• cümə, 29 Mart, 02:27
  • Baku Bakı 7°C

Məcnunun Leylisi - İlhamın Fərizəsi

17.01.14 09:47 1841
Məcnunun Leylisi - İlhamın Fərizəsi
Ədəbiyyatı vərəqlədikcə burada ilahi eşqin, saf məhəbbətin, ülvi sevginin və sədaqətin şəninə, tərənnümünə həsr olunmuş yüzlərlə, minlərlə əsərlərin, roman və poemaların, şeir və qəzəllərin yazıldığını görürük. Böyük ustalıqla qələmə alınmış bu əsərlərdə aşiqin sevgisinə, sevgilisinin aşiqinə necə də sadiq olduğunu, hətta onun yolunda ölümə belə getdiyini görürük.
Eşq, məhəbbət, sevgi ədəbiyyatın daimi mövzusudur. Həmişə onunla yol yoldaşıdır. Neçə illər, qərinələrdir ki, yanaşı addımlayırlar. Bu mövzu heç vaxt dəbdən düşmür, köhnəlmir, "qocalmır", unudulmur. Bu yolda həmişə yolçular var. Bu yolları heç vaxt toz-torpaq basmır. Məhəbbət və sevgi qarşısında heç vaxt qırmızı işıq yanmır.
Öz sevgilisi yolunda şirin canından keçmiş aşiqlər heç vaxt unudulmur, yaddan çıxmır. Sevənlər də, sevilənlər də həmişə özlərini onlara oxşatmağa, onlar kimi sevməyə və sevilməyə çalışırlar. Amma təəssüflər ki, heç də hər şey həmişə uğurlu alınmır. Sevgililər bir-birilərinə qovuşmurlar. Yolları həsrətdən, qəm-kədərdən keçir. Ayrılıb bir-birilərindən ayrı düşürlər. Əzablara düçar olub sevgi, məhəbbət və eşq odunda yanıb qovrulurlar. Əsli və Kərəm kimi, Leyli və Məcnun kimi, Romeyo və Cülyetta kimi.
Qədim şərqin Leyli və Məcnun hekayəsi əsrlərdir sevənlərin və sevilənlərin dilindən düşmür. Əfsanəyə, mifə dönmüş bu məhəbbət dastanı illərdir, əsrlərdir ürəklərdə, könüllərdə yaşayır. Sevənlərin və sevilənlərin qəlbləri fəth edir.
Azərbaycanın görkəmli, cahanşümul şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli də əsrlərcə əvvəl bu ilahi eşqi nəzmə çəkmişlər. Saf məhəbbəti tərənnüm etmişlər. İki gəncin o ülvi sevgisini vəsf edərək ayrı-ayrı əsrlərdə "Leyli və Məcnun" adlı poema qələmə almışlar. Bu poemalar zamanın sınağından keçərək oxuna-oxuna, sevilə-sevilə bu günümüzə gəlib çatmışdır. Heç şübhə yoxdur ki, məhəbbəti tərənnüm edən bu əsərlər hələ neçə qərinələri, neçə əsrləri geridə qoyacaq.
Azərbaycanın həmişəyaşar və dahi bəstəkarı Üzeyir Hacıbəyov da ölməz "Leyli və Məcnun" operası yazıb. Sanki bu məhəbbətə, bu sevgiyə bir az da şirinlik qatıb. Bu gün hər kəs bu operaya böyük maraqla, sonsuz sevgi ilə tamaşa edir. Neçə əsr bundan əvvəl baş verən bu hadisə, sonu faciə ilə bitən bu məhəbbət illər keçəndən, zamanlar ötəndən sonra mifə və əfsanəyə çevrilərək ürəyimizə, qəlbimizə hopub, yaddaşımızda dərin izlər qoyub.
Dəhşətli 20 Yanvar faciəsində sanki məhəbbətin, sevginin də yaddaşı təzələndi. Bu qanlı və qanlı hadisədə tükürpədici, kədər və qəmlə yüklənmiş "Leyli və Məcnun"a bənzər "Fərizə və İlham" dastanı da yarandı. Başqa qeyrətli oğullar kimi, İlham da müstəqilliyimiz və azadlığımız uğrunda mübarizəyə qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin paytaxtına soxulanda o da yalın əllə sinəsini irəli verənlərdən biri olmuşdu. İmperiya əsgərlərinin atdığı odlu güllələr onun sinəsini deşik-deşik etmişdi. Hamı kimi yaşamaq üçün dünyaya göz açmış İlham şəhid olmuşdu.
Həmin gecə qapıları odlu güllələrlə bərabər qara xəbərlər də döyürdü. İlhamgilin evinə də onun şəhid olması barədə xəbərlər gəlib çatmışdı. Həyat yoldaşının şəhid olduğunu eşidən Fərizə bu acı xəbərdən sarsıldı. Ağlayıb acı göz yaşları axıtsa da, heç yerdə, heç nə ilə özünə təskinlik tapa bilmirdi. Doğulduğu bu həyatda İlhamsız yaşamaq, ömür sürmək istəmirdi. Çünki İlhamı ürəkdən sevmişdi, ona qəlbən, ruhən bağlanmışdı. İlhamın ölümü onun ürəyinə çalın-çarpaz dağlar çəkmişdi. Həyatını bir anlıq da olsa, onsuz təsəvvür edə bilmirdi. İlk olaraq fikrinə gələn bu oldu ki, özünü öldürsün və İlhamla bir məzarda dəfn olunsun. Çox götür-qoy etmədən o biri dünyada İlhama qovuşmaq üçün Fərizə ölümə üsyan elədi və ona qalib gəldi.
Ayrılığa dözmədi. Haqq dünyasında sevgilisi ilə görüşə tələsdi. Yaxınları, qohumları onları bir məzarda dəfn etdilər. Sevgililər əbədi olaraq qovuşdular. Fərizə son arzusuna, son istəyinə çatdı İlhama qovuşdu. Bax beləcə, qanlı 20 Yanvar faciəsində "Fərizə və İlham" dastanı yarandı. Fərizə və İlham sadiqlik və sədaqətin rəmzinə çevrildilər. Leyli və Məcnun ruhu təzələndi.
Bu gün Şəhidlər xiyabanına gələnlər ən çox ayaqlarını İlham və Fərizənin məzarları önündə saxlayırlar. Bir dəqiqəlik sükutla onların ruhunu yad edirlər. Hər ikisinin sevgisi, sədaqəti və məhəbbəti qarşısında baş əyirlər.
Vahid MƏHƏRRƏMOV
banner

Oxşar Xəbərlər