• çərşənbə, 24 Aprel, 22:45
  • Baku Bakı 23°C

“Mançester Yunayted” Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib

03.06.15 11:38 1313
“Mançester Yunayted” Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted”lə birgə üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışlarının başladığını elan etdi. Əsas məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə vermək olan Yay Futbol Məktəbinin seçimlərində Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıdan 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib.
Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyun ayının 1-dən 5-dək Bakıda “Bayıl Arena” stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Təlimlərə “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz (Garvey Louis) və Ollieuz Kristofer (Ollieuz Christopher) rəhbərlik edir.
«Bakcell şirkəti olaraq Azərbaycanda uşaq futbolunun inkişafına dəstək göstərdiyimiz və bu prosesin bir hissəsi olduğumuz üçün qürur duyuruq» - deyən Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva qeyd etdi ki, şirkət 3 il ərzində «Mançester Yunayted»lə həyata keçirdiyi bu layihə çərçivəsində böyük uğurlara imza atıb: “Bu il seçim zamanı təxminən minə yaxın uşaq iştirak edib. Bu, böyük rəqəmdir. Keçənilki ilə müqayisədə 300 nəfər daha çox iştirakçı müraciət edib. Bu sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir ki, seçimdə iştirak edir və müvəffəqiyyətlə növbəti mərhələyə keçirlər. Bu o deməkdir ki, insanlar seçim prosesinin şəffaflığına və məktəbin effektivliyinə etibar edirlər”.
M.Toyçevanın bildirdiyinə görə, təlim-məşq toplantılarını başa vuran uşaqların arasından 5 nəfər seçilərək «Mançester Yunayted»in təlimlərində iştirak etmək üçün Mançester şəhərinə göndəriləcək: “Hazırda məktəbin məzunlarının 80%-indən çoxu perspektivli klubları təmsil edir, digərləri isə müxtəlif maraqlı təkliflər alırlar. Onlardan biri bu il U-13 Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir iştirakçının isə “Fenerbahçe” klubunda çıxış edəcəyi gözlənilir. Azərbaycanlı uşaqların futbol sahəsindəki uğurları bizi sevindirir”.
AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olmasını müsbət hal kimi dəyərləndirdi: “Bu layihə artıq üçüncü ildir ki, uğurla həyata keçirilir. Futbola həvəsi olan, yaşıdlarından öz istedadları ilə seçilən 30-dan artıq uşağın əvvəlcə Bakıda toplanışda olması, sonra onların arasından bir neçə nəfərin seçilərək İngiltərəyə - “Mançester Yunayted” Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru inamlı addım atmasına münbit şərait yaradıb. Bu layihədən bir müddət sonra Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin öz işinə başlamasını da yüksək qiymətləndiririk”.
E.Məmmədov bu əməkdaşlıq və uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə olunacağına inamını gizlətmədi: “Hər bir uşağın, yeniyetmənin və gəncin böyük futbol klubunun təlim-məşq toplanışında iştirak etmək arzusu var. Uşaqların Mançesterə səfəri onların peşəkarlığının və təcrübələrinin artmasına kömək edir. Onlar üçün ən cəlbedici amillərdən biri budur. Ona görə də bu layihəyə maraq ildən-ilə artır. İnanıram ki, növbəti il layihədə mindən də artıq uşaq iştirak edəcək. Bu, uşaqlar üçün böyük stimuldur”. E.Məmmədovun sözlərinə görə, hər il Mançesterə göndərilən uşaq futbolçular qayıdandan sonra onların taleyi ilə maraqlanırlar: “Seçim işləri 8-12 yaşlı uşaqlar arasında həyata keçirilir. Sonra isə biz həmin uşağın hansı kluba getməsi ilə maraqlanırıq. Bəzi uşaqlar elə bölgələri təmsil edirlər ki, orada heç peşəkar futbol klubu mövcud deyil. Biz belə şəraitdə həmin uşaqları peşəkar futbol klublarının nəzdindəki uşaq komandalarına cəlb edirik”.
“Mançester Yunayted” futbol məktəbinin baş məşqçisi Mik Benet uşaqların ümumi səviyyəsinin yüksək olduğunu qeyd etdi: «Mən böyük həvəslə regionlardakı seçim proseslərində iştirak etdim. Bütün Azərbaycan üzrə o yaş qrupunda olan uşaqların bilik və bacarıqlarının canlı şahidi oldum. Onlardan böyük gözləntilərimiz var”. Məşqçi uşaqların seçimində «Mançester Yunayted» fəlsəfəsini əsas tutduqlarını qeyd etdi. Belə ki, artıq 1950-ci illərdən bəri «Mançester Yunayted və digər yaxın komandalar bu seçim prosesindən keçiblər: “Bu, sınaqdan keçirilmiş bir üsuldur. İlk növbədə onların texniki bacarıqları nəzərdən keçirilir. Həmçinin uşaqların davranışı, komandada özlərini aparmaq bacarıqlarına da diqqətlə yanaşırıq. Qarşımıza qoyduğumuz məqsəd uşaqların bilik və bacarıqlarını üzə çıxarmaq və buradakı məşqləri həyata keçirməkdir. Öz təcrübəmizlə onların ümumi bilik və bacarıqlarının artırılmasında iştirak etməyə çalışırıq. Bu uşaqların böyük potensialı var. Gələcəkdə onlar həm yerli, həm də xarici klublarda öz fəaliyyətlərini davam etdirə bilərlər”.
Qeyd edildi ki, planda “Mançester Yunayted”in əfsanəvi ulduzlarının Azərbaycana dəvəti var və yaxın gələcəkdə onlardan bəzilərinin ölkəmizə gəlişi nəzərdə tutulub: “Hələlik keçmiş oyunçulardan kimin gələcəyini açıqlamırıq. Amma onların hamısı məşhur oyunçulardır”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər