• cümə, 29 Mart, 03:31
  • Baku Bakı 7°C

Məhbəsdən göndərilən məktub

14.11.17 14:00 1035
Məhbəsdən göndərilən məktub
"İnsan var zindan onun üçün hər şeyin sonu, insan da var ki, onun üçün yeni başlanğıcdır. Zindan liftə bənzəyir. İçərisindəki insan istəsə düyməni basıb yuxarı qalxar, istəsə eyni hərəkətlə aşağı enər”. Bu fikirlər Elvin Arifoğlu adlı gəncin həbsxanadan "Kaspi”nin redaksiyasına göndərdiyi məktubundandır. Elvinin 25 yaşı var. Gəncə şəhər 9 saylı orta məktəbini, T.Hacıyev adına 2 saylı musiqi məktəbini, C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. 2010-2012-ci illərdə H.Əliyev adına AANM-da təhsil alıb. 2-ci kursda oxuyarkən məktəbdən xaric olunaraq hərbi xidmətə göndərilib. Məktubda yazdığına görə, hərbi xidmətinin altıncı ayında ehtiyatsızlıq üzündən əlindəki silah əsgər yoldaşının ölümünə səbəb olub. Hazırda Elvin 5 ildir ki, həbsdədir. Ehtiyatsızlığının cəzasını çəkir. ”Bu illər ərzində vaxtımı lazımı işlərə sərf etdim. İngilis, ərəb, rus, türk və fars dillərini öyrəndim. Həmçinin bir çox müasir elmlərə aid lazımı məlumat bazasına sahib oldum”, - deyə qeyd edir. Elvin yazı-pozu ilə məşğul olmağı da xoşlayır. Redaksiyamıza göndərdiyi məqalələrində maraqlı, özünəməxsus fikirləri yer alıb.
"Kitab oxuyaq” adlı məqaləsinə Sokratın məşhur "Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar” fikirləri ilə başlayan gənc, ümumiyyətlə, mütaliənin həyatımızdakı rolunu vurğulayır: "Oxuma vərdişi təfəkkürü qidalandıran, inkişaf etdirən təməl mənbələrin əsasıdır. Fərdin aid olduğu cəmiyyətlə ünsiyyətini tənzimləməsi oxuma potensialını əldə etməsi ilə bağlıdır. Fərdin Yer kürəsindəki mövqeyini, yaradılış sirrini anlamasında da oxumağın təsiredici rolu böyükdür”. Müəllif hesab edir ki, insanlar, xüsusən gənclər oxuma vərdişinin formalaşması üçün internetdən, sosial şəbəkələrdən, televiziya qarşısında vaxt keçirməkdən bir qədər uzaqlaşmalıdırlar: "Gənclərin kitab oxuma marağını internet kimi faktorlar azaldır. Həmçinin kitab oxuma vərdişi üçün əsas nümunə ailədir. Valideynlər evdə kitab oxumağa vaxt ayırmalıdırlar ki, uşaqlar da bu adətə yiyələnsinlər. Məktəbdə müəllimlərin üzərində də böyük məsuliyyət düşür. Müəllim ilk növbədə özünün oxuyub bəyəndiyi kitabı şagirdə tövsiyə etməlidir. Bununla kifayətlənməyib, onun kitabı oxuyub-oxumamağı ilə maraqlanmalıdır. Yoxsa yetişən nəslin kitab oxuma vərdişinin qarşısına sədd çəkmiş olarıq. Hər saniyə inkişaf edən dünyada varlığımızı davam etdirmək üçün inkişaf etməliyik. Bunun üçün isə çoxlu kitab mütaliə etməyi vərdişə çevirməliyik”.
E.Arifoğlu "Kitab, mətn və ya şeirləri necə əzbərləyək?” adlı məqaləsində dünya təcrübəsindən nümunələrə yer ayıraraq təkrarlamanın faydalarını önə çəkir: "Zəruri olan mexaniki, kor-koranə olan təkrarlama deyil, Ağılla mənimsəmənin müəyyən xüsusiyyətlərinə uyğun surətdə həyata keçirilən təkrarlama - sizə lazım olan məhz budur”.
"Məşhurların ölümü” məqaləsində Cek London, Evripid, Lev Tolstoy, S.Yesenin, V.Mayokovski kimi görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıqları ilə bağlı maraqlı məqamlara toxunub. "Məkan və zaman” adlı fəlsəfi məqaləsində dahi filosofların məkan və zaman, materiya haqqında fikirlərindən ümumi nəticəni qələmə alır: "Zaman hərəkət vasitəsilə cisimlərlə uyuşan və sürəklilik xüsusiyyəti olan kəmiyyətdir”.
E.Arifoğlunun "Zehni potensialın artırılmasına dair 5 tövsiyə”, "Müasir dövrdə çəkişmələr-polemikalar” adlı məqalələrində də maarifləndirici, gənclərə tövsiyə dolu fikirlər yer alıb.
banner

Oxşar Xəbərlər