• bazar, 20 Oktyabr, 09:41
  • Baku Bakı 13°C

MEDİA öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq

14.01.21 19:30 382
MEDİA öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Bəs Medianın İnkişafı Agentliyinin yaradılması mediamızın bu günü və gələcəyi üçün nə vəd edir? Birmənalı şəkildə vurğulamalıyıq ki, Azərbaycan Prezidentinin bu Fərmanı mediamızın bu günü və gələcəyi baxımından olduqca önəmlidir. İnanırıq ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına çox böyük dəstək verəcək. Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə mediamızın nüfuzunu daha da artacaq.
Kaspi.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu deyib.
Dekan bildirib ki, Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək: "Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.
Vüqar Zifəroğlunun sözlərinə görə, media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir. Dəyişikliklər təbii olaraq özünü göstərməlidir. Çünki janrlar dəyişdikcə, jurnalistikanın prinsiplərinə, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və ciddi hadisədir. Bu mənada yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da Agentliyin üzərinə vəzifələr qoyulmaqdadır.
"Agentlik, eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oyanacaq. Nəzərə almaq lazımdır ki, bu gün ölkə mediasında çalışanların heç də hamısı ixtisasçı jurnalistlər deyil və bu sahəyə maraq çox olduğundan həvəskar axını da böyükdür. Bu isə bir çox hallarda xəbər standartlarına əməl edilməməsinə, müxtəlif dezinformasiya və feyk xəbərlərin yayımlanmasına, hətta peşə norma və prinsiplərinin pozulması ilə nəticələnir. Bu baxımdan, məhz onların maarifləndirilməsi, peşəkar jurnalist kimi yetişmələri üçün müxtəlif seminar və təlimlərin təşkil edilməsi vacib məqamdır. Çox müsbət haldır ki, agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.1928-ci ildən ölkəmizin ali jurnalistika təhsilinin ocağı olaraq BDU-nun jurnalistika fakültəsi də bu məsələdə Agentliyə dəstək verməyə hazırdır və bunun üçün bizim texniki bazamız mövcuddur.
Agentliyin nizamnaməsində onlayn media, çap mediası və audiovizual media işinin qurulması və onların inkişafına nail olunması istiqamətində görüləsi işlərin konturları öz əksini tapıb. İnanırıq ki, qurumun icraçı direktoru Əhməd İsmayılov mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan kadr kimi qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Medianın İnkişafı Agentliyinə, onun bütün kollektivinə bu mühüm işlərində uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”, - deyə filologiya üzrə elmlər doktoru fikirlərini yekunlaşdırıb. (Azərtac)
banner

Oxşar Xəbərlər