• cümə, 29 Mart, 18:31
  • Baku Bakı 14°C

Masallıda quruculuq işləri davam edir - Fotolar

16.05.17 14:00 3770
Masallıda quruculuq işləri davam edir - Fotolar
Bəzi versiyalara görə, Masallı rayonun adı masal-nağıl mənasını verir. Masal kimi, nağıl kimi yer hesab olunub bu məkan. Ancaq rayonda son illər baş verən dəyişikliklər elə nağıllarda olduğu kimidir. Masallı rayonu ilbəil, aybaay yox, günbəgün dəyişir. Ölkəmizin regionlarında baş verən sosial-iqtisadi inkişaf Masallının da dəyişən görkəmində öz təsdiqini tapır. Biz də bunu həftə sonu ölkənin tanınmış media təmsilçilərinin daxil olduğu qrupun tərkibində rayona səfərimiz çərçivəsində əyani olaraq gördük.
"ASAN xidmət” yox, "ASAN həyat”
2016-cı ilin sentyabr ayında rayonda regional "ASAN xidmət” kompleksi istifadəyə verilib. Ancaq bunu "ASAN xidmət” yox, "ASAN həyat” adlandırmaq daha doğrudur. Bu kompleksin bir çox üstün cəhətləri var. Rayon və bölgə əhalisi burda həm dövlət qurumlarının göstərdiyi xidmətlərdən yararlana, həm də asudə vaxtlarını əyləncəli şəkildə keçirə bilərlər. Kompleksdə 4 mərtəbəli inzibati bina və 6 ictimai iaşə obyekti cəmləşib.
Mərkəzdə 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə də xidmət göstərir. Burada 250 nəfər işlə təmin olunub. Hər gün təxminən 1500 vətəndaşa xidmət göstərilir. Bura müraciət edən insanlar yüksək standartlara uyğun xidmətlə yanaşı, eyni zamanda istirahət və əyləncə imkanlarından da istifadə edirlər. "ASAN həyat” kompleksində Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, "ABAD mərkəz”, "ASAN brend” dükanı və "ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyət göstərir.
"ABAD”ın perspektivi
Xüsusilə qeyd etmək lazımdır ki, "ASAN həyat”ın nəzdində yaradılan "ABAD mərkəz”i olduqca perspektivli layihədir. Ailə Biznesinə ASAN Dəstək (ABAD) layihəsi çərçivəsində ailə biznesinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsi həyata keçirilir. Əsas məqsəd regionların sosial-iqtisadi inkişafını təmin etməkdən ibarətdir. Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə, qablaşdırma, dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Ailələr müasir istehsal avadanlıqlarına malik konteynerlərlə təmin olunur. Bu avadanlıqların köməyi ilə konteynerlərdə pendir, ət məhsulları, tərəvəz, meyvə çeşidlərinin emal edilməsi, ölkədə ilk dəfədir ki, tətbiq olunur. Artıq qısa zaman ərzində 6 ailə belə konteynerlə təmin olunub. Onu da vurğulayaq ki, konteynerlər vətəndaşların öz həyətlərində quraşdırılır. Məhsulun qablaşdırılmasından tutmuş, onun satışının təşkilinə qədər bütün xidmətləri "ASAN xidmət” öz üzərinə götürür. Vətəndaşdan yalnız sağlam qida üçün sağlam xammal istehsal etmək tələb olunur.
Masallının da bulvarı olacaq
Masallı rayonunda yenidənqurma işləri bütün sahələri əhatə edir. Əhalinin istirahətini təmin etmək də prioritet vəzifələrdən biridir. Hazırda rayonun mərkəzini iki hissəyə bölən Viləş çayı boyunca bulvar-park salınır. Çayın hər iki sahilini əhatə edəcək bulvar-parkın uzunluğu 6,5 km olacaq. Bulvarda insanlara xidmət göstərmək, onların istirahətini mənalı və əyləncəli etmək üçün iaşə obyektləri, idman meydançaları salınacaq. Uşaqların əylənməsi üçün də xüsusi oyun meydançaları quraşdırılacaq. Hazırda-parkın salınması üçün torpaq yatağının işlənməsi, çay məcrasının betonlaşdırılması və ağacların əkilməsi prosesi həyata keçirilir. Park Masallının mərkəzindən Bayraq Meydanına qədər uzanacaq.
Tarixə və incəsənətə diqqət
Tarix Diyarşünaslıq Muzeyi və İncəsənət Mərkəzi də ötən ilin sentyabrında istifadəyə verilib. Masallının qədim tarixini özündə əks etdirən eksponatlar uzun müddət Hişkədərə kəndindəki qəzalı binada yerləşmişdi. İndi bu eksponatlar müasir tələbələr cavab verən muzeydə saxlanılır. Bu muzeydə Masallının qədimliyi ilə müasirliyinin vəhdəti yaradılıb. 620 yerlik İncəsənət Mərkəzində isə uşaqlar müxtəlif janrlar üzrə təhsil alırlar. Burda rəqs, musiqi, heykəltəraşlıq, rəssamlıq bölmələri fəaliyyət göstərir.
Çəltiyi, çayı əvvəlki şöhrətini qaytaracaq
Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov bildirdi ki, Masallıda görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan işlərin tərkib hissəsidir. Masallı rayonu indi islahatların əsas mərkəzlərindən biridir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Azərbaycan Respublikası Prezidenti 11 aprel 2017-ci ildə "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam Azərbaycanda kənd təsərrüfatının, bütövlükdə aqrar sahənin inkişaf etdirilməsinə yönəlik direktiv sənəddir. Hazırda rayonda çayçılığın, xüsusilə də çəltikçiliyin inkişaf etdirilməsi üzrə layihələr icra edilir. Masallıda ötən əsrin 60-cı illərinin sonlarına qədər çəltik əkilib. Sonradan itən bu ənənə hazırda bərpa edilib. Çayçılığın inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Sovetlər vaxtı Masallı faraş kələm istehsalı ilə ixtisaslaşmışdı. Amma sonradan bu sahə də arxa plana keçmişdi. Hazırda rayonda faraş tərəvəz istehsalını bərpa etmək üçün hazırlıq işləri görülür. Kələm ixracını həyata keçirmək üçün Rusiya ilə müqavilə də bağlanılıb. Rayon rəhbərliyi bu sahələri inkişaf etdirməklə, Masallı çəltiyinin, çayının, kələminin əvvəlki şöhrətini qaytarmaq niyyətindədir. Görülən bütün işlər isə son nəticədə, insanların sosial rifahının yüksəldilməsinə istiqamətlənib.
Fuad Abasoğlu






banner

Oxşar Xəbərlər