• çərşənbə, 24 Aprel, 18:11
  • Baku Bakı 23°C

Marketlərdə siqaretin qanunsuz reklamı başlayıb

20.12.13 09:29 7636
Marketlərdə siqaretin qanunsuz reklamı başlayıb
“Artıq son 1 həftə ərzində siqaret aldığım kiçik marketlərdə siqaretin reklamı ilə rastlaşmışam. 9-cu mikrorayonda daxil olduğum mağazalardan siqaret alarkən, satıcının yanında dayanan qız, yaxud oğlan əlində “Kent” siqaretinin qutusu mənə yaxınlaşdı və bildirdi ki, əgər 3 ədəd “Kent” alsam, mənə hədiyyə veriləcək”. Bu sözləri bizimlə söhbətində şəhər sakini İlqar Hüseynov bildirdi.
Kim necə istəyir, elə də edir
Qeyd edək ki, 2001-ci ildə qüvvəyə minən “Tütün və tütün məmulatı haqqında” qanuna əsasən, tütün məmulatının satışında həvəsləndirmə üsullarına məhdudiyyət qoyulur. Belə ki, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıları həvəsləndirməsi qadağan edilir.
Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti Sayalı Səfərova da bizimlə söhbətində bildirdi ki, Azərbaycanda heç bir halda siqareti reklam etmək olmaz: “Dükanlarda siqaretin üzərində alışqanın, yaxud siqaretin verilməsi, ya da hədiyyə kimi başqa bir şeyin verilməsi tütün məmulatlarının reklamı deməkdir. Bu isə qeyri-qanunidir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar indi buna fikir vermirlər. Kim necə istəyir, elə də edir. Qanunu pozduqlarına görə, həmin şirkət təmsilçiləri cərimə olunmalıdırlar. Çünki bu, dükanlarda aşkarcasına reklam aparmaqdır”.
Aidiyyəti qurumlar susur
Azad istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd etdi ki, ölkəmiz də Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasına qoşulub: “Bu konvensiyanın tələblərinə görə tütünün satışını stimullaşdıran heç bir amil olmamalıdır. Onların pulsuz paylanması, üzərində hədiyyələr verilməsi və s. kimi reklam xarakterli hərəkətlər həyata keçirilməməlidir. Bundan əlavə, 2001-ci ildə ölkəmizdə qəbul edilən “Tütün və tütün məmulatları” haqqında qanun da bunu qadağan edir. Çox təəssüflər olsun ki, belə anormal hallar var və tütün məmulatlarının stimullaşdırılması üçün işlər görülür. Aidiyyəti qurumlar isə susur”.
“Elektron siqaret”lərin reklamı qadağan ediləcək
E.Hüseynov tütün məhsullarının təbliği ilə bağlı başqa bir məsələyə də toxundu: “Bütün dünyada tütün əleyhinə mübarizə aparıldığı bir vaxtda Azərbaycanda elektron siqaretlər dəbə minib. Ölkəmizdə geniş yayılan və hər yerdə guya siqaretdən asılılığın qarşısını aldığı deyilən “elektron siqaret”lərin reklamı aparılır. Hansı ki, “elektron siqaret”in tərkibində də insana zərərli olan maddələr, məsələn nikotin var. Buna baxmayaraq, “elektron siqaret”i ölkəmizə gətirənlər vəziyyətdən istifadə edib satışını aparırlar. Ən pisi isə odur ki, bunların satışı üçün lisenziyaya ehtiyac yoxdur. Çünki qeydiyyatdan elektron mal kimi keçirilir. Qeyd edim ki, heç bir “elektron siqaret” siqareti tərgitməyə kömək etmir və bu, istehlakçıların aldadılması deməkdir”.
Qeyd edək ki, yeni hazırlanmış “Reklam haqqında” qanunun 28-ci maddəsində deyilir ki, tütün, tütün məlumatları və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı bütün hallarda qadağandır.
XXI əsr ərzində 1 mlrd. insan tütündən öləcək
Onu da deyək ki, hər il dünyada tütünçəkmənin yaratdığı xəstəliklərdən 6 milyondan çox insan vəfat edir. Təkcə XX əsrdə 100 milyon insan tütünçəkmə nəticəsində ölüb. XXI əsr ərzində 1 milyard insanın məhz tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişəcəyi proqnozlaşdırılır.
Dünya əhalisinin 30 faizi siqaret çəkir. Dünyada uşaqların 50 faizi tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. İş yerlərində tütün tüstüsünün təsiri nəticəsində hər il 200 min insan həlak olur. ABŞ-da hər il 3000 siqaret çəkməyən insan ağciyər xərçəngi xəstəliyindən ölür. Səbəb isə başqalarının çəkdiyi siqaretin ətrafa yayılan tüstüsü ilə nəfəs almaqdır.
Tütündən istifadə hər il 200 milyard ABŞ dolları həcmində qlobal iqtisadi itkilərlə nəticələnir. Kasıb ailənin büdcəsinin 10 faizi tütün məmulatların alınmasına sərf edilir.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər