• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

Mədəniyyətin hamisi

10.05.18 10:00 1024
Mədəniyyətin hamisi
Sabah ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. 15 ildir aramızda olmasa da, onun əziz xatirəsi dövlətini, millətini sevən hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır. Hələ sovet dönəmində Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevədərin hörmət və nüfuz qazandırmışdı.
Onun sənət adamlarının yaradıcılığını yüksək qiymətləndirməsi, yaradıcı insanlararespublikanın yüksək fəxri adlarının verilməsi və orden-medallarla təltif edilməsi üçün göstərdiyi qətiyyət dünya siyasətində nadir dövlət başçılarının nümayiş etdirdiyi keyfiyyət idi. Məhz bu səbəbdəndir ki, incəsənət nümayəndələri ulu öndəri dərin hörmətlə anır, onun haqqında xoş sözlər deyib, xatirələrini bölüşürlər.
"O, bizim xatirələrimizdə hər zaman yaşayıb, yaşayır və yaşayacaq”
Xalq artisti Xuraman Qasımovamətbuata açıqlamasında Heydər Əliyevin dahi şəxsiyyət olduğunu deyib və onu gözəl xatirələrlə yada salıb: "Bu gün ulu öndərimiz 15 ildir aramızda yoxdur. Amma mən və Fidan xanım düşünürük ki, o, uzun müddətli səyahətə çıxıb və biz nə vaxtsa o dahi şəxsiyyətlə görüşəcəyik. Heydər Əliyev böyük şəxsiyyətdir. Hər zaman ölkəsini, xalqını düşünüb, millətinin böyüyü, öndəri olub və elə də qalacaq. Heydər Əliyevlə bağlı gözəl xatirələrimiz var. Heydər Əliyev həyatımızda böyük rol oynayıb. Zamanında bizim yaradıcılığımızı izləyib və yüksək qiymətləndirib. Onunla dəfələrlə xaricə rəsmi tədbirlərə getmişik. Nitqini dinləyərkən nəinki biz, hətta xarici ölkələrin başçıları da Heydər Əliyevə heyran olurdular. Onlar qeyd edirdilər ki, sizin çox gözəl ölkə rəhbəriniz var və bizdə belə rəhbər olsaydı, dünyanı fəth edərdik. Allah ona qəni-qəni rəhmət eləsin. O bizim xatirələrimizdə hər zaman yaşayıb, yaşayır və yaşayacaq”.
"Ömrümüzün sonuna qədər bu enerji ilə çalışsaq, yorulmarıq”
Xalq artisti Gülyanaq Məmmədova ulu öndərimizin onun yaddaşında gözəl xatirələrlə qaldığını bildirdi: "Heydər Əliyev bizim üçün çox dəyərli, dahi insandır. Musiqimizə, mədəniyyətimizə yüksək dəyər verib. O, musiqini musiqişünaslardan da gözəl anlayırdı. Biz özümüzü hər zaman xoşbəxt hiss etmişik ki, Heydər Əliyevin hakimiyyəti dövründə bu sənətə qədəmlərimizi qoymuşuq. Hər zaman da onun dəstəyini bacım Gülyazla hiss etmişik. Əməkdar artist fəxri adını da onun imzası ilə almışıq. O məni bacımdan ayırmırdı. Hər zaman ikimizi bir çağırırdı. Onun bizim həyatımıza təsiri əvəzsizdir. Biz hər zaman ona borcluyuq və minnətdarıq. Bu gün ölkəmizin prezidenti və ulu öndərimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyevdən də o dəstəyi görürük. İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq xalqını, dövlətini sevir. İlham Əliyev bizim bu sənətdəki fəaliyyətimizi nəzərə alaraq, bizi Xalq artisti adı ilə mükafatlandırdı. Mehriban xanıma, cənab prezidentimizə, onun övladlarına daim borcluyam. Və mənim üzərimə qoyulan bu məsuliyyəti dərk edirəm, davamlı olaraq öz üzərimdə çalışıram. Yeni mahnılar yazdırıram. Bizim repertuarımızda hər zaman ulu öndərimizə aid mahnılar yer alıb. Leyla xanımın sözlərinə yazılmış nəğmələrim var. Bu yaxınlarda klip də çəkdirəcəm. Mən ulu öndərimiz üçün nə etsəm, azdır. Ulu öndərimiz bizim ailəyə böyük dəyər verib. Onu hər zaman hörmətlə anırıq”.
Xalq artisti deyir ki, sənətə gəlişini məhz ulu öndərimizə borcludur: "Onunla bağlı gözəl xatirələrimiz var. Hətta bir dəfə "Alagöz” mahnısını onunla birlikdə oxuduq. Əvvəlcə mən səhnədə oxudum. Sonra məni yanına çağırıb, əlimdən tutdu və dedi ki, gəl birlikdə oxuyaq. Mən bunu heç zaman unutmaram. Biz qastrol səfərlərində də Heydər Əliyevlə birlikdə olmuşuq. O, bizim başımıza sığal çəkirdi. Onu həyatda görmək, qarşısında çıxış etmək mənim üçün şərəfli idi. Bu hissi heç nə ilə ifadə edə bilmirəm. Gənc olmağımıza baxmayaraq, o, bizim sənətimizə dəyər verirdi. Bizə güc, qüvvə, təkan verirdi. Ömrümüzün sonuna qədər bu enerji ilə çalışsaq, yorulmarıq. Çünki bu dəyəri bizə ulu öndərimiz verib”.
G.Məmmədova bəzən ulu öndərin onların adlarını səhv saldığını da xatırlayır: "Hər dəfə Polad Bülbüloğlundan soruşurdu ki, bu bacılardan hansı Gülyazdır, hansı Gülyanaq. Bir az da zarafata salırdı. Axırda dedi ki, mən bunları bacılar kimi tanıyıram. Qoy bunlar Azərbaycan musiqi sənətində bacılar kimi tanınsınlar. Bilirsiniz ki, bizdən əvvəl bacı ifaçılar olub. Belə ki, Fidan və Xuraman Qasımovalar, Şahnaz və Aybəniz Haşımovalar, Rübabə və Mahrux Muradovalar bacı olublar. Hər dəfə Heydər Əliyevin qarşısında cüt çıxış edəndə bizə bacılar deyirdi və ondan sonra hər kəs bizə bacılar deməyə başladı. Ulu öndərimiz bizim Azərbaycanın köklü çinarıdır. O, incəsənətə, mədəniyyətə çox dəyər verirdi. Hər dəfə getdiyi tədbirlərdə bizi axtarırdı. Mən bunların heç birini itirə bilmərəm. Xoşbəxtəm ki, belə bir insanın dövründə yaşamış, fəaliyyət göstərmişəm”.
"Heydər Əliyevi özümə müəllim hesab edirəm”
Əməkdar artist Aybəniz Haşımova bizimlə söhbətində ulu öndərlə tanışlığının səhnədən əvvəl olduğunu, Heydər Əliyevin onu incəsənətə gətirdiyini bildirdi: "Peşəkar səhnəyə gəlişim məhz Heydər Əliyevin adı ilə bağlıdır. O məni Gəncədə görəndə hələ uşaq idim. Məni Bakıya gətirəcəyinə söz verdi. Bildirdi ki, sən Bakıda təhsil alacaqsan, böyük sənətkarların yanında böyüyəcəksən. 1981-ci ildə ulu öndərimizin göstərişi ilə Bakıya gətirildim və Bülbül adına Musiqi Məktəbində Heydər Əliyev tərəfindən açılmış xanəndəlik sinfində oxudum. Məni Şövkət xanımın sinfinə daxil etdilər. Elə bir dövlət konserti yox idi ki, ulu öndərin qarşısında iştirak etməyək. Təbii ki, bu bizim üçün böyük bir təcrübə idi, səhnədə böyüyürdük və Heydər Əliyev buna vəsilə olurdu. Ulu öndərimiz tərəfindən xüsusi təyin olunmuş müəllimlər bizə dərs keçirdi. Çalışırdım ki, mənə göstərilən etimadı doğruldum. Bu qayğını, diqqəti hər zaman ulu öndərimizdən görmüşəm. Bu gün də özümü onun qarşısında borclu hiss edirəm. Ata-anamız bizi dünyaya gətirir, ancaq müəllim sənə dünyanı bəxş edir. Ulu öndər bütün sahələri çox gözəl bilirdi. Sənət müəllimlərimlə yanaşı, Heydər Əliyevi də özümə müəllim hesab edirəm. Çünki bu təhsili mənə o verdirdi. Mən bu təhsili ulu öndərin sayəsində qazanmışam. Onun ruhu qarşısında baş əyirəm. O məni Azərbaycan xalqına xidmət etmək üçün yetişdirdi, mən də əlimdən gələni xalqımızın yolunda əsirgəmirəm. Heydər Əliyev Azərbaycan var olduqca, insanların yaddaşında yaşayacaq. Xüsusilə də, onun sayəsində təhsil alan insanlar ömür boyu özlərini ona borclu hesab edəcəklər”.
A.Haşımova uşaqlıq illərini xatırladı və Heydər Əliyevin istedadlı gənclərə hər zaman dəstək göstərdiyini dedi: "Biz uşaq olarkən bizi dövlət konsertlərinə cəlb edirdilər. Bir dəfə Üzeyir Hacıbəyovun 100 illik yubileyində Bakıda çıxış etdik. Görkəmli xanəndəmiz Arif Babayev də Bülbül adına Musiqi Məktəbində dərs deyirdi. O, "Leyli və Məcnun” operasından bizə fraqmentlər hazırlamışdı. Biz Bakıda oxuyandan sonra eyni komanda ilə Moskvada Böyük Teatrda çıxış üçün hamını apardılar, bizdən başqa. Sarayın işçilərinin birinə yaxınlaşıb dedim ki, bizdəmi gedəcəyik? Mənə dedilər ki, "uşaqsınız, sizi orda başa düşməyəcəklər”. 12 yaşım var idi və bu səfərə böyük ümidlər bəsləyirdim. Ancaq sarayın işçisinin bu sözündən qəlbim qırıldı. Böyük Teatrda çıxış etmək bizim üçün əvəzedilməz idi. Məyus şəkildə evdə oturmuşdum. Birdən qapı döyüldü və məktəbimizin katibəsi dedi ki, pasportunuzu verin, siz Moskvaya, Böyük Teatrda çıxış etməyə gedirsiniz. Sən demə, Heydər Əliyev siyahıya baxıb və bizim siyahıda olmadığımızı görüb. Əmr edib ki, o uşaqlar bu konsertdə iştirak etsin. O vaxt Mədəniyyət şöbəsinin rəisi Fikrət Əhmədov idi. O dedi ki, Heydər Əliyev Üzeyir Hacıbəyovun 100 illik yubileyi ilə bağlı Bakıda olan tədbirdə iştirak edən incəsənət adamlarının siyahısına baxdı və sizi orada görmədi. Soruşub ki, nə üçün o uşaqları Moskvaya gətirməmisiniz, deyiblər, düşündük ki, uşaqdırlar, onları kim başa düşəcək. Heydər Əliyev cavab olaraq deyib ki, gətirdiyiniz ifaçıları burada başa düşürlərmi? Heydər Əliyev çox diqqətli və həssas bir insan idi. Belə baxanda, biz onun nəyi idik ki? O mənim valideynlərimi belə tanımırdı. Hansımız onun qohumunun balası idik? O, öz dövlətinin balalarını belə istəyirdi. Biz "Leyli və Məcnun” əsərini oxuyub bitirənə qədər onun göz yaşlarını gördüm. O, ölkəsinin uşaqları ilə fəxr edirdi. Elə bir uşaq yox idi ki, onu sevməsin. Biz ona Heydər baba deyirdik”.
"Heydər Əliyevin dövründə böyüyüb, formalaşmışam”
Xalq artisti Faiq Ağayev Heydər Əliyevi Azərbaycan mədəniyyətinə yaxından bələd olan bir mütəxəssis kimi xatırladığını qeyd etdi: "Ulu öndərimiz incəsənətin nə kimi qüvvəyə malik olduğunu əsaslı dərk edən bir insan idi. O, sovet Azərbaycanının rəhbəri olanda da dövlət işçilərini tamaşalara, konsertlərə cəlb edirdi. Dəfələrlə Azərbaycan Opera və Balet Teatrına, Akademik Milli Dram Teatrına gedir və tamaşalarla, onların repertuarı ilə maraqlanırdı. Nəinki teatrlarla, musiqiçilərimiz və sənətçilərimizlə maraqlanır, onların istedadına da yaxından bələd idi. Azərbaycan mədəniyyətinin, incəsənətinin nə qədər dərin və gözəl olduğunu hər kəsin dərk etməsini istəyirdi. Heydər Əliyev çox həssas tamaşaçı idi. Onun himayəsi ilə bir çox sənətkarlarımız meydana çıxdı, tanındı. Heydər Əliyev, eyni zamanda qayğıkeş bir rəhbər idi. İncəsənətin hər bir sahəsindən dərin bilgiləri var idi. Mən fəxr edirəm ki, Heydər Əliyevin dövründə böyüyüb, formalaşmışam. Və fəxr edirəm ki, Heydər Əliyevin imzasıyla ən gənc Əməkdar artist adına layiq görülmüşəm. Ruhu şad olsun!”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər