• şənbə, 20 Aprel, 01:22
  • Baku Bakı 15°C

Mart qətliamından 10 il ötür

20.02.18 09:00 442
Mart qətliamından 10 il ötür
Düz 10 il bundan əvvəl Ermənistanda sonu qanlı hadisələrə aparıb çıxaran prezident seçkiləri keçirildi. Tələm-tələsik qalibiyyətini elan edən Serj Sarkisyan gözləmədiyi halda geniş ümumxalq hərəkatının etirazına tuş gəldi. Bütün bunların sonu isə fevralın sonu, martın əvvəlində qanlı hadisələrə gətirib çıxardı, onlarla insan gülləbaran edildi.
"1in.am (Armenian News & Analyses)” saytında dərc olunan analitik məqalədə göstərilir ki, əksəriyyət hesab edirdi ki, 2005-ci il referendumu, xüsusən də 2007-ci il parlament seçkilərindən sonra müxalifət tam şəkildə həm mənəvi, həm də siyasi nöqteyi-nəzərdən dağıdılıb. Və açığını deyək ki, heç kim 2008-ci il prezident seçkilərindən sürpriz və intriqalar gözləmirdi. Əgər intriqa, qeyri-müəyyənlik, gərginlik olsaydı belə, bu, iqtidar-müxalifət münasibətləri ilə bağlı olmayacaqdı. Yəni, yalnız hakimiyyət daxilində nəsə baş verəcəyi proqnoz edilə bilərdi. Robert Köçəryan prezident iqamətgahını tərk edəndə bəyan etdi ki, "gənc pensiyaçı” olmaq istəyir. O zaman əsas varisi kimi isə xarici işlər naziri Vardan Oskanyanı görürdü. Digər tərəfdən, Andranik Marqaryanın qəfil ölümü ilə Serj Sarkisyan baş nazir və Respublikaçılar Partiyasının liderinə çevrildi. 2007-ci il parlament seçkilərində dövlət aparatının bütün resurslarından istifadə edərək Respublika Partiyasının qələbəsini təmin edə, müxalifəti tam sıradan çıxara, eləcə də hakimiyyətdə ona rəqib ola biləcək qüvvələri neytrallaşdıra bildi. Bütün bunlar Serj Sarkisyanın prezidentlik yolunu tamamilə açdı. Belə desək, 2007-ci ilin mayından sonra Serjik faktiki olaraq ölkənin rəhbərinə çevrildi. Parlament seçkiləri "Azadlıq” bloku üçün tam fiasko ilə nəticələndi. Parlamentə düşən "İrs” partiyası isə real alternativ statusa malik qüvvə sayılmırdı. Bir sözlə, zəif müxalifət daxili resursa malik deyildi.
Əgər 2007-ci ilin payızında eks-prezident Levon Ter-Petrosyan siyasətə qayıtmasaydı, Serj Sarkisyan 2008-ci ilin 19 fevralında seçkiqabağı kampaniya keçirmədən belə qəti qələbə qazana bilərdi. Levon-Ter Petrosyanın dönüşü isə fenomenal alındı, hakimiyyət üçün əsl siyasi nokdauna çevrildi. Hətta birinci prezidentin sadiq tərəfdarları belə inana bilmirdilər ki, 20 il sonra Petrosyan ikinci dəfə ümumxalq hərəkatına rəhbərlik edə bilər. Necə oldu ki, Serj Sarkisyan inzibati resurslardan istifadə məsələsində zəif oldu? Petrosyan isə güclü ümumxalq hərəkatı təşkil etsə də, öz ətrafında əlverişli beynəlxalq kontekst formalaşdıra bilmədi. Aydın olan odur ki, Serj Sarkisyanın 19 fevral seçkilərində özünü qalib elan etməsi ilə ümumxalq hərəkatını daha da güclü etmiş oldu - bütün dövlət sistemi, güc strukturları iflic oldu. Əgər martın 1-də qırğın olmasaydı, sözsüz ki, bütün bunlar inqilaba aparıb çıxaracaqdı.
Beləliklə, mart qətliamını törətməklə Serjik bir növ xalqın gözünü qorxuda bildi və açıq şəkildə bəyan etdi ki, hakimiyyəti saxlamaq üçün istənilən qırğına getməyə hazırdır. O ki qaldı Petrosyanın uğur qazana bilməməsinə, sözsüz ki, burada onun zəifliyi, eləcə də beynəlxalq dəstəyinin olmaması rol oynadı. Beynəlxalq dəstək dedikdə, sözsüz ki söhbət Rusiya amilindən gedir. Moskva istəmədi ki, vaxtilə vəzifəsindən uzaqlaşdırdığı şəxs yenidən hakimiyyətə qayıtsın. Heç kimə sirr deyil ki, Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazır olması Kremldə narazılıqla qarşılanırdı. Bu səbəbdən də 2008-ci il seçkilərində Petrosyana hər hansı bir dəstək vermədi. İstənilən halda, mart qətliamı erməni tarixinə qara hərflərlə düşdü və bir daha göstərdi ki, rejim hakimiyyətdə qalmaq naminə minləri, on minləri belə qurban verməyə hazırdır.
Bir məsələni də qeyd edək ki, mart hadisələrinə beynəlxalq reaksiya istənilən səviyyədə olmadı. İkili standartlar burada da özünü açıq şəkildə göstərdi. ABŞ və Qərb dövlətləri onlarla insanı qanına qəltan etmiş hakimiyyətə qarşı hər hansı sərt addım atmadı, ona qarşı sanksiyalar tətbiq etmədi. Düzdür, ABŞ Senatının müxtəlif komitələrində dinləmələr keçirilsə də, bütün ittihamlar ancaq söz olaraq qaldı.
Azər
banner

Oxşar Xəbərlər