Mart soyqırımının “vətəndaş müharibəsi” kimi təqdim edilməsi

Mart soyqırımının “vətəndaş müharibəsi” kimi təqdim edilməsi

Təfsilat
25 May 2019, 12:30 213
Qarşımda 1980-ci illərin əvvəlində və sonunda çap olunan Azərbaycan Sovet Ensiklopediyasının bir necə cildi var. Baxıram, bu cildlər ölkəmizin ən görkəmli alimləri, akademikləri tərəfindən ərsəyə gəlib. O zaman ki, artıq yenidənqurma, aşkarlıq adı altında imperiyanın bütün çirkablığı mətbuatda, ədəbiyyatda ölkə boyu faş edilirdi. Bizdə isə hələ də "imperiya təfəkkürü”, "imperiya ruhu” və yaxud "imperiya sevgisi” hökm sürürdü. Belə olmasaydı tarixdə misli görünməmiş bir cinayət - 1918-ci ilin Mart faciəsi "Mart qiyamı” və yaxud "Vətəndaş müharibəsi” kimi təqdim edilməzdi.
         1918-ci ildə baş verən Mart faciəsini "Mart qiyamı” adlandıran  Azərbaycan Sovet Ensiklopediyasının VI cildində (1982) yazılırdı: "Mart qiyamı - müsavatçıların Bakıda Sovet hakimiyyətinə qarşı qaldırdıqları qiyam. Martın 29-da Bakı limanından  Lənkəran əksinqilabçılarına köməyə gedən "Dikaya diviziya” hissələri oraya göndərilən Qırmızı qvardiyaçılara atəş açdı. Bakı Sovetinin tələbi ilə "Dikaya diviziya” əsgərləri tərksilah edildi. Martın 30-da müsavatçılarla Bakı Soveti arasında "Dikaya diviziya”nın silahlarını qaytarmaq haqqında danışıqlar başladı. Danışıqlar zamanı müsavatçılar Şamaxı və Tatarski küçələrində sovet qoşun hissələrinə atəş açdılar. Azərbaycanda vətəndaş müharibəsi başladı. Mart qiyamının yatırılmasına rəhbərlik üçün martın 30-dan 31-nə keçən gecə N.Nərimanov, S.Şaumyan, P.Caparidze və b-dan ibarət İnqilabi Müdafiə Komitəsi yaradıldı. Müsavatçıların və daşnakların Mart qiyamını milli qırğına çevirmək cəhdi bolşeviklərin səyi nəticəsində baş tutmadı.  Sovet qoşunları martın 31-də qəti hücuma keçdi...” (bax: səh, 373-374).
 Sovet imperiyası mövcudluğu dövründə xalqımıza qarşı törədilən bütün faciələri yaddaşımızdan silib atmaq üçün "sapı özümüzdən olan balta”lardan istifadə etdi. Belə olmasaydı, tarixdə misli görünməmiş bu cinayəti 1980-ci ilin sonlarında da belə adlandırmazdılar.
         "1918-ci il martın sonu və aprelin ilk günlərində bolşevik rus, erməni daşnak qüvvələri Bakı şəhəri və quberniyasını azərbaycanlılardan təmizləyib Sovet Rusiyasına ilhaq etmək məqsədilə yerli müsəlman əhalisinə qarşı kütləvi qırğın-genosid siyasətinə əl atdılar. Bakıda, Şamaxıda, Qubada, Göyçayda və Azərbaycanın digər ərazilərində on minlərlə dinc əhalini qanına qəltan etdilər. Cəmi üç gün ərzində təkcə Bakı şəhərində 12 min nəfərdən çox günahsız azərbaycanlılar vəhşicəsinə qətlə yetirildi. Ümumiyyətlə, həmin il martın 31-dən aprelin ortalarınadək Qafqazda, o cümlədən Azərbaycan ərazisində 30 min nəfərə yaxın azərbaycanlı ən vəhşi, qəddar üsullarla məhv edildi”.
Bəs, əslində, düşmənlərimizin və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli Mart faciəsi necə baş verib? Onu kimlər və nə üçün törətdilər? Tarixi faktlardan aydın olur ki, 1917-ci ilin oktyabr inqilabından sonra Rusiyada baş verən hadisələr siyasi vəziyyəti daha da gərginləşdirir, hərc-mərclik baş verir. Bu zaman Qafqaz cəbhəsində müharibə dayandı və burada vuruşan ordu Rusiyaya qayıtmağa başladı. Rusiyada vətəndaş müharibəsinin başlanmasından, ordunun Qafqazdan çıxarılmasından istifadə edən 4 minə yaxın silahlı erməni milli münaqişələrin və daxili çəkişmələrin zəiflətdiyi Bakıya gətirildi. Həmin vaxtlar V.İ.Lenin erməni Stepan Şaumyanı faktiki olaraq Zaqafqaziyanın valisi təyin etmişdi.
       Bu hadisədən sonra ermənilərin Bakıda müsəlmanlara divan tutacağı haqqında söz-söhbət yayılmağa başladı. Bunu eşidən milli ruhlu vətənpərvər qüvvələr, xüsusilə Rusiyada təhsil alan azərbaycanlı tələbələr Bakıda silahlı dəstələr yaratmağa başladılar. Həmin dəstələrin tərkibində H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyev də vardı. Bu tələbələr qayıqlarda gizli yollarla Nargin adasına gedib orada əsrlikdə saxlanılan bir qrup türk zabitini azad etmişdilər. Həmin türk zabitləri azərbaycanlı gənclərə hərbi təlim keçirdilər. Tezliklə Bakı Soveti və şəhərdəki rus-erməni hərbi birləşmələri bu təlimlərdən xəbər tuturlar. Belə olduqda, təlimlər Lənkəranda davam etdirilir. Lənkəranda silahla ehtiyatsız davranan H.Z.Tağıyevin oğlu Məhəmməd həlak olur.
Tədqiqatçı-yazıçı Qılman İlkin "Bakı və bakılılar” əsərində bu hadisəni belə şərh edir: "S.Şaumyanın niyyəti açıq-açığına azərbaycanlıları qətlə yetirmək idi və bunun üçün bir bəhanə gözləyirdi. Bu bəhanə martın 29-da tapıldı. Lənkəranda olan "Dikaya diviziya”nın bir qrup zabiti H.Z.Tağıyevin oğlu Məhəmmədin cənazəsini "Evelina” gəmisində Bakıya gətirib dəfn edib qayıdardılar. Bakı milyonçusu Ş.Əsədullayevin oğlu Ə.Əsədullayevin başçılığı altında olan bu zabitlər geri dönərkən özləri ilə Lənkərandakı "Dikaya diviziya”nın hissələri üçün yeni qüvvələr aparırdılar.
        Başda S.Şaumyan olmaqla, bu hadisədən xəbər tutan Bakı Sovetinin rəhbərliyi, Lənkərana gedən hərbiçiləri tərksilah etməyə qərar verdilər. Yeri gəlmişkən, bir faktı qeyd etmək istərdim ki, o zaman Bakı Sovetinin rəhbərliyi əsasən ermənilərdən və ruslardan ibarət olub (təəssüflər ki, Sovet dövründə də uzun illər bu hal belə davam etdi). Müsəlmanların qoşun yaratmasına qəti şəkildə etirazını bildirən Bakı Soveti gəmidəki silahlı dəstəni tərksilah etmək barədə göstəriş verir. Qırmızı qvardiya hissələri ilə gəmidəki zabitlər və əsgərlər arasında atışma başlayır. "Qırmızılar” üstün olduqlarından, gəmidəkiləri tamamilə tərksilah edirlər. Azərbaycanlı hərbçilərin tərksilah olunmasına etiraz əlaməti olaraq Bakı müsəlmanları küçələrə çıxıb nümayiş keçirməyə, "İsmailiyyə”də, məscidlərdə dinc aksiyalar təşkil etməyə başlayırlar.
  Bu hadisədən istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımına başladılar. Üç gün ərzində - yəni martın 30-u, 31-i və aprelin 1-də ermənilər və bolşevik sovet qoşun hissələri Bakıda sözün əsl mənasında, milli qırğın həyata keçirdilər və tezliklə soyqırımın dalğası bütün Azərbaycanı bürüdü.       
 Bax, sovet dövrü tədqiqatçılarının "Mart qiyamı”, "vətəndaş müharibəsi” adlandırdıqları Mart faciəsi belə başladı və aprelin ortalarına kimi Azərbaycan məmləkəti odda qovuruldu, qanda boğuldu. Bakı qırğınında Şaumyanla yanaşı, Mikoyan, Yolçuyan, Saakyan, Karinyan müsəlmanlara qarşı daha dəhşətli amansızlıq ediblər.                 
     Çox təəssüf ki, azərbaycanlılara bu cəhənnəm əzabını yaşadanlara rəhbərlik edənlər arasında Stepan Şaumyanla yanaşı Məşədi Əzizbəyov da var idi (Bu haqda bir çox əsərlərdə yetərincə məlumat var. Məsələn Q.İlkinin "Bakı və bakılılar” əsərində). O, Əzizbəyov ki, illərlə heykəlinə səcdə edilib, adına məktəblər, klublar verilib, şanına-şöhrətinə şerlər, əsərlər yazılıb, mahnılar qoşulub. Və sonra ayılmışıq ki, illərlə xalqımızı, Vətənimizi aldadanlara, çapıb-talayanlara, hədə-qorxu gələnlərə səcdə etmişik.       
      Doğrudan da zaman sübut edir ki, tarix elmi bəzək-düzəyi, saxtakarlıq və məddahlığı, sifarişi sevmir. Onun əsas və dəyişməz meyarı həqiqətdir. Bu həqiqət bir gün tez, bir gün gec, mütləq, faş olur. Bu, qaçılmazdır!

  Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist