• cümə, 26 Aprel, 09:09
  • Baku Bakı 12°C

Maxinasiya ustaları

28.07.15 11:53 2117
Maxinasiya ustaları
Yunusova Leyla İslam qızının Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci, Yunusov Arif Seyfulla oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 152006032 №-li cinayət işi üzrə məhkəmənin baxış iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə, dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə 27 iyul 2015-ci il tarixdə, saat 10:30-da başlanmışdır. SİA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxs L.Yunusovanın müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, təqsirləndirilən şəxs A.Yunusovun müdafiəçisi Əfqan Məmmədov, zərərçəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak etmiş, yeni vəkil orderi təqdim etmiş Elçin Sadıqov L.Yunusovanın müdafiəçisi qismində işə buraxılmışdır. Bundan sonra təqsirləndirilən şəxs L.Yunusova çıxış edərək bir sıra vəsatətlər vermiş, müdafiəçilər məhkəmədən vəsatətlərin təmin edilməsini xahiş etmiş, dövlət ittihamçısı isə vəsatətlərin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif etmiş, məhkəmənin qərarı ilə vəsatətlər təmin edilmədən rədd edilmişdir. Bundan sonra müdafiəçi Ə.Məmmədov vəsatət verərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs A.Yunusovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmiş, müdafiə tərəfinə daxil olan digər şəxslər vəsatəti müdafiə etmiş, dövlət ittihamçısı vəsatətin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif etmiş, məhkəmənin qərarı ilə vəsatət təmin edilmədən rədd edilmişdir. Daha sonra dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsinə uyğun olaraq təqsirləndirilən şəxs L.Yunusovaya dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma və saxta sənəd hazırlama və istifadə etmə, A.Yunusova isə dələduzluq cinayətləri törətmələrinə görə elan edilmiş ittihamı elan etmiş, təqsirləndirilən şəxslər L.Yunusova və A.Yunusov ittihamın mahiyyətinin onlara aydın olmamasını və özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini göstərmiş, məhkəmə ittihamın mahiyyətini təqsirləndirilən şəxslərə elan etmiş və ifadə vermələrini təklif etmişdir. İlkin olaraq təqsirləndirilən şəxs L.Yunusova qısa sərbəst ifadə verərək A.Yunusovun özünün bir hesabından başqa hesabına pul köçürməsini, onun əməlində dələduzluq cinayətinin olmamasını bildirmiş, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin suallarını cavablandırmaqdan imtina etmişdir. Müdafiəçiləri tərəfindən ona sual verilməmişdir. Bundan sonra digər təqsirləndirilən şəxs A.Yunusova ifadə verməsi təklif edilmiş, sonuncu ifadə verməkdən imtina etmişdir. Bundan sonra məhkəmə iclasına dəvət edilmiş şahidlərin dindirilməsinə başlanılmış, iclas zamanı 11 nəfər şahidin dindirilməsi həyata keçirilmişdir. İclas zamanı Bakı şəhər İcra Hakimiyyəti Nəzarət şöbəsinin rəisi İsmayılov Zülfəli Üzeyir oğlu, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin mühasibi Hacıyeva Natəvan İbrahim qızı, “Qadın Krizis Mərkəzi”nin layihələrində həkim-psixiatr qismində iştirak edən İsa-zadə Azad Ağa Əhməd oğlu və “Azadlıq Hərəkatçıları” ictimai birliyinin sədri Novruzov Təhmasib Yüzasif oğlu ibtidai istintaq zamanı veridkləri ifadələrinə oxşar məzmunlu ifadələr vermişlər. Nahar fasiləsi ilə əlaqədar 13:00-da iclasda fasilə elan edilmiş, saat 14:00-da davam edən iclas zamanı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyinin sədri Səfərəliyeva Rəna Teymur qızı ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəni L.Yunusovanın üzünə qarşı bir daha təsdiq etməklə ittihamın mahiyyəti üzrə onu ifşa edən fikirlər səsləndirmiş, 2005-ci ilin sonlarından “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatı ilə əlaqəsini kəsdiyini, bütün səlahiyyətlərini, təşkilatın möhür və blankını L.Yunusovaya təhvil verdiyini, həmin tarixdən sonra təşkilat tərəfindən hər hansı donor təşkilatla qrant müqaviləsinin bağlanılmasından, təşkilatın hesablarına pulların köçürülməsindən məlumatının olmadığını, bütün bu işlərin L.Yunusova tərəfindən aparıldığını bildirmişdir. L.Yunusovanın ona bir neçə dəfə təkrarən “Təşkilatı mən idarə edirdim, sənə heç nəyin aidiyyəti yox idi, indi nədən zərər çəkmisən ki, burada zərərçəkmiş kimi nümayəndəyə etibarnamə vermisən, sənə ziyan dəyib?” - deyə verdiyi suala R.Səfərəliyeva cavab vermişdir ki, L.Yunusovanın hərəkətlərinin hüquqi araşdırılması ilə əlaqədar müəyyən edilmiş pozuntularla bağlı təşkilatın təsisçiləri çox narahatçılıq keçirmiş, ona yenidən təşkilata qayıdıb işləri icra etməsini bildirmişlər, bununla təsisçilərə böyük mənəvi ziyan dəymişdir. Digər tərəfdən, 2005-ci ilin sonlarından təşkilatdan faktiki ayrıldıqdan sonra təşkilat adından bağlanılmış heç bir qrant müqaviləsindən xəbəri, maliyyə məsələrinə isə aidiyyəti olmamışdır. Həmin müqavilələr təşkilatla xarici donorlar arasında bağlanılıbsa, təbii ki, bu gün donorlar qarşısında təşkilat məsuliyyət daşıyır. Bu səbəbdən “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatına maddi ziyan da dəymişdir. Bundan sonra iclasda “Humanitar Tədqiqatlar Cəmiyyəti” qeyri-hökumət təşkilatının sədri Həsənov Əvəz Yediyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. Daha sonra iclasa dəvət edilmiş “Unibank” ASC-nin və “Unibank” ASC-nin sənaye-texnika filialının əməkdaşları Şıxəliyev Ələddin Yavər oğlu, Babayeva Mehriban Yusif qızı, Abdullayev Müstəqim Seyfulla oğlu, Əli-zadə Nigar Xaqani qızı və Qəribova Nigar Fizuli qızı ibtidai istintaq zamanı verdikləri ifadələri ilə eyni məzmunlu ifadələr vermiş, onların ifadələri ilə müəyyən edilmişdir ki, L.Yunusova 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun cəmi 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixdə ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Yunusov Arif Seyfulla oğlu ilə həmin gün sonuncunun “Unibank” ASC-dəki şəxsi hesabına mədaxil edib, dərhal Çexiya Respublikasının Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı A.Yunusovun şəxsi bank hesabına köçürüb dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan sonra, məhkəmə iclasında sədrlik edən iş üzrə növbəti iclasın 28 iyul 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan etmişdir.
banner

Oxşar Xəbərlər