• cümə axşamı, 25 aprel, 15:06
  • Baku Bakı 23°C

Manata olan inamı möhkəmləndirən səbəblər

20.04.18 09:30 1111
Manata olan inamı möhkəmləndirən səbəblər
Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat olub. Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən iki dəfə artıb. Xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb. Bu statistik göstərici onu göstərir ki, milli valyutaya inam son bir ildə kifayət qədər artıb.
İqtisadçı millət vəkili Azər Badamov milli valyutamızın həmişə dünyada möhkəm valyuta kimi tanındığını deyir: "2015-ci ildə baş verən hadisələrin təsirindən devalivasiya oldu. Amma hazırkı dövrdə manat özü imicini geri qaytarır və sabit kursunu saxlayaraq möhkəmlənir. Bu gün insanların manata olan inamı da artmaqdadır. Ona görə də ölkə vətəndaşları öz ehtiyat maddi vəsaitlərini manata etibar edirlər. Manatla saxlanılan əmanətlərin artımı da bununla bağlıdır. Manatın taleyi ilə bağlı isə onu deyə bilərəm ki, milli valyutamızın arxasında ölkəmizin güclü iqtisadiyyatı, istehsal prosesləri və ixrac yönlü mallar dayanır. Bu isə manatın getdikcə daha da möhkəmlənəcəyini deməyə imkan verir”.

Millət vəkili son günlər manat haqqında yayılan fikirlərin də əsassız olduğunu dedi : "Son günlər manatın xarici valyutalar qarşısında ucuzlaşacağı ilə bağlı yayılan fikirlər əsassızdır. Azərbaycanın iqtisadi inkişafı, ən əsası isə neftin qiymətinin dünya bazarında nəzərdə tutulmuş rəqəmdən baha olması hər hansı bir devalvasiya riskinin olmamağından xəbər verir. Birinci rübün iqtisadi yekunlarına nəzər yetirdikdə də bəlli olur ki, ölkə iqtisadiyyatı inkişafdadır. Ən əsası isə ölkəyə gələn gəlirlərin həcmi artır. Bunda neftin qiymətinin daha da bahalaşması da böyük rol oynayır. Eləcə də, birinci rübdə qeyri-neft sektorunda artım nəzərə çarpıb. Sahibkarlığın inkişafı, ölkəmizdə azad rəqabət mühitinin yaradılması, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması iqtisadi inkişafımızda mühüm rol oynayıb. Rəqəmlərə diqqət yetirsək, manatın ucuzlaşması ilə bağlı hər hansı bir təhlükənin olması haqqında deyilənlərin yalan informasiya olduğu açıq-aydın görünür. Milli valyutamızın möhkəmliyi, stabilliyi möhkəm iqtisadi dayaqlar və iqtisadi siyasət üzərində dayanır. Əksinə, manatın güclənəcəyini düşünürəm”.

Millət vəkili Aydın Hüseynov artıq 1 ildən çoxdur ki, milli valyutanın öz möhkəmliyini qoruyub saxladığını deyir: "Bu duruma artıq həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlarımız adaptasiya olub. Məzənnənin uzun müddətdir ki, sabit qalmağı milli valyutaya olan inamı daha artırıb. İkinci bir tərəfdən, bank sistemində cənab prezidentimiz tərəfindən aparılan önəmli islahatlar da manata olan inamı artırıb. Manata olan önəm də artdığı üçün, əmanətlərin milli valyuta ilə qoyuluş həcmi də artıb. Həmçinin onu da qeyd edim ki, artıq vətəndaşlarımız bu kimi məsələləri təhlil edə bilirlər. Onlar real vəziyyəti analiz edib qərar verirlər. Vətəndaşlar görürlər ki, manatı təhlükə gözləmir. Neftin qiymətinin, həmçinin başlıca olaraq da ixrac potensialının da artması valyuta ehtiyatımızın zənginləşməsinə gətirib çıxardıb. Təkcə bu ilin ilk rübü ərzində 2.2 milyard dollar valyuta ehtiyatımız artıb”.

İqtisadçı ekspert Pərviz Heydərov qeyd edir ki, manat 2015 və 2016-cı illərdəki kəskin dəyərsizləşmədən sonra 1 ildən çoxdur ki, sabit kurs nümayiş etdirir: "Bu da ölkədə aparılan bir sıra iqtisadi və maliyyə islahatlarının, xüsusən də dünya bazarlarında neftin qiymətinin sabitləşməsi nəticəsində əldə olunmuşdur. Ümumiyyətlə, manatın dəyəri keçən ildən sabitləşdi. Hansı ki, ilin əvvəlində manat dollara nəzərən hətta 1,92 azn-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin tam sonunadək manat 4%-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu”.
"2015-ci ildə məlum səbəblərlə bağlı əhali banklardakı əmanətlərini manatdan dollara çevirirdi” deyən iqtisadçı bildirir ki, artıq, bu neqativ hal səngimişdir: "Manata inam bərpa olunub möhkəmləndikcə, əks tendensiyanın da baş verəcəyini istisna etməməliyik. 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb, qeyri-neft ixracı 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli qalacağı gözlənilir. Bütün bunlar da o deməkdir ki, manat özünə inamı qaytarmaq üzrədir. Dedollarizasiya prosesi davam etməkdədir. Şübhəsiz ki, bu da birinci növbədə özünü həm də banklarda göstərməlidir”.
Günel Azadə


banner

Oxşar Xəbərlər