Məhdudiyyət tanımayan sevgi - Ailə
Masər Həsənov: "Nə oldusa, həmin "ola bilər” sözündən sonra oldu”
Səbinə Həsənova: "Gizlin evləndiyim üçün peşman deyiləm və bu gün də xoşbəxtəm”
"Ailə”
rubrikamızın budəfəki qonaqları Masər Həsənov və Səbinə Həsənova cütlüyüdür.
M.Həsənov fiziki məhdudiyyətli olmağına baxmayaraq, özünü kifayət qədər inkişaf
etdirmiş, ali təhsilli gəncdir. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində kinorejissorluq ixtisası üzrə magistr təhsili alır, mebel şirkətində marketinq mütəxəssisi olaraq
çalışır. Səbinə xanım isə Bakı Dövlət Universitetində coğrafiya müəllimliyi
ixtisasına yiyələnib. Cütlüyümüzün çox maraqlı həyat hekayəsi var. Bu hekayə
Səbinə xanımın ali məktəbə qəbul olduqdan sonra Bakıya köçməsi ilə başlayır.
Ailəvi tanış olduqlarından, başqa yerdə qalıb kirayə pulu verməsin deyə, Masər
bəyin anası təklif edir ki, Səbinə onlarda qalsın. Elə hər şey bundan sonra
başlayır.
"Səsini 2 ay sonra eşitdim”
Masər
deyir ki, münasibətləri necə başlayıbsa, heç özü də bilməyib: "İnanın, hər şey
necə başladı, heç özüm də bilmədim. Səbinə bizdə qalanda qəti şəkildə belə bir
düşüncəm yox idi. Evdə varlığı ilə yoxluğu hiss olunmurdu. Hətta, bizdə qalmağa
başlayandan 2 ay sonra səsini eşitdim (gülür). Mən də sakit insanları sevmirdim. Amma yaşım çatdığı üçün
hamı artıq el dilində ümumilli suala çevrilən "nə vaxt tərpənirsən” sualını
verirdi. Açığı, mən də bəzi nüansları göz önünə alaraq evlənməyə çəkinirdim.
Ətrafda hər kəs Səbinəni göstərib, yaxşı qız olduğunu deyirdi. Hətta, ailəmdə
də artıq bizim evlənməyimizlə bağlı fikirlər səslənirdi. Təbii ki, Səbinənin
bundan xəbəri yox idi (gülür). Bir il idi ki, Səbinə bizdə qalırdı, müəyyən
qədər tanımışdım. Ona görə, evdə bu izdivac söhbəti yenidən açılanda
qeyri-ixtiyarı, "hə, razıyam” dedim. Məndən razılıq alandan sonra iş Səbinə ilə
danışmaq idi”.
"Elə də fağır olmadığını gördüm”
Səbinə
xanım isə Masərlə evlilik haqqında heç bir düşüncəsinin olmadığını, hətta,
ailəsinin onu xalası oğluna verməyi planladıqlarını deyir: "Masərin anası ilə
mənim anam yaxın rəfiqədir. O, məni görəndən bəyəndiyini və oğlu ilə ailə
qurmağımı istədiyini anama dedi. Anam isə məni bacısı oğluna verməyi
düşündüyündən, bu işin alınmayacağını bildirdi. Beləcə, söhbət bağlandı. Eyni
evdə qaldığımız dönəmdə də ağlıma evliliklə bağlı fikir gəlmirdi. Amma Masəri
yaxşı, qabiliyyətli, fağır oğlan olaraq tanıyırdım. Düzdür, sonra elə də fağır
olmadığını gördüm (gülür). Məsələni mənə başqa bir ailə dostumuzun vasitəsilə
bildirdilər və mən də düşünmək üçün vaxt istədim”.
"Sənə deyilən o məsələyə cavabın nə oldu?”
Masər bəy
bu məqamda söhbəti bölərək, "amma, düşünməsi bir az uzun müddət çəkdi” deyib
gülür: "Artıq Səbinə ilə söhbət edilib, hamımız onun cavabını gözləyirik.
Səbinədən isə səs çıxmırdı. Nə "hə”, nə də "yox” deyirdi. Bir gün işdə oturmuşdum, yazdım ki, bəs sənə
deyilən o məsələyə cavabın nə oldu? Səbinə də mesajı oxuyub, cavab vermədi.
Üstündən bir az keçdi, "susmaq razılıq əlamətidir” yazdım. Səbinə isə "ola
bilər” yazdı. Elə nə oldusa, həmin "ola bilər” sözündən sonra oldu (gülür)”.
Beləcə,
bir-birini daha yaxından tanımağa başlayan gənclərimiz evlənməyə qərar
verirlər. Amma işin bir "əmması” var. Səbinənin ailəsi, xüsusilə də anası bu
izdivaca razı olmur. Səbəb olaraq isə Masər bəyin fiziki məhdudiyyətli olmağını
göstərir. Həm də, Səbinəni bacısı oğluna verməyi düşünürdü. Səbinə ailəsi ilə
danışıb, xalası oğlu ilə yox, Masərlə evlənmək istədiyini deyir, amma bununla
razılaşmaq istəmirlər.
"Ya bu işi tamamilə bitirək, ya da evlənək”
Masər bəy
deyir ki, Səbinənin ailəsinin irəli sürdüyü səbəbi aradan qaldırmaq üçün həkim
müayinəsindən keçib və evlənmək üçün heç bir əngəl olmadığını sübut edib:
"Bilirdim ki, fiziki məhdudiyyətli olduğum üçün razı olmurlar. Bir çox
səbəblər, bəhanələr irəli sürüdülər. Qərara gəldim ki, həkim müayinəsindən
keçim. Tibbi müayinənin cavabları evlənməyim üçün əngəl olmadığını göstərdi.
Amma yenə də razı olmadılar. Səbinə ilə görüşməsək də, yazışırdıq. Bir gün
dedim ki, ya bu işi tamamilə bitirək, ya da evlənək. Hiss etdim ki, Səbinə də
mənimlə evlənmək istəyir” .
"Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz
bilirdik”
Səbinə
həmin dövrdə Masəri sevdiyini və onun təklifini qəbul etdiyini deyir: "Ailəm
Masərlə görüşməyimizə icazə vermirdi. Bir dəfə gizlin görüşüb evlənmək üçün
"ASAN” xidmətdə qeydiyyatdan keçdik və nikah günümüzü bəlli etdik. Mayın əvvəli
qeydiyyat oldu, iyunun 12-nə gün verdilər. İnanın, o bir ayı necə həyəcanla
keçirdiyimizi bir Allah bilir. Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz
bilirdik. Nikah günü bir bəhanə ilə Masərin anası ilə bacısını ASAN xidmətə
gətirdilər, amma təəssüf ki, mənim yanımda ailəmdən heç kim olmadı”.
"Başqa insanların fikirləri ilə məndən uzaqlaşdı”
Artıq
evlənən cütlüyümüz Səbinənin ailəsinin qəzəbindən qorxduqları üçün bir müddət
başqa qohumların evində qalırlar. Təbii ki, qarşı tərəf bu hərəkətə çox
hirslənir və Masərin, qızlarını zorla qaçırtdığını iddia edərək, polisə şikayət
edirlər. Səbinə öz razılığı ilə evləndiyini dediyi üçün məsələ bağlanır.
Nikahdan sonra dəfələrlə barışıq üçün qızın ailəsinə müraciət etsələr də,
təəssüf ki, qarşı tərəf buna razı olmayıb. Hətta, Səbinənin anası toya
gəlməyib.
Səbinə
buna görə anasında incik olduğunu deyir: "Əslində, mən də anamdan incimişəm.
Çünki mənim dediklərimə yox, qıraqdan söylənənlərə inandı. Mən ilk dəfə Maserlə
evlənəcəyimi deyəndə, normal qarşılamışdı. Arada nə oldusa, kimlər nə dedisə,
fikrini dəyişdi. Məni incidən bu idi. Yəni mən dəfələrlə Masəri sevdiyimi,
onunla xoşbəxt olduğumu desəm də, razılaşmadı. Başqa insanların fikirləri ilə
məndən uzaqlaşdı. Ona görə, gizlin evləndiyim üçün heç peşman deyiləm və bu gün
də xoşbəxtəm. Masərlə çox gözəl evliliyimiz var”.
