• çərşənbə, 17 Aprel, 00:31
  • Baku Bakı 14°C

Materiya və antimateriyanın qarşıdurmasından doğan şeirlər

14.10.19 13:05 1213
Materiya və antimateriyanın qarşıdurmasından doğan şeirlər
Tuğrul Tanyol haqqında bu yazını yazmağa başlayanda düşüncəmi ilk olaraq "Necə oldu ki, Tuğrul Tanyolun poeziyasını tanıdım?” və "onu Azərbaycan oxucusuna necə tanıdım?” sualları məşğul etdi. Şeir haqqında, ədəbiyyat barədə çox az yazıları olan biri kimi deyə bilərəm ki, Tuğrul Tanyolun dolu, intellektual və əsrarəngiz poeziyasının özü, məni onu dərindən tanımağa və yazmağa vadar etdi.
Sonra bildim ki, Türkiyənin və dünyanın bir çox nüfuzlu poeziya mükafatlarına layiq görülmüş Tuğrul Tanyol təkcə şair deyil, İstanbul universitetində müəllim, professor, sosiologiya elmləri doktoru, bir sözlə müasir Türkiyə cəmiyyətinin ziyalı, kübar, ürək və təfəkkür zənginliyi hədsiz olan insanlarındandır. Onun yaradıcılığıyla əyani tanışlığım isə Artkaspi.az saytının rəhbəri Fərid Hüseynin bir gün mənə "Toplu şeirlər” adlı qalın bir kitab göndərməsindən başladı, mən də kitabdakı bəzi şeirləri ana dilimizə uyğunlaşdırmağa başladım. Fərid Hüseyn "Toplu şeirlər” kitabının kiçik bir qismini "sözün yeri dar, fikrin yeri geniş” məntiqindən yola çıxaraq, ana dilimizdə "Sən əlimdən tutanda” adlı kitabda çap etdirdi.
Tuğrul Tanyolun yaradıcılığında tarix də var, onun ayrı-ayrı hadisələri də; astronomiya da var, onun sirli aləmi də; rəsm də var, fırçanın sonsuz çalarları da; musiqi də var, yeddi not da; estetika da var, dünyanın gözəllikləri də; dərd də var, dərdin rəngləri də; mifologiya da var, mif qəhrəmanları da; din də var, dinin rəvayətləri də; insan da var, insanın iç dünyası da; təbiət də var, onun canlı və cansız aləmi, 4 ünsürü də; ölüm də var, onun tabloları da; materiya da var, antimateriya da, bir sözlə Yaradan və yaradılanlar bir təfəkkürün, ruhun və estetik qələmin məhsulu olaraq poetik dilə çevrilərək şeirləşib, əbədiləşib. Türkiyə ədəbiyyatında Tuğrul Tanyolu "imgeçi” şair kimi təqdim edirlər. Əsas anlamda "imge” bir məfhum, bir varlıq haqqında yaradılan təfəkkür məhsulu, xəyal gücünün ifadə formasıdır. Hisslə, dərklə əldə edilmiş varlıq haqqında bu ilk cizgi, bu ilk obraz məfhumun eynisinin, ya da onun təsəvvürdəki sehrli bir obrazının gizli labirintlərə sahib olan təfəkkürdə əks olunması, xüsusi biçimə girməsidir.
Tuğrul Tanyol şeirlərində özünü və sözünü gözəl ifadə edir və yazdıqlarını estetik tərzdə əbədiləşdirir. Əbədiləşmək hər sözün qisməti olmur, bu qisməti sözə və ya şeirə verən Allahın seçdiyi insanlardı.
T.Tanyolun yaradıcılığında hər şeirin öz çəkisi, öz söz yükü, öz sehri, öz aləmi, öz obrazları və poetikası var. Kitabı oxuduqca "söz dolu”sunun sehrinə düşmüş kimi oldum. Anladım ki, bu qalın kitab içi dolu kübar bir şairin, daxili dünyası zəngin bir insanın, intellektuallıq ziyasının nurunda aydın görünən bir imzanın, oxunduqca oxunmaq istəyən bir müəllifin kitabıdır.
Onun yaradıcılığında metafizika və dialektika qanunları, tarixə baxış, mifologiyaya dönüş, həyatın bütün dövrlərinə səyahət, sözün altqatına enmələr, sözlə məharətlə işləmə bacarığı, həyat həqiqətlərinin poetik dillə ifadəsi, verdiyi fikrə diqqətlə yanaşma taktikası, hər sözə nəvazişlə qayğı göstərmə duyğusu, misralarda heyranedici səliqəlilik, tarixdən bir dekor kimi yararlanma istedadı var. Mənə elə gəlir ki, Tuğrul Tanyolun şeirləri onun həm statistik, həm də dinamik taleyinin göstəricisidir. O, yazır və yazdıqlarında beyninin, ruhunun və fiziki bədəninin yaşantılarını, hiss etdiklərini, gördüklərini qələmə alır. Onun üçün heç bir kompleks yoxdur və o, komplekssiz təfəkkür şairidir. Akademik Nizami Cəfərovun "Telekanallarda milli-mənəvi dəyərlər”lə bağlı bir konfransda dediyi bir cümlə yadıma düşdü. O demişdi ki, bir insanın təfəkkürü varsa, onun nitqi də səlis və aydın olur. Bu sözü T.Tanyola aid edərək deyərdim ki, onun təfəkkürü yazdıqlarına hopub, yazdıqları onun beyni, ruhu və dolu qələmindən doyunca su içib. Doymuş şeirlər bitkin əsərlərə çevrilib. Tuğrul Tanyolun şeir anlayışının detallarına vardıqda bu poeziyanın üç məfhum, üç ana sütunun vəhdəti və yaddaşı üzərində bərqərar olduğunu gördüm: təfəkkür, ruh və estetik qələm. Onun şeirləri bu üç nöqtədən boy verib yüksəlir. Təfəkkür şeirdə elmiliyə, intellektuallığa, ruh lirizmə, estetik qələm isə bütün bildiklərindən, oxuduqlarından, gördüklərindən dekor kimi yararlanmağa imkan yaradır.
Tuğrul Tanyolun şeirləri sərhəd tanımır, bu şeirlərdə nə xəyal gücünün, nə dünyanın, nə də zamanın sərhədi var. Məsələn, "Bir ölüm gecəsi” şeiri coğrafiyaları aşaraq uzaq ölkələrə, uzaq paralellərə, meridianlara, "Xərçəng (və ya əqrəb) dairələrinə” qədər yol alıb gedir:

...İndi burada –
Somalili tənha uşaq
aclığın mükafatını gəzdirir
şişmiş ürəyində.
Afrikalı yorğun döyüşçünün
açıq qalmış gözlərində
ulduzlu bir azadlıq gecəsi –
vurulub qaldığı yerdə...

Əqrəb dairəsi ayaqlanıb,
sancır gecəni...

Türkiyə ədəbiyyatında T.Tanyolun şeir leksikonuna yanaşmada belə bir tendensiya mövcuddur ki, onun daha çox istifadə etdiyi sözlər - qaranlıq, səssizlik, gecə, axşam, ölüm, dərd, tənhalıq, qan, qorxu, payız, xəyanət, zaman, yanğın, kül, uçurum, tabut və başqa bu kimi bədbin kəlmələrdir (Qonca Özmen, Tuğrul Tanyol şeiri üzərinə bir çox qalın cizgi). Amma, T.Tanyol poeziyasında Tanrı, həyat, işıq, eşq, ana, sevgili, gül, uşaq, su, qadın, damcı və başqa bu kimi həyat enerjisi, nikbin əhval-ruhiyyəsi olan söz və ifadələr də çoxdur. Lakin, bu cür sözlərin də təməlində yenə bir insan ömrünün gördüyü, oxuduğu, dərk etdiyi, şahidi olduğu gəlimli-gedimli dünyanın keşməkeşli üzü əks olunur. Tuğrul Tanyol şeirlərində həmçinin antonimlər, təzadlar da yan-yana addımlayır ki, bu da onun dialektikasından xəbər verir. Məsələn, varlıq və yoxluq, qaranlıq və aydınlıq, ölüm və həyat, gənclik və qocalıq və sairə. T.Tanyolun şeirlərinin motivasiyası öz içindəki və ya əlindəki güc (qələm), sağlam düşüncəsi (təfəkkür) və ruhudur. "Qovuşmaq şeirində” yazır (T.Tanyol. Sən əlimdən tutanda, Bakı: 2019, s.63):

Ah, nə etməli bu həyatla!
Keçdiyim yollar açdığım qapılardı,
bağlandı arxamca...
Titrək bir işıq başımın üstündə...

Anladım! Tənhalaşdıqca
insan bir az daha
bənzəyir Tanrıya...

İşığın titrəkliyi onun sönə biləcəyinə, cəmiyyətdəki ziya işıqlarının nədənsə azalmasına, yaxud qapadılmasına, insanın tənhalaşması isə onun daha da mükəmməlləşməsinə, özündən ayrılıb Tanrıya bir addım daha yaxınlaşmasına işarə kimi səslənir. Demək ki, arxanca qapılar bağlanarsa, ya da üzünə qapılar açılmazsa, "üzülmə insan, özünə çəkil və daha dərindən düşün, daha güclü ol, ayrıl özündən və Tanrıya yaxınlaş” deyir sanki. T.Tanyolun şeirlərində həyat həqiqətlərinin, zamanın, cəmiyyətin insan övladına verdiyi acılar və onların təzahürü əks olunur. Bu mənada T.Tanyolun şeir leksikonunun əsasında (karamsar) pessimist sözlərin dayandığını söyləyənlərə haqq qazandırmaq olmaz. Bu söz və ifadələr bir şairin həyata və zamana ironiyasıdır, əslində. Şeirlərdəki söz və ifadələr, bənzətmələr, simvollar o qədər canlı və təbiidir ki, bunlar bizə, onun gerçək aləmi dərkinin ipuclarını rahatca tutmağa imkan verir. Burada da T.Tanyolun "imge”çilik gücünü açıqca görürük. O, sözlərə daha əvvəl yüklənməmiş bir məna yükləyir, çəkmək istədiyi şeiri, bəzən Klod Monenin ani təəssüratlarının ötəri, lakin daxili vəhdət və əlaqədə verdiyi impressionist əsərləri kimi qeyri-adi, bəzən Van Qoqun postimpressionist tabloları kimi tutqun, bəzən Leonardo da Vinçinin rəsmləri kimi aydın, bəzən də Mikelancelonun Musası kimi sanki qanlı-canlı şəkildə gözümüzün önünə gətirir.
Bir də onu deyək ki, Tanrının ona verdiyi maraqlı və faydalı ömrü yaşayan Tuğrul Tanyol hər yaşın ayrı bir sehri olduğunu dərk edən, həyatının hər yaşını xüsusi ehtiramla qəbul edən və hər yaşda yaşadıqlarını yaşına görə dərindən anlayan və yazan şairdir. Tuğrul Tanyolun öz açdığı yolu var və bu yol fərqlidir, onu başqalarından fərqləndirəndir.
Onun şeirlərinin poetik obrazları müasir təfəkkür şairi olsa da, klassik ədəbiyyatdan sızma duruluqlarla da zəngindir, güvənlidir, etibarlıdır. Məsələn, M.Füzulinin "Su” qəsidəsindən sonra "Su qəsidəsi”ni yazmaq cəsarəti şairin təfəkkür özgüvənini açıqlayır:


Suya baxmağın öz yorğunluğu var...
Çünki gözlərinə hopar su.

Suyun dəsmala hopması onu ağırlaşdırır, dəsmalın bir haldan (quru) digər hala (yaş) keçməsinə, məzmununun qismən dəyişməsinə səbəb olur. T.Tanyolun "Su qəsidəsi”ndə suyu canına çəkib ağırlaşan və yorğunlaşan dəsmal deyil, gözdür. Su ona baxan gözlərə hopduqca, gözlər ağırlaşır. Dolayısıyla suya baxan şairin gözləri su qədər durulur, yaşarır:

Sudan bir şala bürünərsən,
Suda gəmilər üzər – üzü açıq.

Suyu şal kimi bürünmək insan məhrəmliyinin suyla örtünməsidirsə, su şəffaf olduğundan həm də insanın durulaşmasına işarədir. Gəmilərin suda üzüaçıq üzməsi zamanın heç bir şala bürünmədən keçməsinə, beləcə insanın günahlardan təmizlənərək üzüağ gələcəyə doğru getməsinə işarədir.

Suyu cızan əlimiz bir ülgücdür bəzən,
Suyu kəsib qollara ayırar.

Əlin ülgüc şəklində təsviri, əslində, insanın təbiətə müdaxiləsi, müdaxilə nəticəsində doğallığın, doğmalığın qeyb olması, əl dəyən çayın qollara ayrılması isə insan-təbiət münasibətlərinin poetik dillə ən gözəl təsviridir. Eyni zamanda suyun qollara ayrılması "ayırıcılıq” effekti kimi də səslənir. Məsələn, Araz çayının o taylı bu taylı Azərbaycanı iki sahilə və iki bir-birindən ayrı düşmüş qollara ayırması kimi.
"Toplu şeirlər”dəki ilk şeirdə qaranlıqdan, onun yaratdığı zülmətdən yazan şairin "Bəyaz at” şeirində deyilir:

Zülmət şəhərləri gəzdim səssizlikdə,...
Bəyaz bir at kimi gözdən itərkən ömrüm.

Şair qapqaranlıq şəhərdə bəyaz at təsvir etməklə dünyanı qaranlıqdan işığa çıxaracaq gücü, yəni muradı göstərmək istəyir – "At muraddır”. Ağ at getdimi, bütün şəhər öz qaranlığında boğulacaq. O, həmçinin bu şeirlə bir göz qırpımında ötüb keçən dövranın amansızlığını, gəncliyində yaşadığı qaranlıq illəri, zamanın ildırım sürətini və gəncliyində yetdiyi və yetmədiyi arzularının qaldığı mübhəm məkanları təsvir edir. Bu şeirdə zaman və məkan məfhumu, eləcə də bəyaz at simvolik anlamda işıqla qaranlığın, xeyirlə şərin mübarizəsidir. Şair şeirlərinin hikmət gözünə öz fəlsəfəsini qatır.

"Noyabr sərxoşluğu” şeirində:

Yarpaqlar ağaclarını tökürlər,
Saçları bir qadını.
Bir adam
masaya tökür duyğularını...

Bu şeirdə 3 real obraz: ağac, qadın və tənha bir kişi, dördüncü olaraq isə şairin özü var. Payız gəldimi ağaclar yarpaqlarını tökməz, bəlkə "yarpaqlar ağaclarını tökərlər” düşüncəsi çıxır ortaya bu şeirdə. Bəlkə, yarpaqlar ağaclara aid deyildi, ağaclar yarpaqlara aid idi. Və nəhayət dərd də adama aid deyildi, adam bütünlüklə dərdə aid idi. Ömrün payızında isə "saçları bir qadını” tökər. Saçları ağaran qadın hər güzgüdə ağaran saçlarını gördükcə, gəncliyinin getməsinə heyfslənər, təəssüflənər. Bu təəssüf hissi hər gün bir az daha üzər qadını. Əslində, qadının saçları tökülməyib və yerindədir, amma tökülən ömrü və gəncliyidir. Şeirin başqa bir yerində eyni hadisə eyni şəkildə təsvir olunur, amma fərqli anlam daşıyır:

Noyabrdı...
Ağaclar tökürlər yarpaqlarını,
Bir qadın oturub üzbəüz pəncərədə,
tökür sarı saçlarını...

Noyabrda bir adam
lül-qənbər,
axtarır masada
çoxdan bəri
itirdiyi duyğularını.

Şeirin burdakı ilk iki misrası fərqli deyilsə də, əvvəlki mənasını saxlayıb. Amma sonrakı iki misra artıq payız içində yeni bahar yaşayan qadın və onun gur saçlarıdır. Bir qadın sarı saçlarını çiyninə töküb, gənclik ehtirası və gözəlliyi hiss edilir. Sarı yarpaqlar ağacın son yarpaqları, torpağa tökülüb qarışacaq. Sarı saçlar isə əksinə çiçəkləyən bir qadının gözəlliyi kimi təsvir edilib. Noyabrdakı tənha adam isə içkili olduğundan itirdiklərinin ağrısını hiss etmir artıq və mənən o da tükənir. Şeirdə ara-sıra "mənsə...” kəliməsiylə verilən misralar isə şairin özünün bu şeirdə olduğunu açıq göstərir. T.Tanyol şəxsi yaşantılarıyla cəmiyyətin hər bir fərdinin yaşantılarını ümumiləşdirən şeirlərində həm özünün dramını yazır, həm də özgənin. Bu özgələr özündən sonrakı digərləridir, yaxınlardır, yadlardır, özgə olduqları qədər də oxşar yaşantıları etibarilə doğmalarıdır. Qısacası, şair özgənin dərdiylə dərdlənməyi bacarır. Nəhayət sonda:

Mənsə,
yarpaqsız, qadınsız
və yalnız
bir axşamı töküb ürəyimə
səhərə kimi
küləkdə gəzəcəyəm...


Bəlkə də, şeirdəki üçüncü obraz, yəni tənha kişi, elə şairin özüdür.
"Paul Valeri deyir ki, ilk misra Allah vergisidir. Şeirin sonuna doğru getmək, ilk misranın yolunu kəsmədən fikri davam etdirmək çox çətindir” (T.Tanyol. Sən əlimdən tutanda, s.114) – deyən şair bu fikri öz şeirlərinə tətbiq edərək ilk misrasından son misrasına qədər şeiri bir xalça estetikliyi ilə toxuyur. Şairin əlindəki həvə (həvə - xalça toxuyarkən istifadə olunan alət) isə onun estetik qələmidir.
T.Tanyol şeirlərindəki daxili tənhalığını çox sevir, bu tənhalıq ona yazdıran ən başlıca gücdür, məncə. Tənhalıq onun şeirlərində adamayovuşmazlıq və ya "karamsarlıq” sindromu yox, güc və stimul sindromu təsiri bağışlayır.

Mən unutmağı
Özümdən öyrəndim, doğrudur...
Heç kim yox idi, suyu öpdüm,
Tənhalığım ağrıdı.

Başqa bir şeirdə - "Çərşənbə axşamı” şeirində deyilir:

Siqaretimin dumanı halqa-halqa,
Qələmim kölgə olmuş əlimdə.
Başım üstündəki işıq yanır-sönür hərdən.
Heç belə bir aydınlıq gördünüzmü?

– misralarındakı işığın yenə də titrəkliyi, yanıb-sönməsi məqamı diqqət çəkir. Sanki, həmin işığın zəifləməsindən, ya da sönməsindən ehtiyat edir. T.Tanyolun şeirlərində bir daxili təlatüm, narahatlıq, dünyadan və insanlıqdan nigaranlıq hiss edilməkdədir. Bütün bunlar bizi yenə eyni düşüncəyə gətirib çıxarır: beyin, ruh və estetika vəhdəti. O, fikrindəki informasiyalar bolluğundan, ruhunun narahat məqamlarından və cisminin yaşadıqlarından qaça bilmir. Qələminin hörgüsü bu üç məqamın, bel sütununun üzərində bərqərar olub. O, təkcə təfəkkür şairi deyil, deməli, həm də ruh şairidir. Şair halqa-halqa yayılan siqara dumanlarıyla mələklərə işarə edir. Xristian mədəniyyətində mələklər başında nur halqayla təsvir olunur. Ona görə də, bizim şairimiz başında yanıb-sönən ilham lampasıyla, siqaret dumanından yaranan halqayla dərd yüklü mələk şairdir. "Sehr bitdi” (Büyü bitti) şeirində də həmin halqadan söz açılır:

Sehr bitdi, ilan özünü sancdı
Özünü - öz balasının dişləriylə
əqrəb gecəyə qayıtdı, alovdan bir halə oldu
bir həvari oldu, bir şair, peyğəmbər.

Yazımın sonunda bəhs etdiyim "Sehr bitdi” şeiri T.Tanyolun elmi-metafizik, dini, tarixi və fəlsəfi təfəkkür qatlarından gələn şeirlərindəndir və təkcə bu şeirə Türkiyə tədqiqatçılarından Elif Öksüz Günəş (Bilinç Kazanan İmgeler: Tuğrul Tanyolun büyü bitti şiiri, Uluslararası Türkçe Edebiyat Kültür Egitim dergisi, sayı: 7/3, 2018) 15 səhifəlik bir məqalə həsr edib. Mən də bu şeirin anlamını və şairin demək istədiyi tarixdən, dindən, doksoqrafik (dinlərə, məzhəb və təriqətlərə aid ədəbiyyat) və agioqrafik (müqəddəslərin həyatından bəhs edən ədəbiyyat) ədəbiyyatdan, mifologiyadan gələn həqiqətləri açıqlamaq istərdim. "Sehr bitdi” şeirində ovsunların, sehrlərin açılması, dinin arxa plana atılması, müasir və modern düşüncənin hakimiyyəti, hər şeyin özünə yadlaşması, yarımçıq qalması, insanın bütün dayaq nöqtələrinin boşluğa dönməsindən bəhs olunur. Şeirdə bəhs olunan hadisə və olayların sürəti, modern dünyanın davamlı olaraq yeni bir quruluşa doğru sürüklənməsi əks olunan bir qrafik qurulub. Və bu qrafik poetik dillə yığcam, səlis və aydın; tarixilik baxımından ardıcıl, dövrləşmələrlə, amma akademik tərzdə oxucuya ötürülür. Sonda oxucuya "möhtəşəm alınıb” demək qalır. "Sehr və ya fal bitdi” bir də o deməkdir ki, "yenidən yaşanması mümkün olmayanların dövranı bitdi daha”. Bunu deyən şair ardınca həyatın hər anı sehrlidir deyərək yeni yaşlarının sehrində yaşamağa davam etmək niyyətini açıqlayır. Buradan bir nəticə də hasil olur ki, T.Tanyolun şeirləri təfəkkür və intellekt insanları üçün daha gözəl anlaşılandır. Şair bu şeirdə "Tanrı sevgisinin yerini həmrəylik, vicdanın yerini qayda və hüquq qanunlarına hörmət, Peyğəmbərin yerini isə hüquqçular və idarəçilərin aldığını demək istəyir. Hər şeyin mərkəzinə ağıl və bilik yerləşdirilir. Ağıl və biliyin yaratdığı şəhər həyatı qələbəlik, gurultu, texnologiya, sənaye və sürət bütünləşir. Bu sürət, eyni zamanda qələbəliklər içində tənha qalan fərdləri, şəxsləri də doğurur” (Elif Öksüz Günəş, Bilinç Kazanan İmgeler: Tuğrul Tanyolun büyü bitti şiiri., ...2018). Elif Öksüz Günəş xanımdan sonra bu şeirin təsrifinə ehtiyac görmürəm və şeirin özünü Azərbaycan türkcəsində təqdim edirəm:

SEHR BİTDİ

sehr bitdi, suyu dolaşdıran qayıq
incə qabığına çəkildi gövdəsinin
daş düşmədi daha, meyvə ağacında soldu
qadın olmadan yaşlandı sevgilimiz.

sehr bitdi, budur dəniz, daha on dörd günlük
ay buludsuz bir gecədə yuxusuz bir adam kimi qaçmaqda
ulduz üşüməsi bu, ağacın əksi
qəlbinə düşən bir şey kimi, sanki kimi, bəlkə

kimiydi və bitdi, yatan oyandı və gördü
görünməyən göründü, səs əks-sədasından qorxdu
kölgə sahibsizdi, qartal ovunu tapdı
sürətini azalda bilməyən bir tülkü balasının gizləndiyi yerdə

sehr bitdi, yaşlı adam onu çağıran səsə döndü
orada gənc olmağın ümidiylə yenidən öldü
işıq bütün rənglərinə min-min kərə bölündü
min-min kərə bağırdığımız sözlərimizlə dolub daşan mağara

qapandı dağ oldu, çıxmayan fallarn çöküntüsü
saralan ümiddi, uçub getdi
və açılmayan yollar birdən açıldı
amma nə bir kəs geri gəldi, nə bir səssiz gəmi

sehr bitdi, ilan özünü sancdı
özünə sancılan balasının dişləriylə
əqrəb gecəyə qayıtdı, alovdan bir halə oldu
bir havari oldu, bir şair, peyğəmbər

sarğını çıxardı, kürkünü sovurdu
önündə açılan yoldan Hiraya qədər
geçdiyi çöldəki bitkilər
yenidən su buldu

sehr bitdi, Tanrım, budur səni tapdım
görünməyən göründü, səs əks-sədasından qorxdu
şəhərin və insanların arasında
ilğım gerçəyə döndü, var olan yox oldu

Sehr bitdi, sən onu görmədin
Onsuz da dərindi düşüncə
düşdümü
düşəcək düşüncə...


Burada klassik fizikanın daha bir qaydasını xatırladıq: "Hər şey heçdən yaranıb və sonunda da heçliyə çevriləcək”. Bir məlum həqiqət var ki, həqiqi ədədlər sonsuzdur. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa doğru uzanan, sonu bilinməyən bir xətt (koordinat xətti) var. Sonsuzluğun nə olduğunu burda izah etməyəcəyik, amma təsəvvür edin ki, sona çatdınız. Bu qədər rəqəm var, amma əlinizdə sadəcə sıfır qalacaq. Çünki, bütün rəqəmlər bir-birini yox edəcək: 1 ilə - 1, 2 ilə -2, 3 ilə -3 və sonsuz bu cür proses. Həm də -1+1=0 məntiqi də var. Nəticə sıfır, yəni heçlik. T.Tanyol da "Büyü bitti” şeirinin sonunda bunu demək istəyir: öz psixoloji və ruhsal ölümünü reallaşdıran insanın "var etdiyi” şey "heç”dir, "heçlik”dir. Yəni, dünya ikicə rəqəmdir - əvvəli bir, sonu heçdir məntiqi. Materiya və antimateriyanın qarşıdurmasından doğan hadisələr onu bütün yaradıcılığı boyu izləyir.

Həyat Şəmi
banner

Oxşar Xəbərlər