• cümə axşamı, 18 aprel, 16:45
  • Baku Bakı 22°C

Medianın inkişafına böyük dəstək

25.11.13 17:13 1274
Medianın inkişafına böyük dəstək
Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, jurnalistlər Prezident İlham Əliyevi "Jurnalistlərin dostu" seçərkən təkcə onun mətbuata qayğısını nəzərə almayıblar, həmçinin dövlət başçısının xarici və daxili siyasətinin uğurunu qiymətləndiriblər.
Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlər səsləndirdi: "Dövlət başçısı görüşdə demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirdi. Media nümayəndələrinin sosial problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı. Prezident qeyd etdi ki, jurnalistlər ümummilli mənafeyə xidmət etməli, xarici təsirin altına düşməməlidir".
Ə.Amaşovun sözlərinə görə, görüşdə dövlət başçısının səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti ayrı-seçkilik qoymadan mediaya yardım göstərir və müstəqil medianın inkişafında maraqlıdır.
Ə.Amaşov həmçinin görüşə bəzi KİV nümayəndələrinin dəvət edilməməsi ilə bağlı məsələyə də münasibətini açıqladı. Onun sözlərinə görə, görüşün formatı elə idi ki, ancaq medianın birinci şəxsləri iştirak etməliydi. Bəzi media orqanlarının birinci şəxsləri Azərbaycanda olmadıqları üçün görüşdə iştirak edə bilməyiblər: "Burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz".
Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır
Mətbuat nümayəndələri ilə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, görüşdə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırdı. Bildirdi ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir.
V.Səfərli, həmçinin bildirib ki, Prezident görüşdə mətbuatın yayımı məsələsində yaranan problemin yaxın zamanlarda aradan qaldırılacağını vurğuladı.
V.Səfərli bildirib ki, Prezidentin son illər mediaya göstərdiyi xidmətin bariz göstəricisidir ki, iki dəfə "Jurnalistlərin dostu" seçilib.
Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır
"Prezident İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatın"a layiq görülməsi tamamilə reallığı əks etdirən möhtəşəm hadisədir. Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün çoxvektorlu fəaliyyət ortaya qoyub: "Cənab Prezidentin həm qanunvericilik səviyyəsində, həm də maddi-texniki bazanın təkmilləşdirilməsi baxımından medianın tərəqqisinə tarixi hadisə sayılacaq töhfələr verib. KİV-lərin inkişafına dəstək verəcək Konsepsiyanın qəbul edilməsi, Fondun yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi bu qisimdən sayıla bilər. Eyni zamanda, Azərbaycan Prezidenti dünya ölkələri üçün nümunə ola biləcək addım ataraq, media nümayəndələrinin mənzillə təmin edilməsini reallaşdırdı. Yəni, dövlətimizin başçısının mətbuatımızın inkişafı üçün atdığı addımlar dünya mətbuat tarixi üçün bir presedentdir".
B.Quliyev söyləyib ki, ölkəmizdə söz, ifadə və mətbuat azadlığı, internetdən istifadə mütəşəkkilliyi tam şəkildə təmin edilib: "Bu mənada, əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır".
Mətbuatın inkişafı İlham Əliyevin siyasi iradəsini ifadə edir
“İlham Əliyev öz uğurlu fəaliyyəti ilə cəmiyyətin bütün təbəqələrinin, o cümlədən jurnalistlərin etimadını qazanıb və bu baxımdan Prezidentə “Jurnalistlərin dostu” mükafatının verilməsi gözlənilən idi”. Bu sözləri Editor.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə söyləyib.
Onun sözlərinə görə, mətbuata qayğı İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Dünyanın heç yerində Azərbaycanda olduğu qədər jurnalistlərə qayğı göstərilmir, mətbuatın problemlərinə ölkə rəhbərliyi səviyyəsində diqqət ayrılmır. Azərbaycanda fəaliyyət göstərən qəzetlərə maliyyə yardımlarının ayrılması, mətbuat orqanlarının və jurnalistlərin qrant müsabiqələrinə cəlbi, jurnalistlər üçün bina inşa edilməsi və yeni binanın təməlinin qoyulması bunun bariz nümunəsidir. Əlbəttə bu siyasət davamlıdır və İlham Əliyev medianın problemlərinin həlli istiqamətində ortaya siyasi iradə qoyub. Prezidentin jurnalistlərlə dünənki görüşü də bu mənada təsadüfi sayıla bilməz. Dünənki görüş çox yüksək səviyyədə təşkil olundu və ölkə başçısı medianın problemlərinin həlli istiqamətində yeni tapşırıqlarını verdi. Çox sevindirici haldır ki, jurnalistlər də Prezidentin fəaliyyətinə adekvat münasibət ortaya qoydular və İlham Əliyevi “Jurnalistlərin dostu” seçməklə, ona olan etimadını ortaya qoydular”.
Hər kəsin sərbəst danışması, fikrini söyləməsi üçün imkan vardı
«Prezidentin media rəhbərləri ilə keçirilən görüşü maraqlı idi. Ölkə başçısı önəmli, mediaya ciddi və hətta strateji dəstək olan mesajlar verdi. Əslində prezident bunu ayrı-ayrı görüşlərdə, media və ifadə azadlığı ilə bağlı müzakirə keçirilən hər yerdə deyir. Qəbul edirəm ki, mətbuat nümayəndələrinin önündə bir daha ölkəsində medianın gələcəyi, Azərbaycanın informasiya mübarizəsindəki yeri barədə fikirlərini ifadə etməsi xüsusi önəm daşıyır» - bu fikirləri köşə yazısında APA holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib.
«Bu gün ölkəmizdə çap mediasının internet və elektron media ilə müqayisədə problemlərinin daha çox olduğunu nəzərə alsaq, müzakirələrdə əsas ağırlığın da məhz çap mediasının durumu ilə bağlı olduğunu anlayışla qarşılamalıyıq. Əslində internet mediasının problemləri də az deyil. Bu sahədə konsepsiyaya, xüsusi ilə internet (kiber) təhlükəsizliyi sahəsində addımlara, mütəxəssis hazırlığı ilə bağlı problemlərə diqqət yönəltməyə ehtiyac vardı. Ancaq mən yuxarıda qeyd etdiyim səbəbdən – problemləri daha çox və daha təxirəsalınmaz olan çap mediasının nümayəndələrinin olduğu görüşü bu mövzuya uyğun bilmədim və danışmadım. Baxmayaraq ki, hər kəsin sərbəst danışması, fikrini söyləməsi üçün imkan vardı.
Hətta görüş bitdikdən sonra da prezident salonda qaldı, hər kəslə təkbətək görüşdü; öncədən tanıdıqları ilə hal-əhval tutdu, digərləri ilə tanış oldu. Sözün, təklifin, problemin söylənə bilməsi, redaktorların danışması üçün nə qədər mümkündürsə, o qədər də açıq mühit yaranmışdı».
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.
1997-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.
Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.
Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" elan edilib.
banner

Oxşar Xəbərlər