• cümə, 29 Mart, 02:04
  • Baku Bakı 7°C

Manatın məzənnəsi sabit qalacaq

15.12.17 12:00 2557
Manatın məzənnəsi sabit qalacaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. 2006-ci ilin iyununda da FED uçot dərəcəsini artırıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25 faiz) həddədək aşağı salıb. Cari il martın 15-i və iyunun 14-də də FED uçot dərəcəsini artırıb. Ən nəhayət, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası srağagün yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıb. İqtisadçılar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bu qərarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir edəcəyi qənaətindədirlər. Bəs, bu qərar Azərbaycan iqtisadiyyatına, milli valyutamıza hər hansı formada təsir edə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov FED-in uçot dərəcəsi ilə bağlı müxtəlif vaxtlarda fərqli qərarlar verdiyini bildirdi. İqtisadçı millət vəkili "Kaspi”yə açıqlamasında vurğuladı ki, bu qərarlar dünya maliyyə bazarına öz təsirini göstərir: "Dollar bütün dünyada istifadə edilən valyutadır. Ona görə də Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini aşağı salması, yaxud artırması maliyyə bazarlarına təsir edir. Sözsüz ki, Federal Ehtiyatlar Sisteminin bu dəfə də uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması maliyyə bazarlarına təsirsiz ötüşməyəcək. Hətta məlumat var ki, Federal Ehtiyatlar Sistemi 2018-ci ildə uçot dərəcəsinin səviyyəsinə daha tez-tez baxacaq, müvafiq qərarlar verəcək. Konkret, Azərbaycana gəldikdə isə ölkəmizdə bu hadisədən dolayı hər hansı ciddi problem olmamalıdır. Çünki, milli valyutanın məzənnəsinə təsir edən amillər var. Bunlar neftin bazar qiyməti, idxal-ixrac əməliyyatları, ölkədəki pul kütləsinə nəzarət mexanizmləridir. Hazırda neftin bazar qiyməti yüksək səviyyədədir. Son məlumatlara görə, "AzeriLayt” markalı neftin 1 barelinin dəyəri 65 dollardan bahadır. Bu baxımdan, FED-in uçot dərəcəsini artırmasının iqtisadiyyatımıza ciddi təsir göstərəcəyi proqnozlaşdırılmır. Digər tərəfdən, idxal-ixrac əməliyyatları ilə bağlı Azərbaycanda müsbət saldo yaranıb. Bu amil də hər hansı təsirin gözləniləcəyini inkar edir. Ən nəhayət, ölkədəki pul kütləsinə Mərkəzi Bank tərəfindən çox ciddi nəzarət olunur. Bu mexanizm sayəsində izafi pul kütləsinə icazə verilmir. Bütün bunları nəzərə alaraq, hər hansı ciddi problem görmürəm. Manatın məzənnəsinin sabit saxlanması üçün Mərkəzİ Bank maliyyə bazarına lazım gələndə müdaxilələr edir. Bundan sonra da bu qayda ilə manatın məzənnəsinin sabit saxlanmasına cəhd olunacaq. Manatın həddən artıq ucuzlaşması gözlənilmir”.

İqtisadçı alim Vüqar Bayramov son aylar dolların alış kursunun ilk dəfə 1.705-ə yüksəlməsinə diqqət çəkərək, artıq əksər bankların 100 dollara 170 manatdan çox vəsait ödədiklərini vurğulayıb. Onun fikrincə, bu, o deməkdir ki, FED-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi də olsa artırıblar: "Öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlarla bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası, özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması, dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə Federal Ehtiyatlar Sisteminin qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirib ki, 2017-ci ilin indiyə qədər olan iqtisadi göstəriciləri manatın məzənnəsinə təhlükə yaradan səbəblərin tam aradan qaldırıldığını deməyə əsas verir: "Xarici ticarətdə ixrac idxalı üstələyir, tədiyyə balansı pozitivdir, strateji valyuta ehtiyatlarımız artıb. Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti, pul kütləsinin balansının tənzimlənməsi bazarda sabitlik yaradıb. Bu amillərin hamısını bir yerdə götürsək, manatın məzənnəsi gələcəkdə də sabit olacaq. Bunun üçün əlverişli şərait yaranıb. Ona görə də, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırmasının Azərbaycan manatının məzənnəsinə minimal təsir edəcəyi qənaətindəyəm. Bu təsirlərin də manatın məzənnəsini dəyişdirəcəyini düşünmürəm”.
İqtisad elmləri doktoru, professor Fikrət YusifovABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasının səbəbini makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsi ilə əlaqələndirib. O bildirib ki, bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı çox yaxşı göstəricilər nümayiş etdirir. Professorun qənaətinə görə, bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir: "İlkin proqnozlara görə, 2018-ci ildə uçot dərəcəsinin 2,100 %-ə, 2019-cu ilin sonuna 2,700 %-ə, 2020-ci ilin sonuna isə 3,100 %-ə yüksəldilməsi nəzərdə tutulur. Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi. Məhz bundan sonra mərhələlər üzrə dolların bahalanması siyasəti yürüdülməyə başlandı. Bu, çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən siyasətdir. Başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Prezident Donald Trampın siyasi müstəvidə nümayiş etdirdiyi çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı. Uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcəkdir – bu, qaçılmazdır. Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmin ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır".
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər