• cümə, 29 Mart, 01:57
  • Baku Bakı 7°C

"Məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub"

14.01.19 10:07 1472
"Məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub"
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Bunu Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

İ.Mirzəyev bildirib ki, Azərbaycanda məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub.
O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların rifah halının, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir: "Bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 102 qəsəbə salınıb. Bu 3,5 milyon kvadrat metr yaşayış sahəsi deməkdir. Ötən il 5901 məcburi köçkün ailəsi - təxminən 27 min nəfər fərdi evlərlə, mənzillərlə təmin olunub. Bununla da, ötən ilin sonuna qədər fərdi evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatıb. Bu da 58 201 ailə deməkdir”.

Komitə rəsmisi xatırladıb ki, ötən ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 3 yaşayış kompleksinin açılışı olub: "Bunlardan biri Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksidir. 1026 mənzilli bu kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə, dövlət vəsaiti xərclənmədən salınıb. Dekabr ayında isə Abşeron rayonu ərazisində 1001 məcburi köçkün ailəsi üçün, Sumqayıt şəhərinin mərkəzində isə 1005 məcburi köçkün ailəsi üçün kompleksin açılışı olub. Komplekslərdə olan bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Eyni zamanda, məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib”.

İ.Mirzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ildə də bu proses davam etdiriləcək: "Hazırda Bakı şəhərinin Pirallahı rayonunda, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Qaradağ rayonunun "Ümid" yaşayış massivində, Şirvan və Beyləqan şəhərlərində məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Əlbəttə, bütün bu tədbirlərlə məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək”.
banner

Oxşar Xəbərlər