• cümə axşamı, 18 aprel, 22:59
  • Baku Bakı 21°C

"Media və din" mövzusunda konfrans keçirilib

18.08.16 13:46 949
"Media və din" mövzusunda konfrans keçirilib
Bu gün "Multikulturalizm ili” çərçivəsində "Media və din” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən danışıb: "Multikulturalizm ili" çərçivəsində bizim Komitə müxtəlif xarakterli tədbirlər keçirir. Bugünkü konfransımızın əsas məqsədi media və din mövzusuna həsr olunub. Burada məqsədimiz ondan ibarətdir ki, jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar”.
O bildirib ki, Azərbaycanda mətbuat sərbəstdir, istədiyi mövzunu özü seçə bilər: "Lakin elə həssas mövzular var ki, burada diqqətli olmaq lazımdır. Xüsusilə xalqın adət-ənənələri, dini məsələlərlə bağlı diqqətli olmalıdırlar. Burada kiçik bir yanlışlıq böyük fəsadlara gətirə bilər”.
M.Qurbanlı qeyd edib ki, dövlət-din məsələsində bütün dini konfessiyalara eyni yanaşma müşahidə edilir. Komitə sədri bildirib ki, Azərbaycan mətbuatı dini radikalizmə qarşı mübarizə məsələsində mühüm rol oynayır, təhlil, maarifləndirici xarakterli yazılar dərc edir: "Ancaq bəzən mətbuatda dini radikal qruplar haqqında məlumatların yerli-yersiz süni şəkildə şişirdilməsinə və bəzən qızışdırıcı yazılara da rast gəlirik. Bəzi mətbuat orqanları çalışır ki, oxucusunun sayı çox olsun, ancaq həssas məsələlərlə bağlı məlumatlar yayanda diqqətli olmaq lazımdır”.
Tədbrdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranandan etibarən mətbuatla sıx şəkildə işləyir, Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir: "Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib. Hər dəfə bu cür konfranslar keçiriləndə jurnalistlərin də təcrübəsi genişlənir”.
Ə.Amaşov deyib ki, Azərbaycan tolerant bir ölkədir, bu istiqamətdə dünyaya bir nümunədir: "Bu məsələlərdə medianın rolu da var. Xarici qüvvələr tərəfindən dindən sui-istifadə cəhdləri olur. Bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistikası da mühüm rol oynayır”.
banner

Oxşar Xəbərlər