"Biz niyə mübahisə etmirik?”
Bəli, bu
gün onlar xoşbəxtdirlər və çəkinmədən bunu dilə gətirirlər. Hər ikisi sevginin
əngəl tanımadığını deyir. Maraqlıdır, bəs, olubmu ki, evləndikləri gündən sonra
hansısa mövzularda mübahisələri düşsün? Sualımızı eşidən zaman Masər bəy
gülərək "inanmayacaqsınız, amma hələ mübahisəmiz olmayıb” deyir: "Hələ ki, elə
də ciddi yadda qalacaq mübahisəmiz olmayıb. Hətta, bəzən özümüzə sual veririk
ki, niyə mübahisə etmirik. Bir dəfə qərara gəldik ki, yalandan mübahisə edək, o
da çox davam etmədi. Gördük ki, alınmır, bir-birimizə baxıb güldük”.
Səbinə
xanım deyir ki, mübahisə etmək üçün səbəb olmur: "Bəzən ətrafdakı cütlükləri
müşahidə edirəm. Görürəm ki, səbəbsiz yerə bir-birinin qəlbini qırıb, mübahisə
edirlər. İkimiz də buğa bürcüyük, çox vaxt baxışından nə demək istədiyini
anlayıram. Hər bir insanın mənfi və müsbət tərəfləri var. Yəni ideal insan
olmadığımızı hamımız bilirik. Bəxtim onda gətirib ki, Masərin elə də çox mənfi
xüsusiyyəti yoxdur. Müasir düşüncəli, özünü hərtərəfli inkişaf etdirən
biridir”.
"Bir-birimizi başa düşürük və arada sevgi var”
"Əslində,
mənim də bəxtim gətirib, Səbinə hədiyyələrə, yəni, maddi şeylərə marağı
olmayan, elə əşyalar gözləməyən biridir” deyən Masər bəy bildirir ki, onda ən
çox sevdiyi xüsusiyyət gülərüz olmağıdır: "Axşam işdən gələndə Səbinənin məni
gülərüzlə qarşılaması, evdən gələn möhtəşəm yeməklərin qorxusu adamı xoşbəxt
edir. Səbinə çox dadlı yeməklər bişirir. Məncə, mənfi xüsusiyyət məsələsi nisbi
anlayışdır. Ola bilər ki, sizin mənfi gördüyünüzü mən müsbət qiymətləndirim və
ya əksinə. Ona görə də düşünmürəm ki, Səbinənin elə də ciddi mənfi xüsusiyyətləri
var. Ən əsası budur ki, bir-birimizi başa düşürük və arada sevgi var”.
"Başım ağrıyanda anasını çağırır”
"Yeri
gəlmişkən, Masərin heç xoşuma gəlməyən bir xüsusiyyəti var” deyərək, həyat
yoldaşının sözünü kəsən Səbinə xanım bildirir ki, artıq bir müddətdir evli
olmalarına baxmayaraq, Masər bəy hələ də bəzi şeyləri düzgün qiymətləndirə
bilmir: "Hərdən başımın ağrıdığını deyəndə, Masər anasını çağırır ki, gəlsin
mənə dərman versin. Amma anlamır ki, mənim istədiyim dərman deyil, onu özüm də
götürə bilərəm. Mən sadəcə, ondan həmin an qayğı, nəvaziş, isti münasibət
gözləyirəm (gülürük)”.
"Nə maddi, nə mənəvi bir problem yaşamamışıq”
Masər bəy
isə "Yaxşı anladım, bundan sonra dərmanı özüm verəcəyəmm” deyib, gülərək
söhbətinə davam edir: "Şükürlər olsun ki, bu günə qədər nə maddi, nə mənəvi
problem yaşamamışıq. Ciddi çətinliyimiz olmayıb. Bacardığımız qədər, qurduğumuz
bu yuvanı qoruyub saxlamağa çalışırıq. Ailəni dağıtmaq asandı, amma onu qoruyub
saxlamaq çətindir. Biz bu çətinlikləri birlikdə aşırıq. Düşünürəm ki, sükanı
belə saxlaya biləcəyik”.
"Bu insanla bir ömür yaşamaq olar, ya yox...”
Ailəni
qurmaq üçün vacib məsələlərdən biri də iki insanın bir-birini tanıma
müddətidir. Düzdür, bizim cütlüyümüzün bəxti gətirib ki, onlar bir müddət bir
evdə yaşayıblar. Amma bu mövzudakı fikirləri maraqlıdır. Hər ikisi düşünür ki,
bunun üçün birlikdə vaxt keçirmək əsasdır. Masər bəy deyir ki, evlilikdən öncə
birlikdə vaxt keçirmək, fikir mübadiləsi etmək çox vacibdir: "Bir insanı söhbət
zamanı daha yaxşı tanımaq olar. Qarşı cinslə söhbət zamanı anlayırsan ki, bu
insanla bir ömür yaşamaq olar, ya yox. Yəni sənin pis və yaxşı günündə yanında
olub-olmayacağını anlayırsan. Xüsusilə də bu kimi situasiyalarda gərək daha
ciddi düşünüb, götür-qoy edəsən”.
"İnsanlar bizə qəribə baxırlar”
Cütlüyümüzdən
yaşadıqları çətinliyi soruşanda, elə də ciddi çətinlikləri olmadığını, sadəcə,
cəmiyyətdəki baxışların onları narahat etdiyini bildirirlər. Səbinə xanım deyir
ki, şəhərə çıxanda hamı onlara baxır: "Masərin bacısı da fiziki
məhdudiyyətlidir. Biz onunla şəhərə çıxanda hamı ona baxır. Amma Masərlə
birlikdə olanda ikimizə də qəribə baxırlar. Anlamıram ki, burada insanlara
maraqlı gələn nədir? Bunu niyə normal qarşılamırlar, bilmirəm”.
Masər bəy
bildirir ki, bu cür baxışlara artıq alışıb: "Məni görəndə qulaq çəkənlər,
"Allah uzaq eləsin” deyənlər az da olsa, qalıblar. Yəni sayları "Qırmızı
kitab”a düşəcək qədərdir (gülür). Amma mən artıq onlara fikir vermirəm. Hətta,
qulağını çəkən birini görəndə "yavaş çək, qulağın çıxdı” deyib gülürəm”.
"Allah heç kimə daşıya bilməyəcəyi yükü verməz”
Gənc
cütlüyümüz hələ 5 aydır evlidir, övladları yoxdur. Amma söhbət zamanı hiss
elədim ki, bunu çox istəyirlər. Səbinə xanım deyir ki, ailəsi evliliklərinə
qarşı çıxan zaman uşaqlarının da fiziki məhdudiyyətli ola biləcəyini deyiblər:
"Biz ailə qurarkən hər şeyi düşünmüşdük. Məncə, övlad Allahın verdiyi paydır.
Necə verirsə, o cür qəbul etmək lazımdır. Hətta, bəzən elə ailələr var ki,
oğlan övladı istəyir və sağlam qız uşaqlarını abort edirlər. Şəxsən mənim üçün
heç bir fərqi yoxdur. Allah onu sənə veribsə, baxmalısan. Düşünün ki, bu gün
fiziki məhdudiyyətli olduğu üçün ana bətnindəki uşağı abort etdirirsiniz, sonra
sağlam övladınız olur. Amma bir müddət sonra hansısa qəza nəticəsində o, fiziki
sağlamlığını itirir. Yəni sabah başımıza nə gələcəyini bilmirik”.
Masər də
həyat yoldaşı ilə eyni fikirdədir: "Əgər valideynlərim məni bu yaşa qədər
gətiriblərsə, mən niyə bunu bacara bilməyim. Allah heç kimə daşıya bilməyəcəyi
yükü verməz”.
Günel Azadə