Masallıda icra başçısı-vətəndaş görüşü
Rafil Hüseynov kəndləri
gəzər, problemləri öyrənir, təklifləri dinləyir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev çıxışlarında vurğulayır ki, yerli icra orqanları
vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: "Yaddan çıxarmamalıdırlar
ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar
vətəndaşlara xidmət edirlər... Mənim bölgələrə çoxsaylı səfərlərim və
vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki
vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihə məhz
vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə, daim bu təmas olmalıdır
ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll
olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”.
Ölkə rəhbərinin tapşırığını
əsas tutan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hər
həftənin I günləri virtual, II günləri RİH-də, III günləri isə səyyar qəbulları
zamanı vətəndaşların müraciətləri diqqətlə araşdırılır və əsasən operativ həll
edilir. Bu da təkrar müraciətlərin yaranmasının qarşısını alır və vətəndaşlar
tərəfindən böyük razılıqla qarşılanır. Kənd və qəsəbələrdə keçirilən səyyar
qəbul-görüşlərdə çıxış edənlər, hər hansı bir məsələ ilə bağlı fikir
söyləyənlər, şəxsi problemlərini dilə gətirənlər inanırlar ki, Rafil müəllimə
hər kəs sözünü deyə bilər. Və dediyimiz kimi, hər hansı bir məsələ nəticəsiz
qalmır; sənədləşir, videoya alınır və nəticəsi barədə növbəti görüşlərədək
vətəndaşa məlumat verilir. Rayon rəhbəri bilir ki, hər sözün, hər müraciətin
arxasında insan taleyi dayanır... Hər bir müraciətə həssaslıqla yanaşan icra
başçısı, şübhəsiz, belə şikayətlərin operativ və qanun çərçivəsində həllinə
çalışır. Başçı həmin şikayətlərin yerindəcə həllinə nail olmaq üçün evlərdə
görüşlərin keçirilməsinə üstünlük verir.
Son 5 ildə rayon icra
hakimiyyətinin səyyar qəbullarında 1400-ə yaxın vətəndaşın 2002 arzu və təklifi
dinlənilmişdir.
Cari ilin may ayından
başlayaraq Masallı RİH başçısı və aparatın məsul işçiləri müntəzəm olaraq kənd
və qəsəbələrdə sakinlərin evlərində olur, onlarla görüşürlər.
RİH başçının evlərdə
keçirdiyi ilk belə görüşlərindən biri Ərkivan qəsəbəsində olub. Qəsəbə sakini
Nahidə Cahangirovanın evində qonaq olan başçıya ev sahibi ünvanlı sosial yardım
(ÜSY) almaması, payıbəlli torpağının olmaması, qızı Zəhranın serebral iflic
xəstəsi olması, ona pensiya verilməsinə kömək göstərilməsini, həmçinin qız
övladına görə patronajlığın təyin olunmasını xahiş etmişdir. Başçı müraciət edən
qadını diqqətlə dinləmiş, ÜSY barədə elektron müraciət olunmuş, sağlamlıq
imkanları məhdud uşağa müavinət təyin edilmişdir. Bu ilin aprelin 1-dən hər ay
əlli manat pul vəsaiti patronajın hesabına köçürülür.
Qəsəbədə digər 4 nəfərin -
Fariz Cahangirov, Cəsarət Səfərov, Təranə Məmmədhüseynova və Xumnaz Rəhimovanın
da evlərində olan başçı, onların da müraciətini dinləyib.
Fariz Cahangirov kənd
təsərrüfatı ilə məşğul olmaqdan ötrü kreditin götürülməsinə kömək
göstərilməsini xahiş etmişdir. Vətəndaş DAİM-də qəbul edilərək, ona müvafiq
banka müraciət etmək tövsiyə olunmuşdur.
Kanalizasiya çəkilərkən Cəsarət Səfərovun evində çatlar əmələ gəlib.
Özü xahiş etməsə də ona işlətmək üçün inşaat materialları və maddi kömək
göstərilib.
Xumnaz Rəhimova qəsəbədə yeni
məhəllədə yaşayır. O, yaşadığı evə 300 metrlik qaz xəttinin çəkilməsini xahiş
etmişdir.
"Azəriqaz"la rəsmi yazışma zamanı məlum olmuşdur ki,
podratçı şirkətin səhvi üzündən xanımın yaşadığı evə qaz xətti çəkilməmişdir.
Çox təəssüf ki, "Azəriqaz"ın süründürməçiliyi hələ də davam edir.
Masallı RİH başçısı
Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə getmişdir. O, icra başçısına,
oğlu Nurlanın serebral iflic xəstəsi olduğunu demiş, qayğılarından danışmışdır.
Valideyn əlil arabası, patronajın təyini, evinin cari təmir məsələləri və
dərman preparatı ilə bağlı müraciəti etmişdir. Valideynin arzusu yerinə
yetirilmiş, oğluna əlil arabası verilmişdir, dərmanla təmin olunmuş, digər
xahişi yerinə yetirilmişdir.
Rayon rəhbərinin
vətəndaşlarla şəxsi evlərdə keçirilən görüşlərindən biri iyulun 25-də Boradigah
qəsəbəsinin Mollaoba ərazisində olmuşdur. Mollaoba öz müasirliyi və yeni
tikililəri ilə fərqlənən abad və müasir kəndlərdəndir. RİH başçısı adəti üzrə
heç kimə xəbər vermədən, bəzi evlərə getmiş, qapıları döymüş, ailələri narahat
edən məsələləri dinləmiş, bəzilərinin operativ həllinə nail olmuşdur.
RİH başçısının növbəti görüşü cənab Prezidentin tapşırıq və
tövsiyəsinə gözəl nümunədir. Rafil müəllim kəndin ağbirçəyi Məhəddisə Əhədova
ilə görüşüb. İlin əvvəlində vətəndaş üçün fərdi ev tikilsə də, o, yeni ocağa
köçə bilmirdi. Həmin evdə işığın, qazın olmaması, köhnə evə qazın rezin şlanqla
uzaq məsafədən çəkilməsi, elektrik xəttinin qəzalı vəziyyəti buna səbəb göstərilirdi.
RİH başçısı faktla yerindəcə tanış oldu, elektrik və qaz təsərrüfatının təcili
qaydaya salınması, sayğac qoyulması barədə tapşırıq verdi. Məlum oldu ki, təzə
binaya işıq və qaz xəttinin çəkilməsini öhdəsinə götürən inşaatçılar, tikinti
başa çatan kimi buralarda görünməyiblər.
Məhəddisə Əhədovanın
xəstəliyi ilə bağlı müraciəti də yerindəcə həllini tapıb. Ev sahibi RİH başçısına minnətdarlıq
bildirdi.
RİH başçısı qonşu həyətə keçib
kənd sakini Qurbanəli Şiriyevlə görüşüb. 80 yaşlı Qurbanəli kişi onkoloji
xəstədir. Rafil müəllim onunla hal-əhvallaşır, problemlərini soruşur:
- Gəlmişəm ki, görüm, nə çətinliyin var?
- Payıbəlli torpağımla bağlı
Sizə müraciət etdim, kömək etdilər. Sağ olun!
Q.Şiriyev RİH başçısına
minnətdarlıq edir, deyir ki, hələ indiyədək Masallıda rayon rəhbərinin
qapı-qapı gəzib, sakinlərin problemləri ilə yaxından maraqlandığını
görməmişdim. Cənab İlham Əliyevdən nümunədir ki, evimizə gəlirsiniz və
problemlərimizlə yaxından maraqlanırsınız.
Qurbanəli kişinin bir oğlu
ruhu xəstədir. Ünvanlı sosial yardıma ehtiyacı var. DSMF Masallı rayon
şöbəsinin müdiri Ərzuman Hüseynov bu sahədə sənədlərin hazırlanmasında kömək
göstəriləcəyini bildirir .
Mollaoba sakini Miryaqub Nağıyev icra başçısını çay süfrəsinə dəvət
edir. Rafil müəllim həyət-bacaya baxır, deyir ki, olduğum həyətlərdə belə
yaşıllıq görməmişəm, limon, mandarin ağacları da əkibsən, çÇox yaxşıdır. "Ağa,
çətinliyin, problemin varsa kömək edək”, - deyə rayon rəhbəri həyətində qonaq
olduğu vətəndaşdan soruşur.
- Sağ olun. Sizin bu
tədbiriniz Allaha da, bəndəyə də xoş olar. Şükür, dolanıram, çətinliyim də
yoxdur. Allah Prezidentimizə yar olsun, fikri-zikri xalqın üstündədir. Əmək
haqlarının, pensiyaların artırması imkansızlara böyük kömək oldu.
Kənd sakini Surac Hüseynov iş adamıdır. Heyvandarlıqla məşğuldur. Bu
sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. RİH başçısına fermaya gedən
yolun aşılmasını xahiş etdi. Siracın istəyi yerinə yetirilir: bir gündən sonra
fermaya yol açıldı.
R.Hüseynov daha sonra kənddə Sevil Qasımovanın evində oldu. Sevil
xanım elə bir çətinliyi olmadığını, ona baş çəkildiyinə görə ölkə rəhbərinə
minnətdarlıq etdi. Dünyaya on bir övlad
gətirən Sevil ana hazırda heç bir maddi çətinlik çəkmədiyini gündəmə gətirir.
Deyir ki, yaşım 70-i keçib. Hələ heç vaxt bu çağacan rayon rəhbərinin ev-ev
gəzib adamların dərd-səri ilə tanış olduğunu görməmişdim. Hamı kimi yaşayırıq,
imkanımız yaxşıdır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü bəzi
problemlərin aradan qaldırılması, digərlərinin nəzarətə götürülməsi ilə başa
çatır. Bəli, Masallı rəhbərliyinin
vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir
ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həllinə şərait yaradır,
həm də xalqın dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də
gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanıb və
təbii ki, bu, onu hədsiz sevindirir, cəmiyyətdə, həyatda yaşamaq hissini daha
da gücləndirir.
Əlihüseyn ŞÜKÜROV