• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 16,1 faiz artıb

12.02.19 17:49 740
Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 16,1 faiz artıb
2018-ci ildə Masallı rayonunda ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 1,2 faiz artaraq 842,2 milyon manat təşkil edib. Bu dövrdə sənaye məhsullarının həcmi 1,6 faiz artaraq 56,2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 16,1 faiz artaraq 161,8 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 0,7 faiz artaraq 86,1 milyon manata çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 12-də Masallı Rayon İcra Hakimiyyətində keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ötən il rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurlara həsr olunan videoçarxa baxıblar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2018-ci il rayonda sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub. Qeyd olunub ki, sentyabrın 18-də Prezident İlham Əliyevin Masallıya növbəti səfəri ötən il rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə kimi yadda qalıb. Həmin səfər zamanı dövlətimizin başçısı bir sıra sosial obyektlərin açılışında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Vurğulanıb ki, ötən il Masallı Sənaye Məhəlləsi, "Masallı nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan, 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib, Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində tikinti işləri davam etdirilib.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Xallıcallı kəndində 96, Təkdam kəndində 80 şagird yerlik modul tipli məktəb binalarının tikintisi başa çatdırılıb, Gəyəçöl, Şıxlar və Bala Təklə kəndlərində isə məktəb binalarının tikintisi davam etdirilir. Bu dövrdə rayonun 23 səhiyyə müəssisəsi yenidən qurulub, o cümlədən hər biri 15 çarpayılıq olan Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib, 19 həkim və tibb məntəqəsi, 240 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq istifadəyə verilib.
Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılıb. Bu məqsədlə Viləşçay Su Anbarında su təmizləyici qurğu, eləcə də 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla 9145 su sayğacı quraşdırılıb, Muğan zonasında yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb.
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 460 abonent olan Güllütəpə və 324 abonent olan Tatyan kəndlərinə təbii qaz xətləri çəkilib.
Məruzədə qeyd edilib ki, 2018-ci ildə rayonda aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb. Rayonda ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrin genişləndirilməsi və aqrar sahədə kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilib. Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektarda yeni sitrus (naringi) bağları, Köhnə Alvadı kəndi ərazisində 1 hektar mandarin və Güllütəpə ərazisində isə 3,2 hektar yeni fındıq bağları salınıb. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində "Azərsun-Holdinq” tərəfindən yeni salınan çay sahələri 100 hektara çatdırılıb.
Məruzə ətrafında çıxış edənlər ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev 2018-ci ildə ölkəmizdə, o cümlədən Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Yığıncaqda Azərbaycan Prezidentinin 2018-ci il 25 dekabr tarixli Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidməti olan Xıl kənd sakini İlqar Dadaşova 2-ci dərəcəli "Əmək” ordeni təqdim olunub, rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna isə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
banner

Oxşar Xəbərlər