Mədəniyyətimizin hamisindən bəhs edən yeni kitab
Nəcib,
nurlu və xeyirxah əməl sahibləri haqqında yazılan, rəflərimizi zənginləşdirməklə
yanaşı, gündəlik həyatımızda bilgi mənbəyinə çevrilən hər bir kitab dəyərlidir
və müasir cəmiyyətdə insan kapitalının mənəvi-əxlaqi baxımdan formalaşmasında
mühüm əhəmiyyətə malikdir. Bu cür kitabla ünsiyyət oxucuya həm onun bəhs etdiyi
işıqlı əməl sahibi ilə yaxından tanış olmaq, həyat və fəaliyyəti barədə dolğun
məlumatlanmaq, həm də bu əməl sahibinin daşıyıcısı olduğu mənəvi dəyərlərin
mahiyyətini, onların qorunub saxlanmasının və bütün rəngarəngliyi ilə gələcək nəslə
ötürülməsinin vacibliyini dərindən dərk etmək imkanı verir, mənsub olduğu
xalqın milli-mənəvi irsinə, mental əxlaqi dəyərlərinə, genetik yaddaşı və
tarixi kimliyi ilə müəyyənləşən özünəməxsusluğuna hörmətlə yanaşmaq bacarığını
aşılayır.
Yaxın
günlərdə "Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş "Mehriban Əliyeva
– Azərbaycan mədəniyyətinin hamisi” kitabı məhz belə nəşrlərdəndir.
Bir
vaxtlar ali təhsilin magistratura pilləsində ən fəal və yaradıcı, elmi
araşdırmalara xüsusi marağı ilə fərqlənən tələbələrimdən biri olmuş, hazırda Azərbaycan
Milli Elmlər Akademiyasının Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda elmi
işçi vəzifəsində çalışan Əzizə Ələkbərovanın tərtib etdiyi, həmin İnstitutun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun
elmi redaktorluğu ilə yüksək poliqrafik üslubda nəşr edilmiş kitab ölkəmizin
Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
xalqımızın qədim və zəngin mədəniyyətinin etibarlı və ləyaqətli hamisi kimi
misilsiz və çoxşaxəli fəaliyyətindən bəhs edir.
Azərbaycan
və fransız dillərində ərsəyə gəlmiş kitab yerli və fransızdilli xarici
oxucuları dərin intellekt və yüksək bacarığını xalqımızın zəngin mədəniyyətinin
qorunması və təbliğinə səfərbər edən, ölkənin təhsil və səhiyyə sisteminin
inkişafı, mədəniyyəti və incəsənətinin tərəqqisi, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun möhkəmlənməsi istiqamətində əzmkarlıqla çalışan, xeyirxahlığı,
qayğıkeşliyi və insanpərvərliyi ilə hər birimizə örnək olan Mehriban xanım Əliyevanın
mənsub olduğu xalqın mədəni irsinə münasibəti və Ulu öndərimizin banisi olduğu
azərbaycançılıq məfkurəsindən qaynaqlanan bu münasibəti tam dolğunluğu ilə əks
etdirən fəaliyyəti, tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət
obyektlərinin inşası sahəsində gördüyü işlər, xalq musiqisini yaşadan və təbliğ
etdirən möhtəşəm musiqi layihələri, xalq sənətinə yeni nəfəs verən incəsənət
festivalları və sərgiləri, xarici ölkələrdə onun təşəbbüsü və şəxsi iştirakı ilə
keçirilmiş mədəni tədbirlər, Azərbaycan mədəniyyətinin dünya ölkələrində
tanıdılması və təbliği, eləcə də xarici ölkələrdəki tarixi və mədəniyyət abidələrinin
bərpası ilə bağlı fəaliyyəti barədə dolğun məlumat verir.
Mehriban
xanım Əliyevanın ali dəyərlərə söykənərək, Azərbaycan xalqının maraqlarını hər
zaman usanmadan dəstəkləməsi, Azərbaycanın zəngin mədəni irsinin dünya
ictimaiyyəti arasında tanıdılmasında və təbliğində əvəzsiz rolu, vətəndaş cəmiyyəti
quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin
qorunub saxlanılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bütün bunlar
Birinci vitse-prezidentin hərtərəfli fəaliyyətinin bariz göstəricisidir.
Mədəni
irsin qorunması sahəsində möhtəşəm layihələri ilə təkcə ölkəmizdə deyil, həm də
beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Heydər Əliyev Fondunun rəhbəri kimi
Mehriban xanım Əliyevanın fəaliyyətinə işıq salan kitabı səhifələdikcə, dahi şəxsiyyətin
adını şərəflə daşıyan və yüksək amallara xidmət edən Fondun təkcə Azərbaycan mədəniyyətinin
deyil, həm də dünya mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələrin
salnaməsi ilə tanış olmaq, ölkəmizin mədəni tərəqqisinə yönəlmiş əzəmətli işlər
barədə zəngin məlumat əldə etmək olar.
Yüksək
zövqlə tərtib edilmiş hər bir səhifəsi maraqla oxunan bu kitab oxucunu həm
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği istiqamətində çoxşaxəli və dərin məzmunlu fəaliyyəti barədə
məlumatlandırır, həm də mədəni irsimizlə bağlı bilgilər verməklə maarifləndirir.
Xüsusən, gənclərin vətənə sevgi, xalqına hörmət, dövlətə sadiqlik ruhunda tərbiyə
olunmasına, onlara xeyirxahlıq və qayğıkeşlik kimi yüksək əxlaqi keyfiyyətlərin
aşılanmasına, milli-mənəvi dəyərlərə və mədəni irsimizə düzgün münasibətin
formalaşdırılmasına yönəlmiş maarifçilik fəaliyyətində bu kitabın əhəmiyyəti
danılmazdır.
Xalqımızın
əsrarəngiz mədəniyyətinin ölkə hüdudlarından kənarda geniş təbliğ olunması,
ümumilikdə isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əzmkarlıqla,
yorulmadan çalışan Mehriban xanım və onun rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun hər birimizdə qürur hissi doğuran şərəfli fəaliyyəti ilə bağlı bilgiləri
ən geniş yayılmış dillərin birində xarici ölkə
oxucularına təqdim edən yeni nəşrin böyük oxucu kütləsinin qəlbinə yol tapacağı
şübhəsizdir.
Şəxsiyyətə
ehtiram, mədəniyyətə qayğı, kitaba isə sevgi yaradan bu nəfis nəşrlə ünsiyyət qurmağa tələsək.
Oktay Səmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik
Fondunun icraçı direktoru