• cümə axşamı, 25 aprel, 06:24
  • Baku Bakı 14°C

Mədəni niyyətin NİYƏsi???

24.05.14 10:35 1385
Mədəni niyyətin NİYƏsi???
Bəzən baş verən proseslərə müdaxilə etməməyi üstün bilsək də, içimizdən gələn bir səs (yəqin ki, vicdanımızın səsi) buna imkan vermir. Artıq bu gün teatr prosesi deyiləndə, ancaq və ancaq bizim aktyorların, rejissorların “şikayət”, “narazılıq” adlanan məruzələrindən ibarət “yalançı” müsahibələri yada düşür.
Əsas məsələ mənim müşahidələrimə görə bundan ibarətdir: niyə, nə üçün teatrlarımıza gənclər gəlir və ya dəvət edilir? Niyə teatrlarımız, xüsusilə Akademik Milli Dram Teatrı muzeyləşmə ənənəsindən ayrılır? Niyə bizim daşlaşmış ənənələrimiz dəyişilir?
Axı biz öyrənmişik ki, muzeylərdə olduğu kimi eyni eksponatlar yerini dəyişmədən tarixə çevrilməlidir. Muzeylərə gələn insanlar isə adətən həyatı boyu bir dəfə bu məkana gəlirlər.
Bir zamanlar teatrlarımız da bu vəziyyətdə, daha doğrusu bu gündə idi. Tamaşaçı bir dəfə gəldiyi teatra ikinci dəfə getməyə ehtiyac duymurdu. Çünki “köhnə hamam, köhnə tas” idi. Zaman isə surətlə dəyişir və haqlı olaraq teatrdan da bunu tələb edir.
Uzun sözün qısası... Əsas məsələ bundan ibarətdir ki, bu gün Azərbaycan milli teatr tarixində ilk dəfə Akademik Milli Dram teatrında “görünməmiş” işlər görülür, Azərbaycan milli teatr tarixində ilk dəfə Akademik Milli Dram Teatrının “görünməmiş” teatr rəhbərliyi mövcuddur. Söhbət əlbəttdəki Akademik Milli Dram Teatrından və teatrın daxilində, o cümlədən xaricində gedən proseslərdən gedir.
Tənqidçiyə tərif yaraşmaz, ancaq tədqiqatın və uzun müşahidələrin sonu budursa, gərək bağışlayasınız. Hə qədər istəyirik yazmayaq, ancaq elə bil məcbur edirlər ki, siz yazmasanız, biz kiçicik ağlımızın ucundan nə gəlirsə yazacağıq. Bu isə yol verilməzdir. Haqq-ədalət naminə...
Əminəm ki, teatr prosesini çox az saylı insanlar izləyir. Lakin bilənlər bilir ki, bu gün Akademik Milli Dram Teatrı yenə də teatr tariximizdə ilk dəfə olaraq ANA Teatr funksiyasını yerinə yetirir. Teatrın öz heyəti, truppası “baş”da olmaqla, digər teatrların (qeyd edim ki, söhbət düşmən teatrlardan getmir, bizim teatrların) uyğun bildiyi aktyorlarını, istedadlı rejissorlarını ANA Teatra dəvət etməklə vahid sienergetik mərkəz funksiyasını çox vicdanla yerinə yetirməyə çalışır. Bu gün artıq tamaşaçı teatrı monotonluqda suçlaya bilməz. Teatrın repertuarı istər klassika (M.F.Axundzadə “Sərgüzəşti vəziri xani Lənkəran” rejissor V.İbrahimoğlu, C.Məmmədquluzadə “Anamın kitabı” rejissor F.Məhərrəmov, İ.Əfəndiyev “Hökmdar və qızı” rejissor M.Fərzəlibəyov), istər müasir (Elçin “Qatil” rejissor M.Ələkbərzadə, “Sənətkarın taleyi” rejissor İ.Tağızadə, Ə.Əmirli “Şah Qacar” rejissor A.P.Nemət, K.Abdulla “Şah və şair” rejissor M.Mikayılov), istərsə də xarici (A.Saqarelli “Xanuma” rejissor M.Mikayılov, Y.Şvars “Kölgə” rejissor N.Kazımov, B.Nuşiç “Nazirin xanımı” rejissor M.Fərzəlibəyov) əsərlərdən ibarət, fərqli rejissorların fərqli yozumunda təqdim olunan bir-biri ilə yarışa girə biləcək, ölkəmizin hüdudlarından çıxa biləcək tamaşalardan ibarətdir. Teatra xaricdən dəvət olunan məşhur ünlülər Kşiştof Zanussi, Teodoros Terzopulos, Petru Vutkereu və digərləri Azərbaycan teatr məkanının tanınması və inteqrasiyası işində atılmış olan ən vacib addımlardan biridir.
Və... təkcə sadəcə, dövlət səlahiyyətlərini yerinə yetirməyən, ümumilikdə bütün bu məsuliyyətli işləri vicdan və “ürək yanğısı” ilə yerinə yetirən insanlar mədəni niyyətini həyata keçirir ki, məntiqli olaraq bu insanlara təşəkkür etmək, minnətdar olmaq lazımdır. Biz isə NİYƏ? deyirik. Bütün bu dəyişikliklər niyə lazımdır? Sizin dildə, sadə dildə deyəcəm. Ona görə ki...
1. Teatr tamaşaçının təlabatı ilə qurulmalıdır, kimlərinsə istəyi ilə deyil.
2. Tamaşaçı eyni sifətləri, eyni simaları görməkdən bezib, o cümlədən biz də.
3. Teatrın üzərinə düşən funksiya təkcə qazanc yeri deyil, əsas olan yaradıcılıq atmosferi və yüksək keyfiyyətdir.
4. Yaradıcılıq atmosferi isə birgə universal düşüncələrin, fərqli yanaşmanın, müasir yozumun yaradıcı insanlar tərəfindən təqdimatıdır.
Bu gün tamaşaçılara yalnız bir şey lazımdır - axşamlar asudə vaxtını yaxşı keçirmək. Sənətkara isə bu halda tamaşaçının istədiyini etmək və bunu edərkən tamaşaçını bezdirməməyə diqqət yetirmək düşür. Seyrici teatra maariflənmək üçün gəlmir. Bunun üçün onlar məktəbə gedirlər. Onlar həyatın mənasını dərk etmək üçün də teatra gəlmirlər. Zatən hamamda da düşünmək olar. Seyrcilər teatra vaxtlarını yaxşı, xoş keçirmək üçün gəlirlər. Və bu zaman təqdim olan məhsul müasir standart nədirsə, məhz buna cavab verməlidir.
Bu prosesi azda olsa qeyd etməkdə məqsəd sizə həqiqəti çatdırmaqdır. Sizin oxuduğunuz şou xarakterli yazılar, “qızım sənə deyirəm, gəlinim sən eşid” xarakterli müsahibələr bu günki teatr prosesi deyil.
Bu gün Akademik Milli Dram Teatrında həyata keçirilən teatr siyasəti sələflərimizə dərs, xələflərimizə isə nümunədir. Deyirlər önəmli olan nəticə deyil, prosesdir. Prosesi biz anlatdıq, nəticəni isə Siz və Zaman göstərəcək!
banner

Oxşar Xəbərlər