• cümə axşamı, 18 aprel, 17:45
  • Baku Bakı 22°C

Marketinq oyunu, yoxsa reallıq?

24.02.20 19:24 3131
Marketinq oyunu, yoxsa reallıq?
ÜST-dən xəbərdarlıq: "Yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən daha təhlükəlidir”
Son aylar gündəmi zəbt edən mövzulardan biri də koronavirusdur. Dünyanın bir çox ölkəsini cənginə alan bu virus artıq bizim ölkəmizin də çox yaxınlığındadır. Xüsusilə də bizə ən yaxın ölkə olan İran ərazisində virusdan ölüm hadisələrinin baş verməsi, ciddi şəkildə narahatlıq yaradıb. Hətta sərhəd bölgələrində gediş-gəliş tam dayandırılması da, bəzi məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Yayılan rəsmi xəbərə əsasən isə Çində ölənlərin sayı artıq 2592 nəfərə çatıb. Bundan başqa bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələrin başlayacağı da qeyd edilir.
"Zarafat”la törədilən təxribat
Bütün bu xəbərlərin fonunda koronavirusla bağlı "whattsap” sosial şəbəkəsində yayılan səs yazısı insanlar arasında daha böyük qarışıqlıq yaratdı. Səs yazısının bir dəqiqə içərisində minlərlə insana göndərilməsi vətəndaşları təşvişə saldı. Səs yazısında koronavirusun ölkəmizdə yayıldığı və bunun isə bəzi qurumlar tərəfindən gizlədildiyi qeyd edilirdi. Ən acınacaqlısı isə insanlarımızın bir an belə düşünmədən təsdiqini tapmamış belə xəbərlərə inanması, onların həm psixoloji, həm də fiziki olaraq zərbə almasına səbəb ola bilər. Belə bir addımın atılması birbaşa olaraq insanlar arasında xaos yaratmağa, ictimai siyasi sabitliyi pozmağa planlanmış bir təxribat işidir.
Məlumat üçün qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkar olunması barədə yalan məlumat yayan şəxs saxlanılıb. Həmin şəxsin həkim olduğu müəyyənləşdirilib. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı suala cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb. Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Bəli, sadəcə zarafat üçün heç bir əsası olmayan xəbəri yaymaq, görün, insanlar arasında necə səs-küyə səbəb oldu. Bütün bunlardan sonra dövlət orqanları açıqlama verərək yaranmış bu vəziyyəti stabilləşdirməyə və insanları narahat olmamağa səslədi. Belə ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda qeyd edilir ki, həmin xəbərlər həqiqəti əks etdirmir: "İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar".
ÜST "Azərbaycanda koronavrius qeydə alınmayıb” deyir
Məlumatda qeyd edilir ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməmək, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etmək tövsiyə edilir: "Yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir. Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".
ÜST bəyan edir ki, qabaqlayıcı tədbir olaraq, kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək, əlləri tez-tez yumaq (xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra) lazımdır. Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar.
ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.
Lazımı strukturlar daim çevik, operativ məlumat verməlidirlər ki...
Maraqlıdır, ekspertlər nə düşünürlər? Belə həssas məqamda əsası olmayan xəbərlərin yayılmasının qarşısını necə almaq olar, Ən əsası, insanların təşvişə düşməməyi üçün hansı addımlar atılmalıdır?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə bu tip məsələlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları vaxtında açıqlama yaymalıdır: "Koronavirusla bağlı xəbərlər artıq dünyanın bir çox ölkəsində yayılıb. Həmin ölkələr hər gün gündəmə uyğun açıqlamalar verərək insanları məlumatlandırırlar. Bizim vətəndaşlarımız ilkin reaksiyanı müvafiq dövlət orqanlarından gözləyirlər. Bunu etiraf etmək lazımdır ki, koronavirusla bağlı hazırda dünyada çox ciddi bir problem yaşanır. Koronovirus artıq gəlib ən yaxın qonşumuz İrana çatıb, amma bizim Səhiyyə Nazirliyindən, Gömrük Komitəsindən operativ məlumat verilmirdi. Bunun da nəticəsində kiminsə yalan, yanlış bir xəbər yayması insanlar arasında təşvişə səbəb oldu. Bu vəziyyətdə ən doğru addım lazımı strukturların daim çevik, operativ məlumat verməsidir. Yaxşı olar ki, kütləvi informasiya vasitələri müntəzəm olaraq bu mövzu ilə bağlı informasiyalar yaysınlar. İnsanlara bu virusdan qorunma yollarından, hansı qoruyucu vasitələrdən istifadə etməli olduqları ilə bağlı təlimatlar verilməlidir”.
Ekspert bu kimi dezinformasiyaların yayılmasının, bir növ hansısa məhsulun marketinqinə xidmət edə biləcəyini də qeyd edir: "Bir məsələni də nəzərə çatdırım ki, bu səs yazısı yayılandan sonra əczaxanalarda spirt və respiratorların satışı yüksək səviyyəyə çatıb. Hətta, elə əczaxanalar var ki, spirt və respiratorların bitdiyini deyir. Ola bilər ki, bu da həmin məhsulların satılmasına yönəlmiş marketinq siyasətidir”.
Virusun olma ehtimalı yüksəkdir, amma...
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, hələ ki koronavirusun ölkəmizdə olması ilə bağlı dəqiq məlumat yoxdur: "Düzdür, bəzi müəmmalı ölüm hadisələri baş verib amma, dəqiq olaraq bunun koronavirusdan qaynaqlandığını demək üçün əlimizdə bir əsas mövcud deyil. Hər halda dünyanın bir çox ölkəsində yayılıbsa və üstəlik, bizə ən yaxın ölkə olan İrana qədər gəlib çıxıbsa, bizdə olma riski var. Yəni virusun olma ehtimalı yüksəkdir, amma konkret olaraq "var” deyə bilmərik. Yaxşı olar ki, insanları özlərini qoruması üçün maarifləndirək. Məsləhət görərdim ki, karantin tədbirləri görülsün”.
İnsanlar arasında təşvişin yaranmasına münasibət bildirən, həkim qeyd etdi ki, bu məqamda dövlət orqanlarının üzərinə böyük iş düşür: "İnsanları təşvişə salacaq belə bir səs yazısı yayılmamış, əvvəl gərək Səhiyyə Nazirliyi virusla bağlı vəziyyətin necə olduğunu insanlara bildirərdi. Yəni məlum səs yazısından sonra verilən açıqlama əvvəlcədən yayılmalı idi. Bundan başqa insanlara məsləhət görərdim ki, yoxlanışdan keçmədən, heç nəyə qərar verməsinlər. Ola bilər ki, mövsümi soyuqdəymə ilə də bağlı qripə tutula bilərlər. Ona görə narahatlıq hiss etdik də mütləq şəkildə həkim yoxlanışından keçsinlər”.
Kimisi savadlıdır, yayılan xəbəri araşdırır, öyrənir, kimisi də...
Psixoloq Gülnar Orucova bildirdi ki, bu mesajların doğru və yanlış olması sual altındadır: "Bu tip mesajlar müxtəlif zaman daxilində, müxtəlif cür yarana bilir. Bundan öncə də uşaq oğrusu ilə bağlı belə bir səs yazılarına rast gəlmişdik. Bu mesajların doğru və yanlış olması sual altındadır. Ancaq nəzərə almaq lazımdır ki, insanlar müxtəlif psixologiyaya malikdirlər. Yəni bəzi insanlar var ki, belə mesajlara daha tez inanırlar. Bu tip insanlara "panikör” deyilir. Bunlar tez təşvişə düşən, nevrozdan əziyyət çəkən, ölüm qorxusu olan, keçmişdə hər hansı bir travma yaşayanlar, pessimist olan insanlar olur ki, onlar bu cür mesajlara daha tez reaksiya verir və inanırlar”.
Psixoloq belə bir addımın atılmasını doğru qiymətləndirmir: "Çünki xalqı təşvişə salmaq olmaz. Düzdür, hər bir insan ölümdən qorxur. Bu xəstəliyin ölümə gətirib çıxara bilməsi düşüncəsi insanlarda qorxu yaradır. Bu düşüncə və qorxunun yaranması da insanlarda təşvişə düşmələrinə səbəb olur. Ancaq insanları bu cür qorxutmaq müxtəlif cür fəsadlar yarada bilər. Onların psixologiyası pozula, motivasiyası düşə, həyat eşqi, yaşama həvəsi azala bilər. İnsanlar müxtəlif düşüncə tərzinə malikdirlər. Kimisi savadlıdır, yayılan xəbəri araşdırır, öyrənir. Kimisi isə heç bir axtarış etmədən əsası olmayan informasiyalara inanır və təşvişə düşür. Ona görə, məsləhət görərdim ki, hər kəs eşitdiyi informasiyanın doğruluğunu lazımı dövlət orqanları ilə dəqiqləşdirsin”.
Günel Azadə
banner

Oxşar Xəbərlər