Mədəniyyət müəssisələri qapılarını xalqın üzünə açmalıdır

Mədəniyyət müəssisələri qapılarını xalqın üzünə açmalıdır

Mədəniyyət
27 Dekabr 2012, 16:22 1852
“Azərbaycanın imicinin dünya miqyasında tanınması sahəsində bir çox işlər görülüb. Bu gün Azərbaycan musiqisinin ayrılmaz sütunu hesab olunan tar aləti YUNESKO-nun qeyri-maddi irs siyahısındadır. Bu çox böyük bir hadisədir. Bu da ona sübutdur ki, xalqımızın çox böyük mədəniyyəti, tarixi mövcuddur”.

Bu fikirlər Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçirdiyi kollegiya iclasında səslənib. İclasda 2012-ci ilin yekunları müzakirə olunmaqla yanaşı, nazirliyin 2013-cü ilin birinci yarısı üçün iş planı da təqdim edilib. Nazir Əbülfəs Qarayev bu il Azərbaycanın mədəniyyət, incəsənət və turizm sahəsində böyük vəzifələrin öhdəsindən gəldiyini vurğulayıb: “Dekabrın 27-də YUNESKO-da münaqişələr zamanı “Maddi irsin qorunması xüsusi komissiyası”nın iclası keçirildi və orada Azərbaycan bu komissiyanın vitse-prezidenti seçildi. Bu da ondan xəbər verir ki, işğal altında olan torpaqlarımızda vəhşicəsinə məhv olunan mədəni irsimizin qorunmasında böyük imkanlar yaranacaq”.

Ə.Qarayev bu ilin əvvəlində Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliya, Fransa və digər ölkələrdə silsilə mədəniyyət tədbirlərinin keçirildiyini xatırladıb: “Roma şəhərində Mehriban xanım Əliyevanın iştirakı ilə Nizami Gəncəvinin heykəli ucaldıldı. Bundan əlavə, 7 ölkədə Azərbaycan mədəniyyəti günləri keçirildi. Ümumiyyətlə, mədəniyyət günləri silsiləsinin keçirilməsi böyük əziyyət tələb edir. Bu il bizim üçün olduqca zəngin, ədəbi, əxlaqi tədbirlərin keçirilməsinə imkan yaradıldı. Bu tədbirlərdə böyük ədiblərimizin yubileyləri qeyd olundu. Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Nizami Gəncəvinin və digər mütəfəkkirlərimizin yubileyləri keçirildi. Silsilə xarakteri almış belə tədbirlərin "TÜRKSOY"un xətti ilə Azərbaycanın rayonlarından tutmuş, İtaliya, Fransa, Çin, Qazaxıstan, Moldova, Gürcüstan və başqa ölkələrdə keçirilməsinə nail olduq. Dünya həmin ədibləri artıq tanıyır. Bununla yanaşı, Azərbaycan teatrlarında da həmin ədiblərin əsərləri səhnələşdirildi”.

Ə.Qarayev hər il Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları barədə danışaraq, gələn il də ölkəmizdə bir sıra beynəlxalq festivalların keçiriləcəyini diqqətə çatdırdı: “Azərbaycanda keçirilən bütün beynəlxalq festivallar haqda EuroNews, CNN, rus, türk, ərəb ölkələrinin kanalları daimi olaraq həm məlumat verir və onları təhlil edirlər”. Nazirin sözlərinə görə, Azərbaycanda keçirilən forumlar geniş şəkildə dünya ictimaiyyətinə çatdırılır: “CNN telekanalında ölkələri tanıtmaq üçün xüsusi bir internet layihəsi fəaliyyət göstərir ki, layihələri portallarda yerləşdirirlər. Azərbaycan həmin kanalda “Lovely” mükafatına layiq görülüb. Dünya bu gün bizə tamam başqa bir gözlə yanaşır, onlar bizi artıq qabaqcıl bir ölkə kimi qəbul ediblər”.

Avropanın ən yaxşı üç muzeyindən biri

Nazir teatr sahəsində əldə edilən uğurlarından söz açaraq bu il ölkəmizdə keçirilən “II Bakı Beynəlxalq Teatr Konfransı”ndan söz açdı: “Azərbaycana 30-a yaxın ölkənin teatrşünasları təşrif buyurdu. Konfrans ərəfəsində digər ölkələrin teatrları ilə xarici mübadilə, aktyor və rejissor dəyişikliyi baş verdi və biz də bu təcrübədən gələcəkdə səmərəli istifadə edəcəyik. Növbəti il bizim Gənc Tamaşaçılar Teatrı və Kukla teatrları arasında festivallar nəzərdə tutulub”. Nazir qeyd edib ki, gələn il Azərbaycan teatrının 140 illik fəaliyyəti qeyd olunacaq.

Ə.Qarayev bu gün daha çox muzeylərin fəaliyyətinin yenidən qurulmasına diqqət yetirildiyini qeyd edib: “Bizim əsas məqsədimiz odur ki, Azərbaycan mədəniyyəti, teatr muzeyi, kitabxanası haqqında məlumat internet vasitəsilə dünyaya yayılsın. Hər bir müəssisənin, təşkilatın gördüyü işlər konkret olaraq internet məkanına daxil olmalıdır”. Nazir Qobustan muzeyinin Avropa Şurası tərəfindən “İlin ən yaxşı muzeyi” nominasiyasına layiq görüldüyünü diqqətə çatdırıb: “Bu gün Qobustan Muzeyi Avropanın ən yaxşı üç muzeyinin sırasına daxildir. Qobustan muzeyi digər tərəfdən də qoruq hesab olunur. Bu gün eyni yönümlü işlər “Atəşgah”-da davam edir”.

Nazir Azərbaycanda ən yaxşı saytların içərisində Mədəniyyət və Turizm Nazirliyinin saytının ikinci yerdə olduğunu qeyd edib: “Biz birinci yeri də əldə edə bilərdik. Əfsuslar olsun ki, öz işimizə daha çox zaman ayıra bilmirik. Bu gün regionlarda gedən proseslər mətbuatda daha dolğun əks olunmalıdır. Nazirlər Kabinetində vahid bir informasiya məkanı yaradılacaq, hər bir nazirliyin daxil olduğu portallar bu şəbəkəyə daxil olacaq. Bizim hazırladığımız gov.man portalı turizmlə bağlı bütün məlumatları əhatələyəcək”.

Tarixi abidələr, muzeylər, qoruqlara yalnız öz işçilərinin baxdığını deyən nazir qeyd edib ki, bu mədəniyyət nümunələrindən bütün ictimaiyyət istifadə etməlidir: “Qoruqlar öz qapılarını xalqın üzünə açmalıdır. Bütün işlər yeni sistem əsasında qurulmalıdır. Yeni sistemin əsasını isə internet portal şəbəkələri təşkil etməlidir. Bundan sonra cəmiyyətdə heç bir qapalılıq olmayacaq”.

Kitabxanaların hər bir imkanı olsa da...

Nazir turizm müəssisələri ilə mədəniyyət ocaqlarının bir- biriləri ilə sıx əməkdaşlıq etmədiyindən şikayətləndi: “Turist şirkətləri hansı muzeyimizlə müqavilə bağlayıb? Turizm müəssisələri özəldir, mən onları məcbur edə bilmərəm. Bu işi əgər təşkilatçılar dərindən dərk edə bilmirsə, demək mədəniyyət müəssisələrinin sahibləri həmin təşkilatçıların yanına gedib bunu təbliğ etməlidirlər. Bu sahədə bizim gələn ildən çox ciddi və xüsusi işlərimiz olacaq”.

Ə.Qarayev Azərbaycana gələn turistlərin elektron vizasının qəbul olunması ilə bağlı sərəncam imzalanacağını bildirdi: “Yalnız turizm şirkətlərinin vasitəçiliyi ilə bütün dünyanın sakinləri elektron şəkildə Azərbaycana vizanın əldə olunmasına imkan əldə edəcək. Bu vəziyyət eyni ilə kitabxana və muzeylərə də aiddir”.

Nazirin sözlərinə görə, gələn il Azərbaycanda ilk dəfə olaraq kitabxanaçıların qurultayı keçiriləcək. “Pribaltikada bütün kitabxanalar açıq şəkildə xidmətlər göstərir və hər kitabxananın daxilində sürətli internet var. Onun hesabına kitabxanaya gələn insanların sayı artır. Onlar internetdən istifadə edib qəzet oxuyur və məcburən orada olan kitablarla maraqlanırlar. Bizim kitabxanalar nəinki paytaxtda, bütün regionlarımızda mədəniyyətin beşiyinə çevrilməlidirlər.

Kitabxanaların hər bir imkanı olsa da, öz qapılarını xalqın üzünə açmırlar. Anlamıram ki, bu kitablar nə üçündür? Anlaya bilmirəm ki, qoruqlarımız, tarixi abidələrimiz, tamaşalarımız kim üçündür? Bu çox vacib bir amildir. Gələn il bu istiqamətdə bir sıra işlər görəcəyik”. Nazir gələn il Azərbaycanda böyük kitab yarmarkasının təşkil ediləcəyini də bildirib.

Kimsə qanunlara riayət etmirsə...

Regionlarda mədəniyyət ocaqlarında aparılan yoxlamalara toxunan nazir bəzi neqativ halların ortaya çıxdığını da vurğulayıb: ”Mədəniyyət və incəsənət sahəsində çalışan insanların hamısı bu cəmiyyətin qaymaqları olmalıdır. Mən paytaxtda oturarkən bilirəm ki, harada neçə dənə kitab oğurlandı, neçə stul siyahıdan çıxarıldı. Mən istəmirəm ki, mədəniyyət sözü hansısa bir cinayətkarlıqla üst-üstə gəlsin. İstəmirəm ki, mədəniyyət işçiləri bu gün hansısa cinayətin gedişatında iştirak etsinlər”.

Nazir Şəki və Qazax rayonlarında səhlənkarlıq və məsuliyyətsizlikdən irəli gələn bu cür hadisələrin baş verdiyini diqqətə çatdırdı: “Elə vəziyyət yarandı ki, sənədlər prokurorluğa göndərildi. Biz o işçilərdən azad olduq. Mən belə işçiləri müdafiə etmək niyyətində deyiləm. Kimsə bu qanunlara riayət etmirsə, cəzalanacaqdır”.

Gələn il ikinci Mədəniyyətlərarası dialoq forumunun keçiriləcəyini vurğulayan nazir ölkəyə müxtəlif ölkələrdən qonaqların gələcəyini bildirdi: “Gələn il eyni zamanda Azərbaycanda YUNESKO komissiyasının iclası keçiriləcək”.

Xəyalə Rəis