AZE | RUS | ENG |


Mediada etik prinsiplərə necə əməl olunur? - Müzakirə

Mediada etik prinsiplərə necə əməl olunur? - Müzakirə
"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanın internet mediasında etik normaların qorunmasına dair monitorinqin aparılması” layihəsinin yekunu ilə bağlı Dəyirmi Masa keçirib.
Layihə barədə məlumat verən "Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin sədri Ruslan Xəlil bildirib ki, layihənin keçirilməsində məqsəd İnternet mediasında etik normalara əməl edilməsini aşılamaqdır: "İnternet mediada şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir hallarına yol verilməsi, həmçinin milli, mənəvi dəyərlərə hörmət edilməməsi hallarına tez-tez rast gəlinir. Hazırda ölkədə yüzdən çox informasiya saytları, portallar var ki, internet resursu kimi fəaliyyət göstərir. Ölkə əhalisinin böyük əksəriyyətinin İnternetə çıxışının olmasını nəzərə alsaq, elektron medianın ictimai fikirin formalaşmasında önəmli rol oynadığını söyləyə bilərik. Etik normaları pozan saytların rəhbərlərinə aidiyyəti qurumlar tərəfindən müvafiq xəbərdarlıqlar edilsə də, onlar öz fəaliyyətlərini davam etdirirlər və hətta əməllərində cinayət xarakteri olan hallara yol verirlər. Bunun nəticəsidir ki, ictimaiyyətə özlərini jurnalist, redaktor kimi təqdim edən şəxslərin barələrində son vaxtlar cinayət işlərinin açılması halları artıb.
R.Xəlil bildirib ki, layihə çərçivəsində elektron mətbuatda monitorinqlər aparılıb: "Biz 12 saytın monitorinqini aparmışıq. Bura, "publika,az”, "axar.az”, "apa”, "trend”, "milli.az”, "bolgexeber.com”, "Cunhuriyyet.net”, "Azmedia.info”, "gundemshok.info”, "Anaxeber.az”, "Big.az”, "Ulus.az” kimi saytlar daxildir.
Saytları seçərkən müxtəlifliyi qorumuşuq. Əlbəttə ki, ciddi, kollektivi olan, təcrübəli onlayn media qurumlarında səhvlər daha az olur. Bu səhvlər daha çox bilməyərəkdən, məlumatsızlıqdan baş verir. Agentlikdərdə müşahidə edilən qüsurlar daha çox təbliğat xarakterli, xəbər siyasətində balansın pozulması ilə bağlı olur. Yəni, hansısa qurumun, müəssisənin, təşkilatın fəaliyyəti haqqında digərlərinə nisbətən daha çox məlumat verilir. Burada söhbət gizli reklamdan gedir. Tənqidi onlayn media üçün isə məlumatın dəqiqləşdirilməməsi, qarşı tərəfin mövqeyinin öyrənilməməsi problemi xarakterikdir. Əyləncəli, şou-biznes saytlarda şəxsi həyata müdaxilə hallarına daha çox rast gəlinir. Sözsüz ki, ən ciddi problemlər qarşısına kimlərisə şantaj edib, təhqir-böhtan yolu ilə və ya tərifləməklə pul qazanmaq istəyən onlayn media qurumlarında müşahidə edilir. Təəssüf ki, hazırda bu cür saytların sayı günü-gündən artır”.
Dəyirmi Masada iştirak edən tanınmış jurnalist, "Publika.az” saytının baş redaktoru Elçin Əlibəyli bildirdi ki, bü gün dünyada internet mediası sürətlə inkişaf edir, təsir imkanları genişlənir: "Azərbaycanın internet mediası dünyada gedən bu proseslərlə ayaqlaşmalıdır. Mən elektron mediaya daha çox sərbəstliyin verilməsinin tərəfdarıyam. Rəqabət şəraitində işləməyi bacaran saytlar fəaliyyətlərini davam etdirəcək, bacarmayanlar isə yox.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu çıxışında qeyd edib ki, etik prinsiplər daha çox Mətbuat Şurasının "Qara siyahıya" saldığı nəşrlər, saytlar pozur. JEM sədri, həmin yazı müəlliflərinin jurnalist peşəkarlığından xəbərsiz olduqlarını önə çəkərək, etik prinsiplərin pozulmasını bu amillə əlaqələndirib.
"Teleqraf.com” saytının redaktoru Qurban Yaquboğlu Azərbaycanda son illər elektron medianın fəaliyyətinin daha da gücləndiyini bildirib: "Bu gün elektron media ictimai fikirə daha çox təsir göstərir. Amma təəssüflər olsun ki, elektron mediada dərc edilən yazıların keyfiyyəti, xüsusilə də, onların qrammatik normalara uyğun gəlməməsi məni çox narahat edir. Sanki elektron media özü üçün yeni jurnalistika üslubu, dili formalaşdırıb. Gələcəkdə bu məsələlərin də araşdırılmasına ehtiyac var”.
"Strateq.az” saytının redaktoru Zaur İbrahimli qeyd etdi ki, onlayn media xarici təcrübədən istifadə etməlidir: "Hər bir sayt öz yolunu özü müəyyən etməlidir, amma bu yolu peşəkarcasına, müvafiq qanunvericiliyə söykənərək getməlidir. Burada redaksiyanın rəhbərliyinin peşəkarlığından, jurnalistlərin sosial məsuliyyətindən çox şey asılıdır. Təəssüflər olsun ki, jurnalistlər bir sıra hallarda yerli və beyəlxalq kodekslər, nümunələrdən xəbərsizdirlər. Media qurumları bu sahədə maarifləndirmə aparmalı, jurnalistlər üçün təlimlər keçirməli, redaksiyalarla sıx işləməlidirlər”.
"Teleqraf.com” saytının redaktoru Zahid Nurəliyev bildirib ki, etik davranışa əməl edilməsi peşəkarlığın vacib elementlərindən biridir: "Bəzən peşəkar jurnalistin də qələmindən qeyri-etik yazılar çıxa bilir. Bu ondan xəbər verir ki, qələm sahibi normalarla yaxşı tanış deyil, unudub. Bu mənada jurnalistika üzrə fəaliyyət göstərən QHT-lərin üzərinə böyük yük düşür. İndiki məqamda onlayın medianın azadlığına, sərbəstliyinə toxunmadan onlara hüquqi yardım göstərilməsinə, məsləhətlərin verilməsi, pozuntulara yol verdikləri halda xəbərdarlıqların edilməsinə ehtiyac var. Hazırda bu işi Mətbuat Şurası və digər QHT-lər müəyyən qədər həyata keçirsələr də, gələcəkdə bu istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var”.
Layihənin eksperti, Azərbaycan Dillər Universitetində onlayn jurnalistika fənnini tədris edən Nərgiz Cavadzadə çıxışında bildirib ki, Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksi qəbul edilsə də, onlayn mediada bu kodekslərə çox vaxt əməl olunmur: "Jurnalistlərinin Peşə Etikası Kodeksi kifayət qədər mükəmməl hazırlanıb. Orada qeyd olunanlara əməl etməklə peşəkarlıq nümayiş etdirmək mümkündür. Təəssüflər olsun ki, yeni yaranan saytların, gənc jurnalistlərin həmin kodeksdən xəbərləri olmur. Yaxud da jurnalistika fakültəsinin tələbələri nəzəri biliklərə malik olsalarda praktikada onlara maneələr törədilir, redaksiya rəhbərləri öz baxışlarını mütləq yanaşma kimi onlara qəbul etdirirlər. Çox yaxşı olar ki, hər bir redaksiyanın girişində, otaqlarında Etik Davranış Kodeksi yazılı şəkildə yerləşdirilsin”. 
Tədbir müzakirələrlə davam etdirilir.









Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7068
GBP 1 İngilis funt sterlinqi 2.2238
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.6313
SEK 1 İsveç kronu 0.2071
EUR 1 Avro 1.9877
CHF 1 İsveçrə frankı 1.7531
USD 1 ABŞ dolları 1.7009