• cümə axşamı, 25 aprel, 05:06
  • Baku Bakı 19°C

Möcüzəvi Naftalanın sehrində

08.07.15 12:23 3712
Möcüzəvi Naftalanın sehrində
Ən müasir standartlara cavab verən “Garabag Resort & SPA” hotelində həm istirahət edə, həm də müalicə oluna bilərsiniz
Ölkəmiz tarixən özünün nadir təbii sərvətləri ilə dünyanın diqqət mərkəzində olub. Belə təbii sərvətlərimizdən biri də xüsusi müalicəvi effektə malik olan, dünyanın heç bir yerində çıxmayan Naftalan neftidir. Dünyada Naftalan yağı kimi tanınan bu sərvət müalicəvi effektə malikdir. Ölkəmizə bəxş olunan bu məhsul elə möcüzəvidir ki, dərmanların kömək olmadığı xəstələrə belə şəfa olur.
Hələ uzun illər öncədən bu ərazidə yerləşən Naftalan nefti ilə müalicə sanatoriyasına dünyanın hər yerindən insanlar gəlirdilər. Lakin dünyanın diqqətini bu məkana cəlb etmək üçün şərait o qədər də yaxşı deyildi. Ta ki bu zamana qədər... Artıq Naftalanda dünya standartlarına cavab verən 5 ulduzlu “Garabag Resort &SPA” hoteli fəaliyyət göstərir.
“SilkWay Travel” şirkətinin jurnalistlər üçün təşkil etdiyi media tur vasitəsilə bu otellə tanış olmaq imkanımız oldu. 20-dən artıq jurnalistin daxil olduğu heyətlə birlikdə 3 gün müddətində hotelin şəraiti, iş sistemi, müalicə üsulları ilə tanış olduq.
Gülərüz heyət
Hotelə daxil olduqda gülərüz heyət diqqətimizi cəlb edir. Məlum olur ki, işçilərin yüksək səviyyədə xidmət göstərməsi üçün 4-5 ay xüsusi təlimlər keçirilib. Bizi girişdə qarşılayan hotelin baş meneceri Adnan Kutluay deyir ki, buraya gələn qonaqlara hər cür xidmət göstərilir: “Hotelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstərilir. SPA terapiya üsullarına geniş yer verilən hoteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir. Hoteldə 264 yerlik və bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var”. Qiymətlərə gəldikdə isə baş menecer vurğuladı ki, hoteldə 30, 35, 45, 64, 104 kv. metrlik otaqların qiymətləri ölçüyə uyğun olaraq dəyişir. Bir nəfərlik otağın qiyməti 135 manatdır: “Bu qiymətin içərisinə gün ərzində 3 dəfə yemək və bütün xidmətlər – sauna, hamam, masaj, hovuzlar, mineral hamam, kardiologiya, voleybol və basketbol meydançası, mini qolf, uşaq meydançası, kitabxana, wi-fi, canlı musiqi axşamları, oyun zonası, bilyard və onlarla bu kimi xidmətlər daxildir. Xüsusi olaraq onu qeyd etmək isəyirəm ki, əlilliyi olan insanlar üçün lazım olan bütün şərait bizim hoteldə nəzərdə tutulub. Hotel mülicəvi bir mərkəz olduğu üçün binanın daxilindəki heç bir zonada siqaret çəkilməsinə icazə verilmir və tütün məmulatları satılmır. Bu xüsusiyyətdən irəli gələrək, hoteldə spirtli içkilərdən istifadə üçün əlavə ödəniş tələb olunur. Yəni spirtli içkinin qiymətləri hotel qiymətinə daxil deyil”.
Çəliklə gəlib çəliksiz qayıdanlar
Daha sonra hotelin müalicə otaqlarına yollanırıq. Sağlamlıq mərkəzinin baş həkimi Azər Dadaşov Naftalan yağının sağlamlıq üçün hansı müsbət təsirlərinin olduğunu izah edəndən sonra vurğulayır ki, bu neft vannasını qəbul etməzdən öncə mütləq həkim müayinəsindən keçmək lazımdır: “Bu neft vannası əslində çox ağır olduğuna görə hər adamın qəbul etməyinə tibbi icazə yoxdur. Hətta elə adamlar var ki, onlar bütün bədənini neft vannasına salmaq istəmir, təkcə qollarını və ayaqlarını vannaya salır. Bunun üçün burada şərait yaradılıb. Tibbi müayinədən keçmək üçün isə həm laboratoriya, həm kardioloq, həm də terapevt var. Bundan başqa, sağlamlıq mərkəzində sauna, masaj, duz otağı, SPA mərkəzi, qapalı hovuz var, xanımlar üçün isə dəriyə qulluq xidməti də var”.
Həkim vurğuladı ki, Naftalan deyiləndə ilk olaraq insanların ağlına neft vasitəsilə müalicəvi-tibbi xidmət gəlir: “Garabag Resort and SPA” bu gün 80 adda laborator xidmət həyata keçirir. Müalicənin keyfiyyəti məsələsindən danışsaq, qeyd edə bilərəm ki, bizdə bütün tibbi cihazların həm Azərbaycan, həm də Avropa ölkələri tərəfindən verilən uyğunluq sertifikatı var. Bizə müraciət edən insanları düzgün müalicə etməyimiz üçün hər cür şərait yaradılıb. Elə insanlar olub ki, Naftalana çəliklə gəlib sağlam qayıdıb. Həqiqətən də Naftalan yağı öz möcüzəsini göstərib. Hər bir insan bizə müraciət edərək, tam arxayınlıqla öz sağlamlığını etibar edə bilər”.
“Azərbaycan xalqının mətbəx bacarığına heyran qalmışam”
İstirahətə getdiyimiz zaman diqqət etməli olduğumuz ən önəmli nüanslardan biri düzgün qidalanmadır. Qidalarla maraqlanmaq və yeməklərin necə bişirilməsi ilə əyani tanış olmaq üçün hotelin mətbəxinə yollanırıq.
Məlumat üçün bildirək ki, burada səhər, günorta və axşam yeməklərində milli, Türkiyə və Avropa mətbəxinin nümunələri təqdim olunur. Hotelin baş aşpazı Mehmet Ektirir mətbəxdə bişirilən yeməklərlə, istifadə olunan tərəvəzlərlə bizi yaxından tanış edir. Hətta usta ilə birlikdə yemək bişirə-bişirə söhbətləşirik: “Garabag Resort & Spa” hotelində yeməklərlə bağlı xüsusi konsepsiya var. Burada dieta, allergik, təzyiq və ya şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusi menyularımız mövcuddur. Əsas restoranda xarici ölkələrin və yerli mətbəxin nümunələrinə müraciət edilir. Oteldə hər gün bir xarici ölkənin yeməkləri bişirilsə də, Azərbaycan mətbəxi hər zaman öz aktuallığını qoruyur. Bütün yeməklər təzə və keyfiyyətli məhsullardan hazırlanır”. Mehmet Ektirir deyir ki, Azərbaycanda təbii məhsullar və ət məhsulları yüksək keyfiyyətə malikdir: “Yeməklərin hazırlanması üçün məhsullar Azərbaycanın bölgələrindən gətirilir. Məhsulların hər birinin öz ləzzəti, öz ətri var. Azərbaycanda ət və ət məhsulları yüksək keyfiyyətə malikdir. Mən Azərbaycan xalqının mürəbbə bişirmək bacarığına heyran qalmışam”.
Burada peşəkarlar toplanıb
Hotelin digər mühüm cəhəti heyətin tam peşəkar olmasıdır. Yalnız bəzi mütəxəssislər xarici ölkələrdən dəvət edilib. Mərkəzdə çalışanların böyük əksəriyyəti yerli Naftalan, Gəncə və digər yaxın rayonların sakinləridir. Say baxımından kifayət qədər böyük olan əməkdaş heyətinin hər bir üzvünə çalışdıqları sahə üzrə təlimlər keçirilib.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər