• cümə, 19 Aprel, 13:36
  • Baku Bakı 25°C

Mart soyqırımına dair filmlər niyə çəkilmir?

31.03.18 09:21 1038
Mart soyqırımına dair filmlər niyə çəkilmir?
Bu gün 31 Mart - azərbaycanlıların soyqırımı günüdür. Ermənilər tərəfindən törədilmiş misli görülməyən vəhşiliyin 100 illiyi tamam olunur. Qeyd edək ki, prezident İlham Əliyev də 1918-ci il mart hadisələrinin 100 illiyi haqqında sərəncam imzalayıb.Sərəncamla Prezident Administrasiyasına bu münasibətlə tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bu günlərdə faciə ilə bağlı müxtəlif səpkili tədbirlərin keçirilməsinin şahidi oluruq. Amma təəssüflər olsun ki, ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilmirik. Məsələn, mart soyqırımına dair kifayət qədər materiallar və tarixi faktlar olsa da, bu mövzuda çəkilən filmlər yox dərəcəsindədir. Bəs görəsən bunun səbəbi nədir?
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bizimlə söhbətində bəzi məqamları qeyd etdi: "Bir sıra filmlərdə soyqırımı ilə bağlı səhnələr geniş yer alıb. Bu haqda bir sıra filmlər çəkilib. Demək olmaz ki, 31 Martla bağlı ümumiyyətlə film yoxdur. Amma aydındır ki, sovet dövründə soyqırımı sözünü deməyə icazə yox idi. Ona görə bizim kinematoqrafçılarımızı qınamaq da olmaz. Sovet dövründə bu məsələ qapalı idi. Belə bir film çəkmək istəsək də, buna icazə verilməzdi. Amma ermənilərə icazə verilirdi. Qondarma "erməni soyqırımı”na aid onlarla bədii filmlər çəkilib. Hətta Moskvadan bu işə böyük maddi dəstək də göstərilirdi. Lakin azərbaycanlılara imkan verilmirdi ki, soyqırımı sözünü dilə gətirsinlər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra filmlərdə soyqırımına dair səhnələr yer aldı. Bu il mart soyqırımına dair ayrıca film çəkildi. Qarabağla bağlı olan bütün filmlərdə demək olar ki, bu məsələyə diqqət yetirilib və məsələyə müxtəlif aspektlərdən yanaşılıb. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu məsələ dövlət səviyyəsində qeyd olunmağa başlandı. O dövrə qədər heç kim bu haqda məlumatlı deyildi”.
Xalq yazıçısı Sabir Rüstəmxanlı bildirdi ki, bununla bağlı dövlət ayrıca qərar qəbul edib: "Amma təəssüflər olsun ki, hələlik 31 Mart soyqırımının filmlərdə təsvirinə ciddi yanaşılmır. Hal-hazırda Azərbaycan müharibə şəraitindədir, torpaqlarımız işğal altındadır. Ermənilər bütün dünyada bizə qarşı müharibə aparırlar. Amma bizim gördüyümüz işlər çox zəifdir. Məsələn, mənim «Difai Fədailəri» adlı romanımda 1906-1909-cu illərdə erməni terroru və ona qarşı Azərbaycanın müqavimət hərəkatı əks olunub. Romanın motivləri əsasında Mədəniyyət və Turizm Nazirliyinə ssenari hazırlayaraq təqdim etdim. Amma təklif qəbul olunmadı. Azərbaycanda bir çox insan 31 Mart soyqırımı haqqında kifayət qədər məlumatlı deyil. Bəzilərinin bu haqda ümumiyyətlə, heç bir informasiyası yoxdur. Mart soyqırımı ilə bağlı yazılan kitablar var. Bu kitablar xarici dillərə tərcümə olunmur. Hər kəs əlindən gələni etməyə çalışsa da, istənilən nəticə əldə olunmur. Düşünürəm ki, bu haqda ayrıca dövlət proqramı olmalıdır. Hazırda bu barədə bir sıra dövlət idarələrində və nazirliklərdə görüşlər keçirilir. Ən yüksək səviyyədə konfranslar təşkil olunur və ölkəmizə xaricdən qonaqlar dəvət olunur. Bu çox önəmlidir. Amma hələlik soyqırımına dair heç bir muzey yaradılmayıb. Neçə illərdir deyilsə də, hələlik bu məsələ gündəmdə deyil. 31 Mart soyqırımına münasibət dəyişməlidir. O zaman biz soyqırımı hadisələrinə və Azərbaycanın taleyi ilə bağlı digər məsələlərə ciddi münasibət formalaşdırarıq. Soyqırımına dair ayrıca bir film çəkilməyib. Çəkilən filmlərin əksəriyyətində də bu məsələ epizodik şəkildə təsvir olunub. Ortaya hələlik ciddi bir iş qoyulmayıb. İndi çəkilən filmlərin əksəriyyəti xaricdən imitasiya olunur və əksərən məişət həyatından bəhs edir. O dövrlə bağlı tarixi seriallar çəkilmir. Əgər belə bir təklif olarsa, istənilən vaxt kömək etməyə hazırıq. Həmin dövrlə bağlı 10-15 seriallıq çox gözəl film çəkmək olar. Bu, əslində elə də böyük vəsait tələb etmir. Müvafiq qurumlar bu işdə maraqlı olmalıdırlar”.
Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov da qeyd etdi ki, mart soyqırımına dair ayrıca film çəkilməyib: "Amma bəzi sənədli filmlərdə soyqırımına dair bəzi məqamlar öz əksini tapıb. Sovet dövründə buna qəsdən icazə verilmirdi. O dövrdə bizi ümumiyyətlə soyqırımının olmadığına inandırırdılar. Müstəqillik illərində də məsələ bir qədər diqqətdən kənar qalıb. Xocalı faciəsinə dair bəzi filmlər çəkilib. Amma mart soyqırımına dair xüsusi film yoxdur”.
Film və serial rejissoru Rüfət Şahbazov bildirdi ki, bu barədə hansısa təklif verilməyib: "Mart soyqırımına dair tammetrajlı film hələ ki çəkilməyib. Biz gündəlik teleserialların çəkilişi ilə məşğuluq. Gündəlik teleseriallarda isə daha çox gündəmin mövzularına yer ayrılır. Bizim çəkdiyimiz seriallarda tarixi hadisələrə yer verilmir. Soyqırımına dair nəsə çəksək belə, formata uyğun gəlməz. Digər rejissor və ssenaristlərin çəkdiyi filmlərlə bağlı o qədər də məlumatlı deyiləm. Böyük ehtimalla onlarda da vəziyyət eynidir. Amma mart soyqırımına dair tammetrajlı filmlərin çəkilməməsinin səbəblərini deyə bilmərəm. Bu mənim sahəmlə bağlı deyil. Bu, prodüser və ssenaristlərin işdir. Bizə işi verən prodüserlərdir. Hələlik bu haqda hansısa təklif gəlməyib”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər