• cümə, 19 Aprel, 12:07
  • Baku Bakı 25°C

“Marafon” fiaskosu

29.11.16 12:33 901
“Marafon” fiaskosu
Erməni lobbisinin soydaşlarına yardım adı altında keçirdiyi xeyriyyə marafonu növbəti dəfə fiaskoya uğrayıb. Bəlli olduğu kimi, hər il "Hayastan” ümumermənistan fondu işğal altında olan Azərbaycan torpaqlarında zorla məskunlaşdırılan sakinlərə yardım göstərilməsi adı altında xeyriyyə marafonları keçirir. Maraq doğuran məsələ odur ki, hər il yığılan vəsaitlərin həcmində ciddi azalmalar müşahidə edilir. Bu isə o anlama gəlir ki, artıq dünya ermənilərində Ermənistan hakimiyyətinə əvvəlki inam qalmayıb. Onlar anlamağa başlayırlar ki, verdikləri pullar təyinatı üzrə deyil, bir qrup insanın cibinə gedir.

Erməni mətbuatında dərc olunan xəbərlərdə vurğulanır ki, bu dəfə sayca 19-cu illik xeyriyyə telemarafonunda təxminən 14 milyon dollardan çox vəsait yığılıb. 12 saatlıq telemarafon hətta bir neçə yerli televiziya ilə də canlı yayımlanıb. Məlumata görə, bu vəsaitin bir qismi hazırda erməni işğalında olan Dağlıq Qarabağın ziyan dəymiş rayonlarının bərpasına, oradakı erməni əhalinin təhlükəsizliyi və müdafiəsinin təminatına, həmçinin çoxuşaqlı ailələr üçün evlər tikilməsinə sərf olunacaq. Eyni vaxtda Ermənistan və işğal altındakı Dağlıq Qarabağda məqsədli proqramlar həyata keçiriləcək. Ümumermənistan "Hayastan” fondu bəyan edib ki, bir sıra sosial və infrastruktur layihələr həyata keçirmək niyyətindədir. Lakin məsələ ondadır ki, bunlar elə kağız üzərində qalır. Məsələn, fondun 2015-ci ildə keçirdiyi telemarafonda yığılmış vəsait hesabına işğal altındakı Azərbaycan torpaqlarında yaşayan çoxuşaqlı erməni ailələri üçün 28 yeni ev tikilməsi nəzərdə tutulmuşdu. Lakin hələ də bu layihə reallaşmayıb. Ayrılan vəsaitin taleyi isə bəli deyil.

Beləliklə, artıq dünya boyu səpələnən ermənilər daha əvvəlkitək soydaşlarına yardım göstərməkdə maraqlı görünmürlər. Onlar anlamağa başlayırlar ki, boğazlarından kəsib göndərdikləri həmin vəsait sonradan Ermənistan rəhbərliyinə daxil olan şəxslər tərəfindən mənimsənilir. Bu barədə dəfələrlə mətbuat səhifələrində məlumatlar gedib. Xaricdəki erməni icmasının nüfuzlu funksionerləri hesab edirlər ki, hakimiyyəti zorla ələ keçirən Serj Sarkisyan rejimi ölkəni tamamilə iflasa uğradıb. Konkret sübutlar qismində isə bəyan edilir ki, göstərilən müddət ərzində Ermənistanı tərk edənlərin sayı 1 milyonu keçib. Eyni zamanda, diqqət ona yönəldilir ki, ölkə bütün regional layihələrdən təcrid olunub. Bu vəziyyətə etiraz edənlər isə təzyiqlərə məruz qalıb, həbs edilib və ya öldürülüb. Bu səbəbdən müxaliflər bəyan edirlər ki, Sarkisyan hökuməti beynəlxalq insan haqları məhkəməsi qarşısında cavab verməlidir. Ən acınacaqlısı isə odur ki, hakimiyyət vaxtilə Qarabağda separatçı müharibədə döyüşmüş insanları həbs edir, onlara işgəncələr verir.

Ümumiyyətlə isə ermənilərin hər il keçirdikləri marafon "dilənmə marafonu” adlandırılsa, daha yaxşı olar. Bu kampaniya ermənilər üçün adi davranış forması, yaşam tərzinə çevrilib. Yəqin ki, ilin sonunda Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyan yenə ABŞ ilə Fransaya yollanacaq, orada dilənəcək, pul istəyəcək və axırda da telemarafon keçirəcəklər. Məsələ ondadır ki, əgər əvvəllər belə "xeyriyyə” telemarafonlarında hər dəfə təqribən 25 milyon dollar yığılırdısa, 2014-cü ildən başlayaraq məbləğ sürəkli azalır. 2014-cü ilə 16 milyon dollar yığılmışdısa, ötənilki marafonda ermənilər 14 milyon dollar ianə toplayıblar. Səbəb isə bəllidir - son iki ildə xaricdə yaşayan ermənilərin diaspor təşkilatları ilə rəsmi Yerevan arasında münasibətlər hədsiz dərəcədə pisləşib. Daha doğrusu, diasporda Serj Sarkisyana nifrət yaranıb. S.Sarkisyanın ABŞ-a və ya Avropa ölkələrinə səfərləri zamanı diaspor mənsubları Ermənistan prezidentinin olduğu binanın qarşısına yığışır, piketlər keçirir, Yerevandakıvə Xankəndidəki cinayətkarlar yığınını yemləmək istəmədiklərini deyirlər.

Belə bir durumda Ermənistan Milli Konqresi hərbçilərin ehtiyaclarını qarşılamaq üçün hökumətin yeni fond yaratması və bura işləyən hər vətəndaşdan ayda 1000 dram (2 dollar) cəlb etmək istəməsi ətrafında yaranan ziddiyyətdən maksimal dərəcədə öz lehinə istifadə etməyi düşünür. "Aravot” yazır ki, müxaliflər bu məqsədlə kütləvi aksiyaların keçirilməsini belə istisna etmirlər: "Çünki cəmiyyətdə hakimiyyətin bu niyyətindən böyük narazılıq var. Hətta iş o yerə çatıb ki, Ermənistanda bəzi deputatlar hökumətin hərbçilərin ehtiyacları üçün vətəndaşlardan 1000 dram tutmaq təşəbbüsünü dilənçilik adlandırırlar”.

"Epress.am” saytı isə bu fonda sosial şəbəkələrdə yayılan materiallara diqqət çəkərək, onlara istinadən yazır: "Bizim ölkədə hakimiyyət etibar olunan heç nə təklif eləmir. Yığılan pullardan ölən və əlil olanların ailələrinə nəsə düşəcəyinə necə inanmaq olar? Hər 2 dramdan biri Sarkisyanlardan birinin cibinə gedir. Bu hakimiyyətə necə inanmaq olar ki, dedovşina və zabit özbaşınalığı üzündən ölən əsgərləri Azərbaycan gülləsinin qurbanı kimi təqdim edir?”

Azər NURİYEV

banner

Oxşar Xəbərlər