• şənbə, 20 Aprel, 14:50
  • Baku Bakı 23°C

Mediaya diqqət və qayğının təzahürü

22.07.15 11:06 1869
Mediaya diqqət və qayğının təzahürü
Təltif olunmuş KİV nümayəndələri buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə bir qrup KİV nümayəndəsi Prezident İlham Əliyev tərəfindən müxtəlif fəxri adlarla təltif edilib və mükafatlara layiq görülüb. Təəssüratlarını bölüşən mükafatlandırılmış jurnalistlər dövlətin, şəxsən ölkə başçısının onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir, budəfəki bayramı ikiqat sevinc içində keçirdiklərini deyirlər.
KİVDF-nin aparıcı məsləhətçisi Samir Mustafayev “Kaspi”yə açıqlamasında dedi ki, fəxri ada layiq görülmüş jurnalistlər sırasında olmasından böyük sevinc və qürur hissi keçirir: “Bu ali təltifi böyük şərəf və 19 illik peşə fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, milli mətbuatın əlamətdar yubileyləri ərəfəsində medianın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması xoş ənənəyə çevrilib. 140 illik yubiley ərəfəsində onlarla həmkarım kimi mənə də böyük sevinc bəxş edən ölkə başçısına dərin təşəkkürümü bildirməklə yanaşı, bu etimadın doğurduğu məsuliyyətin fərqində olduğumu da vurğulamaq istəyirəm. Bu sevinci jurnalistikamızın şərəfini qoruyan, sözü, qələmi ilə tanınan, peşəsinin məsuliyyətini dərk edən bütün həmkarlarıma da arzulayır, onları əlamətdar bayram münasibətilə ürəkdən təbrik edirəm”.
Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova söylədi ki, adını “Tərəqqi” medalı alanlar arasında görəndə çox sevinib: “Bunu tək özümün yox, illərdən bəri fəaliyyət göstərdiyim doğma Bakı Dövlət Universitetimizin də uğuru hesab edirəm. Universitetdən əvvəl çalışdığım mətbuat orqanları mənim jurnalist fəaliyyətimin ilk addımları idisə, Bakı Dövlət Universitetinin peşəkar yaradıcılığımda əvəzsiz rolu olub. Həyat o zaman gözəl olur ki, insana, sənətə, yaradıcılığa dəyər verilir və bu günə kimi çəkdiyin əziyyətlərin boş bir şey olmadığını anlayırsan. Çoxdandır ki, belə sevinməmişdim. Bu sevinc hissini bizə – doğmalarıma, yaxınlarıma, övladlarıma yaşatdığına görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm”.
“Prezidentin 140 illik yubiley ərəfəsində jurnalistləri fəxri adlarla təltif etməsi əməyimizə verilən ən yüksək qiymətdir. “Əməkdar jurnalist fəxri adına layiq görülənlər sırasında olduğuma görə çox sevincliyəm”. Bu sözləri isə bizimlə söhbətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dedi. Qeyd etdi ki, Prezidentin yüksək diqqəti və etimadı bundan sonra daha səmərəli çalışmaq və dövlətçiliyimizin inkişafına yeni töhfələr vermək məsuliyyətini bir qədər də artırır.
1905.az portalının direktoru Fuad Babayev də sevincinin həddi-hüdudunun olmadığını bildirdi: “Bu cür diqqət üçün ölkə başçısına minnətdaram. Çox sevinirəm ki, uzun illərdən bəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışıram. Və çalışacağam ki, Assosiasiyamızın www.1905.az portalı daha da güclənsin”.
Gun.az saytının müxbiri Kamil Həmzəoğlu da mətbuatın yubileyinin ikiqat bayrama döndüyünü açıqladı: “27 illik zəhməti, əməyimi qiymətləndirən dövlətimə və onun başçısına dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. İnanın ki, çox sevincli və çox xoşbəxtəm. Əgər insanın zəhməti yerdə qalmırsa, bundan böyük xoşbəxtlik ola bilərmi?”
Report.az saytının redaktoru İmdad Əlizadə “Tərəqqi” medalının onun üçün çox böyük mükafat olduğunu dedi: “Jurnalist kimi fəaliyyətim dövründə bu ada layiq olmağa çalışacağam. Hesab edirəm ki, təltif olunmaq bir insanın əməyinə verilən qiymətdir, dəyərdir. Mənim əməyimin belə qiymətləndirilməsi mənə əlavə stimul verir. Azərbaycanda jurnalistlərə, jurnalistikaya yüksək qiymət verilməsi ənənə halını alıb. Bu, birbaşa Prezidentin adına bağlıdır”.
“Şərq qapısı” qəzetinin şöbə müdiri, Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Sara Əzimova dövlətdən hər zaman dəstək hiss etdiyini söylədi. Qeyd etdi ki, bir yaradıcı insan üçün bundan böyük xoşbəxtlik ola bilməz: “Ölkəmizdə mətbuat işçilərinin, xüsusilə gənc jurnalistlərin fəaliyyəti üçün yaradılan şəraitə, göstərilən hərtərəfli diqqətə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonrakı fəaliyyətimdə də daim dövlətçiliyimizə sadiq olacaq, Azərbaycanın inkişaf salnaməsini yaradacaq, mənə göstərilən etimadı əməli işimlə doğruldacağam”.
Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov da Prezidentə mətbuata göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir: “Tərəqqi” medalına layiq görülən media mənsublarındanam. Bu, mənim aldığım ən böyük dövlət mükafatıdır. Bu mükafatı mənim üçün dəyərli edən məhz Prezident İlham Əliyevin imzasıdır. Ölkə başçısı həqiqətən də jurnalistlərin dostudur. Onun hər zaman bizim yanımızda olduğu, dəstəyini əsirgəmədiyi göz önündədir”.
“Palitra” qəzetinin müxbiri Nigar Abdullayeva: “Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətimizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də müstəqil mətbuatın, azad medianın inkişaf etməsi oldu. Mətbuat nümayəndələrinə bu fəxri adların verilməsi bir daha ölkə başçısının mətbuata, bu sahədə çalışanlara diqqət və qayğısının bariz nümunəsidir. Bu fəxri ada layiq görülmək həm də böyük məsuliyyətdir və mətbuat nümayəndəsi olaraq bu məsuliyyəti dərk edirəm, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam”.
İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu xəbəri eşidəndə qürur hissi keçirdiyini söylədi: “Bundan sonra da Azərbaycan mediasının inkişafı və dövlətçilik maraqlarımızın qorunması üçün üzərimə düşən vəzifəni yerinə yetirəcəyəm. Bu, Prezidentin sözə, mediaya, jurnalistikaya verdiyi dəyərdir. Prezidentin sərəncamı ilə təltif olunmaq çox xoşdur”.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev özü və həmkarları adından Prezidentə təşəkkür etdi: “Fəxri adlar bu Ramazan bayramında biz jurnalistlərə verilən ən xoş hədiyyə oldu. Bu o deməkdir ki, Azərbaycanda jurnalistikanın inkişafına dəstək var. Jurnalistlərin ölkənin milli maraqları prizmasından fəaliyyət göstərməsi, vətənpərvərliyi təbliğ etməsi və peşəkarlıq nümunələri nümayiş etdirməsi diqqətdən yayınmır”.
"Tərəqqi" medalı ilə təltif olunmuş digər bir şəxs, yazıçı-publisist Əkbər Qoşalı (Yolçuyev) hesab edir ki, bu cür təltiflənmə jurnalistlərin yaşadıqları ən şərəfli andır: “Şərəflə bərabər, məsuliyyət hissi də keçiririk. Peşə borcunu layiqincə yerinə yetirənləri qiymətləndirdiyinə görə ölkə başçısına minnətdaram”.
“Olaylar” İnformasiya Agentliyinin baş redaktorunun müavini Elman Cəfərli: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət dəstəyi ənənəsi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistlərin sosial-iqtisadi vəziyyətinin, KİV redaksiyalarının maddi-texniki bazasının yaxşılaşdırılmasına dövlət dəstəyi siyasəti ardıcıl xarakter alıb. Milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlərin mükafatlandırılması da jurnalist əməyinə verilən qiymətdir, yaradıcılığın stimullaşdırılmasıdır. Məni Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif etdiyinə görə, cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu mükafat mənim və digər təltif olunan jurnalist həmkarlarımın fəalliyyətinə müsbət təsir göstərəcək”.
Lider TV-nin əməkdaşı, “Səda+” ictimai-siyasi verilişinin aparıcısı Vahid Abbas da sərəncamı oxuyanda qürur hissi keçirdiyini söylədi: “Bu sevinci səninlə paylaşan dostlarının çox olduğunu görmək də qürurvericidir. “Tərəqqi” medalına layiq gorulməyim mənim üçün surpriz oldu. Jurnalistikada olan bütün dostlarıma bu hissləri yaşamağı arzu edirəm”.
“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camal isə Prezidentə təşəkkürünü ona ünvanladığı yazısı ilə bildirib: “Çox hörmətli cənab Prezident! Azərbaycanın dövlət müstəqilliyi Sizin uğurlu siyasətiniz sayəsində ən qüdrətli dövrünü yaşayır. Məhz Sizin möhtəşəm dəstəyiniz nəticəsində bu dövrü Azərbaycan mətbuatının da qızıl dövrü adlandırmaq olar.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra başlanğıcı dahi mütəfəkkir Həsən bəy Zərdabidən götürülən Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas edən və bugünkü qüdrətli Azərbaycanımızın təməllərini atan ümummilli liderimiz müstəqil mətbuatımızın da təməllərini atdı. Postsovet məkanında mətbuatın qarşısındakı əsas baryer olan senzuranın ümummilli liderimiz tərəfindən ləğvi də buna ən bariz nümunədir. Hörmətli cənab Prezident! Azərbaycan mətbuatı Sizin ümummilli liderimizin ənənələrini uğurla davam etdirməyiniz sayəsində öz qızıl dövrünü yaşamaqdadır. Sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və Fondun uğurla həyata keçirdiyi layihələr, jurnalistlərin ən böyük problemi olan mənzil məsələsinin həlli istiqamətində gördüyünüz işlər, milli mətbuatımızın 130, 135, 140 illik yubileylərini yüksək səviyyədə keçirməklə bağlı sərəncamlarınız Azərbaycan mətbuatına yeni nəfəs verib. Məhz bu stimulun nəticəsidir ki, Azərbaycan mediası milli maraqların qorunmasında öz funksiyaları çərçivəsində yaxından iştirak edir və zaman-zaman ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının təşkilatçılarına tutarlı cavablar verir. Azərbaycan mətbuatının gücü və sanbalı məhz Sizin qayğınız nəticəsində formalaşıb. Təsadüfi deyil ki, Azərbaycanın çoxsaylı nümunələri sırasında mətbuata göstərilən dövlət dəstəyini də dünyanın bir çox ölkələrində örnək olaraq tətbiq edirlər. Hörmətli cənab Prezident! Bu gün 140 illiyini qeyd edən Azərbaycan mətbuatı Sizin qayğınız sayəsində ən güclü dövrünə qədəm qoyub. Jurnalistlərin Dostu olaraq Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika ənənələrimizin formalaşmasına böyük töhfə vermişiniz. Bu gün bütün Azərbaycan mətbuatı Sizə minnətdardır. Çünki Siz əməyi olan heç kəsi unutmursunuz. Bu sırada “Gündəlik Teleqraf” MMC-yə daxil olan media orqanlarının (“Gündəlik Teleqraf” qəzeti, Publika.az, Axar.az, Teleqraf.com) da adının olması, bir əməkdaşımızı “Əməkdar jurnalist” fəxri adı, üç əməkdaşımızı “Tərəqqi" medalı ilə təltif etməyiniz bizim üçün böyük şərəfdir. Cənab Prezident! Sizin diqqətiniz bizim işimizə böyük stimul verir. Biz həmişə olduğu kimi, bundan sonra da Sizin Azərbaycan dövlətinin müstəqilliyi uğrunda apardığınız mübarizəni, gördüyünüz nəhəng işləri və atdığınız bütün addımları dəstəkləyəcəyimizi bir daha bəyan edirik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər