• cümə, 29 Mart, 05:24
  • Baku Bakı 7°C

Məcnunlar və Leyli

05.03.18 11:45 2083
Məcnunlar və Leyli
V hissə
"Leyli və Məcnun”da Zeydin "xüsusi missiyası” var: O özü də eşq bəlasını və məzəmmətini daddığı üçün aşiqləri anlayır, onlara kömək etmək istəyir. Füzuli göstərir ki, bu dünyada bir nəfər də olsa insanı anlayan, onun əməllərinin mahiyyətini başa düşən, onun təklənməsinin səbəbini qavrayan, ona bəraət qazandıran kimsə mütləq tapılır. İnsan heç zaman tam mənada tək qalmır.
Əsərdə Zeyd həm qara xəbəri yetirən, həm də əsərin sonunda böyük sevinci müjdələyən kəs olur: O, həm Məcnuna Leyinin İbni Səlama ərə getdiyini, başqasının "ruzisi”nə çevrildiyini çatdırır, həm də aşiqlərin o biri dünyada qovuşduğunu yuxusunda görür. Beləliklə, Zeyd dövründəki aşiqlərə eşqin cəfasını çatdırır, hər əsirdə sevib-seviləcək, Leyli və Məcnunu örnək biləcək gələcək nəsilləri isə eşqin səfasından xəbərdar edir.
***
Füzulinin "Leyli və Məcnun”unda bədii lövhələr, obrazı tanıtmalar uzun-uzadı təsvir edilmir. Çünki bu əsərdəki mövzu, obrazlar orta əsrlərdə o qədər bəlli, yazıb-oxuyanlara o qədər aydın idi ki, şair qəhrəmanlarının kimliyini, hadisələrin necəliyini açmağa, izah etməyə ehtiyac duymurdu. Sanki özündən əvvəlki müəlliflər daha çox əsərin süjetini, hadisə ardıcıllığını, obrazlar sistemini qələmə alıb, Füzuli isə əsərin mahiyyətini yazıya köçürüb.
***
"Leyli və Məcnun”da o qədər "yalan” var ki... Bu cür pak, müqəddəs bir sevgi naminə danışılan "yalanlar” da saysız olurmuş. Məsələn, Leyli ərə gedəndə bu qara xəbəri Zeyd Məcnuna çatdırır və Məcnun da sevdiyinə naləli bir məktub yazır. Zeyd həmin məktubu Leyliyə çatdırmalıydı, ancaq ərli qadına bunu vermək elə də asan məsələ deyildi. Həmin vaxt Leyli xəstə idi. Zeyd İbn Səlamla sehrbazlıqdan, tilsimdən danışaraq onda bilgin bir adam təsiri oyatmağa çalışır. Deyir ki, dərmanını bilirəm, onun yazılı duası məndədir. Beləcə, Məcnunun məktubunu Leyliyə çatdırır, həmçinin məşuqun cavabını aşiqə.
Əsər boyunca tez-tez bu cür yalanlar danışılır, Leyli ərini tilsimli olduğuna inandırıb onunla həmyastıq olmur, rəfiqələrini bağda aldadıb Məcnunun görüşünə gəlir, anasını aldadır ki, eşq sözünün mənasını bilmir və s. Bütün bu yalanlar dövrün reallığında vüsala çatmağın ancaq aldatmalarla, kələklə baş tutduğunu, saf, təmiz eşqin köməksiz qalmasını bizə aydınlaşdırır: bu daxili etirazçı tondan aydın olur ki, yalnız öz doğma hislərini gizlədənlər rahatlıqla vüsala çatırlar, səmimilər, gün kimi aydın olmağa çalışanlar isə yox...
***
Əsərin əvvəlində – əzab divanının girişində Qeysin anadan olması səhnəsində, qəhrəmanın dilindən deyilir:
Bildim ki, ğəmin sənin ki, çoxdur,
Ğəm çəkməyə bir hərifi yoxdur.
Məcnuna qədər də dünyada qəm vardı, ancaq ona yiyə durmağa, bütövlükdə sahiblənməyə sanki kimsə tapılmırdı. Məcnun anadan olana qədər atası uzun illər övlad həsrəti ilə alışıb-yanırdı, övlad möhnətinin diktəsiylə "qurduğu qara çadırlar xalqa Qədir gecəsi kimi əziz idi”, düşünürdü ki, qəfil başına bir iş gəlsə, malına-mülkünə yiyəlik edəcək kimsə yoxdur. Füzuli övlad sahibi olmağın, nəsil artırmağın fəzilətini uca tutur, bu işin həyatın əsas qayələrindən biri hesab ediyini belə ifadə edir:
Can cövhərinə bədəldir övlad.
Övlad qoyan, qoyar həmin ad.
Yaxud:
Fərzəndəsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Yəni şair deyir ki, valideynin canına övladın canı əvəzdir, yalnız övladı olanlar dünyada ad qoyub gedir, övladsız (oğulsuz) insan yox kimidir, insanı əbədi, ölümsüz edən onun ruhunun davamçısı olan övladıdır. Burada Füzulinin övlad, başqa bir can sahibi – yaradıcı olmaqla bağlı fikirləri aydınlaşır. İnsanın yalnız övlad vasitəsi ilə nəyəsə sahib olmasını göstərir, əks təqdirdə onu əli-ovcunu boş kimi qələmə verir.
İnsan bu dünyaya bir can kimi doğulur, övlad dünyaya gətirmək öz canının əvəzində dünyaya bir can bağışlamaqdır. Sanki bir can, başqa bir canla əvəzlənir və nəticədə Allahın insan bədəninə üfürdüyü ruh beləcə itmir, əbədi olur. Bununla insan həm də Allahı əbədiləşdirir.
Məcnuna qədər də qəm, dərd sonsuz idi, onu artıran, çoxaldan, yaşadan yox idi. Qəmin, dərdin bir övladı lazım idi ki, qəm sonsuzlaşmasın, itib-batmasın, axırı puç olmasın. Qeys dünyaya gəlməklə qəmə yiyə durur, ona atalıq edir, sahiblənir, bu uşaq – yenicə doğulmuş Qeys qəmdən yaşca, ilcə çox-çox böyük olan qəmə atalıq, böyüklük edir. Qeysin övladı isə ona Məcnunluq ruhu üfürdüyü eşqi olur. Allahın ruhu yeni doğulan körpələrdə yaşadığı kimi, Məcnunun da ruhu hər yeni sevən, eşq qəminə aludə olan sevənlərdə yaşayır. Beləcə, qəm heç zaman sonsuzlaşmır...
***
Qeys şüurlu doğulur, o əsərin əvvəlində sanki dil açmağı ilə, gələcək taleyini arzulaması ilə qanan, yetkin bir insan təsiri bağışlayır. Qeys dünyanı nə imanla, nə dinlə, nə valideynləri, nə də məktəblə, təlimlə anlamaq yolunu seçmir. O dünyanı eşqin qəmi vasitəsi ilə dərk etmək istəyir.
Həm ver məni ğəm yemək kəmali...
Ona görə də Qeys Leyliyə vurulandan sonra eşqi və dünyanı – sonrakı taleyini dərk edib yaşayır. Bu arzuya çatmaq məhz eşq vasitəsiylə gerçəkləşir:
Yuxarıdakı misradan sonra gələn növbəti misra isə Füzuli ilə Qeysin yolunu ayırır:
Həm ver məni ğəm yemək kəmali,
Həm aləmi ğəmdən eylə xali.
Yəni Qeys Allahdan diləyir ki, mənə eşqi anlamaq qabiliyyəti, ağılı ver, eyni zamanda insanları qəmdən azad elə. Belədə bir sual ortaya çıxır: insanlar eşqin qəmindən azad olsalar, Qeysi necə anlaya bilərlər? Axı Qeys eşq və qəmdən yoğurulmuş qəhrəmandır. Qəmi anlamayanlar Qeysi, Qeysin mahiyyətini qavramayanlar isə Füzulini dərk edə bilməz. Qeyslə Füzulinin yolunun bir məqamda da ayrıldığı əsərdəki kitabın yazılmasının səbəbi və çətinliyi barədəki hissədə daha aydın nəzər çarpır. Füzuli yazır:
Hər kimdəki vardır istiaət,
Dərdü-qəmi möhnəti qənaət
Oldur bu müsafirətdə yarım.
Zövq əhlinə yoxdur etibarım.
Yəni kim ki, dərdi qəmi-tanıyır, ona dözə bilir, mənə bu məsələdə (əsərdə), bu yolda ancaq onlar yar ola bilər. Məcnunun dünyanın qəminə çiyin vermək arzusu, insanları dünyadan xilas etməsi, qəmə sahiblənmək "iştahası” Məcnunun təklənməsinə, onu anlamayanların əsarətində qalmasına səbəb olur. Füzuliylə Məcnunun "fikir ayrılığı” bu məqamda daha aydın nəzərə çarpır: Çünki Məcnun qəmi bir ruhda, özündə cəmləmək istəyir, qəm ancaq ona aid olsun, Füzuli isə yaratdığı qəm dastanının anlaşılması üçün qəminin paylanması, bölüşülməsini "umur” ki, həmdərdsiz (oxucusuz, xiridarsız) qalmasın. Əsərdə Məcnun arzusuna çatır, əsər yazılandan, seviləndən sonra, yaşadığı müddətcə isə Füzuli.
***
Leylinin nisbətən çirkin xanım olması ilə bağlı müxtəlif mənbələrdə məlumat var. "Leyliyə Məcnun gözüylə bax” deyimi də məhz bu cür dilimizə hopub. Ancaq Füzuli əsərdə onların hər ikisini gözəl təsvir edib və mən onların hər ikisinin cazibəli, füsunkar olduğu qənaətini ruhuma daha yaxın hesab edirəm. Amma əsərdə Qeysin Leylidən daha gözəl olmasına bir yerdə işarə var:
Kim, Leyli olanda mətlub,
Bir güzgüyə gər açıb gözünü,
Güzgudə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Yəni Qeys Leylini görmək istədiyi vaxt, əgər güzgüyə baxsaydı, özünü görərdi, öz simasına aludə olardı və Leylinin gözəlliyini arzulamazdı.
Ancaq eşq aradakı bu gözəllik fərqini itirir:
Girdabi-bəlayə oldular ğərq,
Qalmadı aralarında bir fərq.
Yəni eşqə düşəndən sonra aralarındakı gözəllik nisbəti itir. Əgər rəmzilikdən uzaqlaşıb sırf rasional yanaşsaq, bu bərabərlik eşqin yaratdığı bərabərlik idisə də Məcnunun olduğu gözəllik mərtəbəsindən Leylinin dayandığı gözəllik mərtəbəsinə enişidir. Çünki, daha sonra Qeys Məcnuna çevrilir və eşq onu haldan, görkəmdən salır. Bu bərabərləşmədəki xırda bir işarə, Qeysin Məcnunluq halına keçidinin əsərdəki ilk ştrixi, közərtisidir.
***
Leylinin eşqindən anası xəbər tutanda ona deyir ki, sən oğlan deyilsən ki, eşqini hamı bilə. Ona məsləhət bilir ki, pəncərə kimi daim çölə boylanma, piyalə kimi əldən-ələ gəzmə, nəğmə kimi pərdələrdə yaşa. Leyli bütün bunlara əməl etmir, bu sevgidən hər kəs xəbərdar olur. Leylinin gücü ürəyindəki nəğməni cəmiyyətə çatdırmağa çatır, Məcnun isə nəğməsini Tanrıya eşitdirə bilir. Leyli ilə Məcnunun səadəti isə cəmiyyətin eşitdiyi eşq nəğməsi ilə, Allaha ucalan eşq nəğməsinin arasındakı uçurumda qalır. Leylinin nəğməsinin əli cəmiyyətin yaxasına və Məcnunun qəlbinə çatır, Məcnunun sevgi şərqisinin səsi isə Allahın ətəyinə...
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər