• çərşənbə axşamı, 19 mart, 11:34
  • Baku Bakı 8°C

Media prinsiplərini pozmadan İP qazanmağın yolu

22.08.19 14:45 12697
Media prinsiplərini pozmadan İP qazanmağın yolu
Onlayn media üçün İP önəmli məsələdir, lakin mətbuat orqanları həm də xəbər hazırlayarkən media prinsiplərini qorumalıdırlar. Və tez-tez belə fikirlər səsləndirilir ki, media prinsiplərini tam olaraq qorumaqla, yetərli qədər İP toplamaq çətindir. Amma əksini bizə göstərəcək nümunələr də var. Maraqlıdır, media prinsiplərini pozmadan İP qazanmaq üçün onlayn mediada nələrə diqqət edilməlidir?
Onlayn media mütəxəssisi Elvin Şirinovun sözlərinə görə, onlayn mediada İP vacibdir. Çünki Kütləvi İnformasiya Vasitəsi olmağı qarşına məqsəd qoyubsansa, böyük kütləyə açılmalısan. Bunun üçün isə iki istiqamət var: qısamüddətli perspektiv, bir də uzunmüddətli, daha strateji yanaşma tələb edən istiqamət: "Bizdə bu gün saytların çoxunda İP probleminin yaşanmasının səbəbi fəaliyyətlərini hadisələrin üzərində qurmalarıdır. Yəni müəyyən hadisə baş verəcək, maksimal dərəcədə kobud dildə desək, o hadisəni "sağmağa” başlayacaqlar. Qurudana kimi onunla idarə edirlər, sonra növbəti bir hadisənin axtarışına çıxırlar. Bir müddət İP yüksək olur, hadisə olmayanda azalır. O saytlar daimi oxucu cəlb etməyə çalışmırlar. Hadisə baş verir, A, B, C saytı hamısı xəbəri eyni formada verir, heç biri yeni təfərrüata maraq göstərmir. Hadisəni yeni bir istiqamətdən açıb göstərən təfərrüatdan söhbət gedir. Bu yaxınlarda gənc qız intihar etdi. Hamı vurğulayır ki, valideynlər günahkardır, bəs onu ərə verirmişlər, başqasını sevirdi və s. Amma heç kim araşdırmır ki, son bir ildə neçə belə hadisə baş verib? Ümumiyyətlə, Azərbaycanda intiharla nəticələnən zorla ərə vermənin statistikası varmı? İndiyə kimi belə bir fakt olubmu ki, qızı kiməsə ərə vermək istəyiblər, o da intihar edib, intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb və həmin valideynlər həbsə atılıblar? Bu tipli xəbər oxuyubsunuz”?
Saytın daimi oxucuları olmalıdır
İP toplamağın rahat üsulları da var. E.Şirinov bildirdi ki, bu yollarla uzağa getmək olmaz: "Rahat İP yığmaq üçün birincisi, açıq-saçıq xəbərlər lazımdır, çünki oxucu mütləq onu klikləyəcək. Mən özüm də o xəbərləri klikləyirəm. Bu, təbii şeydir. İkincisi, baş verən hadisəni açıq-saçıq şəkillərlə bəzəyib cəlbedici etməkdir. Üçüncüsü, yalançı başlıqlar. Məsələn, Azərbaycanda olmayan hadisəni bizdə olmuş kimi təqdim etmək. Siz çox açıq-saçıq xəbər verə bilərsiniz, amma nə qədər çalışsanız da, dünyanın ən böyük porno saytının gündəlik qrafikinin milyonda bir faizini də götürə bilməyəcəksiniz. Rəqabət apara bilməyəcəyiniz sahəyə girirsiniz, bu, düzgün deyil. İngiltərənin www.dailymail.co.uk saytı konkret olaraq sarı mətbuatdır, məqsədi, hədəfi budur. Ancaq Azərbaycanda ictimai-siyasi bir sayta daxil olanda qarşına ilk olaraq hansısa maqazin xəbəri çıxır, sonra ciddi xəbər. Şou xəbərləri həmişə çox oxunacaq, dediyim kimi, bu, normaldır. Zövqlər bütün cəmiyyətlərdə yüksək olası deyil. Açıq-saçıq xəbərlərlə maksimal dərəcədə İP yığmaq olar, ancaq daimi oxucu yox”.
Ekspert deyir ki, saytın daimi oxucuları olmalıdır: "Mən dünya xəbərləri oxumaq istəyəndə lenta.ru saytını açıram. Hər gün 10-15 dəfə o sayta daxil oluram. Heç kim buna görə mənə pul vermir, sosial şəbəkədə reklam vasitəsilə məni cəlb etmirlər. Amma orda kifayət qədər keyfiyyətli məhsul var. Onların xəbərlərinin arasında açıq-saçıq xarakterliləri də olur, ancaq həmin xəbərləri də çox peşəkarcasına işləyirlər.
Oxucu bizim ardımızca qaçmalıdır
Qarşıya baxmaq, oxucunu əldə saxlamaq, onu yavaş-yavaş özünə öyrəşdirmək lazımdır. Oxucunun rəyi sayt üçün heç bir əhəmiyyət kəsb etmir. Bir müddət baş redaktor kimi çalışmışam. Oxucumun işim haqqında nə düşünməsi mənim üçün qəti şəkildə maraqlı deyil. Dünyanın heç yerində işinə peşəkar yanaşan baş redaktor üçün bu, maraqlı olmur. Amma hər bir baş redaktor, jurnalist oxucusuna hörmət etməlidir. Yəni oxucu gəlib mənə deməməlidir ki, xəbəri belə yaz, elə yaz. Yaxşı bilirəm ki, nəyi necə etmək lazımdır, ona görə, mən orda oturmuşam. Amma mən oxucuya, onun zövqünə hörmət etməliyəm. İP düşünəndə oxucunun dalınca qaçırsan, amma oxucu bizim ardımızca qaçmalıdır”.
Sosial şəbəkə üzərindən sayta daxil olmanı artırmaq da bu gün İP qazanmaq üçün istifadə olunan üsullardandır. E.Şirinov deyir ki, birbaşa sayta daxil olma faizi hansı saytda çoxdursa, onun göstəricisi daha yaxşıdır.
Keyfiyyətli məhsul olmalıdır
Ekspertin sözlərinə görə, media prinsiplərini pozmadan oxucu toplamaq çətindir: "Bu, təkcə bizdə deyil, dünyanın hər yerində çətindir. Keyfiyyətli məhsul olmalıdır. Yalançı başlıqla oxucunu bir-iki dəfə aldada bilərsən, üçüncü dəfə linki açmayacaq. Hansısa ölkədə nazir vəfat edibsə, onu "nazir vəfat etdi” kimi yazırıqsa, Azərbaycanda qurulan bir çadırın şəklini qoyuruqsa, oxucu nəyə görə ikinci dəfə o saytı açmalıdır? Media prinsiplərini pozmadan İP qazanmaq mümkündür. Sadəcə burda bütün media kapitanları arasında ümumi bir yanaşma olmalıdır. Çünki bir sayt həmin prinsiplə işləməyə başlayacaq, digər 4 sayt kənarda separatçılıq edəcək. Prinsipləri qoruyanlar da görəcək ki, bu birilər irəli getdi, onlar İP yığa bilmədi. Qarşıya məqsəd qoymaq, keyfiyyətli oxucu hazırlamaq lazımdır. Bu, bizim bir nömrəli vəzifəmizdir. Jurnalist həmişə informasiya mənbəyi rolunu oynayıb. Ancaq bu gün sosial şəbəkələrin sayəsində hər kəs xəbər mənbəyi ola bilir. Hadisəni çəkir, paylaşır. Adi jurnalistləri onlardan fərqləndirən isə məlumatın keyfiyyətinə fikir verməkdir. Bu gün biz oxucuların beyni uğrunda mübarizə aparırıqsa, keyfiyyətli kontent verməliyik”.
Sarı xəbərlər İP gətirən xəbərlər hesab edilir
"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli deyir ki, hər bir media qurumu həm də biznes strukturudur. Bu baxımdan, onlayn media resurslarının İP toplamaq, dolayısı ilə də özünün maddi imkanlarını yaxşılaşdırmaq istəyi normal qarşılanmalıdır. Bu, günün və reklam bazarının tələbidir: "Ümumilikdə isə nəinki internet media resurslarının, hər hansı bir KİV orqanının tam şəkildə medianın bütün etik normalarına əməl etdiyini söyləmək çətindir. Çünki bu, praktik olaraq mümkün deyil. Ancaq əlbəttə ki, fəaliyyətin boyunca medianın təməl prinsiplərinə riayət etməklə, İP toplamaq da mümkündür. Bunun üçün müasir dövrün çağırışları ilə səsləşən informasiya siyasəti həyat keçirmək çıxış yollarından biridir. Onlayn media resursları xəbər siyasətində forma dəyişikliyi edərək, xəbərlərin təqdimatına rəqəmsal olaraq yenidən nəzər yetirməlidirlər. Yəni daha çox video, foto, animasiya tipli xəbərlərə üstünlük verilərsə, media prinsiplərini pozmadan daha çox izləyicinin diqqətini cəlb etmək olar. Eyni zamanda xəbərlərin təqdimatı zamanı sosial media vasitələrinə inteqrasiya da daha çox İP toplamaqda yardımçı vasitədir. Ümumilikdə isə bir daha qeyd etmək istəyirəm ki, böyük informasiya axını şəraitində hər hansı bir xəbərin populyarlıq qazanması mövcud reallıqların diktəsi və oxucuların istəyidir. Dünya təcrübəsində də daha çox sarı xəbərlər İP gətirən xəbərlər hesab edilir. Təsadüfi deyil ki, həm Türkiyənin, həm ABŞ-ın, həm də İngiltərənin ən çox oxunan sayt və qəzetləri maqazin tipli olanlardır. İnsanlar dünyanın hər yerində bu cür xəbərlərə üstünlük verir. Ancaq hər bir saytın, qəzetin daimi oxucuları da var və onlar qəzetin istiqamətinə bələddir”.
Əgər İP problemi yaşamaq istəmiriksə...
H.Heydərli bildirdi ki, ümumilikdə İP sadəcə olaraq daha geniş kütləyə çatmaq, populyarlaşmaq imkanıdır. Bu gün Azərbaycan KİV-ləri də sosial medianın imkanlarından, multimedianın yaratdığı şəraitdən istifadə etsə, İP məsələsi də həll olunar: "Eyni zamanda vətəndaş jurnalistikasına da onlayn mediada yer ayırmaq dövrün tələbidir. Bu gün CNN, BBC kimi kanallarda vətəndaşların çəkdiyi və sosial şəbəkədə paylaşdığı videolar efirdə yayımlanır. Ancaq 10-15 il öncə bu kimi KİV-lərə çıxış mümkünsüz görünürdü. Adıçəkilən KİV-lər məhz dövrün tələbinə uyğunlaşaraq, daha çox tamaşaçını ətrafında saxlaya bilir. Biz də əgər İP problemi yaşamaq istəmiriksə, mütləq bu şəraiti insanlara yaratmalıyıq. Əgər vətəndaş KİV-ə yaxın olsa, özünü də mətbuat orqanının müxbiri kimi görə bilsə, oranın daimi izləyicisinə çevrilər, bu da dolayı yolla İP problemini həll edə bilər”.
Bəlkə orta yolu seçək?
Media.az-ın baş redaktoru, blogger Həmid Həmidov bildirdi ki, onlayn mediada İP qazanmaq cəhətdən hər kəsin öz yolu var: "Media prinsiplərini pozmaqla İP qazanan media orqanları bu gün çoxdur. Amma burda media prinsipi deyəndə nəyin nəzərdə tutulmasına baxmaq lazımdır. Aktrisa çılpaq şəkillərini paylaşırsa və media o şəkilləri yerləşdirib İP qazanırsa, buna necə baxılır? Bir qrup deyir ki, insanlar maraq göstərir, media da yerləşdirib İP qazanır. Ancaq bəzi qrup pisləyir ki, belə xəbərlərə ehtiyac yoxdur. Gəlin digər bir məqama toxunaq. Bizdə çox gözəl məhsul təqdim edən saytlar var ki, İP-ləri çox azdır. Gündəlik 300-500 baxış olur. Baxmayaraq ki, orda çılpaq şəkillər, qeyri-ciddi yazılar deyil, keyfiyyətli məqalələr var. Keyfiyyətli məqalələr yerləşdirirlər, ancaq populyar deyillər. Hansı düzgün yoldur? Bəlkə burda orta yolu seçək? Ondan da verək, bundan da. Biz orta yolla getməyə çalışırıq. Həm kütlə üçün maraqlı olaq, həm də sarı mətbuata çevrilməyək. Mən demirəm ki, ciddi xəbərlər oxunmur, əskinə, elə ciddi xəbər var ki, heç bir şou xəbəri o qədər İP gətirmir. Oxunma sayı gündəmdən, mövzudan da asılıdır. Heç bir hadisə baş verməyən günlərdə hər hansı müğənninin çılpaq şəkillərinə daha çox adam baxar, nəinki ciddi xəbəri oxuyarlar. Maqazin xəbərlərini verməklə İP toplamaq normal haldır. Amma baxır hansı xəbəri verirsən. Elə şou-biznes xəbəri var ki, onu verməklə İP qazanmaq normal haldır. Eləsi var ki, İP üçün onu vermək ayıbdır. Şəxsən mən özümə bunu ayıb hesab edirəm. Ancaq İP yığmaq üçün yalançı başlıqların, oxucuların aldadılmasının əleyhinəyəm. Elə başlıqlar olur ki, açıb oxuyanda görürsən ki, Afrikadan, ya hardansa söhbət gedir. Bu, oxucunu aldatmaq deməkdir. İP üçün buna getmək olmaz”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər