• çərşənbə axşamı, 19 mart, 13:45
  • Baku Bakı 8°C

Maqdananın Lurcası

18.02.19 13:30 1929
Maqdananın Lurcası
I

Əri dünyasını dəyişdikdən sonra dörd körpə uşaqla tək qalan gənc Maqdananın dolanışıq üçün heç bir vasitəsi yox idi. Əvvəllər o, heç olmazsa boyat çörəyi süddə isladıb övladlarını yedirirdi, amma dəfn xərclərini ödəmək üçün yeganə inəyi satmalı olduqlarından Maqdana sonuncu dayağından da məhrum oldu. Zavallı qadın nə edəcəyini, yetim qalmış övladlarını necə yedirəcəyini bilmirdi. Maqdananın yaşadığı Mtsıri kəndi bərəkətsiz, quraq ərazidə yerləşdiyindən əhalisi bir parça çörək tapmaq üçün böyük çətinliklərlə qarşılaşırdı. Bu səbəbdən də qonşulardan kömək gözləmək faydasızdı, ailə başçısını itirmiş bu çoxuşaqlı ailəyə qonşular necə yardım edə bilərdi axı?
Təbiətin özü tərəfindən yoxsulluğa məhkum edilən bu kəndin yeganə üstünlüyü şəhər yaxınlığında yerləşməsi idi. Kəndlilər özlərinə iş tapmaq, əldə etdiklərini satmaq üçün şəhərdəki bazara yollanırdılar. Maqdana da bu yolla pul qazanmaq fikrinə düşdü. Ac uşaqlarının ağlayışı onun ürəyini parçalayırdı, zavallı qadın nə gündüz, nə də gecə rahatlıq tapa bilirdi. Nəhayət o, olduqca ağır işin qulpundan yapışmaq qərarına gəldi.
Ərinin ölümündən bir həftə keçmiş, Maqdana qara libasda, çiynində matsoni (Matsoni – gürcü mətbəxinə aid süd məhsulu – X.N.) ilə dolu bardaqlar yerləşdirilmiş xurcun, əlində isə südlə dolu böyük kuzə şəhərə yollandı.
Maqdana südü qonşulardan satın alırdı. Axşamüstü südə maya vurur, sübh tezdən, hava hələ işıqlanmağa macal tapmamış artıq şəhərə gedən yolla irəliləyirdi. Bazarın girişində ağır yükünü yerə qoyur, süd şüşələrini, içərisində matsoni olan hündür gil bardaqları qarşısında yerbəyer edir və səkinin kənarında əyləşib başıaşağı vəziyyətdə alıcı gözləyirdi.
İlk günlər hər kəsin gözləri qarşısında səkidə əyləşib alıcı səsləmək yazıq qadına əzab verirdi. Lakin tezliklə bütün bunlara alışdı. O, hətta yalvarışlı səslə insanları dilə tutaraq gətirdiyi məhsulu satmağı da öyrəndi. Xüsusilə də yaxınlıqda onun kimi satmaq üçün matsoni və süd gətirmiş bədbəxt dul qadınlar peyda olduqda bu üsul daha çox işinə yarayırdı.
Maqdana acından ölməmək və yetimləri doyurmaq üçün yetəcək qədər qazanırdı.
Mtsıri kəndindən şəhərə beş-altı verst olardı, amma zavallı qadın bu yolu gün ərzində iki dəfə, özü də kürəyində ağır yüklə getdiyindən əldən düşürdü.
Evə çatdıqda o, bəzən talvarın altında uzun müddət ölü kimi uzanır, uşaqlar isə qışqırıqlarla onu dövrəyə alırdılar. Ağır xurcun onun çiynini yara edirdi. Biçarə qadın yükünü kürəyinə alarkən göz yaşlarını saxlaya bilmirdi, bəzən o qədər əldən düşürdü ki, dizi üstə yıxılır, amma həmin dəqiqə ayağa durub xaç çevirir və yenidən yola davam edirdi.
Maqdana qayıdana qədər on iki yaşlı Sofo evin təsərrüfatı ilə məşğul olurdu. Qardaşı və iki bacısı yuxuda olduqları zaman o, yaşadıqları daxmanı süpürür, bardağı su ilə doldurur, toyuqları yemləyirdi. Balacalar yuxudan ayıldıqda Sofo onları yuyundurub yedirir, sonra ertəsi gün hazırlanacaq matsoni üçün qabları hazırlayır, ardınca isə kiçik bacısını qucağına götürüb taxtapuşa qalxırdı. Günəşin şüaları altında sakitcə dayanıb anasını gözləyirdi. Damdan baxdıqda aydın şəkildə görünən əsas yol kənddən bir az aralıda yerləşən dağa doğru uzanıb gözdən itirdi. Maqdana yoxuşda görünən kimi Sofo bacısını yerə qoyub anasını qarşılamağa qaçırdı. Maqdanaya az da olsa kömək etmək üçün qızcığaz boş qabları və şəhərdə satın aldığı azuqəni onun əlindən götürürdü.
Yay gəldikdə Maqdana gücünün tükəndiyini hiss etdi. İyul günəşinin qaynar şüaları onun sifətini qarsır, qızmar torpaq yalın, çatlamış ayaqlarını yandırır və sanki şəhərə qədər olan məsafə iki dəfə artırdı. Maqdana yolda arabir dayanıb nəfəsini dərir, yorğunluqdan əldən düşdüyü üçün kölgəlik bir yer tapan kimi dayanıb dincəlir və kəndə axşam gəlib çatırdı. Südü satın almaq və mayalamaq o qədər zaman alırdı ki, Maqdana doyunca yatmağa macal tapmamış sübh zamanı gəlir və o, yola düşməli olurdu. Zaman keçdikcə hər gün bazara getməyə heyi qalmırdı. İndi Maqdana və Sofo yarıac dolanır, körpələri doyunca yedirmək üçün yeməklərinə qənaət etməli olurdular.
II

İsti avqust günlərindən birində Maqdana heydən düşmüş, təngimiş vəziyyətdə kəndə çatdı. Zavallı qadın qızı Sofonun adəti üzrə onu qarşılamağa gəlməməsindən təəccüblənmişdi. Qadının ürəyi qorxudan dayanmaq üzrə idi.
– Aman Allah... balalarım! – deyib sinəsinə vurdu və bir anda özünü evə çatdırdı.
Evin girəcəyində Sofo, qardaşı və qonşu uşaqlar narahat vəziyyətdə dayanmışdılar. Maqdana bir yerə toplaşmış uşaqları araladı və gördüyü mənzərədən heyrət içərisində qaldı. Onun qarşısında – yerdə uzunqulaq uzanmışdı. Heyvanın başı arxaya düşmüşdü, güclə nəfəs alırdı.
Maqdananın üzündə təbəssüm göründü. Qadın uşaqları uzaqlaşdırıb heyvanın ombasını və ayaqlarını diqqətlə nəzərdən keçirdi, heç yerində sınıq tapmadığından yenidən gülümsədi, bu dəfə çox sevincək idi.
– Ana , bilirsən, bu uzunqulağı Mixa yolda tapıb, mənə xəbər etdi və biz onu birlikdə bura gətirdik – Sofo nəql edirdi. – Onu bağlayıb ot gətirməyə gedəcəkdik ki, yazıq heyvan səndələyib yıxıldı. Mən qışqırmağa başladım, uşaqlar qaçıb gəldi, sonra da sən gəlib çıxdın.
– Ah, qızım, kaş o, sağ qalardı... O zaman biz insan kimi yaşayırdıq. Tez otluğa qaç, təzə, yaşıl, yumşaq otlardan yığıb tez qayıt.
Maqdana yorğunluğunu unudub heyvanın qayğısına qalmağa başladı. Onun yaralı kürəyini yuyub təmizlədi, yaranın üzərinə kerosinli cuna qoydu. Sonra uzunqulağın qıc olmuş çənəsini ayırıb bir az su içirdi, üzərinə duz səpilmiş çörək parçası yedirdi. Əldən düşmüş heyvan yavaş-yavaş özünə gəlməyə başladı. Bu zaman Sofo gəlib çıxdı, heyvanı əzizləyərək qarşısına qucaq dolusu ot qoydu.
III

İki həftə sonra heyvan yük daşıya biləcək qədər möhkəmləndikdə, Maqdana mayalandırmaq üçün həmişəkindən iki dəfə artıq çəkidə süd aldı və qonşulardan iki böyük zənbil borc götürdü. Səhər zənbillərə matsoni ilə dolu bardaqları yerləşdirib yükü "dayça”sının kürəyinə aşırdı və şəhərə yollandı. Bu gün onu tanımaq olmurdu, xoşbəxtlik və sevincdən işıq saçan qadın həmişəki kimi ağır yükün altında güclə yerimək əvəzinə addımlarını gümrah atır, köməkçisi Lurcaya və onun ətrafında atlanıb-düşən uşaqlara fəxrlə baxırdı.
– Ana, sən bu gün şəhərə daha tez yetişəcəksən? – Mixa soruşdu.
– Əlbəttə, oğlum! Hətta iki dəfə tez. Hələ ,bəlkə, günortaya evə qayıda bilərəm.
– Nə danışırsan, ana! Sən bu qədər matsonini axşama kimi güclə sata bilərsən. Biz dünən bütün kənddən qab toplamışıq.
– Satışa görə narahat olmağa dəyməz. Bu beş-altı gün ərzində mən bir çox insanla dostlaşmışam. Nə qədər desən alıcım var. Şübhən olmasın ki, hər iki zənbil tez zamanda boşalacaq. Bu gün elə isti olacaq ki, insanlar matsonidən başqa heç nə yemək istəməyəklər. İndi isə uşaqlar geri qayıdın, yorularsız.
– Yox, anacan, biz səni yoxuşa qədər ötürək və bizim əziz Lurcanın necə yeridiyinə baxaq. Onun qara və olduqca ağıllı gözləri elə qəşəngdi ki... amma eynilə bizim onu tapdığımız gündəki kimi kədərlə baxır. Axı indi Lurcanın qarnı toxdur, bəs niyə kədərlidir?
– Bilmirəm, balacan, görünür, bu heyvanların adəti belədir. Onlar daim kədərli, məyus olurlar. Bircə əlaməti məlumdur ki, əgər atılıb düşür və oynayırsa, deməli, qarnı toxdur. Dünən Lurcamızın otluqda oynadığını xatırlayırsan?
– Hə, qonşu uzunqulaqlarla elə gülməli oynayırdı ki! – uşaqlar gülüşdülər. – Ana, sən qayıdana qədər biz Lurcanın içində itib-batacağı qədər ot toplayarıq!

IV
Tale Maqdananın üzünə gülmüşdü. Lurcanın sayəsində işləri yaxşı gedirdi. Bəzən süd və matsonidən başqa yumurta və toyuq da satırdı. Maqdana vicdanlı ticarətçi idi. Heç vaxt südə su qatmaz, Sofo isə qab-qacağın qüsursuz dərəcədə təmiz olmasının qayğısına qalardı. Buna görə də Maqdananın çoxsaylı alıcısı vardı. Rəhmli insanlar ona öz uşaqlarının geyilmiş paltar və ayaqqabılarını verirdilər. Payıza qədər Maqdana o qədər pul qazandı ki, hətta dar gün üçün kənara bir az pul da qoya bildi. Qış üçün üç kisə un aldı, Lurca üçün saman və bir az arpa hazırladı.
Uzun qış gecələrində adəti üzrə əlində nə isə toxuyaraq uşaqlara şəhər haqqında, işə yeni başlayarkən yaşadığı çətinliklər barədə danışırdı.
– Təcrübədən çox şey asılıdır, balalarım, – ağıllı qızı Sofoya müraciətlə fikirli halda deyərdi. – İlk günlər mən hələ matsoni satışına yeni başlayanda, digər tacirlər mənə istehza edirdilər. Hər biri məndən öndə dayanmağa çalışırdı ki, öz məhsulunu satsın. Mənsə – zavallı, biçarə qadın hər kəsdən arxada dayanırdım. Zalım insanlar gah satdığım matsonini, gah da südü dağıtmağa çalışırdılar. Amma mən tezliklə başa düşdüm ki, uğur zirəklikdən asılıdır və çəkingənliklə utancaqlığı bir kənara qoydum. Əsasən də, sizin burada ac qaldığınızı yada salanda artıq heç kimin məni ötüb keçməsinə izn vermədim. Mən irəli atılır, alıcıları səsləyir, xahiş edir, məndən matsoni almaları üçün onlara yalvarırdım və bu yolla sizin üçün çörək qazanırdım...

V

Pasxadan sonra sağım artdığından Maqdana uzunqulağa bir az artıq matsoni yüklədi və şəhərə yollandı. Qadın qısıq səslə nə isə zümzümə edərək şən halda Lurcanın yanınca gedirdi. Qəlbi ümidlə dolu idi. "Pasxaya balalarımı sevindirə bilmədim – Maqdana götür-qoy edirdi – hətta onlara çit köynəklər də tikə bilmədim. Amma indi heç olmasa mənim ağıllı qızım Sofo üçün nə isə alaram – ona qırmızı çəkmələr alacam. Mənim əziz qızım... İşə bax, balacaların qayğısına elə qalır ki, mənim yoxluğumu belə hiss etmirlər. Bəlkə bu il onun üçün cehizlik nə isə ala bildim. Elə evə də əl gəzdirmək yaxşı olardı, şalbanlar çürüyüb, onları dəyişmək lazımdır... ”
Öz fikirləri içərisinə dalan Maqdana şəhərə necə daxil olduğunu hiss etmədi. Günəş çıxmış, şüaları bağları və kiçik Vera çayını bürümüşdü. Parıltısı Kür çayının üzərini güzgü kimi işıqlandırırdı. Yuxudan ayılan şəhər ahəstə şəkildə uğuldayırdı. Odun yüklənmiş arabalar, kərpiclə dolu furqonlar bir-birini ötərək şütüyürdü. Uzunqulaqları yükləyən kəndlilər, əllərində bardaqlar olan süd satan qadınlar, başında tabaq olan səyyar satıcılar bazara tələsirdilər. Maqdana da Lurcanı iki dəfə qamçıladı və addımlarını yeyinlətdi. Yoxuşa çatanda ona tərəf qaçan uzunqulaq sürüsü ilə rastlaşdı. Onların sahibi his-pasa bulaşmış kömürçü gözəl bir qatırın tərkində əyləşərək heyvanları var-gücü ilə qovurdu. Uzunqulaqlardan biri Maqdananın zənbilinə toxunub onu silkələdi. Maqdana qəzəblənib kömürçünü lənətləməyə başladı:
– Boynun qırılsın, lənətə gəlmiş! Müflis etdin məni, məhv etdin. İndi bu dağılmış matsonini kim alacaq?!
Qadını hələ indi görən kömürçü birdən qatırını saxladı. Aşağı enib Maqdanaya tərəf götürüldü.
— Ay arvad, söyüb, qarğış etməkdənsə, de görüm bu uzunqulaq səndə hardandı?
Maqdananın taqəti kəsildi, rəngi avazıdı və güclə eşidiləcək səslə dilləndi:
— Yolda tapmışam... Ölüm ayağında idi, ona qulluq elədim.
— "Ölürdü”, "qulluq elədim”, – kömürçü onu yamsıladı. – səndən kim xahiş etmişdi ona qulluq edəsən? Mən uzunqulağı çəmənlikdə sənin onu oğurlamağın üçün saxlamamışdım! O, sürüdən geri qalırdı, mənsə gecikdiyim üçün onun ardınca ertəsi gün qayıtmaq qərarına gəldim, amma geri dönəndə heyvandan əsər-əlamət qalmamışdı. Deməli, sən onu mənimsəmisən, yaramaz qadın! Bu dəqiqə uzunqulağı geri qaytar, yoxsa başını qopararam! Nə qədər ki, bardaqlarını sındırıb tikə-tikə etməmişəm, götür onları görüm. Elə eləmə ki, səni məhkəməyə verim, oğurluq üstündə həbsə düşəsən!
Yetimlərinin payının əldən çıxacağını görən Maqdana qəzəbləndi. Qışqırıq salıb zənbillərini götürdü, fədakarcasına özünü müdafiə etməyə başladı.
— Yox, əlimdən ala bilməzsən, bu heyvan mənim tapıntımdır! – qışqıraraq qəzəbli kömürçünü itələməyə başladı. – Mən onu bütün qışı yemləmişəm... bu mənim uşaqlarımın ruzisidir. Yaxın gəlmə, gözlərini oyaram!... Əlimdən ala bilməyəcəksən... Burda yıxılıb ölsəm də onu sənə vermərəm!
— Rədd ol burdan! Eşidirsən, rədd ol! Əlini çək!... Rədd ol deyirəm! Məni günaha batırma, cücə kimi boğaram səni. Yaramaz qadın, hələ bir kəkələnir də. Utanmırsan? Ölüb, yerə girmirsən? Burax deyirəm sənə!
— Nə qədər sağam, verən deyiləm! O, mənimdir, oğurlamamışam, yaxşı bilirsən vicdansız adam. Hamı bilir, mən kəndxudaya da xəbər vermişdim. Allah onu mənim yetimlərimə verib, sənsə almaq istəyirsən? Yox, ala bilməyəcəksən!
Başından örpəyi açılıb düşdü, saçları dağıldı, alnını soyuq tər basdı. Rəngi soluxmuşdu. Həmişə sakit olan səsi möhkəm və qəzəbli idi, qoluna qeyri-adi güc gəlmişdi. Bir az da keçsə bu pələng kimi qəzəblənmiş qadın düşməninə hücuma keçəcəkdi... amma bu anda polis gəldi və davanın səbəbini bilib kömürçüyə dedi:
—Uzunqulağı qadının əlindən almağa ixtiyarın yoxdur. Məhkəməyə müraciət et, qoy işə orda baxsınlar, uzunqulaq kimin olmalıdırsa, ona da verəcəklər.
Maqdana sakitləşdi, örpəyini, paltarını qaydaya saldı, insanların qarşısında bu cür hiddət göstərdiyi üçün utanaraq başıaşağı halda bazara yollandı.

VI
Sakit, aylı gecə idi. Maqdana və uşaqları həyətdə şam yeməyinə əyləşmişdilər. Qarşılarında bir kasa matsoni ilə çörək vardı, amma heç kim əlini yeməyə uzatmırdı. Yaxınlıqda bağlanmış Lurca isə həvəslə qarşısındakı yaşıl otdan yeyirdi.
Kədərli düşüncələrə dalmış Maqdana yaşlı gözlərini uzaqlara dikib – "Kim bilir, sabah mənim işim necə olacaq, – deyə düşünürdü. – Lurcanı bizdən alacaqlar, yoxsa rəhm edib, məhv olmağımıza izn verməyəcəklər? Aman Allah, sənin ədalətinə güvənirəm! Mənə və bu biçarə yetimlərə rəhm et! Məgər Lurca əslində mənim olmalı deyil? Mən və uşaqlarım səhərdən axşama kimi onun qayğısına qalmışıq, doyunca yedirmişik axı. Onu məndən alsalar, nə edərəm? Yenə belimi bükməli, yük heyvanına çevrilməli, az qala dörd ayaqla süd və matsoni daşımalıyam. Allahım, mənə kömək ol!” – göz yaşları aramsız axırdı.
— Niyə ağlayırsan, ana? – Sofo hıçqıraraq dilləndi. – Bəlkə, hakimlər Lurcanı bizə verəcəklər. Sən nə üçün əvvəldən özünə əzab verirsən? Özünü üzmə!
— Ana, qoy onun belinə minim, – göz yaşlarını udan Mixa dedi. – Sonra məni lap öldürsələr də enən deyiləm.
— Mənim zavallı balam! Yazıq deyilsənmi, öldürələr səni, mənim balam? Səni götürüb kənara atarlar, hətta kötəkləyərlər də, bununla da iş bitər.
— O halda onu dağdan endirib hardasa gizlədək, – oğlan güzəştə getmək fikrində deyildi. – Sən yeməyini ye, ana, üzülmə, bəlkə hər şey yaxşı olacaq. Bilirsən, dünən Ninika nə dedi? Uzunqulaq gəbərirdi, qadın isə onu diriltdi – bunu bütün kənd bilir. Bir də dedi ki, Maqdana onu gizlətmirdi ki... kəndxudanın yanına gedib açıq şəkildə bildirdi: əgər bu uzunqulağı bütün qışı mən yedirsəm, sonra onu heç kimə verməyəcəyəm. Bu harda görünüb axı, deyə Ninika əlavə etdi, kimisə ölü heyvana görə mühakimə etsinlər. Bizim yoldan nə qədər kömürçü keçir, birinci dəfə deyil ki, itmiş uzunqulağı kimsə tapır, amma bu günə kimi heç bir heyvan sahibinin dava saldığı görünməyib.
— Bilirəm, oğlum... Əsas odur ki, hakim özü bu işə necə baxacaq, kimi haqlı çıxaracaq? O kömürçünün pulunu balta kəsmir, mən isə yoxsulam... Yoxsulu kim müdafiə edər ki?
— Yox, anacan, Lurcanı bizdən almayacaqlar, onu kimsəyə vermərəm! Mika ağlayaraq yerindən durub uzunqulağa tərəf qaçdı. – Lurca, əzizim, o yaramaz kömürçünün yanına getmə, yaxşı? – və iki əllə heyvanın boynunu qucaqladı.

VII
Ertəsi gün Maqdana Lurcanı sığalladı, uzun müddət onun məyus gözlərinə baxdı, kədərli düşüncələr içərisində başını buladı. "Məgər, səkkiz ay əvvəl sən bu cür idin, mənim Lurcam? İndi sən bütünlüklə parıldayırsan, dərin işıq saçır... Kömürçünün yanına qayıtsan o, yenə də sənin yanını və kürəyini vurub yara edəcək. Kaş sən danışa bilərdin, səndən kimi sahib seçməyini soruşardılar...” Lurca bütün bu müddət ərzində xilaskarına qısılmışdı, sanki başı üzərində bəla dolaşdığının fərqində idi.
Maqdana onu yaxşıca yedirib təmizlədi. Yəhər geydirdi, qoy hamı görsün ki, necə baxımlıdır, – boynuna kəndir bağladı və uşaqlarının ağlayışlarını eşitməmək üçün erkəndən yola düşdü. Maqdana heyvanla ora çatanda dəftərxanada hələ bir nəfər də yox idi.
Sofo, Mixa və digər iki uşaq bütün günü damda əyləşdilər. Ac-susuz halda sakitcə yola baxırdılar. Günəş qərbə tərəf uzaqlaşırdı, Maqdana isə hələ də görünmürdü. Uşaqlar kədər içərisində idilər. Təkcə Sofo özünü ağlamaqdan saxlayaraq Mixaya ürək-dirək verir, balacaları əyləndirməyə çalışırdı, özü isə həyəcandan titrəyirdi.
Budur, Günəş də batdı. Nəhayət, yolda Maqdananın qara örpəyi göründü. Bir dəqiqə sonra qadın şahidlərinin əhatəsində başını dik tutaraq, üzündə qürurlu təbəssümlə həyətə daxil oldu. Lurcanın cilovu da əlində idi. Onu görən uşaqlar sevincdən az qala dəli olacaqdılar. Onlar gülür, ağlayır, həyətdə tullanırdılar, sonra isə qışqırıb bağıraraq dördlükdə sevimli heyvana tərəf atıldılar, sığallayıb öpməyə başladılar.
– Yaxşı, uşaqlar, sakit olun, Maqdana dedi. – Görürsünüz, Lurcanı bizə verdilər. Haydı, qızım, tonqal qala – Sofoya üzünü tutdu, – bu xeyirxah insanlara qonaqlıq vermək lazımdır, onlar mənim şahidim oldular.
Maqdana qonaqlara təmtəraqlı ziyafət təşkil etdi, şərab və araq kifayət qədər idi, kök toyuğu da kəsdi. Bu axşam gecəyarıya qədər onun həyətindən ağlayış deyil, şən mahnı sədaları ucaldı.
Yekaterina Qabaşvili (1851-1938)
Rus dilindən tərcümə edən: Xatirə Nurgül


banner

Oxşar Xəbərlər