• çərşənbə, 24 Aprel, 02:05
  • Baku Bakı 14°C

Media rəhbərlərinin 8 Martda çəkəcəkləri xərc

07.03.18 13:30 1093
Media rəhbərlərinin 8 Martda çəkəcəkləri xərc
Dünyanın bir çox ölkəsində qeyd olunan "Beynəlxalq Qadınlar Günü”nü nədənsə, bütün kişilər birmənalı qarşılamır. Hətta bəziləri bunu ayrı-seçkilik kimi də qiymətləndirir. Amma hər halda, həmin gün xanımlar üçün özəl bir gündür və ildə bir dəfə də olsa, onların könlünü xoş etmək lazımdır. Əslində xanımlar üçün alınan hədiyyənin qiyməti önəmli deyil. Onlar üçün əsas olan diqqətdir. Yəni heç nə almasanız belə, sadəcə iki kəlmə sözlə və ya zənglə bir xanımı xoşbəxt edə bilərsiniz. Bir filmimizdə deyildiyi kimi, "iş pulda deyil, iş "vinimatelni” olmaqdadır”. Yəni iş bahalı hədiyyə almaqda deyil, iş qarşı tərəfi düşünüb, onun könlünü xoş etməyə, sevindirməyə çalışmaqdadır.
Media rəhbərlərindən 8 Martda kimlərə hədiyyə alacaqlarını, təxmini nə qədər xərclərinin çıxacağını proqnozlaşdırdıqlarını və ən əsası redaksiyadakı xanımları necə təbrik edəcəklərini soruşduq.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, təbrik edəcəyim xanımların sayı 20-dən çoxdur: "Təbrik ediləsi o qədər xanım var ki, təqribi nə qədər xərcin çıxacağını demək çətindir. Hələ ki, kimə nə hədiyyə alacağımı dəqiqləşdirməmişəm. Amma onu bilərəm ki, bizim kimi düşüncəli kişilər bu bayramdan borcla çıxacaq (gülür). Redaksiyamızdakı xanımları isə bayramdan bir gün əvvəl masalarının üzərinə gül qoymaqla təbrik edirik. Bu, artıq bizdə ənənə formasını almış bir təbrikdir”.
Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovla söhbətimiz zamanı aydın oldu ki, bayramda 300-400 manat arası xərci çıxacaq: "Birmənalı şəkildə, ilk olaraq anamı, 2 bacımı, yoldaşımı və qızımı təbrik edəcəyəm. Onlar mənim üçün çox əzizdirlər. Maddi vəziyyətimin imkan verdiyi yerə qədər çalışacağam ki, ətrafımda olan başqa xanımları da təbrik edim. Təbii ki, sözlə və zənglə təbrik edəcəyimiz xanımlar da var. Xanım iş yoldaşlarımızı isə ənənəvi üsulla təbrik edəcəyik və onlar ayın 7-si yarım iş günü çalışacaqlar”.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, "Eurasia Diary” analitik informasiya portalının baş redaktoru Ayaz Mirzəyev hər bayram həyat yoldaşına müxtəlif hədiyyələr aldığını və bu il də fərqli bir hədiyyə ilə onu təbrik edəcəyini deyir: "Həyatda bəzi şeylər var ki, dəyərlidir və onlar dəyərli olduqları üçün sevilir. Dəyərli olmaq və sevilmək bir-biri ilə əlaqəlidir. Xanımlar həm dəyəri, həm də sevgini özlərində birləşdiriblər. Bir kişinin ilk tanış olduğu qadın anasıdır. O anasına necə qayğı və sevgi ilə yanaşırsa, digər qadınlara da o cür münasibət bəsləyir. Bu bayramda anamızı, xanımımızı, bacımızı, qızımızı və ümumiyyətlə, bütün xanımları təbrik edirik. Amma elə etməliyik ki, yalnız ildə bir dəfə yox, hər gün bayram olsun. Yəni onlar hər gün şad olsunlar, sevinsinlər. Mən də öz növbəmdə hər il olduğu kimi, bu il də xanımıma fərqli bir hədiyyə almağı düşünürəm. Amma təəssüf ki, bunun nə olduğunu deyə bilmərəm. İstəyirəm bu, onun üçün sürpriz olsun. İş yoldaşlarımızı da müəyyən hədiyyə və şirniyyatlarla təbrik edəcəyik”.
Xanım işçilərinə "Bu şəhərdə”nin konsertinə bilet hədiyyə edənXeberle.com saytının baş redaktoru Kamal Almuradlı bununla kifayətlənməyib, xanımlara güllə birlikdə tort da hədiyyə edəcəyini deyir: "Həmçinin anama, bacılarıma, xanımıma, qızıma da xüsusi bir hədiyyə almağı düşünmüşəm. Əslində bizim evdə xanım çoxdur. Belə təxmin edirəm ki, təqribi 500 manata yaxın xərcim çıxacaq”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı sualımıza zarafatla cavab verdi: "Bəzən 8 mart ərəfəsində zarafatla xəstə olduğumu və ya hər hansısa bir işlə bağlı rayona gedəcəyimi deyirəm (gülür). Uzun müddətdir ki, elə bizim redaksiyada da bu söhbət gedir. Kişi əməkdaşlarımızla aramızda pul toplayıb xanımlara hədiyyə almağı düşünürük. Evdə də təbii ki, anama, xanımıma, bacıma, qayınanama hədiyyə alacam. Təəssüf ki, qızım yoxdur. Qızım olsaydı, tək ona hədiyyə alardım. Başqaları da inciməzdi. Amma indi birinə alıb, digərinə almayanda yaxşı çıxmır. Yəni kiçik də olsa, bir hədiyyə ilə xanımların könlünü xoş etməliyik. Mən kişiləri xanımlardan ayrı təsəvvür etmirəm”.
Elməddin bəyin bu bayrama yanaşması birmənalı deyil. O deyir ki, belə bayramın olması yaxşıdır, amma digər tərəfdən də sanki bu, kişilərə qarşı haqsızlıqdır: "Hədiyyə almaq yaxşıdır. Amma nədənsə, elə həmişə kişilər xanımlara hədiyyə alır. Bu sanki biz kişilərə qarşı bir az haqsızlıqdır. Sevgililər günündə də, 8 Martda da, digər bayramlarda da hədiyyəni biz alırıq. Məncə, bəzi bayramlarda xanımların da üzərinə müəyyən qədər məsuliyyət düşsəydi, paralellik yaranardı”.
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyir ki, istənilən bayram sevinclə və xoş ovqatla qarşılanmalıdır: "Üstəlik, bu, xanımların bayramıdırsa, sevincimiz birə beş artır. Bizim redaksiyada da xanım həmkarlarımız var və onlar həmin gün çalışmayacaqlar. Onların yerinə kişilər işləyəcək. Hər il olduğu kimi, bu il də xanımlara gül hədiyyə edəcəyik. Yəni həmişə çalışmışıq ki, balansı qoruyaq, bütün xanımlara eyni dəyərdə hədiyyə alaq. Şəxsi olaraq isə əlbəttə də ki, mənim üçün bu həyatda dəyərli olan anama, xanımıma və yenicə doğulmuş 1 aylıq qızıma kiçik bir hədiyyə almağı düşünürəm”.
Günel Azadə
banner

Oxşar Xəbərlər