• şənbə, 20 Aprel, 13:04
  • Baku Bakı 23°C

Mart soyqırımının dünyaya tanıdılması

14.03.18 11:00 747
Mart soyqırımının dünyaya tanıdılması
Elə günlər var tarixə sevinc, fərəh, elə günlər də var ki, fəlakət, qəm, qüssə, kədər hissi ilə yazılır. 31 Mart da xalqımızın tarixinə öz adını qara hərflərlə, minlərlə insanın ölümü ilə yazdı. Mart soyqırımı və ya Mart hadisələri olaraq tarixə düşən bu faciə nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci ilin mart ayının 30-dan başlayan və aprelin 3-nə qədər davam edən soyqırımı yalnız Bakıda deyil, digər bölgələrdə də törədilmişdir. İlk dəfə olaraq 1998-ci ildə Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 31 Mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başladı.
Ermənilərin törətdiyi soyqırımını dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq üçün daha hansı işlər görülməlidir?
Milli məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimlideyir ki, 31 Mart bizim faciəli tariximiz, qan yaddaşımızdır, Azərbaycan xalqına qarşı törədilmiş genosiddir: "Əslində 31 Mart ümumiləşdirilmiş bir tarixdir. Soyqırımı martın 30-dan başlayaraq aprelin 3-ə qədər davam etmişdir. Özü də tək Bakıda deyil, Qubada, Şamaxıda, və digər yerlərdə bu kimi faciəvi hadisələr törədilmişdir. Sovet hakimiyyətini qurmaq adı altında xalqımıza, millətimizə, tariximizə genosid olub. Bax, bu tarixin adı belədir. Bu genosid prosesi ayrı-ayrı formalarda 1918-ci il sentyabr ayının 15-də türk qoşunlarının - Qafqaz İslam Ordusunun Bakıya daxil olmasına qədər davam edib. Əgər sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Bakını azad etməsəydi, Azərbaycanda bir «Allahu-Əkbər» deyən kişi tapılmazdı”.
Millət vəkili deyir ki, Azərbaycan xalqını qanına qəltan etsələr də, hələ mart soyqırımının göz yaşları qurumamış xalqımız dövlət müstəqilliyini elan etdi: "Türk dünyasında, islam dünyasında ilk dəfə olaraq demokratik bir cümhuriyyət yarandı. Bizim taleyimiz də belə gətirib. 1918-ci il mart soyqırımından sonra cümhuriyyət quruldu. 1991-ci ildə də yanvar qırğınının hələ acısı getməmiş, yenidən müstəqillik əldə etdik. Müstəqilliyimizə qarşı da bu gün Şimaldan, Cənubdan kifayət qədər mənfur caynaqlar uzanır. Ona görə də, bu millətin yolunda canını fəda edənlərin ruhu şaddır ki, müstəqil Azərbaycan var”.
Deputat soyqırımın dünyaya tanıdılması üçün görülməsi lazım olan işlərdən də danışdı: "Azərbaycanın 20 faiz torpaqları dünyanın gözü qarşısında işğal olunub. Bu gün biz bir milyon qaçqının haqqını verib, onları öz yurdlarına qaytara bilmirik. Bu səbəbdən əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq. Tədqiqat işləri aparılmalıdır, mətbuatda - hər yerdə bu məsələ gündəmdə olmalıdır. Hər bir azərbaycanlı xaricə gedəndə çamadanına ancaq paltar qoymamalıdır. Bunlarla bağlı kitablar paylanmalı, təbliğat aparılmalıdır. Müxtəlif dillərdə əsərlər nəşr olunmalıdır. Azərbaycan mart soyqırımının 100 illiyi yolunda kifayət qədər işlər görüb. Amma bunu hələ ki, qənaətbəxş hesab etmək olmaz. Biz yalnız soyqırımını dünyaya tanıda biləndən sonra nəticə əldə etmiş olacağıq. Nə qədər ki, bunu soyqırımı kimi tanıda bilməmişik, daha da x fəal olmalıyıq”.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru Solmaz-Rüstəmova-Tohidi deyir ki, 1918-ci il martın 30-da axşam başlayan qırğınlar faktiki olaraq bir həftə davam edir, lakin onun üç günü daşnak dəstələri tərəfindən şəhərin azərbaycanlı - müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnir: "Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmır. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçənləri qarət edir və qətlə yetirir, şəhərkənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digərlərinin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olublar”.
Müsahibimiz deyir ki, baş vermiş hadisələrin daha geniş ictimaiyyətə çatdırılmasında tarixçilərin tədqiqatlarının böyük önəmi var: "Bu gün Azərbaycan dövləti erməni millətçilərinin azərbaycanlılara qarşı tarix boyu törətdikləri cinayətlər, o cümlədən 31 Mart soyqırımları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu hadisələrin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın elmi ictimaiyyəti, ilk növbədə həmin məsələlərlə məşğul olan Azərbaycan tarixçiləri də bu sahədə tədqiqatlarını daha geniş müstəvidə, zamanın tələbləri şəraitində davam etdirməlidirlər”.
Tarixçi bu işdə mətbuatın da böyük rolunun olduğunu bildirdi: "Mart soyqırımı ilə bağlı olan hadisələrin dünya ictimaiyyətinə çatdırılması üçün bu haqda olan informasiyaların yayılması vacibdir. Xüsusilə də, müxtəlif dillərə tərcümə olunaraq saytlarda yayımı daha yaxşı olar. O zaman səsimizi daha çox insana duyurmuş olarıq. Təbii ki, bütün sənədləri tərcümə etmək mümkün olmaz. Amma həmin sənədlər içərisində şahidlərin ifadələri, istintaq materialları var ki, onlar mütləq şəkildə tərcümə olunub dünya kütləvi informasiya vasitələrində yayılmalıdır. Bundan başqa, beynəlxalq konfranslar keçirdirik. Məsələn, bu ayın sonunda 4 konfransımız olacaq. Müxtəlif ölkələrdən qonaqlarımız gələcək. Bir masa ətrafında oturub baş verənlər barədə həmsöhbət olacağıq. Məsələ çox ciddi və daim aktualdır. Bunun üçün hər bir vətəndaş bu istiqamətdə işlər görməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər