• cümə, 26 Aprel, 09:56
  • Baku Bakı 12°C

“Mançester Yunayted”lə 3 gün - Reportaj

19.02.15 07:48 1874
“Mançester Yunayted”lə 3 gün - Reportaj
Mançester ilk baxışdan tutqun, bir az da darıxdırıcı şəhər təsiri bağışlayır. Tarixi, memarlıq və müasir binalarla zəngin olan İngiltərənin bu qədim şəhərinin küçələrində irəlilədikcə onun məşhurluğunun sirrini anlamağa çalışırsan. Bəlkə bu sirr küçələrini yağışların gecə-gündüz döyəclədiyi Mançesterin tələbə şəhəri olmasındadır? Axı bu şəhərdə Nobel mükafatını qazanan alimlərin məzunu olduğu nəhəng universitetlər var. Bəlkə bu sirr Mançesterin İngiltərənin ikinci turist şəhəri olması ilə bağlıdır? Əcnəbilər bu şəhərdə özlərini rahat hiss edirlər, burda heç kəs bir-birinə özgə görünmür. Ya bəlkə şəhərin sənaye-toxuculuq mərkəzi və ya Böyük Britaniyanın ticarət və mədəniyyət mərkəzi olmasındadır bu sirr? Hələ teatrlar, muzeylər, bədii qalereyalar, kitabxanalar, gənclər üçün barlar, diskoteka klubları ilə maraqlı olan gecə həyatı...
Amma yəqin ki, hamı təsdiq edər: Mançesterin fəxri futbol şəhəri olmasındadır. Bu şəhər futbolla nəfəs alır. Mançesteri dillərdə daha çox məşhur edən də futbol klublarıdır. Bu şəhərdə dünyanın iki məşhur futbol klubu – “Mançester Yunayted” və «Mançester City” komandaları azarkeşləri tez-tez bir araya gətirir. Amma bu komandaların fanatları arasında gərgin rəqabət var. “Mancester City” komandasının fanatlarının yanında “Mançester Yunayted”ə azarkeşlik etdiyini desən az qala həyatın üçün təhlükə yarada bilərsən.
“Mançester Yunayted”in – “Qırmızı şeytanlar”ın isə azarkeşləri bu şəhərdə milyonlarladır. Bu həmin komandadır ki, stadionunun qarşısında heykəlini ucaltdığı keçmiş baş məşqçisi ser Aleks Ferqison rəhbərlik etdiyi 26 il müddətində kluba dünya futbolunun ən nüfuzlu titullarını qazandırıb. Bu komandada vaxtilə dünyaca məşhur David Bekham oynayıb.
Bu həmin komandadır ki, dünyanın ən güclü oyunçusu Kriştian Ronaldo bir gün “Mançester Yunayted”ə qayıtmaq ümidi ilə yaşayır: “Mən Mançester Yunayted”i sevirəm. Hamı bunu bilir, çünki mən bu sözləri bir neçə dəfə demişəm. Mən MY-i qəlbimdə qoruyub saxlayıram. Orda mənim çoxlu dostlarım qalıb. Komandanın azarkeşləri isə sadəcə heyranedicidirlər. Mənim nə vaxtsa Mançester Yunaytedə qayıtmaq ümidim var”.
Bakcell şirkətinin “Mançester Yunayted”lə tərəfdaşlıq müqaviləsi çərçivəsində Mançesterə səfər edən jurnalistlər də futbol coşqusunu yaşadılar. Qeyd edim ki, Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu arasında şirkətin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılışı da olub. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. “Bakcell-lə Futbol” layihəsi çərçivəsində isə uşaq futbolunun inkişafına yönəlmiş xeyli işlər görülüb. Ümumiyyətlə, AFFA ilə Bakcell arasında qarşılıqlı əməkdaşlıq futbolun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verməkdədir.
Röyalar teatrında
Mançesterdə əhalinin böyük əksəriyyəti üçün futbol idman oyunu olmaqdan daha böyük əhəmiyyət kəsb edir. Bəzi məqamlarda isə həyatın mənasına çevrilir. Sevimli komandalarının hər oyunu onlar üçün əsl bayramdır.
Yanvarın 31-də “Manchester United”lə “Lester City” arasında keçirilən oyunu izləmək üçün “Old Trafford” stadionuna yollandıq. Komandanın əfsanəvi oyunçusu Bobbi Çarltonun “Hər bir oğlan uşağı bu stadionda oynamağı arzulayır” sözlərindən sonra bura “Röyaların teatrı”, “Arzuların teatrı” kimi tanınır.
76 min 312 azarkeş tutumuna malik stadion şəhərin Böyük Mançester hissəsində - Old Traffordda yerləşir və Uemblidən sonra İngiltərənin ikinci böyük stadionu sayılır. Old Trafford “Mançester Yunayted” klubunun ev oyunlarını keçirdiyi stadiondur. Stadion İngiltərə kubokunun yarımfinal oyunlarının keçirilməsi üçün tez-tez neytral zona seçilir.
Old Trafford 1910-cu ildə azarkeşlərin üzünə açılıb. UEFA bu stadiona “beşulduzlu arena” statusu verib.
İkinci Dünya müharibəsi zamanı stadion faşist təyyarələrinin aviasiya zərbələrindən ciddi ziyan çəkib. “Yunayted” bir müddət Meyni Roadda – “Mançester City”-nin arenasında oynayıb. 1966-ci ildə isə Old Trafford İngiltərədə keçirilən Dünya Çempionatını qəbul edib. Stadion sonrakı illərdə də bir sıra nüfuzlu oyunlara ev sahibliyi edib.
İlk dəfə olaraq bu stadionda azarkeşlərin xoşagəlməz insidentlərindən qorunmaq üçün meydanın ətrafına hasar çəkilib. Memarların fikrincə, stadionun künc sektorlarını genişləndirməklə azarkeş yerlərinin tutumunun sayını 90 minə çatdırmaq olar. Hələlik isə ərazi çatışmazlığından plan kağız üzərində qalıb.
Qalibiyyət nəğməsi
“Arzular teatrı”nın VİP lojalarından stadiona açılan əla ponaramanı – azarkeşlərlə dolu oturacaqları, yamyaşıl meydandakı oyunu izləmək isə həqiqətən röyalara bənzəyir. Mançester Yunayted - Lester Siti oyunu klubun Münhen səmasında qəzaya uğrayan oyunçularının anım mərasimi ilə başladı. “Münhen faciəsi” kimi tarixə düşən hadisənin 57- ci ildönümünü və faciə qurbanlarının xatirəsini azarkeşlər və hər iki komandanın heyəti bir dəqiqəlik sükutla yad etdilər.
Və möhtəşəm oyun başladı... Məni daha çox heyran edən stadionda azarkeşlər tərəfindən yaradılan abı-hava idi. Baxmayaraq ki, futbol azarkeşləri arasında ingilislər ən aqressiv hesab olunurlar, ancaq 90 dəqiqəlik oyun ərzində nə futbolçuların, nə də rəqib komandanın ünvanına bircə dənə təhqiredici ifadə eşidildi. Burda azarkeşlər öz hisslərini alqışlarla və oxumaqla ifadə edirdilər. “MY” azarkeşlərinin mahnıları əzəmətli səslənir, az qala stadionu titrədirdi. Bu mahnı sanki komandanı qalibiyyətə səsləyən marş idi. Belə bir marşın, belə bir coşqunun və bu qədər böyük sevginin qarşısında əzmlə oynamamaq, rəqib komandanı məğlub etməmək isə sadəcə mümkün deyildi.
MY-in ulduzları – Runi, Di Maria, Mata, Van Persi, Falkao, Rojo, Yanuzay, Valensia və digər ulduzlar yaşıl meydanda mübarizə aparır, azarkeşlərin marşları isə onları uğura səsləyirdi. 3-1 hesabı ilə başa çatan oyun İngiltərə çempionatının 23-cü turunda komandanı 47 xalla 3-cü yerdə qərarlaşdırdı.
Oyun öncəsi və sonrası klubun keçmiş ulduzlarının söhbətlərini dinləmək isə unudulmaz anlar kimi yaddaşımıza yazıldı.
Virtual səyahət
“Yunayted”in muzeyini hər il 350 min insan ziyarət edir. Təkcə futbol azarkeşləri deyil, Mançesterə turist kimi və ya işgüzar səfərə gələnlər də bu muzeyi ziyarət etməyə tələsirlər. Bu muzey şəhərin digər tarixi və ya incəsənət muzeyləri qədər maraqlı və gözəldir. Futbol həvəskarı olmayanlar belə stadionun ideal gözəlliyindən, muzeyin zənginliyindən zövq ala bilərlər. Giriş isə hamı üçün pulsuzdur. Muzeydə stadionun və komandanın tarixi ilə bağlı materiallar böyük uğurlara imza atan klubun şərəfli tarixindən söhbət açır.
Əsası 1878-ci ildə qoyulan ingilis klubunun ilk adı “Hyuton Hit” olub. Yalnız 1902-ci ildə komanda adını dəyişərək “Mançester Yunayted” adlanıb. Hazırda komanda dünyanın ən məşhur və 1992-ci ildə İngiltərə premyer-liqasının əsasını qoyan klublardan biri kimi futbol tarixində yer alıb.
Titullarının sayına görə MY tarixi boyu ingilis klubları arasında ən uğurlusu hesab edilir. Son 20 ildə komandaya ser Aleks Ferqisonun rəhbərlik etdiyi vaxtda 27 nəhəng trofeyi qazanıb. 2012/13-cü ildə 20-ci dəfə İngiltərə çempionu olub.
1968-ci ildə “Mançester Yunayted” finalda Portuqaliyanın “Benfika” klubuna 4-1 hesabı ilə qalib gələrək Avropa çempionlar kubokunu qazanan ilk ingilis klubu kimi tarixə düşüb.
1999-cu ildə klub ikinci dəfə, Münhenin “Bavariya” komandasını 2-1 məğlub edərək Avropa klublarının baş trofeyini əldə edib.
2008-ci ildə “Yunayted” yenidən Londonun “Çelsi” komandasına qalib gələrək Çempionlar Liqasını qazanıb. Bundan əlavə, MY İngiltərə kubokunu say etibarı ilə qazanmasına görə (11 qələbə) rekorda imza atıb.
Muzeydə komandanın ayrı-ayrı illərdə qazandığı kuboklar sərgilənib. Komandanın tarixi ərzində klubun şərəfini qoruyan oyunçuların adları, fotoları, medalları, qazanılan uğurları təsdiqləyən eksponatlar vitrinlərdə yer almaqla bərabər, monitor vasitəsilə də ziyarətçilərə göstərilir və məlumat verilir. Hər bir komandanın isə öz ulduzları var. “Yunayted”in əfsanələri sırasında Basbi, Çarlton, Loy, Best, Ferquson, Kantona, Qiqqz, Ronaldo, Runi... kimi əfsanələrin adı yer alıb. Muzeydə köhnə illərin buts və formaları qoyulub. Klub öz keçmişinə, tarixinə böyük qiymət verir. “Klubun əfsanələri”nin yer aldığı divarda “Biz bugünkü uğurlarımıza görə onlara borcluyuq” - fikirləri yer alıb.
Muzeyin ziyarətçiləri klubun 130 ildən çox tarixi ərzində qazandığı qiymətli əşyaları seyr edə bilirlər. “İnsanlar və əfsanələr” sərgisi klubun görkəmli oyunçuların tarixinə həsr olunub. Muzeydə “Münhen faciəsi” ilə bağlı materiallar da var. 6 fevral 1958-ci ildə komandanın üzvlərinin faciəli surətdə təyyarə qəzasında həlak olması ilə bağlı dəhşətli olayı xatırladan köhnə qəzetlər və digər materiallar önündə ziyarətçilər ayaq saxlayırlar. Muzeydə tez-tez klub və onun tarixinə həsr olunan interaktiv sərgilər təşkil olunur.
Həmçinin ziyarətçilər müxtəlif broşurlərdə, jurnallarda, muzeyin saytında klubla bağlı onları maraqlandıran bütün suallara cavab tapa bilərlər. Muzeydə hər yaş tələbələr üçün məsafəli təhsil proqramları mövcuddur.
Muzey turuna stadionla yaxından tanışlıq da daxildir. Bunun üçünsə muzeydə bələdçilər çalışır. Onlar təkcə “Arzular teatrı”nın ideal təmizliyi və gözəlliyi ilə adamı heyran edən stadionu deyil, həmçinin oyunçulara aid soyunub-geyinmə, məşq və s. otaqları da gələnlərə göstərirlər. Bələdçi stadionda VİP oturacaqları, reportyorların yerlərini, əlillər üçün nəzərdə tutulan yerləri,məşqçilərin oturacaqlarını, ehtiyat oyunçuların skamylarını və s. göstərir və stadionun maraqlı tarixçəsini vərəqləyir.
Bizim kimi ziyarətçilərin isə marağı bitib-tükənmir. Ulduzlar və klub haqqında ən xırda detalları belə bilmək, öyrənmək adama nə qədər zövq verir.
Muzeyi ziyarətə gələnlər buradakı “Qırmızı kafe” də nahar edə və “Megastore”-dən istənilən suveniri və hədiyyəni ala bilərlər.
Səfərimizin ən maraqlı anlarından biri klubun Kempinqtonda yerləşən AON Məşq Kompleksinə səyahət və MY ulduzlarının məşqlərini izləmək idi. Komplekslə yaxından tanışlıqdan sonra oyunçuların məşq etdiyi zalda Falkao, Van Persi, Yanuzay, Rojo kimi ulduzlar klubun bizə hədiyyə etdiyi idman köynəklərinin üzərinə imzalarını yazdılar. Bir qrup oyunçunun yaşıl meydandakı məşqlərini izlədikdən sonra onlarla birlikdə foto çəkdirmək imkanı yaradıldı. Baş məşqçi Lois van Qaal, oyunçulardan Mata, Jones, Blind, Valdes və digər futbolçuların imzaları da köynəyimizin üzərində əbədiləşdi.
Mançester Yunayted komandasının oyununu canlı izləmək, ulduzlarla qısa müddətə də olsa təmasda olmaq, onların məşq prosesini izləmək və birlikdə foto çəkdirmək heç şübhəsiz, hər bir futbol azarkeşinin arzusudur. Bu, bəlkə də sonu bitməyən bir nağıldır. Elə “Röyalar teatrı”nın özü qədər şirin bir nağıl...
Təranə Məhərrəmova
Mançester

banner

Oxşar Xəbərlər