Masallıda payız ağacəkmə kampaniyası keçirilib

Masallıda payız ağacəkmə kampaniyası keçirilib

Təfsilat
14 Dekabr 2019, 17:45 166
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası dekabrın 14-də Masallı rayonunda davam etdirilib.
Trend-in məlumatına görə, elm xadimlərinin, kənd sakinlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı rayonun Güllütəpə kəndinin yaxınlığındakı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, toxumlar səpilib.
Ağacəkmədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, meşəbərpa tədbirləri həyata keçirməklə təbiətə töhfə verilir:
"Həm də ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik".
Ağacəkmə aksiyasında iştirak edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkib: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki ağac əkdiyimiz ərazi kəndə çox yaxındır. Bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar bəhrələndikləri meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində ağacların əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk.
Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Sevindiricidir ki, bu gün onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları davam etdirilir".
Ağacəkmə aksiyasında iştirak edən ətraf kəndlərin əhalisi də meşə ərazilərinin genişləndirilməsini xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.
Rayon sakini Ülviyyə Dadaşova ağacəkmə aksiyasına ailəsi ilə birgə qoşulduğunu deyib: "Qonşu kənddən gəlib aksiyaya qoşulmuşuq. Sevinirəm ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra həm ağacların meyvələrini dərəcəyik, həm də əkdiyimiz ağacların kölgəsində dincələcəyik".
Rayon ağsaqqalı Sərhat Məmmədov yerli sakinlərin aksiyaya həvəslə qoşulduğunu vurğulayıb: "Hər birimiz əkdiyimiz ağacla rayonumuzun meşəsinə töhfə vermiş olduq. Söz veririk ki, meşəni də, əkilən ağacları da gələcək nəsillər naminə qoruyacağıq".
Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarınin salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açılıb, bundan sonra da ölkədə meşə ilə örtülü ərazilərin miqyasının genişləmdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.