• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Mədəniyyət ocaqlarımız Yeni ilə hazırdırmı? Araşdırma

13.12.13 10:36 2145
Mədəniyyət ocaqlarımız Yeni ilə hazırdırmı? Araşdırma
Artıq qarlı, çovğunlu qış fəslini yaşayırıq. Qış özü ilə sərt soyuq, qarlı və yağışlı günlər gətirir. Qışın gəlişinə daha çox uşaqlar və uşaq ruhlu insanlar sevinir. Belə ki, qışın gəlişi uşaqlar üçün Yeni il şənliyi, Şaxta baba, Qar qız, yolka və hədiyyələr deməkdir. Yeni il şənliyi daha çox teatr binalarında və şəhərimizin mədəniyyət ocaqlarında sevilən aktyorların ifasında keçirilir. Hər il bu kimi bayramlarda məşhur simalara rol verilir ki, uşaqların bayramları daha çox unudulmaz və yaddaqalan olsun.
Bayrama xüsusi hazırlaşan teatrlar və mədəniyyət ocaqları hazırda Yeni il üçün yeni layihələr üzərində işləyirlər. Biz də mədəniyyət ocaqları ilə əlaqə saxlayıb, Yeni ilə hazırlıqlarının necə davam etdiyini soruşduq. Aldığımız məlumata görə, mədəniyyət ocaqlarımızın əksəriyyəti bayramda yeni tamaşalar və uşaqların sevimli nağıllarının personajları ilə onlara unudulmaz anlar yaşatmağa hazırlaşırlar.
Qeyri-adi şou
Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bayrama xüsusi hazırlaşdıqlarını və bunun üçün sarayda bayram günləri 2 Yeni il şənliyi keçiriləcəyini qeyd etdi: “Yeni ildə iki yeni tamaşa ilə kiçik seyrçilərimizin görüşünə gələcəyik. Belə ki, 27-30 dekabr tarixlərində 4 gün konsertimiz olacaq ki, buraya Şaxta baba, Qar qız, milli rəqslər, milli musiqilər daxildir. Biletlərin qiyməti isə 5 manatdan 15 manata qədərdir. İkinci konsertimiz isə yanvarın 3-4-5-i tarixlərində olacaq, Ukraynadan gələn teatr heyəti çıxış edəcək. Həmin konsertin qiyməti isə 10 manatdan 30 manata qədərdir”.
Anar Nəcəfzadənin sözlərinə görə, Azərbaycanın mədəniyyət ocaqlarındakı ən böyük şam ağacı məhz Heydər Əliyev Sarayında quraşdırılacaq. Yeni il şənliyində ən son standartlara cavab verən texnikalardan istifadə olunmaqla illüziyalı şou təşkil olunacaq. Mətbuat katibi onların Yeni il şənliklərində iştirak edən uşaqların razı qalacaqlarını əminliklə söylədi.
Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov dekabrın 27-dən etibarən Bakı Dövlət Sirkində qeyri-adi Yeni il proqramı ilə yerli tamaşaçılara bayram ab-havası yaşadacaqlarını bildirdi: “Məktəblilərin qış tətili günlərində və Yeni il proqramında fasiləsiz olaraq hər gün tamaşalarımız olacaq. Tamaşamız “Sehrli qış-2” adlanır. Buraya Rusiya Federasiyasından, Ukraynadan və İspaniyadan dəvət olunmuş sirk ustalarının nömrələrindən ibarət böyük bir proqram daxildir. Bu proqram təxminən yanvar ayının ortalarına qədər davam edəcək. Proqramda əhliləşdirilmiş heyvanlarla çox maraqlı nömrələr var. Proqram iki saatdan artıq davam edəcək. Bayram və tətil günlərində fasiləsiz olaraq hər gün 2-3 tamaşa olmaqla proqramımız gündəlik davam edəcək”.
Mahir Hümbətovun sözlərinə görə, biletlərin qiyməti hər ilki kimi dəyişməz olaraq qalacaq. Belə ki, sıradan asılı olaraq qiymətlər 6-8-10 manat arasında dəyişəcək.
Cizgi filmi personajları
Bir neçə gündür ki, paytaxtımızda Opera və Balet Teatrında keçiriləcək “Maşa və ayı” Yeni il şənliyinin reklamları gedir. Belə ki, dekabrın 27, 28, 29-də uşaqlar üçün nəzərdə tutulmuş konsert “Maşa və ayı”nın Şərqdə Yeni il macəraları kimi təqdim olunur. Burada uşaqlara sevimli cizgi filmi personajları olmaları üçün şərait yaradılacağı söylənilir. Tamaşanın təşkilatçıları uşaqlar üçün sürprizlər də vəd edirlər.
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, “Maşa və ayı”-nın Şərqdəki Yeni il macəraları teatrın öz tamaşası sırasına daxil deyil. Belə ki, həmin tamaşa hansısa təşkilat tərəfindən icarəyə götürülüb. Teatrın yeni ilə həsr olunmuş tamaşası kimi dekabrın 24-də Pyotr Çaykovski tərəfindən yazılmış “Şelkunçik” baleti nümayiş olunacaq.
Ş.Ağamirzəyeva hər il Yeni il ərəfəsində teatrda məhz bayram üçün tamaşa hazırlanmadığını, repertuarlarındakı maraqlı tamaşalara Şaxta baba və Qar qız əlavə olunaraq bayram əhval-ruhiyyəsi yaratdıqlarını söylədi: “Biz hər il öz ənənəmizə uyğun olaraq “Şelkunçik” tamaşasını nümayiş etdiririk. Həmin tamaşanı dekabrın 24-də və yanvarın 12-də göstərəcəyik. Bu tamaşaya nəinki azyaşlılar, həm də böyüklər də baxa bilərlər”.
Şuşa Dövlət Musiqili Dram Teatrından aldığımız məlumata görə, teatrın yaradıcı heyəti Yeni ilə böyük həvəslə hazırlaşır. Belə ki, teatrın yaradıcı heyətinin başı rusların məşhur “Maşa və ayı” nağılının motivləri əsasında tamaşanın hazırlıqlarına qarışıb. Əməkdar artist Azad Məmmədovun sözlərinə görə, tamaşanın üzərində qızğın iş gedir: “Biz bu il azyaşlı uşaqların marağına səbəb olub, onları sevindirə biləcək ideyalar axtarırdıq. Qərara gəldik ki, “Maşa və ayı” nağılı əsasında tamaşa hazırlayaq. Səhnəciklərimiz hazır olandan sonra onu harada göstərəcəyimizi dəqiq söyləyə bilmərəm. Bilirsiniz ki, bizim teatrda onu göstərmək qeyri-mümkündür. Bizə haranı məsləhət görsələr, bayramımızı da orada keçirəcəyik”.
Hədiyyə tamaşadır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da Yeni il şənliyinə xüsusi hazırlaşıb. Teatrın kollektivi hazırda teatrda Yeni il tamaşasının yaradıcılıq işlərinə start verib. Belə ki, Nicat Kazımovun quruluşunda “Küpəgirənin hiyləsi” adlı tamaşa hazırlanır. Nicat Kazımovun sözlərinə görə, səhnə əsəri maraqlı süjet xətti, rəngarəng səhnə geyimləri və tərtibatı ilə azyaşlı tamaşaçıların Yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquluyeva qeyd etdi ki, bu il teatr sürprizlərlə zəngin əyləncəli bayram proqramı hazırlayıb: ““Küpəgirənin hiyləsi” adlı yeni tamaşa dekabrn 26-dan yanvarın 5-dək saat 12.00, 14.00, 16.00-da nümayiş etdiriləcək. Bundan başqa, hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın bayram üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edəcəklər”.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən il olduğu kimi, “Qış nağılı” adlı səhnəcik hazırlayacaq. Teatrın direktoru Mehman Şükürovun sözlərinə görə, tamaşa dekabr ayının sonundan yanvar ayının əvvəllərinə qədər teatrın repertuarında yer alacaq: “Bayram şənliyində ənənəvi olaraq Qar qız, Şaxta baba iştirak edəcək. İnanıram ki, sumqayıtlılar teatrımızda gözəl əylənə biləcəklər. Niyyətimiz uşaqları əyləndirmək və onlara sevinc bəxş etməkdən ibarətdir”.
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan hazırladıqları tamaşanı göstərmək üçün yerləri olmadığını söylədi. Buna baxmayaraq, teatrın rəhbəri heç də ümidsizliyə qapılmır. Onun sözlərinə görə, Yeni il üçün hazırladıqları tamaşaları müəyyən mədəniyyət ocaqlarında nümayiş etdirəcəklər: “Dekabrın 23-dən başlayaraq Bakı şəhərinin müxtəlif yerlərində tamaşalar nümayiş etdirəcəyik. Belə ki, Şüvəlanda, Qaradağda və müxtəlif ərazilərdə hazırladığımız Yeni il şənlikləri ilə tamaşaçılarımızı sevindirəcəyik. Onu da deyim ki, biz hədiyyəsiz tamaşalara üstünlük verəcəyik. Çünki biletin əksər hissəsini hədiyyənin dəyəri tutur. Teatrın uşaqlara hədiyyəsi gözəl tamaşa olacaq”.
İntiqam Soltan Yeni ildə uşaqlara 2 yeni tamaşa nümayiş etdirəcəklərini söylədi: “Tamaşalarımızın biri şou illüziya üzərində qurulub. Bu, yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Və bizim repertuarımızda olan “Dəcəl siçanlar” tamaşasına müraciət etmişik. Həmin tamaşa siçanlarla Şaxta babanın macəraları üzərində qurulacaq. Bu tamaşalar küçədə, məktəbdə və ya açıq havada oynananda öz keyfiyyətini itirməyəcək. Biz Yeni il üçün xüsusi bir tamaşa işləyə bilərdik. Ancaq yerimiz olmadığından başqa çarəmiz yox idi”.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər