• cümə, 29 Mart, 00:21
  • Baku Bakı 7°C

Mədət Quliyev 180 işçisini cəzalandırdı

30.07.14 14:48 1086
Mədət Quliyev 180 işçisini cəzalandırdı
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
"Qafqazinfo" Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak edib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, Penitensiar xidmətin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib.
Müşavirədə Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.
Müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub. Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.
Müşavirəyə yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırılıb.
banner

Oxşar Xəbərlər