• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafında böyük rol Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur

22.09.18 15:20 711
Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafında böyük rol Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur
Azərbaycanda gimnastikanın inkişafında böyük rol Birinci vitse-prezident, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur.
Bunu Trend-ə müsahibəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Baş məşqçi bildirib: "Heç kim Mehriban Əliyeva kimi işləmir və inkişaf üçün imkan yaratmır. Bu, obyektiv reallıqdır. Biz hamımız aydın görə bilərik ki, 5-10 il əvvəl vəziyyət necə idi, indi necədir. Bütün bu illər ərzində ən vacibi odur ki, biz mənəvi dəstək hiss etmişik. Biz heç də hər zaman yarışlardan medallarla qayıtmırdıq, uğursuz günlərimiz də olurdu. Amma biz hər zaman Mehriban Əliyevanın dəstəyini hiss edirik, o, hər zaman bizim yanımızdadır. Bundan başqa, Federasiyanın vitse-prezidenti Altay Həsənova dərin minnətdarlığımı bildirmək istəyirəm. O, bu illər ərzində bizim inkişafımız üçün lazım olan bütün işləri görüb".
M.Vasileva qeyd edib ki, hazırda bədii gimnastika həm Bakıda, həm də ölkənin regionlarında inkişaf edir:
"Bu gün bizdə bədii gimnastika 15 regionda inkişaf edib, artıq üçüncü ildir ki, regional yarışlar keçirilir və çox sayda gimnastlar burada iştirak edir. Ötən ilin sonuna olan hesabata əsasən, regionlarda 1258 gimnast məşq edib. Əlbəttə, indi onların sayı daha çoxdur, çünki il ərzində daha 3 regionda gimnastika bölmələri açılıb, ilin sonunadək isə daha 3 regionda bu cür bölmələr açılacaq. Fikrimcə, ilin sonunadək gimnastların sayı 2500-ə çatacaq. Bakıya gəldikdə isə, bura əlbəttə ki, ölkənin bədii gimnastika mərkəzidir. Bizdə milli komandaya gimnast hazırlayan bir neçə klub var. Bütün klublarla fəal əməkdaşlıq edirik, çünki hamımız eyni işi görürük ki, gimnastika inkişaf etsin və biz daha yaxşı nəticələr göstərək".
2018-ci ildə əldə olunmuş nəticələrdən danışan M.Vasileva vurğulayıb ki, bu ili Azərbaycan bədii gimnastikası üçün sadəcə uğurlu adlandırmaq olmaz. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan bədii gimnastikasında davamlı uğurların başlanğıc ili olub:
"Bu il biz yaxşı nəticələr əldə etdik. Gimnastımız Arzu Cəlilova Avropa çempionatında bürünc medal qazandı, qrup komandası Avropa çempionatında 3 top və 2 iplə hərəkətlərdə bürünc medal qazandı, dünya çempionatında halqalarla hərəkətlərdə beşinci və çoxnövçülükdə yeddinci yeri tutdu. Bundan başqa, onlar "Challenge Cup" turnirində qalb gəldilər ki, bu da bizim üçün böyük nüfuz hesab olunur. Bu il biz, həmçinin gənclərin Olimpiya Oyunlarında iştirakına nail olduq və artıq iki həftə sonra Yelizaveta Luzan Azərbaycanı Buenos-Ayresdə təmsil edəcək. Amma iş təkcə nəticələrdə deyil, bu gün milli komandamız öz inkişafının mühüm mərhələsindədir və bizim artıq perspektivli gimnastlarımız var. Hazırda bizdə 63 qız məşq edir və biz artıq müxtəlif istiqamətlərdə inkişaf edirik. Mənim üçün əsas budur".
Baş məşqçi əlavə edib ki, kəmiyyət və düzgün inkişaf olarsa, keyfiyyət də yaranacaq:
"Məsələn, indi bizim gənclərdən ibarət milli komandamızda 23 gimnast var. Müqayisə üçün deyim ki, 2014-cü ildə Bakıda Avropa çempionatı keçiriləndə cəmi iki gimnastımız var idi. Bu gün bizdə rəqabət var, bu isə bildiyimiz kimi, yaxşı nəticələrə gətirib çıxarır. Çünki gimnastlarda çıxış etmək üçün stimul yaranır. Onlar bir-biri ilə yarışır, bu, sağlam rəqabətdir. Bizdə, həmçinin qrup komandasının ikinci heyəti var. Onlar gələn ilin fevralında starta hazırlaşırlar. Belə bir hal bizdə ilk dəfədir və mən inanmaq istəyirəm ki, biz digər Avropa ölkələri kimi, inkişafımızı davam etdirəcəyik".
banner

Oxşar Xəbərlər