• cümə axşamı, 25 aprel, 02:21
  • Baku Bakı 19°C

“Mədəni irsi qorumaq hər kəsin borcudur”

14.11.18 09:00 3205
“Mədəni irsi qorumaq hər kəsin borcudur”
"Fantaziya” Mədəni İrs Festivalı başa çatdı. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə "2018-ci il Avropa Mədəni İrs İli" çərçivəsində həyata keçirilən festival yaddaşlarda xoş izlərlə qaldı. Belə ki, on gün ərzində Azərbaycan ictimaiyyəti bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda, əyləncəli tədbirlər silsiləsini - konsertlər, sərgilər, dəyirmi masalar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turlarını... seyr etdi. "Fantaziya” festivalı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və qurumaüzv dövlətlərin, xüsusilə Almaniya, Fransa, Yunanıstan, Polşa, Xorvatiya, Hollandiya və Macarıstan səfirlikləri ilə əməkdaşlıq çərçivəsində baş tutub. Xatırladaq ki, festivalın adı Bakıda XIX əsrin sonlarında inşa edilmiş və Şərqlə Qərb üslublarının vəhdətini təqdim edən, məşhur memarlıq incisi olan "Fantaziya” hamamından götürülüb.Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyininrəhbərinin 1-ci müşaviri Denis Daniilidis"Kaspi”yə müsahibəsində festivalın keçirilməsinin məqsədi ilə yanaşı, gələcəkdə qarşılıqlı əməkdaşlıq şəraitində görüləcək işlərdən də danışıb.

Müsbət və mənfi məqamlar

- «Fantaziya» festivalı böyük marağa səbəb oldu. Belə bir festivalın keçirilməsində məqsəd nə idi?
- Bildiyiniz kimi, 2018-ci il Avropa İttifaqında "Mədəni İrs İli”dir. Bu səbəbdən Aİ ölkələrində, üzv dövlətlərdə bu tip tədbirlər keçirilir. Azərbaycan da önəmli tərəfdaş olduğundan, tədbirlərdən birinin Bakıda keçirilməsi qərara alınıb. Fikrimiz bəzi üçüncü dünya ölkələrində kiçik və lokal tədbirlər keçirmək idi. Amma Azərbaycan yəqin ki, Aİ-yə üzv olmayan yeganə dövlətdir ki, biz burada belə böyük miqyaslı festival keçirdik. Açığı, bu ideya şəhərin gələcəyi və landşaftının dəyişməsi ilə bağlı xüsusi həssaslığı olan bir neçə insanla görüşdükdən, fotoqraf və sənətçilərə qulaq asdıqdan və mənim üçün Bakının sevimli yerləri olan Sovetski, "Fantaziya” hamamı, qonşuluğundakı Kubinka və Sabunçu rayonunu ziyarət etdikdən sonra ağlımıza gəldi. Məncə, bu yerlərin hamısının öz hekayəsi var və bir çox insanlar bunları müzakirə etmək üçün platforma istəyirdi. Yerli tərəfdaşlarla, radio və TV nümayəndələri, fotoqraflarla, İçərişəhərdə köhnə evlərdə yaşayan insanlarla, müxtəlif institutlardan olan adamlarla etdiyimiz fikir mübadilələrindən sonra gəldiyimiz son nəticə bu oldu ki, bizim kiçik tədbirlərdən daha çox bir festivala ehtiyacımız var. Ona görə də biz bu "Fantaziya” ideyasını irəli sürdük. Festival Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyırdı.

- Proqrama Bakının qədim hissəsinə – İçərişəhərə səfər də daxil edilmişdi. Qonaqların təəssüratı necə oldu?
- Təəssüratlar belədir ki, Bakı son illərdə iqtisadi inkişaf və çoxlu insanların buraya daha yaxşı yaşayış yeri, iş, həyat tərzi axtarışı ilə gəlməsi səbəbindən böyük dəyişikliklərə məruz qalıb. Buna görə də şəhər çox sürətlə inkişaf etdi və bəzən bu inkişaf Bakı kimi multikultural və zəngin tarixə malik bir şəhərin mədəni və tarixi irsinə zərər verdi. Sadəcə, Bakıda yox, digər bütün şəhərlərdə olduğu kimi, bir yerdə sürətli inkişaf varsa, bu, daşınmaz əmlak sahəsində də yüksəliş olacağı anlamına gəlir. Mülkiyyət icazəsi – bu o deməkdir ki, bu icazənin verilməsi yollarında səhvlərin ortaya çıxması riski var. Və biz böyük ehtimalla tikilməsi məsləhət olmayan yerlərdə tikilən hündür binaları görə bilirik. Köhnə binalara əlavə mərtəbələrin artırılması binaların estetik görünüşünü pozur. Buna baxmayaraq, deməliyik ki, Azərbaycan və Bakının bu sürətli inkişafı özü ilə birgə pozitiv cəhətlər də gətirdi. Məsələn, bir çox binalar yenidən bərpa edildi. Belə binalardan biri Maqsud İbrahimbəyovun malikanəsidir ki, bütün detalları Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Biz burada bir tədbir keçirmək şərəfinə nail olduq. Məncə, bu, mədəni irsi qorumaq və bərpadan sonra bu tikililərdən düzgün istifadə etməyin şəhər və onun sakinlərinə nə qədər faydalı ola biləcəyinin nümunəsidir. Hesab edirəm ki, hər Avropa şəhəri kimi, Bakının da yaxşı və pis təcrübələri var. Yəni qeydlərimizi mübadilə etmək çox əhəmiyyətlidir. Biz Bakıdan çox şey öyrənə bilərik. Bakı da ola bilsin ki, bizim səhvlərimizdən nəsə öyrənsin.

- Bu gün Bakı bir Avropa şəhəridir. Eyni zamanda, biz şəhərin qədim ruhunu qoruyub saxlamağa çalışırıq. Ümumiyyətlə, qədim şəhərin arxitekturasını bütövlükdə necə qorumaq olar?
- Mən insanların unutmağa meyilli olduğu bir məqamı diqqətinizə çatdıracağam: birincisi, irsi qorumaq hər kəsin borcudur. Ən vacib nöqtə budur ki, insanlar bunun sadəcə, dövlət və bələdiyyələrin işi olduğunu düşünürlər. Əlbəttə ki, dövlət, bələdiyyə və digər orqanların rolu var. Amma bu, eyni zamanda bizim də vəzifəmizdir. Çünki siz görürsünüz ki, bu illərdə İçərişəhərdəki binalara balkonlar əlavə ediblər – bu, tamamilə qanunsuzdur. Bunu edən bələdiyyə, yaxud hökumət deyil, insanlardır. Bələdiyyələr indi durub, "bilirsiniz nə var? Siz qanunu pozdunuz, bu düzgün deyil, bu, binaların estetikasını pozur, bunu etməməlisiniz” - deyə bilər. Çünki İçərişəhər YUNESCO mirasıdır, buna görə də belə hallara icazə verilmir. Bəziləri "hökumət belə etməməli idi" və s. kimi sözlər deyir, amma estetikanı pozan vətəndaşlardır. Etməli olduğumuz birinci şey bunun hamımızın vəzifəsi olduğunu başa düşməkdir. Mədəni irsi qorumaq hər birimizin borcudur. Biz bu irsi qorumalıyıq, çünki o bizim kollektiv yaddaşımızı canlı saxlayır. Yoxsa biz bütün bunları məhv etsək, tarixin müxtəlif dövrlərini özündə əks etdirən bu gözəl şəhər ruhsuz və qəlbsiz bir yerə çevriləcək.

Bakıdan kənarda da bir tədbir

- Facebook səhifənizdə yaydığınız fotoda növbəti "Fantaziya” festivalının keçirilməsi üçün yer axtarışında olduğunuzu gördüm. Festival üçün yeni məkan hara ola bilər?
- Biz bunu mədəniyyət naziri və digər orqanlarla müzakirə etdik. Çünki biz Bakıdakı bütün fəaliyyətlərə çox diqqət verildiyini düşünürük. Bu, əlbəttə, çox yaxşıdır, amma Azərbaycan sadəcə Bakıdan ibarət deyil və paytaxtdan kənarda da çoxlu mədəni irs nümunələri və binalar var ki, onlara da diqqət yetirilməlidir. Biz, əlbəttə, hər il Bakıda tədbirlər keçiririk, amma Bakıdan kənarda da bir tədbir keçirməyə çalışırıq.

- Siz tez-tez Azərbaycanın regionlarına səfər edirsiniz. Bu günlərdə Lerik və Lənkəran rayonlarında oldunuz. Eyni zamanda, Lənkəranda keçirilən "Çay, çəltik, sitrus festivalı”nda iştirak etdiniz. Lənkərana ilk səfərinizin olmadığını nəzərə alsaq, təəssüratlarınıza nə əlavə olundu?
- Lənkəran çox maraqlı şəhərdir. Biz 2017-ci ildə "Avropa günü”nü Lənkəranda qeyd etdik. Deyə bilərəm ki, bu, mənim üçün çox təsiredici idi, çünki biz bu tədbirləri interaktiv şəkildə keçiririk və mən Lənkərandan gözəl təəssüratlarla ayrıldım. Fikirləşirəm ki, bizim gələcək üçün planımız Avropa İttifaqına marağı olan sakinlər, tələbələr, iş adamları, həm də digər insanlardan ibarət bir şəbəkə yaratmaqdır. Fikrimiz hər il Azərbaycanın böyük şəhərlərində tədbirlər keçirməkdir. Çünki məncə, bütün bu insanların keçirdiyimiz mədəni tədbirlərdə iştirakları vacibdir. Bizim Bakıda çoxlu fəaliyyətlərimiz olub. Çünki burada yaxşı ictimaiyyət var və məncə, çox insan Avropa İttifaqını mədəniyyətin təminatçısı kimi görür. Amma biz bunu Bakıdan kənarda da etməliyik və tədricən edirik. Biz Gəncə, Lənkəran, Şəki, Naxçıvan ilə başladıq. Gələn il daha çox yerlərə getmək planımız var. Amma dediyim əsas fikir hər il bütün böyük şəhərlərdə ən azı bir tədbir keçirməkdir.

Avropadan nə qədər çox turist gəlsə...

- Azərbaycan region olaraq və tərəfdaş kimi Avropa İttifaqı üçün nə qədər maraqlıdır?
- Məncə, birlikdə işləməli olduğumuz ən mühüm sahə insan əlaqələrinin artırılmasıdır. Çünki siyasi və ticari sahədə əlaqələr irəliləyir. Dövlət Turizm Agentliyinin strategiyasına görə, əsas marketlər Körfəz ölkələri, Türkiyə, MDB ölkələridir, amma Avropa İttifaqı deyil. Amma məncə, biz bunu dəyişməliyik, çünki fikirləşirəm ki, avropalı turistlər sonradan ölkənizə sadəcə əlavə turist deyil, həmçinin Azərbaycanın mədəniyyəti haqqında öyrənməyə həvəsli olan turistlər də gətirəcək. Və onlar Azərbaycanın Avropadakı elçiləri olacaq. Çünki Azərbaycana gəlib narazı qayıdan turist görməmişəm. Onların hamısı çox razıdır. Avropadan nə qədər çox turist gəlsə, bu, Azərbaycan üçün o qədər yaxşı reklam olar. Bu, dünyadakı ən yaxşı turizm yarmarkalarında iştirak etmək kimi bir şeydir. Çünki sizin çox yaxşı turizm məhsullarınız var. Əlbəttə, hər şeydə olduğu kimi, burada da inkişaf etdirilməli məsələlər var. Biz bununla bağlı kömək etmək üçün sizin yanınızdayıq. Amma Dövlət Turizm Agentliyinin strategiyasının Avropanı da əsas hədəf marketlərdən birinə çevirməyə uyğunlaşması da önəmlidir.

- Aİ-nin gələn il üçün planları nədir?
- Biz "Fantaziya”nı bitirəndən sonra gələn ilin işlərini planlaşdırmağa başlayacağıq. Gələn il Şərqlə əməkdaşlığımızın 10-cu ilidir, biz bu yubileyə həsr olunmuş tədbirlər keçirəcəyik. Həm də gələn il Avropa seçkiləri var. Bu seçkilər çox önəmlidir, Çünki bu, yeni Avropa parlamenti və Avropa Komissiyasının yaradılması demək olacaq. Gələn il Azərbaycanla yeni ikitərəfli saziş imzalanacağına ümid edirik. Biz bu böyük hadisələrlə bağlı tədbirlər həyata keçirəcəyik. Eləcə də Tolerantlıq festivalı təşkil edəcəyik. Mayda "Fantaziya” festivalı, noyabrda Film festivalı nəzərdə tutulur. Sonra sizə dediyim bu böyük hadisələr - Şərq tərəfdaşlığı, Avropa İttifaqının gələcəyi ilə bağlı debat və böyük ehtimalla yeni sazişlə bağlı tədbirlər keçirəcəyik. Biz artıq bu məsələlərin üzərində işləməyə başlamışıq.
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər