə fərqli düşüncədə idi. Ona görə ki, fiziki məhdudiyyətli qızının şəhər mühitində baş çıxarmayacağından ehtiyatlanırdı. Qadağa qoymaqla, onu qoruduğunu hesab edirdi. Əslində, ilk baxışdan, ataya haqq qazandırmaq olur. Hər halda, valideyn övladının sadəcə, yaxşılığını istəyər, əsas gətirdiyi arqumentə sidq ürəkdən inanar. Amma bu, sıradan yox, qəhrəman ruhunu hələ uşaq ikən kəşf edən övlad idi. Tofiq bəy zamanla bunu hamıdan yaxşı dərk edəcəkdi.

Qəhrəmanlıq, həm də risk tələb edir. 1996-cı ildə məktəbi bitirən Aynur, atasının bütün qadağalarına baxmayaraq, qarşısına qoyduğu məqsədin arxasınca gedir. Ali məktəblərə sənəd qəbulu üçün elan olunan müddətin son günü, uzun çək-çevirdən sonra anası ona getməyi məsləhət bilir. Həmin səhər atası evin ön tərəfində həyət-baca işləri ilə məşğul olduğundan, yeganə çıxış yolu arxa qapıdan çıxmaq idi. Aynur oradan kənd mərkəzinə yetişmək üçün kələ-kötür, gediş-gəliş üçün əlverişsiz yoldan keçməli olur. Tez-tələsik, palçıqlı ayaqqabılarını təmizləyə-təmizləyə Ucara, oradan da Göyçaya gedir. Anasının bütün cəhdlərinə baxmayaraq, atası bundan xəbər tutur. Qayıtdıqdan sonra Aynur xeyli danlanır. Zamanla o, Ofeliya xanım və digər ailə üzvləri ilə birlikdə atasını yola gətirərək, imtahana qatılır, lakin uğursuzluqla üzləşir. Növbəti il də ali məktəb üçün arzulanan balı yığa bilmir. Bu dəfə Aynur, universitet sevdasından vaz keçməli olur. Bakı Maliyyə-İqtisad Kollecini seçir və maliyyə işi ixtisasına qəbul olur.

Aktiv tələbəlik və idmanda ilk cəhd
Bakıya gəldiyi ilk günlərdən aktiv həyata meyllənir. Kompüter, dil, dərzilik kurslarına gedir, müxtəlif QHT-lərdə işləyir, qazandığı ilə kirayə haqqını ödəməyə, özünü təmin etməyə çalışır. Bir gün də yeni yaranan Azərbaycan Milli Paralimpiya Komitəsinin varlığından xəbər tutur. Məlum olur ki, onun məhdudiyyəti üçün sadəcə, güllə atıcılığı növü uyğundur. Lakin bir əngəl vardı: Tapançalar Aynurun əngəlli olduğu sağ əli üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, o, başladığı işi yarımçıq qoymaq istəmir. Bir müddət məşğul olur, həmin arada bəzi nailiyyətlər də qazanır. İki ildən sonra bu idman növündən uzaqlaşır.

2005-ci ildə sevib-seçdiyi şəxslə ailə həyatı qurur. Yeni ailə quran əksər cütlüklər kimi, maddi sıxıntılar onları da rahat buraxmır. Kirayə haqqını, yeni dünyaya gələn övladlarının xərclərini ödəmək üçün Aynur yoldaşına dəstək olmağa çalışır, bunun üçün variantlar axtarır. Bir gün yenidən atıcılığa qayıtmağı qərara alır. İl yarım məşğul olur. Zaman keçdikcə anlayır ki, bu idman növü onda heç cür alınmır. Ona görə də idmançı olmaq sevdasını bir müddət ertələməli olur. Ta ki, Azərbaycanda parataekvondo yarananadək.

Ard-arda düzülən çempionluqlar
Parataekvondo, 2006-cı ildə, bir və ya hər iki qolu amputasiya olunmuş əllilərin idmana və beləliklə, cəmiyyətə inteqrasiyası üçün yaradılıb. Çox əlamətdar haldır ki, bu idman növü üzrə ilk dünya çempionatı paytaxtımız Bakıda təşkil olunub.

Bir gün fiziki göstəricilərini nəzərə alan yaxın tanışı, Aynura bu idman növü ilə məşğul olmağı məsləhət görür. Təklif 2009-cu ildə edilmişdi, həmin vaxt onun artıq 30 yaşı vardı. İlk baxışdan bu yaşdan sonra uğur qazanmaq bir yana qalsın, başlamağın özü belə, çətin görünür. Amma Aynur əzmi, qətiyyəti ilə bunadək çox işin öhdəsindən gəlmiş, mübariz şəxsiyyət olaraq formalaşmışdı. Bir müddətlik götür-qoydan sonra bacaracağını hiss edir və parataekvondo üzrə yığmanın çalışdırıcısı Əvəz Tağıyevlə birgə şərəfli yola qədəm qoyur.

İlk vaxtlar çətinliklə üzləşsə də, getdikcə taekvondonu sevməyə başlayır. Hazırlıq prosesindəki bacarıqları, işinə məsuliyyəti ilə məşqçinin sevimlisinə çevrilir. Beləliklə, Tağıyev, onu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan dünya çempionatına aparmaq qərarına gəlir. Hazırlığı, bununla da özünəinamı yüksək olsa da, bir məsələ onu qayğılandırır: Taekvondo ilə məşğul olduğunu yoldaşına demək. Xeyli müddət atıcılığa getdiyini demiş, fiziki yorğunluğuna, axsam məşqləri ilə bağlı müxtəlif bəhanələr gətirmişdi. Lakin bu, artıq elə bir məqam idi ki, heç cür gizlədə bilməzdi. Təbii ki, eşitdikdə, həyat yoldaşı əməlindən narahatlıq keçirir. Aynur üzrxahlıqlar, min bir xahiş-minnətlə onu yola gətirir. Söz verir ki, bu yarışda fərqlənməsə, taekvondodan birdəfəlik uzaqlaşacaq.

İlk cəhdindəcə dünya çempionatında üçüncü olur. Beləliklə, həyatında yeni dövrün əsası qoyulur. Vətənə qayıtdıqdan sonra Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov onu qəbul edərək, yüksək şəkildə mükafatlandırır. Bu, Aynurun həvəsini birə beş artırır, yeni qələbələrə sövq edir. İstəyinə, əməyinə verilən qiyməti görən həyat yoldaşı, onun bu idman növü ilə məşğul olmasına qadağa qoymur, əksinə, dəstək nümayiş etdirir.

Növbəti il Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən Avropa çempionatının qalibi olur. 2012-ci ildə dünya çempionatında da hamıdan güclü olaraq, himnimizi uzaq Arubada səsləndirir. 2013-cü il isə bir qədər uğursuz alınır. O, dünya çempionatında mükafatçılar sırasına düşə bilmir, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə yarışında isə üçüncülüklə kifayətlənir. Səhvlərindən dərs çıxaran Aynur, 2014-cü ildə dünya ikincisi və ikinci dəfə Avropa çempionu olur. 2015-ci il isə fantastik alınır. Belə ki, o, əvvəlcə Türkiyənin Samsun şəhərində keçirilən dünya çempionatının, bir ay sonra Rusiyanın Soçi şəhərində keçirilən dünya oyunlarının qalibi adını qazanır.

Bundan sonrakı iki ildə xroniki zədələrinin ağırlaşması ona mane olur. Aynur sadəcə, 2016-cı ildə Polşada keçirilən Avropa çempionatında bürünc medal qazanır.
Xarakteri elədir ki, heç cür iki və üçüncü yerlə barışa bilmir. Bu yerləri ümumiyyətlə, uğur hesab eləmir. Məhz buna görə, iyunda Bolqarıstanın Plovdiv şəhərində keçirilən qitə çempionatında bütün çətinliklərə baxmayaraq, özündə güc tapıb, növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsində yer aldı.

Hədəf paralimpiya zirvəsidir
Taekvondo tarixdə ilk dəfə olaraq Tokio Paralimpiya Oyunlarının proqramına daxil edilib. Dördilliyin zirvə yarışında qalib gəlmək hər bir idmançı kimi, Aynurun da ən böyük arzusudur. Artan yaşına, zamanla özünü kəskin büruzə verən zədələrinə rəğmən, əzmlə, zəfərə sonsuz inamla iki il sonra baş tutacaq böyük imtahana hazırlaşır. Hazırkı reytinqi Tokioya lisenziyanı təmin edir. O, bir an belə arxayınlaşmaq, mövqeyini əldən vermək istəmir. Buna görə də, gələn il baş tutacaq növbəti dünya çempionatında maksimumu hədəfləyib.
Ustada sonsuz məhəbbət
Aynurun idmanda bugünkü pilləyə çatmasında parataekvondo üzrə yığma komandamızın mərhum baş məşqçisi Əvəz Tağıyevin rolu böyükdür. Onu özünə ikinci ata hesab edən Məmmədova, yoxluğu ilə barışa bilmir: " Əvəz müəllim mənim həyatımda böyük dəyərə sahibdir. Gözəl insan, əsl mütəxəssis idi. Onun üçün "bacarmazsan" deyə, bir anlayış yox idi. "Ya bacaracaqsan, ya da bacaracaqsan, başqa yolu yoxdur". Bu, onun başlıca prinsipi idi. Çox təəssüf edirəm, onu erkən itirdik. Söz vermişdi ki, sağalıb, qayıdacaq, bizi paralimpiadaya özü hazırlayacaq. Qismət. Tokioda qələbə qazansam, Əvəz müəllimin də ruhu da şad olar".

Xeyriyyəçi
O, əlilliyi olan insanlar və onların valideynləri üçün stimul mənbəyidir. Aktiv ictimai fəaliyyəti ilə seçilir. Televiziya proqramlarına tez-tez dəvət alan Aynur, efir vasitəsilə hər dəfə fiziki məhdudiyyətli yeniyetmə və gənclərə çağırışlar edir, valideynlərə öz həyatından əsaslı nümunələr gətirir.

2016-cı ildə "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" adlı qurum təsis edib. Artıq iki ildir ki, sədrlik edir. Bu gün ətrafına yüzdən çox fiziki məhdudiyyətli insanı toplayan qurum, gördüyü işlərlə digər təşkilatlara parlaq nümunədir. İlkin məqsəd əlilliyi olan insanları fiziki məhdudiyyətinin növünə görə idmana yönəltmək olsa da, hazırda sərhədləri aşıb. Aynur onların məişət qayğıları ilə maraqlanır, həll olunmasında əməyini əsirgəmir. Bu iş artıq həyat tərzinə çevrilib. Əlilliyi olan uşaqların üzündə yaranan təbəssüm, ümid işığı Aynurun yaşam səbəbidir. O, vaxtilə özünün keçirdiyi sarsıntıları onların da yaşamasını istəmir.
"Qürur hissi keçirirəm"
Aynura daim dəstək olan bir insan da var ki, bu, karate üzrə dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayevdir. Musayevin Aynur haqqında fikirlərini təqdim edirik: "O, həm güclü idmançı, həm də əsl xeyriyyəçidir. Bu gün yüzlərlə fiziki məhdudiyyətli yeniyetmə və gəncə dəstək olur. Mən onun fəaliyyətini yaxından izləyirəm və qürur hissi keçirirəm ki, vətənimin belə dəyərli övladı var. Aynurun Tokio Paralimpiya Oyunlarında sözünü deyəcəyinə. karyerasını bitirdikdən sonra da vətənə xidmətini ən yüksək şəkildə davam etdirəcəyinə inanıram".

Aynurun yaxşı əl qabiliyyəti var. Boş vaxtlarında balıqqulağından, qaşlardan müxtəlif suvenirlər düzəldir, milli gəlinciklər hazırlayır.
Portret

Qürurlu, mübariz, humanistdir. Bacarmayacağı nə varsa, onları bu və digər yüksək insani keyfiyyətlərin əksində axtarmaq lazımdır. Aynur şəxsiyyət kimi özünü çoxdan sübut edib. İdmanda nail olduğu böyük uğurlar onun mükəmməl elementlərlə zəngin portretinin sadəcə, kiçik bir hissəsidir.

Sahib



banner

Oxşar Xəbərlər