• cümə, 19 Aprel, 20:34
  • Baku Bakı 24°C

Masallı bələdiyyələrinin ekoloji maarifləndirilməsi ilə bağlı seminarlar keçirilib

11.06.15 15:11 1214
Masallı bələdiyyələrinin ekoloji maarifləndirilməsi ilə bağlı seminarlar keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən «Ətraf mühitin məişət tullantılarından təmizlənməsi məqsədi ilə yerli bələdiyyələrin üzv və qulluqçuları arasında maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir.
İctimai Birlikdən verilən məlumatda qeyd olunur ki, aprelin əvvəlindən icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində - Lerik və Masallı rayonlarının 30-dan artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Layinənin ikinci mərhələsi may-iyun aylarında Masallı rayonunda icra olunub. Rayonun ucqar bölgəsində -Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 10-20 km məsafədə yerləşən Ərkivan, Qəriblər, Rüdəkənar, Mahmudavar və Təzə Alvadı kənd bələdiyyələrində təşkil olunan seminarlar bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən maraqla dinlənilib. Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev ətraf mühitin məişət tullantılarından təmizlənməsi, meşələrimizin mühafizəsi, ekoloji tarazlığın bərpasında yerli bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər. Bildirilib ki, Masallı rayonunun ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, cənub bölgəsinin florasının inciləri sayılırlar. Masallı meşələrində həmçinin çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı ölkəmizin zəngin təbiət muzeyi hesab olunur. Lakin , təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin, eləcə də yol kənarlarının və çay hövzələrinin məişət tullantıları ilə çirkləndirmələri rayonun ekoloji mühitinə öz mənfi təsirini göstərir. Rayonda müxtəlif infeksiya xəstəliklərinin yaranmasına səbəb olur. Zibil yeşiklərinin azlığı ucbatından əhalinin məişət tullantılarını hara gəldi atmasının məqsədəuyğun olmaması, bununla bağlı qanunvericilikdə cərimələrin tətbiqinin nəzərdə tutulması diqqətə çatdırılıb. Rayonun kəndlərinin zibil yeşikləri ilə təmin olunması üçün bələdiyyələrin müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalarının zəruriliyi bildirilib. Çıxışlarda həmçinin , meşələrin insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəssisə» olduğu da qeyd olunub və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. İB-dən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində bundan əvvəl Lerik rayonunun ucqar dağ kəndlərini əhatə edən Cəngəmiran, Bibiyani və Vizizəmin bələdiyyələrində də analoji seminarlar keçirilib.
banner

Oxşar Xəbərlər