• cümə, 29 Mart, 02:39
  • Baku Bakı 7°C

Marşrutlarda 5 qəpik problemi

25.06.13 09:08 2013
Marşrutlarda 5 qəpik problemi
- 5 qəpiyini götür.
- Niyə?
- Artıq vermisən.
- Artıq niyə olur, ora 25 qəpik yazılıb.
- Yaxşı düş, uzatma.
Bu, Binə-20 Yanvar marşrut xətti ilə işləyən 205 saylı avtobusun yaşlı sürücüsünün sərnişin Aygün Cəfərovaya verdiyi cavabdır. Gedişhaqqı 25, 35 qəpik olan marşrutlarda buna oxşar dialoqlara tez-tez rast gəlmək olar. Çünki 25, 35 qəpiklik avtobusların demək olar ki hamısında gedişhaqqının qalığı sərnişinə qaytarmır. Əksinə, 25, 35 qəpik verən sərnişinləri də “gözümçıxdıya” salır, 5 qəpiyini qaytarırlar ki, bunu görən digər sərnişinlər eyni hərəkəti etməsinlər.
Sürücü: “Pulu artıq verməyinizin heç bir problemi yoxdur”
Biz də öz gözlərimizlə görmək üçün 205 saylı avtobusun sərnişini olmaq qərarına gəldik. “Binə” Ticarət Mərkəzindən hərəkətə başlayan marşrut sürücüsü avtobusu yolun yarısında saxlayıb gedişhaqlarını yığmağa başladı. Sürücü mən də daxil olmaqla, 30 qəpik verən sərnişinlərin heç birinə 5 qəpik qalığı qaytarmadı. 20 qəpik verən sərnişinlərə utanmadan gedişhaqqının 25 qəpik olduğunu xatırladıb, onlardan 30 qəpik aldı. Üstəlik, uca səslə sərnişinlərə müraciət edərək dedi ki, “pulu əksik verməyin, artıq verməyinizin heç bir problemi yoxdur”.
Yaxınlaşıb adını deməkdən imtina edən 45-50 yaşlı sürücüdən niyə sərnişinlərə 5 qəpik qalığı qaytarmadığının səbəbini soruşduq.
- Niyə sərnişinlərə 5 qəpik qalığı qaytarmadınız? 5 qəpikliyiniz yoxdur?
- Var, var, niyə yoxdur (5 qəpiklikləri göstərir – L.M.). Qaytardım da.
- Mən də “Binə” Ticarət Mərkəzindən marşruta mindim. Nə mənə, nə də digər sərnişinlərə qaytarmadınız axı.
- İstəyirsiniz qaytarım (5 qəpik qalığı qaytarmağa cəhd edir – L.M.) Bilirsiniz, elə olur ki, sərnişin 25 qəpik əvəzinə 20 qəpik verib düşür, heç nə demirik. Sərnişinlərlə 5 qəpik söhbəti etmirik.
“Sənin 5 qəpiyinə qalmamışam”
20-ci sahədən Sahil qəsəbəsinə işləyən 197 saylı marşrutda da vəziyyət eynidir. Bu il ali məktəbi bitirdiyini deyən Kamran Məmmədov bizimlə söhbətində bildirdi ki, 197 saylı marşrutda hər gün 10 qəpiyini “itirir”: “Bir dəfə 35 qəpik verdim, sürücü 5 qəpiyi digər sərnişinlərin yanında deyinə-deyinə qaytardı ki, “sənin 5 qəpiyinə qalmamışam”. Ətrafda qızlar da var idi, çox utandım. Ondan sonra 197-nin sürücülərinə həmişə 40 qəpik verirəm, onlar da heç vaxt 5 qəpiyimi qaytarmırlar”.
Qeyd edək ki, 197 saylı marşrutda gediş haqqı 35 qəpik olsa da, heç bir sürücü 40 qəpik verən sərnişinə 5 qəpik qalığı qaytarmır. Heç sürücüyə 1 manat verib 2 nəfər çıxmasını xahiş edəndə belə sürücü 70 qəpik əvəzinə, 80 qəpik çıxır. Sərnişinlər bundan narazılıq etsələr də, bir-birlərindən utandıqlarına görə əksər hallarda 5 qəpiyin söhbətini etmirlər. Hətta 197 saylı avtobusların bəzisinin salonunda gediş haqqının yazıldığı lövhə qoyulmayıb.
Onu da deyək ki, Bakıda şəhərətrafı və qəsəbələrarası işləyən 45 marşrut 25 qəpik, 11 marşrut isə 35 qəpik müqabilində sərnişinləri mənzil başına çatdırır.
“Transqeyt” nə deyir?
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla danışmaq istəsək də, nazirlik sözçüsü gün ərzində zənglərimizə cavab vermədi.
Azərbaycanda fəaliyyət göstərən əksər iritutumlu avtobusların sahibi olan “Transqeyt” ASC ilə əlaqə saxladıq. Qeyd edək ki, sözügedən ASC 197 saylı marşrut-avtobusların da sahibidir. “Transqeyt” ASC-nin əməkdaşı Samir bəy bildirdi ki, bununla bağlı ölçü götürüləcək: “Nəzarəti gücləndirəcəyik. Sürücüləri də başa düşmək lazımdır, çox vaxt qalığı qaytarmaq üçün onların da xırdası olmur. Ancaq hansısa sürücü sərnişinin verdiyi 5 qəpiyi götürmürsə, yaxud onu təhqir edirsə, bu zaman sərnişinlər avtobusun nömrəsini, sürücünün boynundan asılan “birka”dan ad, soyadını öyrənib bizə desinlər, ölçü götürək”.
“Tranqeyt” əməkdaşı kart sisteminə keçdikdən sonra belə problemlərin baş verməyəcəyini dedi: “İyulun 1-dən şəhərdaxili nəqliyyatın hamısında, ilin sonuna kimi isə qəsəbələrə gedən marşrutlarda da kart sisteminə keçiləcək. Bu zaman sərnişinlər sürücülərlə əlaqədə olmadığına görə bu cür problemlər yaşanmayacaq”.
Avropa və biz
Psixoloq Aygün Seyidovanın sözlərinə görə, sürücülərin 25, 35 qəpik verən sərnişinlərə 5 qəpikliklərinin qaytarması əslində psixoloji təsirdir: “Bir neçə dəfə digərlərinin gözü qarşısında 5 qəpik verən sərnişinin əlini geri çevirmək ətrafdakılara psixoloji basqıdır. Bununla sürücü o biri sərnişinlərə də “dərs vermək” istəyir ki, bir də onunla 5 qəpik söhbəti etməsinlər. Çox təəssüf ki, sərnişinlər üzərindəki bu psixoloji basqı işləyir. Bunu aradan qaldırmaq üçün aidiyyəti orqanlar cəza tədbirləri görməlidirlər”.
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə bu, ciddi problemdir: “Bəzi hallarda sürücülər vətəndaşın verdiyi 5 qəpikliyi ya geri qaytarır, ya da gedişhaqqının qalığını qaytarmır. Avropa ölkələrində bu praktika yoxdur. Çünki Avropa ölkələrinin heç birində sərnişin sürücüyə pul ödəmir. Yəni Avropa ölkələrində sürücü yalnız ictimai nəqliyyatın idarəetməsi ilə məşğuldur, heç bir halda sərnişin sürücüyə hər hansı bir ödəniş etmir. Eyni zamanda nəqliyyatda biletlərin alınması elektronlaşıb, belə ki, sərnişin bilet almaq üçün elektron avtomatlardan istifadə edir. Xırda pullar xüsusi avtomatlar tərəfindən qəbul edilir, eyni zamanda sərnişin kredit kartından istifadə etməklə ödəniş edə bilər. O baxımdan Avropada belə problem yoxdur. Azərbaycanda bu problemin aradan qalxmasının yeganə yolu nəqliyyatda kart sisteminin tətbiqidir. Bu, vətəndaşla sürücü arasında ödəniş münasibətlərini gündəmdən çıxaracaq, sərnişin artıq sürücüyə heç bir ödəniş etməyəcək”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər