• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Masallıda aqrar sahənin inkişafı diqqət mərkəzində - Fotolar

13.02.18 14:42 3705
Masallıda aqrar sahənin inkişafı diqqət mərkəzində - Fotolar
Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi regionların inkişafı sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Bu istiqamətdə qəbul edilən dövlət proqramları, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamların icrasının bariz nümunəsi ilə "Region” layihəsi ilə Masallıya səfərimiz zamanı tanış olduq.

Rayonunun 220 mindən çox sakininin demək olar ki, 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Bu baxımdan, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşıda duran ən prioritet məsələ hesab edilir. Rayonda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, çəltikçiliyin, tərəvəzçiliyin, heyvandarlığın inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, tədarük mərkəzlərinin yaradılması əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edən vacib layihələrdən hesab edilir.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2017-ci ildə Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, kənd təsərrüfatı məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə rekord həddə - 31,9 faiz artaraq, 139,3 milyon manata çatıb.Masallı rayonunda olarkən kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı görülən işlərlə tanışlıq, qeyri-neft sektoru kimi aqrar sahənin yaxın gələcəkdə sürətlə inkişaf edəcəyinə şübhə yaratmadı.

Masallı kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyevin "Kaspi”yə bildirdiyinə görə, rayonda tütün, çəltik, çiyələk, kartof əkilib. Həmçinin 105 ha ərazidə çay plantasiyaları salınıb. Bundan əlavə müxtəlif tərəvəz və bostan məhsulları, o cümlədən taxıl əkilib: "Keçən il rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında istehsal edilən məhsul digər illərlə müqayisədə çox olub. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 183,2 manat təşkil edib”.
Çayçılığın genişləndirilməsi istiqaməti
"Rayon üzrə 24 929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan əsasən çay və sitrus bitkiləri üçün yararlı olan 9 000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir. Həmin sahələr ya mülkiyyətçi tərəfindən örüş-otlaq sahəsi kimi istifadə olunur, ya da əraziləri kol-kos basıb”- deyə idarə rəisi bildirir: "Ötən il əkinlərin 8035 hektarını taxıl sahələri təşkil edib. Bu ilə qədər dənli bitkilər altında 12-15 min hektar torpaq sahələri olub. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir. Belə ki, 8 min ha taxıl sahəsində cəmi 80-100 iş yeri yaranır, ümumi gəlir 4 milyon manatı keçmir. 1000 ha çay sahəsində isə 3000 iş yeri yaranmaqla, 5 milyon manatdan artıq xalis gəlir əldə etmək mümkündür”. Məhsulun xarici bazarlara çıxarılması imkanlarının geniş olduğunu deyən idarə rəisi bildirir ki, təkcə ölkənin çaya tələbatı 9000 ton, xarici bazarlara ixrac imkanları bəzi hesablamalara görə, 8000-10000 tondur. Ölkə üzrə çay istehsal isə daxili tələbatın 10%-ni təşkil edir: "Əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyaları mövcud olub ki, ondan bar verən çay kolları sahəsi isə 2159 hektar təşkil edib. Çay plantasiyalarından 8492 ton yaş yarpaq toplanıb və rayon ərazisində mövcud olan beş çay fabrikində emal edilərək, 3 min ton quru çay istehsal olunurdu. Hazırda rayon ərazisində 105 hektar çay plantasiyası mövcuddur”. İdarə rəisinin verdiyi məlumata görə, keçən il rayonda çayçılığın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülüb. Belə ki, 5 hektar sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilib. "Rayonun Kolatan kəndi ərazisində "Azərsun Holding” şirkəti tərəfindən 100 ha çay plantasiyası salınıb. Qarşıdakı ildə isə rayon ərazisində 1000 ha sahədə çay plantasiyasının salınması nəzərdə tutulub. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Belə ki, 550 hektar sahədə çay plantasiyalarının salınmasından ötrü torpaq mülkiyyətçilərindən razılıq alınıb və həmin torpaq sahələrinin xəritə sxemləri hazırlanıb”.
Bərpa olunan ənənəvi sahə - çəltikçilik
Çəltikçilik rayonda ənənəvi əkinçilik sahələrindən sayılır. Keçən əsrin 50-ci illərindən inkişaf etməyə başlayan bu sahə 2000-ci ildə 352 hektara çatdırılıb. Bundan sonra çəltik əkin sahələri taxıl sahələri ilə əvəz olunub və 2016-cı ilə qədər əkin aparılmayıb. 2016-cı ildə 8,6 ha sahədə çəltik əkilib, keçən il isə 195 hektar sahəni əhatə edib: "Keçən ildən başlayaraq rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına, Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb. Rayonda müasir texnologiya əsasında yeni çəltik emalı zavodu tikilib istifadəyə verilib. Çəltik əkini ilə bağlı 583 nəfər işlə təmin edilib və 588 ton məhsul istehsal olunub”. İdarə rəisinin bildirdiyinə görə, əvvəlki illərdə istehsal olunmuş çəltik primitiv qaydada qurulan 2 çəltik dəyirmanında emal olunurdu. Hazırda rayonda ən müasir avadanlıqlarla təchiz olunan çəltik dəyirmanı istifadəyə verilib. Yaxın illərdə çəltik sahələrinin 500 hektara çatdırılması gözlənilir ki, bu da 1200 yeni iş yerlərinin açılması deməkdir: "Lakin çəltiyin əkilməsi üçün texnika və avadanlıqlar yox dərəcəsindədir. Suya yüksək tələbatlı olduğu üçün su təminatının yaxşılaşdırılmasından ötrü tədbirlər görülməlidir”. S.Nuriyev deyir ki, çəltik sahələrinin genişləndirilməsi ilə əlaqədar imkanlar araşdırılır və gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur: "Ona görə də çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılıb və hazırda rayonda 70-dən çox sututarın mövcud olduğu və onlardan əvvəllər də suvarma məqsədləri üçün istifadə edildiyi məlum olub. Lakin uzun müddətdir sututarlar istismar edilmədiyindən və qorunmadığından onların təmir və bərpasına ehtiyac yaranıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq”.
İş yerləri arta bilər
Masallı rayonunun iqlim şəraiti sitrusçuluğu inkişaf etdirmək üçün yaxşı perspektivlər yaradır. Əvvəllər rayonda cəmi 148 hektar sahədə sitrus bağları olub. Hazırda isə ilkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması imkanları mövcuddur: "Bir hektar sitrus bağı 20 min manata yaxın gəlir verir”- deyə idarə rəisi bildirir: "Masallı rayonu vaxtilə tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşıb. Belə ki, rayon ərazisində əvvəllər 6,0 min hektara yaxın sahədə tərəvəz bitkiləri əkilmiş və 170 min ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə rayon ərazisində 2221 hektar sahədə tərəvəz əkilib və 35348 ton məhsul istehsal olunub. Həmçinin kələm əkini sahələri genişlənərək 82 ha çatdırılıb”. S.Nuriyev qeyd edir ki, faraş kələm əkinin genişləndirilməsi üçün ilk növbədə istehsal olunan məhsulun satışı və ixracı prosesində mövcud problemlərin aradan qaldırılması vacibdir: "Bu problemlər aradan qaldırılarsa, Masallıda ilkin mərhələdə 1000 ha sahədə kələm əkini mümkündür ki, bu da 3000-ə yaxın yeni iş yerinin yaranması deməkdir. Həmçinin pomidorun satışı və tədarükü təşkil olunarsa, rayonda 2000 hektar sahədə məhsulun əkilməsi mümkündür ki, bu da təxminən 5500 yeni iş yerinin açılmasına səbəb ola bilər”.

Tütünçülük də rayonun ənənəvi əkin sahələrindən hesab olunur. Tütünçülük 2000-ci illərədək mövcud olub. Ancaq məhsulun tədarükündə və suvarılmasındakı problemlər yarandığından 2001-ci ildən başlayaraq rayon ərazisində tütün əkini dayandırılıb. İki il əvvəl bu sahə yenidən bərpa edilib və 14 hektar sahədə tütün əkilib: "Bu il tütün sahələri genişləndirilərək 32,5 hektara çatdırılıb. Bu günə kimi 55,0 ton tütün qurudularaq təhvil verilib. Yaxın günlərdə rayon ərazisində tütünqurutma kombinatı və tütün qəbulu məntəqəsinin açılması gözlənilir ki, bu da tütün sahələrinin genişlənməsinə səbəb olacaq”.

Ötən il Masallı rayon ərazisində istehsal olunan məhsulların satışında heç bir problem olmadığını deyən idarə rəisi, xüsusilə sarımsaq və noxudun daha yüksək qiymətə tədarük edildiyini və xaricə, o cümlədən körfəz ölkələrinə ixrac edildiyini bildirir: "Ona görə də bu əkin növlərinin genişləndirilməsi faydalıdır”. S.Nuriyev qeyd edir ki, faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrini saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaradıb. Gələcək illərdə rayon ərazisində baramaçılığın genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə mövcud olan tut bağlarının qorunması və genişləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
5 illik Proqram hazırlanıb
S.Nuriyev bildirir ki, ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Belə ki, rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların bir hissəsi şoranlaşıb və bataqlıqlar yaranıb. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır: "Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcək”.

Hazırda Masallı şəhər, Ərkivan qəsəbə və daha iki bələdiyyələrin ərazisində yaşayış məntəqəsi torpaqlarının elektron uçotu ilə bağlı işlər davam etdirilir. Rayonda aqrar sahənin inkişaf etdirilməsi məqsədi ilə "2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair” Proqram hazırlanıb. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaqdır.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı















banner

Oxşar Xəbərlər