• çərşənbə, 17 Aprel, 03:01
  • Baku Bakı 14°C

Marketinq və ya müştəri elmi: dünəni, bu günü və sabahı

10.01.18 13:35 2818
Marketinq və ya müştəri elmi: dünəni, bu günü və sabahı
Son dövrlər marketinq sahəsindəki inkişafı görməmək mümkün deyil. Ötən il keçirilən bir sıra marketinq tədbirləri bu sahəyə olan marağın və tələbin göstəricisidir. Bəzən marketinq anlayışı, reklam, PR kimi sözlərlə qarışdılar. Lakin bunların hər üçü özlüyündə fərqli məna yükünə sahib olan terminlərdir. Göz önündə olan bu inkişafı nəzərə alaraq, bu gün ölkəmizdə marketinqin necə inkişaf etdiyini, hansı sahələrdə marketinqə ehtiyac olduğunu öyrənməyə çalışdıq.
Sektorlar günü gündən inkişaf edir, rəqabət artır

"AzMarketinq” şirkətinin direktoru, marketoloq Seymur Quliyev deyir ki, istər kommersiya təşkilatı, istərsə qeyri-kommersiya müəssisəsi olsun, bütün növ təşkilatların marketinq fəaliyyətinə ehtiyacı vardır: "Biznes funksiyalarının ən əhəmiyyətlisi marketinqdir desək, yanılmarıq. Çünki müəssisənin gəlir mənbəyi olan müştərilərlə münasibətdə olan yeganə biznes funksiyası məhz elə marketinqdir. Ən azı bu səbəbdən sferasından asılı olmayaraq, istər kommersiya təşkilatı, istərsə qeyri-kommersiya müəssisəsi olsun, bütün növ təşkilatların marketinq fəaliyyətinə ehtiyacı vardır. Azərbaycanın cari vəziyyətində bütün sahələrdə marketinq boşluğu mövcuddur. Bütün sektorlar günü-gündən inkişaf edir, rəqabət artır, müştərinin istək və tələbləri çoxalır. Bunları nəzərə alan müəssisələr marketinqin əhəmiyyətini zaman keçdikcə daha yaxşı başa düşür və önəm verməyə başlayırlar. Azərbaycanda marketinq sahəsinin inkişaf etməsi göz önündədir. Bu sahə ilə bağlı təşkil olunan marketinq sammitləri, konfranslar, forumlar və görüşlər inkişafın bariz nümunəsidir. 2017-ci il marketinq tədbirləri ilə dolu bir il oldu. 2018-ci ildə də bu tədbirlər artan templə davam edəcək”.
Bütün sektorlarda marketinq boşluğu var
S. Quliev bildirir ki, ölkədə hansısa sektorda marketinq əla işləyir desək, yanılmış olarıq: "Bütün sektorlarda marketinq boşluğu var. Hətta bəzi sektorlar hələ də marketinqin əhəmiyyətini tam olaraq mənimsəyə bilmir. Bütün bunlara baxmayaraq, marketinq fəaliyyətləri əvvəlki illərə nisbətdə aşağı sürətlə olsa belə, inkişaf etməkdədir. Əsasən rəqabətin daha güclü olduğu gündəlik tələbat malları, məişət texnikası, geyim, telekommunikasiya, texnologiya və tikinti kimi sektorlarda marketinqə daha çox önəm verilir. Məhz bu səbəbdən də marketinqin müasir müştəri elmi kimi qavranması bu sektorlarda daha bariz şəkildə nəzərə çarpır. Digər sektorlarda da marketinq fəaliyyətləri həyata keçirilir. Amma sırf reklam xarakterli bu fəaliyyətlər marketinq aysberqinin görünən tərəfi kimi yaddaşlarda qalır. Görünməyən tərəflər isə ya ümumiyyətlə edilmir, ya da bu fəaliyyətlərin edilməsi üçün lazım olan şərtləri qarşılaya bilmirlər. Yerli istehsalın olduqca az olması və əsasən xaricdən idxal edilən məhsulların çoxluğu, alternativlərin az olması da müəssisələri marketinq fəaliyyətində passiv qalmağa sövq edir. Halbuki bu tip problemlər marketinqi arxa plana atmağa səbəb olmamalı, marketinqin bir müştəri elmi olduğu unudulmamalıdır. Həmçinin marketinq bir xərc mənbəyi olaraq görülməməlidir”.
Rəqabətin olması marketinqin vacib olmasına zəmin yaradıb
Müsahibimiz deyir ki, marketinq bütün sahələrə tətbiq edilə bilər. İnsanların boş zamanlarını keçirmək və sosial inkişafını təmin etmək üçün teatr, kino və muzey kimi müəssisələr vardır: "Bu müəssisələr ictimaiyyət, mədəniyyət haqqında əsas informasiya ötürücüləridir. Bu tip müəssisələrin marketinqinin olması həm yerli müştəriləri, həm də xarici turistləri cəlb etməyə şərait yaradacaq. Xarici vətəndaşların həm vəsait xərcləməsinə, həm də ölkənin mədəniyyəti, davranış strukturu və tarixi haqqında məlumat əldə etməsinə gətirib çıxaracaq. Son illərdə kinoteatr sektorunda olduqca böyük canlanma vardır. Yeni özəl kinoteatrların açılması, rəqabətin güclənməsinə gətirib çıxarmışdır. Rəqabətin yaranması marketinq fəaliyyətinin vacib olmasına zəmin yaradıb”.
Ekspert tibb sahəsindəki marketinqlə bağlı da fikrilərini bölüşdü: "Tibb sektorunda da marketinq fəaliyyətləri günü-gündən inkişaf etməkdədir. Yeni özəl klinikaların açılması, müştərilərin cəlb edilməsi, bu klinikaların imicinin formalaşdırılması üçün atılan addımlar, müştəri araşdırmaları kimi fəaliyyətlər marketinqin inkişafına bir işarədir. Korporativ marketinqin tətbiqi ilə yanaşı, artıq yeni bir trend formalaşıb. Həkimlər şəxsi brendinq fəaliyyətlərinə yönələrək, özlərinin tanıdılması ilə məşğul olmağa başlamışlar. Bütün bunlar, rəqabətdə ən azı bir addım öndə olmaq üçün marketinqin nə qədər əhəmiyyətli bir funksiya olduğunu göstərir”.
2017-ci ili rəqəmsal marketinq ili elan etmək olar
Marketoloq Vaqif Hüseynov deyir ki, yerli şirkətlər yavaş-yavaş marketinqin gücünü hiss etməyə başlayıblar: "7-8 il bundan öncəki ilə indiki marketinqi müqayisə edəsi olsaq, çox ciddi irəliləyişlərin əldə olunduğunu görərik. Marketinq mütəxəssisinin dünya bazarını izləməsi, ondan xəbərdar olması, bu sahə üzrə özünü inkişaf etdirə bilməsi üçün ingilis dillini bilməsi vacibdir. Bir neçə il əvvəl istinad ediləcək mənbələr rus dilli idi və həmin mənbələrlə də inkişaf mümkün deyildi. Bu gün marketinq sahəsi ilə məşğul olan gənclər ingilis dilini yaxşı bildiklərindən və əsasən də xaricdə təhsil alıb gəldikləri üçün bu sahə inkişaf etməkdədir. Bundan başqa, ölkə bazarında da şirkətlər yavaş-yavaş marketinqin gücünü hiss etməyə başlayıblar. Marketinq büdcələrini artırır, marketinq mütəxəssislərinə yaxşı maaş verirlər. Bunun nəticəsi olaraq, yerli bazarda istər kadr, istərsə də şirkətlərin marketinq yönlü addımları baxımından, bu sahədə kifayət qədər inkişaf görünür. Düşünürəm ki, ötən - 2017-ci ili rəqəmsal marketinq ili elan etmək olar. Çünki bu ildə çox ciddi irəliləyişlər əldə edildi. Bu sahədə həmin ilə qədər görünməmiş hadisələr baş verdi. Bir sıra marketinq forumları və sammiti keçirildi”.
Bu sahəyə ayrılan büdcəni artırmaq lazımdır

Marketoloq qeyd edir ki, işin daha effektli və keyfiyyətli şəkildə bazara təqdim olunmasını marketinq departamenti təmin edir: "Demək olar ki, bu gün 90 faiz şirkət marketinq sözünü tam anlayıb, bu istiqamətdə irəliləyişlərə nail olub. Amma təəssüf ki, dövlət qurumları bu sahəyə büdcə ayırmağa xəsislik edirlər. Onlar düşünürlər ki, bu, sadəcə, pul itkisidir. Müəyyən bir krizis anında və ya qənaətə ehtiyac olduqda ilk olaraq marketinqin büdcəsindən çıxırlar. Bu, tamamilə yanlışdır. Hansı departamentin pulu kəsilsə belə, marketinq departamentində bunu etmək olmaz. Əksinə, bu sahəyə ayrılan büdcəni artırmaq lazımdır. Çünki işin daha effektli və keyfiyyətli şəkildə bazara təqdim olunmasını marketinq departamenti təmin edir. Bu da, bilavasitə satışın artırılmasına təsir göstərir”.
Müsahibimizdən gəliri az olan sahələrdə marketinq işinin yaxşı təşkili nəticəsində kifayət qədər qazanc əldə etməyin mümkün olub-olmadığını soruşduq: "Marketinq satışdan əvvəl başlayıb, satışdan sonra bitir. Məsələn, teatr, muzey və kitabxanalar əslində bir çox insanın axtardığı işlə məşğuldurlar. Sadəcə olaraq, onlar öz istehlakçılarına çata bilmirlər. Teatr zalları çox zaman lazım olan auditoriyanı toplaya bilmir. Amma başqa bir sahibkar teatr açır və bunu kifayət qədər yaxşı reklam edərək marketinq hesabına 200-300 nəfərlik zalı tam doldura bilir. İnsanların marağını cəlb etməyi bacarır. Hətta, biletin qiyməti 20-30 manat olsa belə, satılır. Burdan da görünür ki, sırf marketinq sahəsində dövlət orqanları özəl sahibkarlarla mübarizə aparmaq gücündə deyillər”.
Təhsil sisteminin də marketinqə ehtiyacı var
"British Councul”un layihə meneceri, marketinq üzrə konsultant İlham Ali Yusif bildirdi ki, Azərbaycanda marketinq artıq kifayət qədər inkişaf etmiş sahələrdən biridir: "İstər nəzəri baxımdan onun tədrisi, istərsə də bu sahədə təlimlərin keçirilməsi bu gün marketinqə olan marağı artırıb. Digər bir tərəfdən də, bir sıra yerli şirkətlərimiz marketinqi korporativ fəaliyyətlərinə daxil ediblər. Deyərdim ki, bu sahə üzrə heç də beynəlxalq şirkətlərdən geri qalmırlar. Yerli şirkətlərimiz bir sıra yeniliklər etməyə çalışır, beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və xarici bazarlara çıxmağa çalışırlar. Artıq daha yaxşı reklamlar çəkilir, müştəri xidməti qurulur desək, yalan olmaz. Yəni demək olar ki, bu sahə inkişaf edir. 10 il bundan əvvəlki ilə, indiki vəziyyət arasında böyük fərq var. Amma ümumilikdə götürsək, tutaq ki, marketinqin 50 funksiyası varsa, hələ onun hamısı tətbiq olunmur”.

Müsahibimiz deyir ki, marketinq hər şeydən öncə yeni məhsul və xidmət yaratmalıdır: "Marketinq olduqca geniş anlamdır. Azərbaycanda marketinqin müxtəlif elementləri üzrə fəaliyyət göstərən şirkətlər elə də çox deyil. Hətta deyərdim ki, bu elementləri tətbiq etməyənlər belə var. Marketinq deyərkən bizim ağlımıza ilk gələn kommunikasiya olur. Amma marketinq hər şeydən öncə, yeni məhsul və xidmət yaratmalıdır. Lakin Azərbaycanda buna elə də çox önəm vermirlər. Həmçinin innovasiyalara elə də meyilli deyillər. Ölkəmizdə daha çox satış kanalları geniş yayılıb. Biz həmişə şikayətlənirik ki, xarici məhsulların satışına daha çox önəm verilir. Amma burada əsas iş marketoloqların üzərinə düşür. Onlar xarici məhsulun satışını həyata keçirdirlər, amma yerli məhsul yaratmağa maraq göstərmirlər”.
İ.Yusif deyir ki, bu gün təhsil sisteminin də marketinqə ehtiyacı var: "Mən özüm təhsil sahəsində çalışıram. Yaxşı olardı ki, təhsil müəssisələri də marketinq elementlərindən istifadə etsinlər. Bəzi orta məktəblər hələ də fərqində deyillər ki, bir neçə ilə şagirdlər artıq özəl məktəbləri seçəcəklər. Bunu eyni zamanda universitetlərə də aid etmək olar. İndiki gənclərin əksəriyyəti təhsil üçün xaricə üz tutur. Hər bir universitet öz marketinqini təşkil etməlidir. Hətta orta məktəb dövründən şagirdlərdə həmin universiteti seçmələri üçün maraq yaratmalıdırlar. Universiteti bitirən hər kəs üçün prioritet məsələ iş tapmaqdır. Bu gün hansı universitet, məzunlarının iş tapması ilə bağlı statistika yayır? Demək olar heç biri. Halbuki bu nüans şagirdin həmin universiteti seçməsində təsiredici rol oynayır. Bu statistika həmin universitetin marketinqinin ən güclü elementidir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər