• çərşənbə axşamı, 23 aprel, 18:05
  • Baku Bakı 20°C

Masallı turizm mərkəzinə çevrilir - fotolar

07.06.13 09:59 5324
Masallı turizm mərkəzinə çevrilir - fotolar
Artıq Azərbaycanda yay turizminə start verilib. Havaların isinməsi ilə bərabər insanlar respublikanın gözəl təbiətin qoynuna – rayonlara axışırlar. Biz də yayın ilk günlərində birində Masallının qonağı olduq. Səfər çərçivəsində cənub bölgəsində xüsusi yeri olan Masallının bir çox özəlliklərini müşahidə etdik.
İlk olaraq onu deyək ki, son illər Masallıda turizmin inkişafı üçün çox işlər görülüb. Belə ki, rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almış 28 turizm obyekti – istirahət güşəsi fəaliyyət göstərir.
Masallı-Yardımlı yolu boyunca, Viləşçayın sahillərində çoxlu turizm obyektləri salınıb. Hər il minlərlə turist dincəlmək üçün bu gözəl, səfalı məkana üz tutur. Turistlər buradakı sakitliyə, təmizliyə, qonaqpərvərliyə üstünlük verirlər. Rayonda olarkən öyrəndik burada yerli turistlərlə yanaşı, xaricilərə də rast gəlinir. Elə bizim məskunlaşdığımız istirahət mərkəzində təxminən 10 nəfərlik əcnəbi qrup istirahət edirdi.
Haşiyə çıxaraq qeyd edək ki, Masallıda turizmin inkişaf etdirilməsi üçün hər bir şərait var. Bir tərəfdən Xəzər dənizi, bir tərəfdən Talış dağları ilə əhatə olunan gözəlliklər diyarında turistləri cəlb edəcək çoxsaylı faktorlar cəmləşib.
Əsas problem Azərbaycanın daxili turizmi üçün xarakterik olan xidmətin səviyyəsinin yüksək olmaması və qiymətlərin bahalığıdır. Rayon İH-nin nümayəndəsi deyir ki, onlar hər iki problemin həlli üçün çalışırlar. Hər il rayonda mövsümün açılışı ilə bağlı turizm sərgisi keçirilir. Bundan əlavə, xidmət səviyyəsinin artırılması üçün Türkiyədən dəvət edilmiş turizm mütəxəssisləri yerli turizm obyektlərinin işçiləri isə treninqlər keçirirlər. Amma İH-nin təmsilçisi şikayətlənir ki, turizm obyektlərinin işçilərini pulsuz keçilən bu treniqlərə aparmaq üçün xeyli əziyyət çəkiblər.
Xidmət probleminin həlli üçün Masallıda Azərbaycan Turizm İnstitutun nəzdində peşə litseyinin açılması da planlaşdırılır.
Qiymətlərə gəlincə, burada məzənnə respublikanın digər yerləri ilə müqayisədə normaldır. Məsələn, yenicə istifadəyə verilmiş «Viləş» otelində iki nəfərin qala biləcəyi bir nömrə 60 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İstirahət mərkəzlərində də 40-80 manata normal yerlər tapmaq mümkündür.
Dillər əzbərinə çevrilən əsrarəngiz İstisu isə Masallının bəzəyi hesab oluna bilər. Rayona səfərimiz çərçivəsində də bu sağlamlıq mərkəzi ilə də tanışlıq imkanı əldə etdik. İstirahət mərkəzinin rəhbəri İldırım Allahyarov bildirdi ki, bu su yel, oynaq, əzələ, əsəb sistemi, bir çox dəri, habelə mədə-bağırsaq xəstəliklərinin əvəzsiz dərmanıdır. İnsanlar buraya təkcə dincəlmək, təbiətin əsrarəngiz gözəlliyindən zövq almaq üçün deyil, həm də müalicə üçün üz tuturlar. Ölkənin hər yerindən, hətta yaxın xaricdən dərdlərinə dərman etmək üçün Masallını seçənlər çoxdur.
Masallının qədim tarixi də turistlərin cəlb olunması baxımından çox cəlbedicidir. Şəhərdə qədim tarixi binalar çoxdur. Bura gələn qonaqlar təbiətin gözəlliyindən zövq ala-ala, həmçinin XIX əsrdə tikilən hamam və məscidi, Ərkivan qülləsini , Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini ziyarət etmək imkanı əldə edirlər. Masallı ərazisi 168 qədim, sirli abidə, qala, saray, ziyarətgah, hamam, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Onu da qeyd edək ki, son illər regionların sosial-iqtisadi inkişafı proqrammı çərçivəsində respublikanın rayonlarında görülən işlər Masallıdan da yan keçməyib. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin yenidən qurulması işləri həyata keçirilir. Rayon İH-dən bildirdilər ki, mərkəzdə internet-kafe, xarici dil kursları, rəqs qrupları fəaliyyətə başlayacaq. Gənclərin istifadəsinə 3D formatında kinozal veriləcək. Mərkəzdə böyük konfrans zalı da fəaliyyət göstərəcək.
Ümumiyyətlə, bu gün Masallı şəhərinin mərkəzi böyük bir tikinti meydançasına bənzəyir. İH-nin yenicə təmir olunmuş binası qarşısında yeni meydan salınıb. Meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 34 metrdir. Bayraq meydanı ilə eyni ərazidə isə Qəhrəmanlar parkı salınıb.
Masallıda heç vaxt kanalizasiya sistemi olmayıb. Hazırda şəhərdə yeni kanalizasiya sisteminin qurulması işə davam etdirilir. Bununla paralel olaraq küçələrə asfalt çəkilir, müasir işıqlandırma sistemləri qurulur. Şəhərin Nizami Gəncəvi adına istirahət parkında əsaslı təmir işləri aparılıb. Parkda görkəmli şairimiz Nizaminin heykəli qoyulub, fəvvarə tikilib, dekorativ ağaclar və gül kolları əkilib. Eyni zamanda, parkda açıq hava səhnəsi quraşdırılıb.
Hazırda Masallı II Beynəlxalq Folklor Festivalına hazırlaşır. İyunun 12-dən 15-nə qədər Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti folklor festivalı keçiriləcək. Masallı rayon İcra Hakimiyyətindən bildirdilər ki, festivalda Azərbaycan, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Rusiya, Türkiyəni təmsil edən 14 folklor qrupu öz bacarıqlarını nümayiş etdirəcək. Ümumilikdə festivala 300 qonaq təşrif buyuracaq. İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, artıq təşkilati məsələlərlə bağlı hazırlıq işləri yekunlaşıb.
Onu da qeyd edək ki, ötən il folklor festivalı 5 ölkənin iştirakı ilə keçirilib. Bu tədbirdən sonra Latviya və Qazaxıstanın səfirləri ölkələrinin də bu festivala qatılması üçün müraciət ediblər.
Rayonda olarkən vaxtilə «Viləş» futbol klubunun oyunlarını keçirdiyi Anatoli Banişevski adına rayon stadionuna da baş çəkdik. Hazırda burada Masallının fəxri hesab olunan Alay Bayramovun baş məşqçisi olduğu Həvəskarlar Liqasında mübarizə aparan «Viləş» komandası məskunlaşıb. Stadionun yerləşdiyi ərazi isə xeyli müddət əvvəl «Palmalı» Şirkətlər Qruppu tərəfindən özəlləşdirilib. Şirkət təmsilçiləri burada futbol akademiyası yaradılacağına söz verib. Amma xeyli müddətdir ki, stadiona heç bir əl gəzdirilmir. Stadionun öt örtüyü, tribunları çox bərbad durumdadır. Meydanda məşq edən futbolçularla yanaşı otlayan qoyun-quzu da var idi.
Masallıdakı Olimpiya-İdman Kompleksi isə əla vəziyyətdədir. Burada istedadlı gənclərin məşq keçməsi rayon İH tərəfindən maliyyələşdirilir. Rayon mərkəzində həmçinin boks və taekvando mərkəzləri tikilməkdədir.
İlham QULİYEV

banner

Oxşar Xəbərlər