• cümə axşamı, 28 mart, 17:34
  • Baku Bakı 16°C

Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir - Fotolar

18.08.17 20:45 2018
Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir - Fotolar
Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusilə önəmlidir. Hazırda Neftçala, Hacıqabul və Masallı rayonlarında sənaye məhəllələrinin təşkili istiqamətində işlər davam etdirilir.

Avqustun 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsində görülən işlərlə tanış olub.

Media nümayəndələrinə məlumat verilib ki, artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.

Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana tikilib, lazımı şərait yaradılıb. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların əksəriyyəti yerli sakinlər olacaqdır.
1-ci mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 m2 olan 3 istehsalat korpusu, sahəsi 1251 m2 olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaqdır.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər