• cümə, 19 Aprel, 21:04
  • Baku Bakı 24°C

Mavi Xəzərin də turizm potensialından yararlanacağıq

25.04.17 12:00 1488
Mavi Xəzərin də turizm potensialından yararlanacağıq
Bu günlərdə Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, "Azərsu”, "Azərenerji”, "Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər. Mədəniyyət və Turizm NazirliyindənAZƏRTAC-a bildirilib ki, görüşdə Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var. Nazir ölkə başçısının Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadənin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamı diqqətə çatdırıb. Bildirib ki, Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.
Nazir ölkəmizdə mövcud olan çimərliklərin indiki vəziyyətindən söz açaraq, bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda, təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.
Əbülfəs Qarayev çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğunu bildirib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Eyni zamanda, vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb. Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.
Bəs görəsən görülən bu tədbirlər Azərbaycanda turizmin inkişafına hansı faydaları olacaq? Yeni yaradılacaq çimərliklər ölkəyə gələn turistlərin sayına təsir edəcəkmi?
İstədiyimiz infrastrukturu yarada bilsək...
"Luna Travel” turizm agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, bu addım nəinki gəlmə turizminə, hətta daxili turizmin də inkişafına böyük təkan verəcək: "Yerli turistlər adətən, yayda dincəlmək üçün xarici ölkələrə, Türkiyənin Antalya, Bodrum kimi çimərlikləri ilə məşhur olan şəhərlərinə üz tuturlar. Bunun da səbəbi çimərliklərin sayının az olması və digər problemlərlə bağlı idi. Nəticədə Azərbaycandan xeyli sayda turist axını xarici ölkələrə üz tuturdu. Bu qərarla artıq həmin turistləri öz ölkəmizə cəlb edə biləcəyik. Düşünürəm ki, layihəni həyata keçirə bilsək, qısa müddət ərzində turizm sahəsində xeyli inkişaf ola bilər. Belə çimərliklərin yaradılmasında əsas məqsədlərdən biri də məhz budur. Bizdə çimərliklərin yaradılması üçün geniş ərazi və əlverişli şərait var. Bu çimərliklərin ödənişsiz, yaxud ucuz qiymətə olması daha sərfəli olacaq. Bununla yanaşı, turizm şirkətlərinin proqramına bu çimərliklərin daxil edilməsi, ölkəyə gələn turistlərdə maraq yarada bilər. İstədiyimiz infrastrukturu yarada bilsək, növbəti üç il ərzində istirahət üçün ölkədən xaricə üz tutanları müəyyən qədər daxili turizmə cəlb edə bilərik. Təbii ki, bunun üçün müəyyən müddət tələb olunur. Hesab edirəm ki, 3-5 il ərzində buna nail olmaq mümkün olacaq”.
Hər cür imkanımız var
Millət vəkili Vahid Əhmədov bu addımı turizm sahəsinə göstərilən qayğı kimi qiymətləndirir: "Prezidentin imzaladığı strateji yol xəritələrində qeyri-neft sektorunun inkişafına diqqət xüsusi vurğulanıb. Bu sahələrdən biri də turizm sahəsidir. Turizmin inkişafı üçün bizim hər cür imkanımız var. Təbii ki, müəyyən problemlər hələ də qalmaqdadır. Düşünürəm ki, zamanla bu problemlər də həllini tapacaq. Turizm Nazirliyi bu məqsədlə bu günə kimi xeyli işlər görüb. Bu işlərin məntiqi ardıcıllığı olaraq, ölkəyə gələn turistlərin sayında son illər ərzində xeyli artım müşahidə edilir. Azərbaycana xarici turistlər tərəfindən böyük maraq var. Nəqliyyat və digər infrastruktur məsələlərinə diqqət ayrılır. Görülən bu tədbirlərin əsasında Azərbaycana daha çox turistin gəlməsini təmin etmək dayanır”.
Məqsəd turizmi sənayeyə çevirməkdi
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, bu həm də iqtisadi səmərəliliyi artıracaq: "Turizm sahəsində görülən bütün işlər və verilən sərəncamlar turizmin inkişafına birbaşa təkan verəcək amillərdir. Görülən işlərin nəticəsi olaraq, Azərbaycana gələn turistlərin sayında keçən illə müqayisədə bu il 20-25 faiz artım müşahidə edilir. Çimərlik turizmi ilə bağlı verilən bu qərar Azərbaycana gələcək turistlərin sayına öz müsbət təsirini göstərəcək. Ümumilikdə, gələn turistlərin sayında 25 faiz artım varsa, bu qərarla daha 10 faiz artım olacağı istisna deyil. Baxmayaraq ki, Azərbaycanda çimərlik mövsümü çox qısamüddətli davam edir. Hesab edirəm ki, ictimai çimərliklərin yaranması turizm sektoruna xeyli müsbət təsir göstərəcək. Lakin turizm təkcə bir istiqamətdən ibarət deyil. Onun müxtəlif sahələrinin inkişafı zəruridir. Məqsəd turizmi sənayeyə çevirməkdi. Məqsədimiz çoxşaxəli olaraq turizm sənayesini inkişaf etdirməklə, ölkənin turizm sənayesini formalaşdırmaqdır. Çünki Azərbaycan yüksək turizm potensiallı ölkədir. Belə bir sənayenin formalaşdırılması, yeni iş yerlərinin açılması həm də iqtisadi səmərəlilik baxımından əlverişlidir. İnsanlar üçün yeni imkanlar açılır. Eyni zamanda, ölkəmizin bu sahədə əldə etdiyi gəlirin miqdarı daha da artmış olacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər